Hidayət: Orda -
Zəngəzurda mənim ürəyimin məzarı
qalıb*...
Prezident Sərəncamının
işığında
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il iyul ayının 14-də İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Azərbaycanlıların tarixən köklü yaşadığı mühüm elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınan İrəvan mahalında 1882-ci ildən etibarən fəaliyyətə başlayan Teatrın salnaməsi əzəli Azərbaycan torpaqlarındakı həmyerlilərimizin tarixi taleyinin bir parçasıdır. Bu məqsədlə də Teatrın keçdiyi keşməkeşli yol, dəfələrlə erməni vandalizminə məruz qalması və yaradıcılıq uğurları barədə söhbət etmək üçün bu qocaman sənət ocağına uzun illər rəhbərlik etmiş Hidayət Orucova müraciət etdik. Onunla apardığımız səmimi, maraqlı, bugünümüzlə səsləşən müsahibəni oxuculara təqdim edirik.
–Hidayət müəllim, Məmməd Aslan "Torpaqdan göyərən misralar" qeydlərində yazırdı: "İki Hidayət tanıyıram: Birisi geniş kütlənin yaxşı tanıdığı dövlət məmuru, Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət müşaviri Hidayət Orucov, o birisi isə poetik nəfəsinin hərarəti ilə seçilən Hidayət. Təxəllüssüz, familiyasız, heçnəsiz, eləcə Hidayət. "Burdan min atlı keçdi" kitabını oxuduqdan sonra isə biz üçüncü Hidayəti də tanıdıq: gənc yaşlarından Azərbaycanın qədim torpağı İrəvanda fəaliyyət göstərən İrəvan Dövlət Azərbaycan Dram Teatrına nə az, nə çox, düz 16 il rəhbərlik etmiş Hidayət Orucovu. Elə oxucularımıza da Sizi belə təqdim etmək istəyirəm. Etiraz etmirsiniz ki?
–Təqdimat sizindir.
Beləliklə, müsahibimiz İrəvan Dövlət Azərbaycan Dram Teatrına uzun illər rəhbərlik etmiş, teatrın inkişaf tarixində müstəsna xidmətləri olmuş Hidayət Orucovdur.
–Zəngəzur mahalında doğulub boya-başa çatmış, burada müəllim işləmiş, "Sovet Ermənistanı" qəzetində əbədi işçi kimi fəaliyyət göstərmisiniz... Bu illəri necə xatırlayırsınız?
–Bəli, əslən Zəngəzurdanam. Mığrı rayonunun Maralzəmi kəndində sadə ailədə dünyaya gəlmişəm. Mığrıda orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinə qəbul olundum. Doğma kəndimizə qayıdıb iki il burada müəllimlik etdim. 1966-cı ildə - hələ 21 yaşımda ikən məni İrəvanda Azərbaycan dilində nəşr olunan respublika qəzetinə - "Sovet Ermənistanı"na işə dəvət etdilər.
Mığrı stansiyasından qatara minib İrəvana getdiyim həyəcanla, narahatlıqla dolu o bahar gecəsini indiki kimi xatırlayıram. Arazın qırağıyla gecə qaranlığında ötüb keçdiyim doqquz saatlıq o yol yaddaşıma və qəlbimə unudulmaz səfər kimi həkk olunub. Və həmişə mənə elə gəlib ki, ömrümdə ən uzun, ən maraqlı, qeyri-adi səfərdir - "Zəngəzur" qatarının o gecəki doqquz saatlıq yolu. O vaxt "Sovet Ermənistanı" qəzetinə tez-tez şeirlər, oçerklər, ədəbi portretlər göndərirdim. Az-az çap edirdilər. Günlərin birində "Sovet Ermənistanı" qəzetinin redaktoru Həbib Həsənovdan məktub aldım. Bu dəvətin mövzusunu, məqsədini bilməsəm də, getdim. Redaktorun iş otağında görüşdük, xeyli sual-cavabdan sonra mənə qəzetdə ədəbi işçi vəzifəsini təklif etdi. Sözsüz ki, razılaşdım. İki ay yarımdan sonra işə başladım... Onu da xatırlayıram ki, Həbib Həsənov məni Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsinin müdir müavini Con Kirokosyanın yanına da apardı. Qatı millətçi, şovinist olan C.Kirokosyan erməni dilində bilib-bilmədiyimlə maraqlandı. "Bir az bilirəm", dedim. O, isə - "Siz erməni kollektivlərinə də gedəcəksiniz, reportajlar hazırlayacaqsınız, oçerklər yazacaqsınız, erməni dilini yaxşı öyrənməlisiniz", - dedi.
