Laçın dəhlizinə
alternativ yol sülhə
doğru daha bir addımdır
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda layihə üzrə tamamlama işlərinin son mərhələsidir. Azərbaycanın Laçın dəhlizinə alternativ olacaq yeni yolun inşasını aktiv şəkildə davam etdirməsinə baxmayaraq, Ermənistanın dövlət qurumları yeni yolun tikintisi ilə bağlı suallara konkret cavab verməkdən yayınır.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan 2020-ci il noyabrın 10-da təslim olmaq haqqında bəyanat imzalamağa məcbur oldu və qalib Azərbaycanın irəli sürdüyü şərtlər daxilində öz üzərinə öhdəliklər götürdü. Üçtərəfli Bəyanatın altıncı bəndində deyilir: "Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir". Üçtərəfli Bəyanatda Laçında yeni yolun 3 ilə çəkiləcəyi göstərilmişdi. Buna baxmayaraq, Azərbaycan tərəfi yolu qısa müddətdə istifadəyə verməyə hazırlaşır. Belə ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Ümumi uzunluğu 32 kilometr olan (bunun 10 kilometri Ermənistan ərazisində yerləşir) yol Laçın rayonunun 6 kəndini birləşdirəcək. Həkəri çayı üzərində 17 kilometr uzunluğunda olan körpü artıq tikilib. Yol bu ilin iyul ayına kimi istifadəyə verilməli idi. Son məlumata görə, bu il ərzində tikinti tam başa çatacaq. Hazırda tikintisi sürətlə davam etdirilən Laçın dəhlizinə alternativ olan bu yol iki hərəkət zolaqlı olacaq. Yol hazır olandan sonra Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlı kontingent həmin marşruta yerləşdiriləcək. Nəticədə Laçın şəhəri, Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək. Ekspertlər bildirirlər ki, imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Ən əsası isə, bu bəyanat regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət məqsədi daşıyır.
Tarixi əhəmiyyət kəsb
edən Bəyanatda Laçın dəhlizi barədə maddənin
bizim xeyrimizə dəyişdirilərək
təsbit olunması Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik
məharəti, uzaqgörənliyi sayəsində mümkün olmuşdu.
"Laçın rayonunun strateji
əhəmiyyəti, eyni zamanda
ondan ibarətdir ki, rayon ərazisindən və Laçın
şəhərinin içi ilə
Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı
qüvvələrinin nəzarətinə verilibdir.
Dəhliz uzun illər erməni silahlı
qüvvələrinin, işğalçıların nəzarətində
idi. Deyə bilərəm ki,
noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin
erməni silahlı qüvvələrinin nəzarətində
qalması ilə əlaqədar müddəa var
idi. Mən buna etiraz etdim və nəticədə
bu dəhliz Rusiya
sülhməramlı qüvvələrinin nəzarətinə
verilmişdir. Hesab
edirəm ki, bu, çox böyük
nailiyyətdir. Laçın dəhlizi erməni
işğalçı qüvvələrindən təmizlənib".
Bu fikirləri Azərbaycan Prezidenti
İlham Əliyev xalqa
müraciətində bildirmişdir.
Ölkə başçısı qeyd etmişdir ki, Bəyanatın
ilkin versiyasında Laçın dəhlizinin eninin 30 kilometr olması təklif
olunurdu. "Buna qəti
etiraz etdim və dedim ki, Ermənistan tərəfinin
bu iddiası tamamilə əsassızdır.
Dəhliz çərçivəsində təhlükəsizlik
tədbirlərini təmin etmək üçün
bu qədər geniş
dəhlizə ehtiyac yoxdur.
Ona görə mən bunu
tamamilə qəbuledilməz təklif kimi
hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda
Laçın dəhlizinin
eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq
vermədim və nəticədə 5 kilometr
eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm
bizim üçün,
həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün
və təhlükəsizliyi
təmin etmək üçün kifayət
qədər məsafəni
əhatə edir".
Qeyd edək ki, Azərbaycan
tərəfinin çəkdiyi
yeni yol Ermənistanla sərhəddən
- Gorusun Kornidzor kəndindən başlayır,
Laçından yan keçərək Şuşa
rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi
kəndlərinədək uzanmaqla
Turşsu kəndində
mövcud magistralla kəsişəcək. Ermənilər yeni yolun açılışından
sonra Laçın şəhərinin tamamilə
Azərbaycanın nəzarətinə
keçəcəyindən ciddi narahatdırlar. Bu halda 30 ildir
Laçın şəhərinin
mərkəzində qanunsuz
müvəqqəti məskunlaşmış
ermənilərin oranı
tərk etməsi də gerçəkləşəcək.
Eyni zamanda, hazırda Zabuxda qanunsuz məskunlaşmış 50-dən çox erməni ailəsinin də oradan çıxarılması
gözlənilir. Artıq
Laçın şəhəri
və Zabux sakinləri
köçməyə hazırlaşırlar.
Bu barədə erməni
mediası yazır:
"Cümə günü
onlara evlərini tərk etmək üçün avqustun
25-dək vaxt verildiyi deyilib. Onlara yardım veriləcəyi
bildirilib. Zabux sakinlərinə
mənzil almaq üçün sertifikat verilməsi də nəzərdə tutulub, amma bunun üçün
onlardan kənddəki
"evlərə zərər
vurmamaq" şərtilə
köçmələri istənilib".
Bununla yanaşı, erməni tərəfi bildirir ki, Laçın dəhlizinə alternativ yolun tikintisi yazda bitəcək. Tikinti başlayıb, texnika işləyir, yol çəkilir. Əsas məsələ
odur ki, alternativ yol Azərbaycanın hansısa
yaşayış məntəqəsindən
keçməyəcək. Bu baxımdan, Laçından
yan keçən yeni alternativ yolun əhəmiyyəti çox böyükdür.
Erməni tərəfi artıq
indidən yolun keyfiyyəti barədə bəzi müsbət fikirlər səsləndirir.
Görünür, artıq onlar
da məsələnin
mahiyyətini, yolun əhəmiyyətini anlayır,
mövcud reallığı
qəbul edirlər.
Mustafa KAMAL
Respublika.- 2022.- 18 avqust.- S.9.