HƏQİQƏT ANI GƏLƏNDƏ

 

Bədnam qonşularımız sülhdən niyə yayınır?

 

Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq...

Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın...

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra dövlətimiz Cənubi Qafqazda diplomatiya müstəvisində də fəallıq göstərir, böyük uğurlar əldə edir. Bu Zəfər nəticəsində Azərbaycanın yaratdığı yeni reallıqlar dünya birliyi tərəfindən artıq qəbul olunub və ölkəmiz qalib tərəf kimi baş verən mürəkkəb geosiyasi proseslərdə mühüm aktor, regionun lideri, diktə edən tərəf kimi çıxış edir.

Azərbaycan torpaqlarını təxminən 30 il işğalda saxlamış Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olmaqla sosial-siyasi, iqtisadi və hərbi sahədə böhranla üzləşib. Nəticədə Ermənistanın Qərbdəki dəstəkçiləri öz əlaltısının mövcudluğunu qorumaq, onu az-çox ayaqda saxlamaq üçün yeni yollar axtarmağa başlayıblar.

Bu gün bölgədə Azərbaycanla Ermənistan arasında 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış bəyannamə tətbiq olunmaqdadır. Lakin müəyyən müddət ərzində Ermənistan üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırdı. Bu da azmış kimi, Qarabağda və sərhədyanı bölgələrdə hərbi provokasiyalara belə getməkdən çəkinmədi. Bütün bunlardan sonra Azərbaycan ildırım sürəti ilə "Qisas" əməliyyatını yerinə yetirərək "Dəmir yumruğ"un nə olduğunu qarşı tərəfə bir daha əyani surətdə göstərməli oldu.

Lakin ermənilərin xislətinə yaxşı bələd olmağımıza rəğmən, bu faktın özü, yəni son müddət ərzində Azərbaycanla Ermənistanın sərhədində atışmaların baş verməsi, Paşinyanın timsalında ermənilərin Cənubi Qafqazda niyə sülh istəmədiyi sualını yaradır.

Ermənistandakı iqtisadi-siyasi böhranın postmüharibə dövrünə mənfi təsirləri, ölkədə hərbi-siyasi vəziyyətə nəzarətin hələ də tamamilə Paşinyanın əlində olmadığı ehtimalı (baş nazirin rəqibləri onu ictimaiyyətə zəif göstərmək üçün sərhəddə yaşanan təxribatları Ermənistanın yeni ərazi itkiləri kimi qələmə verir) - mürəkkəb vəziyyətdə başını itirmiş baş nazirin bölgədə sözünün və ümumiyyətlə oynaya biləcək rolunun zəiflədilməsi, ATƏT-in Minsk qrupunu yenidən prosesə cəlb etmək cəhdləri ağlagələn ilk təxminlərdir. Digər tərəfdən, ilk baxışdan belə təsəvvür yaranır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda yaranmış dərin siyasi böhran başa çatıb. Lakin bu, kifayət qədər yanlış görüntüdür. Əslində, əgər Paşinyan nəyi nə zaman etmək lazım olduğunun fərqində deyilsə, deməli, Ermənistanda siyasi vəziyyət göründüyündən xeyli mürəkkəbdir.

Ermənistan ictimaiyyəti Nikol Paşinyanı İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəbkarı saysa da, 2021-ci ilin fevralında hərbi çevriliş cəhdi ilə üzləşdiyini iddia edərək növbədənkənar seçkiyə gedən baş nazir gözlənilməz dərəcədə çox səs qazanaraq yenidən hökumət başçısı seçilib. Bu nəticə Azərbaycanda Paşinyanın da imzaladığı 10 noyabr Bəyannaməsi əsasında bölgədə sülhün bərqərar olunacağına ümidləri daha da artırmışdı. Lakin təəssüf ki, bu yaxınlarda yaşananlar, sərhəddə atəşkəsin pozulması, rəşadətli ordumuzun məcburiyyət qarşısında "Qisas" əməliyyatını həyata keçirərək düşməni yerinə oturtması iki ölkə arasında sülh haqqında, Ermənistandakı əhalinin və hökumət başçısının praqmatik ideyalar ortaya qoymaqla buna gedəcəyinə düşünməyin tez olduğunu göstərir.

Bir neçə ay bundan əvvəl Xarici İşlər və Müdafiə nazirlikləri kimi strateji əhəmiyyətli qurumlarda Paşinyana qarşı olan şəxslərin kütləvi istefası, baş nazirin əsasən özü kimi qərbpərəst görünən kadrları vəzifəyə gətirməsi Ermənistanda müharibəsonrası həm sosial-iqtisadi, həm də siyasi böhranın bitmədiyini, hələ də davam etdiyini göstərir. Artıq bu böhranın dünyanın müxtəlif güc mərkəzləri arasında rəqabətin bir hissəsinə çevrildiyini görmək də çətin deyil.

Cənubi Qafqazda maraqları olan bütün regional və beynəlxalq güclər sülh və sabitlik istədiklərini bildirsələr də, Ermənistan və onun müdafiəçilərinin Azərbaycanla münasibətləri, sərhəddə baş verən təxribatların mahiyyətini görməzdən gəlmələri bölgədə hələlik dayanıqlı sülh və əmin-amanlığın təmin olunmadığını göstərir.