1921-ci ildən nəşr olunan "Sovet Ermənistanı" qəzeti həftədə üç dəfə çıxırdı. Əvvəllər "Rəncbər" (1921-1922), "Qızıl Şəfəq" (1929-1937), "Kommunist" (1937-1939) adları altında nəşr olunan qəzet Ermənistan KP MK-nın, respublika Ali Soveti Rəyasət Heyətinin və Nazirlər Sovetinin orqanı idi. Redaksiyada Həbib Həsənov, Məhərrəm Bayramov, Suren Şərifov, Sabir Əsədov, İsrafil Məmmədov, Hüseyn Nəcəfov, Tofiq Məmmədov, Rza Əsgərov kimi təcrübəli jurnalistlər çalışırdılar.
"Sovet Ermənistanı"nda ilk ezamiyyətim iki qonşu rayona - Amasiya və Qukasyana oldu. Amasiyada əhalinin demək olar ki, hamısı azərbaycanlılar idi. Qukasyanda isə bir nəfər də azərbaycanlı yox idi. İlk oçerk qəhrəmanım Sosialist Əməyi Qəhrəmanı olacaqdı. Elə o gün hiss etdim ki, həqiqətən də erməni dilini öyrənmədən Azərbaycan qəzeti olsa da, "Sovet Ermənistanı"nda işləmək, öz perspektivinə ümidlə baxmaq mümkün deyil... Və erməni dilini, erməni ədəbiyyatını öyrənməyə başladım. Qəzetdə iki ildən bir az çox işlədim. Hər şey beləcə, öz yolu ilə gah rahat, gah da narahat baş alıb gedirdi...
–Bəs qəzetdən niyə ayrıldınız?..
–Bir gün dostlarımdan biri dedi ki, səni İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin etmək istəyirlər. Sözün açığı, inanmadım. Amma bu söhbətdən heç bir həftə keçməmiş məni Mərkəzi Komitəyə çağırdılar. MK-nın katibi Robert Xaçaturyan özü məni qəbul etdi və iki illiyə İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbər təyin etmək istədiyini bildirdi. "...Hökumət o teatrı bu günə düşmək üçün açmayıb". Sözünü dedikdən sonra teatrda işləri qaydasına salmaq üçün mənə 2 il vaxt verdiyini bir daha vurğuladı və sabah mədəniyyət nazirinin məni qəbul edəcəyini dedi... Mərkəzi Komitənin binasının pilləkənləri ilə aşağı düşə-düşə iki ili də teatrda keçirəcəyimi fikirləşirdim. Qarşıda isə nə az, nə çox, düz 16 il dururmuş, sən demə...
Qamo Udumyan Ermənistanın mədəniyyət naziri idi. O, məni qəbul edib teatrın düşdüyü ağır vəziyyətdən, teatrın rəhbərliyinin yarıtmaz fəaliyyətindən bəhs etdi: "Bu vəzifə sizin gələcəyə baxışınızdır. Hesab edirəm ki, fəal həyat mövqeyiniz bu gündən başlayır. Cəsarətli olun. Öz düzgün prinsiplərinizi heç nəyə qurban etməyin. Subyektivliyə qarşı barışmaz və hər işinizdə ədalətli olun. Ən kəsə yol düz yoldur". Bu görüşün sabahı Mədəniyyət Nazirliyinin Kollegiyasında məni İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin etdilər. Bu, 1968-ci il avqust ayının 1-nə təsadüf edirdi. Mənim isə o vaxt hələ 24 yaşım tamam olmamışdı...
–Gəlin, 140 yaşlı qədim sənət ocağımız İrəvan teatrının yarandığı illərə nəzər salaq...
–İrəvan Dövlət Azərbaycan Dram Teatrının ilk tamaşası haqqında məlumat yoxdur. Lakin ikinci tamaşa haqqında təfsilat dəqiq və şəksizdir. 1882-ci il aprelin 2-də İrəvanda Qayanyan Qızlar Məktəbinin salonunda şəhərin kasıb azərbaycanlı tələbələrinə kömək məqsədilə "Tamahkarlıq düşmən qazanır" pyesi oynanılmışdır. Üçpərdəli bu komediyanı azərbaycanlı teatr həvəskarları tamaşaya qoymuşlar. Yerli şəraitdən irəli gələn obyektiv çətinliklər, təsir və təqiblərə baxmayaraq, İrəvan Dövlət Azərbaycan Dram Teatrı xalqımızın ümumi səhnə sənəti ənənələri əsasında yaranmış, bu zəmin əsasında inkişaf etmişdir. XX yüzilliyin əvvəllərində Azərbaycanın görkəmli səhnə ustaları ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı arasında yaranan yaradıcılıq əlaqələri bu teatrın milli zəmin üzərində inkişafına geniş meydan açmışdır.
1909-cu ildə H.Ərəblinskinin,
S.Ruhullanın, Y.Ağayevin, C.Bağdadbəyovun
iştirakı ilə İrəvanda göstərilən
"Bəxtsiz cavan", "Nadir şah", "Zorən təbib"
tamaşaları şəhər sakinlərini valeh etmişdi.
1911-ci ildə M.A.Əliyev, Göyərçin xanım,
Z.Hacıbəyov İrəvanda tamaşalar
göstərmişlər. 1910-1917-ci illərdə İrəvanda
Mehdi Kazımov, Yunis Nuri, Məcid Rəcəbov, Asifbəy
Şəfibəyov, Əli Məhzun Rəhimov, Mir Abbas kimi
yeni aktyor nəsli yetişmişdi. 1913-cü ildə Əli Rəhimov
və Əsgər Axundov "İrəvan dram şirkəti"ni
qurmuşlar.
Məlum olduğu kimi, 1928-ci ilədək İrəvan Azərbaycan Dram Teatrına "Dövlət Teatrı" statusu verilməmişdir. "Kimdir müqəssir", "Sevgili övlad", "Döymə qapımı, döyərlər qapını", "Zorən təbib", "O olmasın, bu olsun", "Bədbəxt ailə", "Zorən izdivac", "Dağılan tifaq", "Dəmirçi kavə", "Arşın mal alan" və s. əsərlər tamaşaya qoyulmuşdur. Teatr öz fəaliyyətinin müxtəlif onilliklərində cəsarətlə rus və Avropa klassiklərinin "Otello", "Sonu yaxşı bitən hər iş yaxşıdır" (Şekspir), "Zorən təbib" (Molyer), "Günahsız müqəssirlər" (Ostrovski), "Platon Kreçet (Korneyçuk) və s. əsərlərə müraciət etmişdir.
Qədimdə Qərbi Azərbaycanda, o cümlədən İrəvanda yaşamış soydaşlarımız 140 il bundan qabaq öz milli, dünyəvi teatrlarını yaratmışlar. Hələ on beş il öncə - 2007-ci ildə cənab Prezidentimizin müvafiq Sərəncamı ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradılmasının 125 ili ölkəmizdə dövlət səviyyəsində qeyd olundu. Möhtərəm dövlət başçımızın teatra ardıcıl diqqəti, qayğısı bunlarla bitmir, teatrın çağdaş fəaliyyəti üçün gərəkli göstərişlər verilir.
1935-ci ildən Azərbaycan sovet dramaturgiyasının banisi, ölməz Cəfər Cabbarlının adını daşıyan teatrın repertuarında C.Cabbarlı dramaturgiyası ana xətt olmuş, "Sevil", "1905-ci ildə", "Yaşar, "Aydın", "Od gəlini" kimi yüksək ideya-bədii səviyyəli əsərlər görkəmli rejissorların quruluşlarında və istedadlı aktyorların ifalarında müvəffəqiyyətlə oynanılmışdır. Eyni zamanda, S.Vurğunun, M.İbrahimovun, S.Rüstəmin, S.Rəhmanın, İ.Qasımovun, Anarın... əsərləri teatrın repertuarında yer almışdır.
1928-1944-cü illər İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranması, formalaşması və inkişaf illəri olmaqla yanaşı, həm də repertuarında zamanın ictimai-siyasi və ədəbi hadisələrini özündə əks etdirən dövrüdür. 1946-1947-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrı müasir milli dramaturgiyaya tez-tez müraciət edirdi. Bu illərdə "Qaçaq Nəbi" və "Sevil" tamaşaları daha çox müvəffəqiyyət qazanmışdı.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1949-cu ilin sentyabr ayında Basarkeçər rayonuna köçürülmüş və C.Cabbarlı adına Basarkeçər dövlət Azərbaycan Dram Teatrı adlandırılmışdır. İki il - 1950-1951-ci illərdə fəaliyyət göstərən teatr 1951-ci ildə naməlum səbəbə görə öz fəaliyyətini dayandırmışdır. Bu dövrdə İrəvanın Təzə Arış qəsəbəsində, sonralar isə Zəngibasar rayon mədəniyyət evində yaradılmış Azərbaycan Xalq Teatrı Cabbarlı adına teatrın zəngin yaradıcılıq ənənələrini yaşatmağa çalışmışdı. Zəngibasar Xalq Teatrı 1956-66-cı illərdə fəaliyyət göstərmiş və repertuarını Azərbaycan dramaturqlarının pyesləri hesabına zənginləşdirmiş, dram və komediyalardan əlavə, bir neçə musiqili komediyaları da tamaşaya hazırlamışdı. Amma həvəskar kollektiv professional teatrı əvəz edə bilməzdi. Buna görə də respublikada İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1967-ci ildə yenidən öz pərdəsini açdı. Aprel ayının 28-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı ikinci həyatına başladı və ilk tamaşası olan "Sevil" respublikanın mədəni həyatında çox əlamətdar hadisə oldu. Ermənistan KP MK-nın büro üzvləri teatrın açılışında iştirak etdilər. Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyəti də gəlmişdi. Teatrın bərpası o zaman böyük mədəniyyət hadisəsi idi.