Cənubi Qafqazda Türkiyə ilə Azərbaycanın güclənməsini əngəlləməyin əsas yollarından biri həmin qüvvələrin Ermənistandan öz maraqları naminə istifadə etməsidir. Onlar istəklərinə çatmaq üçün təxribatlar yaratmaqla Azərbaycanı özünü qorumaq üçün hərbi vasitələrə əl atmağa məcbur etmək niyyətindədirlər. Belə olan halda Bakıya yeni beynəlxalq təzyiqlər başlamaq üçün zəmin yaratmaq istəyi də görünür.

Ermənistanın son həftələrdə atdığı addımlar onun 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində üzərinə götürdüyü məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Bəs bu halda son müharibədə hərbi gücünün 60%-ni itirmiş Ermənistan ordusunun ən müasir texnologiyalara malik Azərbaycan Silahlı Qüvvələri ilə yeni savaşa hazır olmadığını anlamasına rəğmən, niyə sülhü əngəlləməyə, sanki yeni münaqişəni yaratmağa çalışsın?

30 il ərzində Ermənistanın Qarabağ torpaqlarını işğal etməsinə göz yummuş, Azərbaycana kompromisə getməsi üçün təzyiqlər göstərmiş, lakin istəyinə nail olmamış beynəlxalq təşkilatlar və bəzi Qərb ölkələrinin yenidən Ermənistanın yanında yer alması, Prezident cənab İlham Əliyevin "Dağlıq Qarabağa heç bir status verilməyəcək" bəyanatına rəğmən, "status" və öz funksionallığını tamamilə itirmiş Minsk qrupu məsələsini yenidən gündəmə gətirməsi Paşinyanı bu münaqişəni davam etdirməyə cəsarətləndirirdi. Görünən odur ki, qərbpərəst kimi tanınan Paşinyan gözlənilən sülh müqaviləsini imzalamaqdansa, Minsk qrupunun iki həmsədri - Fransa və ABŞ-ın status-kvonu Yerevanın xeyrinə dəyişmək cəhdlərinə hələ də arxalanmaqdadır. Xatırladaq ki, Fransa ilə ABŞ İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan əleyhinə bəyanatlar verməklə kifayətlənib, problemin həlli üçün hər hansı fəallıq göstərməyiblər. Bu gün isə onlar proseslərdən kənar qaldıqlarını görür, Cənubi Qafqazda sülhün Rusiya ilə Türkiyənin nəzarətində təmin edilməsindən narahatlıq duyurlar. Hər halda, onlar bunu istər sözdə, istərsə də əməldə göstərirlər.

Lakin Paşinyan unutmamalıdır ki, o, Azərbaycanla sülh razılaşması imzalamamaqla, 10 noyabr Bəyannaməsinə uyğun olaraq Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiyaları açmamaqla, görməli olduğu işlərdən boyun qaçırmaqla Ermənistanı daha da ciddi iqtisadi-siyasi xaosa sürükləyir. Ermənistan artıq Minsk qrupunun hər hansı effektinin qalmadığını, "Dağlıq Qarabağın statusu" adlı problemin olmadığını qəbul etməli, beynəlxalq hüquqa əsaslanaraq, Azərbaycanla sərhədlərini müəyyənləşdirməlidir. Bu gün Azərbaycan postmüharibə dövrünün nə qədər ağrılı keçdiyini anlayır, Ermənistan ictimaiyyətinin böhrandan çıxması üçün təxtibatları soyuqqanlılıqla qarşılayır. Amma səbrin də bir həddi, qırmızı xətti var. "Qisas" əməliyyatı bunu əyani surətdə nümayiş etdirdi.

Daha bir mühüm məqama diqqət yetirməyi lazım bilirik. Məsələ burasındadır ki, Azərbaycanın qərbində yerləşən əzəli və tarixi torpaqlarımızda özlərinə dövlət "qurmuş" Ermənistan heç vaxt müstəqil olmayıb. Burada söhbət təkcə bu ölkənin siyasi forpost, iqtisadiyyatının isə digər dövlətə məxsus olmasından getmir. Ermənilərin "səyləri" nəticəsində bu təbiətcə heyrətamiz, füsunkar torpaqlar ümumiyyətlə adi ermənilər üçün yaşanılası mümkün olmayan bir məkana çevrilib. Nə qədər qəribə səslənsə də, ermənilərin əsl dövləti dünyanın bir çox ölkələrinə səpələnmiş və diaspor kimi tanınan bir şəbəkədən ibarətdir. Həmin diaspor müxtəlif ölkələrdə dilənçi libasına girərək xeyriyyə marafonları keçirir, "zavallı, yazıq" ermənilər üçün maliyyə yardımı toplayır. Necə deyərlər, pul kimdədirsə musiqini də sifariş verən məhz odur. Tam aydındır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması ortaya adi məntiqə söykənən bir sual gətirəcək: bəs indi erməniləri "əzən" kimdir? O zaman faktiki transmilli mafioz qurumuna çevrilmiş erməni diasporu pulları hansı bəhanə ilə toplayacaq?

Ancaq necə olursa-olsun, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa bir yolu yoxdur. İstənilən halda Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bir gün Azərbaycan əlindən yüz illər əvvəl alınmış torpaqlarına mütləq qayıdacaq. Deməli, gec, ya tez həm sıravi erməni vətəndaşları, həm də onların qondarma dövlətləri üçün həqiqət anı gələcək. Bu, xoşluqla baş versə, ermənilər üçün daha münasibdir. Odur ki, özlərində güc tapıb sülhə gəlməlidirlər.

 

Emin QASIMOV

 

Respublika.- 2022.- 18 avqust.- S.9.