–Hər bir xalqın tarixi, keçmişi onun mədəniyyətində, incəsənətində yaşayır. Milli mədəniyyətin göstəricilərindən biri də teatrdır. Bu kontekstdən yanaşsaq, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının milli mədəniyyətimizin formalaşmasında, inkişafındakı rolunu necə xarakterizə etmək olar?
–Qədim ənənələri olan bütün teatrlar xalq-meydan teatrları əsasında yaranıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrı isə xalq-meydan teatrı ilə yanaşı, 1873-cü ildə yaranmış milli teatrımızdan da bəhrələnib. Belə ki, müsəlman Şərqində ilk teatrın yaranmasından 7 il sonra, təxminən 1880-ci ildə İrəvan teatrı yaranıb. Şərəfli bir yol keçən İrəvan Dövlət Azərbaycan Dram teatrında saysız-hesabsız tamaşalar səhnəyə qoyulub, böyük aktyor məktəbi yetişib. İrəvan Dövlət Azərbaycan Dram Teatrı bütövlükdə Azərbaycan teatr ənənələrini inkişaf etdirərək uzun illər boyu yaşatmışdır.
Mən teatra rəhbər təyin olunanda teatr həqiqətən də acınacaqlı vəziyyətdə idi. Hətta teatrın bir çox aktyorları - Zenfira Əliyeva, Aydın Şahsuvarov, Hacı İsmayılov, Ramiz Məlikov, Hacı Xəlilov, Qurban Ələkbərov və başqaları artıq teatrdan getmişdilər. Dörd-beş aparıcı aktyorun isə, necə deyərlər - çamadanı əllərində hazır idi. Hətta Tariyel Qasımov evini Bakıya dəyişmişdi. Təyin olunduğum ilk günlərdə rejissor, aktyor, texniki heyətin əsas üzvləri ilə təklikdə ətraflı söhbət etdim, problemin haradan, nədən qaynaqlandığını öyrənməyə çalışdım. İşçilərin xasiyyətini, kollektivin yaradıcılıq imkanlarını, teatrın təsərrüfatını diqqətlə öyrəndim və işə başladım.
Teatr repertuar sarıdan da çox kasad idi. "Sevil"
bir ilin içində çox "qocalmışdı".
"Əliqulu evlənir"də bir neçə
rolun ifaçısı kollektivdən getdiyi üçün
tamaşa böyrü üstə qalmışdı. Son
vaxtlar hazırlanmış "Solğun çiçəklər"
və "Hacı Qənbər" tamaşaları ilə isə
uzağa getmək olmazdı... İlk qastrol səfərimiz
üçün dağların başındakı Ağbaba
yurdunu seçdik və istər-istəməz "Sevil",
"Solğun çiçəklər" və
"Hacı Qənbər" lə yola düşdük...
Amasiya rayonuna səfərimiz ağbabalıların mədəniyyət
bayramına çevrildi. Tamaşaçılar klublara, mədəniyyət evlərinə
sığmırdı...
On beş günlük məzuniyyətdən dərhal
sonra Şıxəli Qurbanovun "Sənsiz" dramı
üzərində işləməyə başladıq. Lakin ilk tamaşa uğursuz oldu. Cəmi
16 tamaşası göstərildi. Bu
uğursuzluq bizi əməlli-başlı silkələsə
də, sarsıtmadı. Daha əzmlə
çalışdıq və "Sənsiz" İrəvan
teatrında ilk və son uğursuzluğumuz oldu. Get-gedə teatrın kollektivi də, repertuarı da
canlanmağa başladı. Əksinə, Mübariz
Əlixanoğlu Naxçıvandan, Tofiq Hüseynov Bakıdan
və respublikanın müxtəlif teatrlarından bir neçə
aktyor, eləcə də İncəsənət
İnstitutundan bir neçə məzun kollektivin
sıralarına qoşuldu...
Teatrın qastrol xəritəsi getdikcə genişlənməyə
başladı.
Tiflis, Gəncə, Naxçıvan, Rustavi, Leninakan
(Gümrü), Kirovakan (Qarakilsə) və s. yerlərə
ardıcıl səfərlər, paralel qastrollar təşkil
olunurdu. Artıq teatrın nə
tamaşaçı, nə də qastrol problemi var idi. Bütün bunlara baxmayaraq, hər səfər, hər
səhnəyə qoyulan tamaşa kollektiv üçün yeni
bir sınaq, yeni bir imtahan idi. Bu tələb
bütün kollektivin canına, ruhuna hopmuşdu. Elə buna görə də, teatrımız istər
qastrol səfərlərində, istərsə də yerli
tamaşalarda böyük hörmət-izzətlə, səmimiyyətlə
qarşılanırdı. K.S.Stanislavskinin müdrik, həqiqəti
əks etdirən məşhur bir kəlamı var: teatr
asılqandan başlayır. Amma mən deyərdim
ki, teatr asılqandan da öncə ürəklərdən,
milli-mədəni inkişafın səviyyəsindən, millətin
intellektindən başlayır. Ürəklərə
yol tapmaq o qədər də asan məsələ deyil. Bax, İrəvan Dövlət Azərbaycan Dram
Teatrı o illərdə artıq öz
tamaşaçısının ürəyinə yol tapa
bilmişdi. İkinci həyatına
başlayan teatrımızda repertuar baxımından da rəngarənglik,
müxtəliflik yaranmışdı. "Sevil"dən
sonra "Aydın", "Yaşar", "Məşədi
İbad", "Arşın mal alan"
kimi böyük əsərlər teatrın repertuarında yer
almışdı. Osetin dramaturqu Georgi Xuqayevin "Mənim səadətim,
hardasan" faciəsi sizin müsahibin "Məhəbbət
yaşayır hələ", "Məni
qınamayın", İmran Qasımovla "Sən nə
üçün yaşayırsan?" və s. poetik
dramları uzun illər teatrın səhnəsində
uğurla nümayiş olundu.
–Yazılarınızda
qeyd edirsiniz ki, əsl teatr odur ki, özü
tamaşaçının ardınca yox,
tamaşaçını öz ardınca apara bilsin. İrəvan
Dövlət Azərbaycan Dram Teatrı
tamaşaçısını arxasınca apara bildimi?..
–Bilirsiniz,
teatrın tamaşaçının ardınca getməsi
insanın öz kölgəsinin ardınca getməsinə bənzəyir.
Bu yolun sonu sözsüz ki, uçurumdur. Tamaşaçını öz ardınca aparmaq isə
sənət dünyasında ucalmaqdır. Bu
ucalıqdan baxanda yer daha bütöv görünür. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bəli,
16 illik rəhbərliyim dövründə kollektivlə birgə
tamaşaçımızı arxamızca apara bildik.
Mütəmadi olaraq milli dramaturgiyamızın, dünya ədəbiyyatının
klassik əsərləri üzərində
yaradıcılıq axtarışları aparırdıq. Ş.Qurbanovun
"Sənsiz" dramı ilə
başladığımız işi C.Cabbarlının
"Aydın" faciəsi ilə davam etdirdik. Aleksandr
Ostrovskinin "Cehizsiz qız", V.Şekspirin "Sonu
yaxşı olan hər iş yaxşıdır" inciləri
ilə tamaşaçımızı heyrətləndirdik. M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər"
əsərinə baxanlar sanki Sovet hökumətinin
yalanlarına əl çalıb, gülürdülər.
Sonrakı illərdə İmran Qasımovla Həsən Seyidbəylinin
"Sən nə üçün yaşayırsan?",
Anarın "Şəhərin yay günləri", Mar
Baycıyevin "Hər evdə bayram olsun", Nahid
Hacıyevin "Ömür gözləyir bizi", Mustafa
İsgəndərzadənin "Səni kim unudar"
dramları, Aleksandr Makeyenovun "Tribunal", Georgi Xuqayevin
"Mənim səadətim, hardasan" faciəsi və əlbəttə,
erməni klassik və çağdaş dramaturgiyasının
yaxşı nümunələri də teatrın səhnəsində
hərarətlə alqışlanırdı.
Yerli şəraitdən irəli gələn obyektiv
çətinliklər, təsir və təqiblərə baxmayaraq,
İrəvan Dövlət Azərbaycan Dram Teatrı
xalqımızın ümumi səhnə sənəti ənənələri
əsasında yaranmış, bu zəmin əsasında
inkişaf etmişdir. XX yüzilliyin əvvəllərində
Azərbaycanın görkəmli səhnə ustaları ilə
İrəvan Dövlət Azərbaycan Dram Teatrı
arasında yaranan yaradıcılıq əlaqələri bu
teatrın milli zəmin üzərində inkişafına
geniş meydan açmışdır.
–Hidayət
müəllim, məncə, 70-80-ci illəri İrəvan
Dövlət Azərbaycan Dram Teatrının intibah
dövrü adlandırsaq, yanılmarıq.
–Bəli,
mütəxəssislər, teatrşünaslar belə
adlandırırlar. Teatrın bu
dövrünü əvvəlki illərlə müqayisə
etmək mümkün deyil. 70-ci illər səhnədə
zamanın qaynar nəfəsi duyulurdu. Hər
yeni tamaşa mədəni hadisəyə çevrilirdi. Tamaşaçı Şekspirin də, Qorkinin də,
C.Cabbarlının da qəhrəmanlarının yolunu səbirsizliklə
gözləyirdi.
Əslində, teatrda ildə 4 əsər
hazırlanmalı idi. Bu əsərlərdən ikisi Azərbaycan,
biri erməni, digəri isə sovet xalqları və ya
dünya dramaturgiyasından olmalıydı. Amma mən 1968-ci ildə teatra rəhbər təyin
olunanda teatrın repertuarında cəmi 3 əsər var idi,
üçü də milli dramaturgiyamızdan. Həm də bu əsərlər
"qocalmış", "əldən
düşmüşdü". 1972-1984-cü
illərdə teatrın afişasında onlarca əsər
canlandı. Bəzən, akademik teatrlarda
belə olmurdu.
1970-ci ildə
kollektivimizə Ermənistan Kommunist Partiyasının Mərkəzi
Komitəsinin, Respublika Ali Soveti Rəyasət Heyətinin,
Nazirlər Sovetinin və Həmkarlar İttifaqı
Şurasının yubiley Fəxri Fərmanı təqdim ediləndə
SSRİ Xalq artisti, SSRİ Ali Sovetinin deputatı, görkəmli
rejissor, Respublika Teatr Cəmiyyətinin sədri Hracya Qaplanyan
heyrətlə dedi: "Siz dekabristlərsiniz. Sənətə
belə vurğunluğu mən hər bir teatr kollektivinə
arzulayardım. Lap bizim akademik teatrımızın
kollektivinə də...".
Qədim İrəvanda Azərbaycan Teatrının
ömür salnaməsinə yeni səhifələr
yazılmağa başlandı. Ermənistan KP MK-nın Bürosu
C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrının 50 illiyi respublika miqyasında
qeyd edilməsi haqqında qərar qəbul etdi. Təntənəli
yubiley mərasimi iyun ayının 29-na təyin olundu. Həmin
gün müxtəlif ölkələrdən yüzdən
çox təbrik teleqramı aldıq: C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrının yarıməsrlik bayramı hərarətlə
alqışlanır, kollektivimizə yaradıcılıq
uğurları arzulanırdı. Moskvadan SSRİ Mədəniyyət
Nazirliyinin Kollegiyası, Azərbaycan Mədəniyyət
Nazirliyi və incəsənət xadimləri adından
göndərilən təbrik teleqramları bizim
üçün xüsusi əhəmiyyət kəsb edirdi.
–Siz
İrəvanda uzun müddət Azərbaycan ədəbi
mühitinə, əgər belə demək mümkünsə,
başçılıq etmisiniz. Respublika
Yazıçılar İttifaqının Azərbaycan ədəbiyyatı
Şurasının sədri kimi Azərbaycan
yazıçılarının əsərləri sizin redaktənizlə
nəşr olunurdu. İrəvanın ədəbi
mühitini formalaşdıran tarixi şəxsiyyətlər
barədə qısaca da olsa məlumat verməyinizi istərdik.
–İrəvanda Yazıçılar
İttifaqının İdarə Heyətinin üzvü, eyni
zamanda Azərbaycan Ədəbiyyatı Şurasının sədri
idim. "Sovetakan Qrog" (Sovet Yazıçısı) nəşriyyatının
Azərbaycan dilində nəşr etdiyi kitablar
Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı
Şurasında müzakirə edilir,
planlaşdırılır, çapa hazırlanırdı.
Şuramız Ermənistanda yaşayıb-yaradan
azərbaycanlı müəlliflərin əlyazmalarını
mətbuat səhifələrinə çıxarmaq və
kitablarını nəşr etdirməklə yanaşı, Azərbaycan
dilini erməni auditoriyalarında, məclislərdə,
televiziya və radioda səsləndirirdi. Yazıçılar
İttifaqının sədri və katiblərinin
iştirakı ilə Qərbi Azərbaycanda
yaşayıb-yaradan yazıçılarımızın
ümumrespublika toplantısı da o vaxt əvvəldən-axıra
qədər Azərbaycan dilində keçirildi. Ermənistanda yaranan Azərbaycan ədəbiyyatı
ildən-ilə daha geniş təbliğ olunur, təzə
adlar, təzə istedadlar üzə çıxırdı.
"Sovet Ermənistanı" qəzeti, İrəvan Dövlət
Azərbaycan Dram Teatrının yaradıcı kollektivi, İrəvan
Pedaqoji İnstitutu Azərbaycan bölməsinin müəllim
heyəti, respublikanın müxtəlif şəhər və
rayonlarında yaşayan qələm sahibləri, ümumiyyətlə,
bütün Azərbaycan ziyalıları getdikcə
Şuranın ətrafında daha sıx birləşdilər.
O illərdə
İrəvan Azərbaycan ədəbiyyatı və mədəniyyəti
mühitində canlanma yaranmışdı, respublika səviyyəli
çox tədbirlər keçirirdik. Ziyalılarımız
bu tədbirlərin hər birində iştirak edir, həm əsərlərinin
ideya-bədii səviyyəsi, həm də bir ziyalı kimi səmimiyyəti
və mədəniyyətləri ilə yadda qalırdılar.
İrəvan ədəbi mühitini
formalaşdıran, inkişaf etdirən belə yaradıcı
ziyalılarımız çox idi. Məhərrəm
Bayramov, İsrafil Məmmədov, İsmixan Məmmədov,
Tahir Talıblı, Aftandil Ağbabalı, Alyoşa Bayramov, Məcnun
Göyçəli, Həmzə Vəlioğlu,
Dünyamalı Məftun, Eldar Abbas, Vəfadar İsmayıl, Rəhim
Əliyev.
–Ermənilərin
30 ilə yaxın bir müddətdə işğal etdiyi ərazilərimizdə
xalqımızın mədəni irsinə qarşı törətdiyi
vandallıq əməlləri bütün dünyaya bəllidir.. Qədim İrəvanda
yaşadığınız illərdə bu yerləri yad
edirdinizmi?
–Gülüstan
və Türkmənçay müqavilələri
bağlandıqdan sonra imperialist dövlətlərin əli ilə
erməniləşdirilən bu qədim Azərbaycan şəhərində
yaşadığım müddətdə hər zaman
babalarımızın, əcdadlarımızın izlərini
axtarmışam. İrəvanda, Göyçədə,
Zəngəzurda, Dərələyəzdə, Vedibasarda, Zəngibasarda...
qədim alban və türk abidələrini aramışam.
Bu abidələrin çoxunun adı və yeri
qalmışdı. Böyük əksəriyyəti
uçurulmuş, dağıdılmış, yerində
tarixin izlərini azdıran başqa şeylər tikilmişdi.
Belə ki, 1877-1878-ci illərdə İrəvanda
8, İrəvan qəzasında 18, Eçmiədzin qəzasında
17, Sürməlidə 18, Şərur-Dərələyəzdə
47 məscid olmuşdur. XIX əsrdə bu
gün Ermənistan adlandırılan ərazilərimizdə
147 məscid olub. Sərdar sarayı məhv
edilib. O sarayda biri kişilər, biri də qadınlar
üçün tikilən 2 məscid olub. Eyni zamanda, kişi və qadın hamamı olub ki, bu abidədən
yeraltı gizli yolla Zəngi çayına enən pillələr
varmış.
Daşnak hökuməti və Sovet rejimi dövründə
İrəvanda bu abidələr məhv edilmişdir. Xudavəndə məscidi,
Şah İsmayıl məscidi, Cümə məscidi, Təpəbaşı
məscidi, Əsədağa məscidi, Çətirli məscid,
Körpübulağı məscidi, Qala məscidi, Şəhər
məscidi, Hacı Novruzəlibəy məscidi, Sərdar məscidi
və s. Bəzən şəhərin ayrı-ayrı
rayonlarını saatlarla pay-piyada gəzə-gəzə bu abidələrin
salındığı ərazilərdə xəyala
dalırdım. Mığrıdan başlamış Dərələyəzəcən,
Göyçəyəcən, Hamamlıyacan… Səlim
karvansarayının, Sərdar karvansarayının,
Şeyxülislam karvansarayının, Kömürçü
karvansarayının, Hacıvəli karvansarayının,
Yurdçu karvansarayının qapısını
döyürdüm. Gedərçay
körpüsündən, Zəngi körpüsündən,
Taxta körpüdən, Vediçay körpüsündən,
Kalax (Qazax) körpüsündən keçirdim. Torpaq qalası, Gümrü qalası, Bayburt
qalası, Qalabürcü qalası, Qafan qalası,
Qıpçaq qalası... önündə baş əyirdim.
Urud məbədini, Əmirsəlim türbəsini,
Cəfərabad türbəsini, Çuxur Səəd türbəsini,
Heyvə məqbərəsini ziyarət edirdim.
Qərbi Azərbaycanda çox yer - İrəvanda Gedərçayın
sahilləri, Zənginin qırağı, Dərə
bağları, Qırxbulaq çeşmələri, Təpəbaşı,
Cümə məscidinin həndəvəri, Sarıtəpə
mənimlə həmişə öz dilində - Azərbaycan
dilində danışırdı.
–Hidayət
müəllim, sualım yenə də qədim
teatrımızla bağlıdır. Məlumdur ki, bu il iyul ayının 14-də Prezident İlham
Əliyev İrəvan Dövlət Azərbaycan Dram
Teatrının 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam
imzaladı. 16 il fasiləsiz olaraq rəhbərlik
etdiyiniz bu sənət ocağının yubileyi ilə
bağlı ölkə başçısının
imzaladığı Sərəncamı mədəniyyətimizə
göstərilən dövlət qayğısının bariz
nümunəsidir. Sərəncamla bağlı
fikirləriniz maraqlıdır.
–Bu tarixi
Sərəncam yalnız mədəniyyət hadisəsi deyil,
ilk növbədə əvəzsiz siyasi sənəddir. Qədimdə
Qərbi Azərbaycanda, o cümlədən İrəvanda
yaşamış soydaşlarımız 140 il
bundan qabaq öz milli, dünyəvi teatrlarını
yaratmışlar. Hələ on beş il
öncə - 2007-ci ildə cənab Prezidentimizin müvafiq Sərəncamı
ilə İrəvan Dövlət Azərbaycan Dram
Teatrının yaradılmasının 125 ili ölkəmizdə
dövlət səviyyəsində qeyd olundu. Möhtərəm
dövlət başçımızın teatra ardıcıl
diqqəti, qayğısı bunlarla bitmir, teatrın
çağdaş fəaliyyəti üçün gərəkli
göstərişlər verilir. Məlum
olduğu kimi, Prezidentimizin qərarı ilə Binəqədi
rayonunda İrəvan Teatrına böyük mədəniyyət
sarayı verilib, hazırda binada əsaslı yenidənqurma və
təmir işləri aparılır. Onu da
deməliyəm ki, mən teatrın demək olar bütün
tamaşalarına baxıram, kollektivlə
yaradıcılıq əlaqələrim bu gün də davam
edir. Teatrın son iki tamaşasına - özbək
dramaturqu Kaçkap Narqabilin "Beş dul qadın və bir rəis"
komediyasına və mənim "Burdan min atlı
keçdi" epik-xronoloji dramın əsasında
yaradılmış tamaşalara məmnunluqla baxdım. Qüdrətli kollektivdir. Qədim
İrəvan Teatrının tarixdən silinməz
uğurlarını şərəflə davam və
inkişaf etdirirlər.
Zəngəzur
bu gün də, sabah da evimdir, eşiyimdir,
mənim nəzərimdə dünyanın mərkəzidir...
Prezidentimizin
müəllifi olduğu tarixi Böyük Zəfər bu
zamanlarda, bəlkə bundan sonra da ən böyük
sevincimdir, ümumiyyətlə, xalqımızın azı son
250 ildə ən möhtəşəm, şərəfli
hadisəsidir.
–Söhbətimizə Zəngəzurla başladıq. Zəngəzurla
da bitirmək istəyirəm. 1993-cü ildə
"Literaturnaya qazeta"ya verdiyiniz müsahibənin adı
"Orda - Zəngəzurda
mənim ürəyimin məzarı qalıb…" idi. Bu isə, özlüyündə hər şeyi
deyir. Ölkə başçımız,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük Vətən müharibəsində
qazandığımız şanlı Zəfərdən sonra
ürəyiniz rahatladımı?
–O irihəcmli
müsahibə o vaxtlar postsovet məkanında ciddi maraq
doğurdu, İrəvanda isə.... "bomba
kimi partladı". O illərin ən populyar nəşrlərindən
olan "Literaturnaya qazeta" məndən öncə Silva
Kaputikyanla müsahibə dərc etmişdi. O vaxtlar Ermənistan
iqtisadi, siyasi baxımdan dözülməz durumda idi. Ona
görə Qarabağ terrorunun əsas ideoloqlarından olan
Silva üzdə də olsa, etiraf etməyə məcbur
olmuşdu: "Xalqlarımız arasında səmimi
münasibətlərin qaytarılması üçün hər
şeyə razı olardım". Elmira Axundovaya verdiyim o
müsahibədə yalnız Silvanın deyil, Sero
Xanzadyanın, Zori Balayanın, Karen Simonyanın, hətta
öz xalqlarına qarşı ideoloji təxribatlarından
geniş danışdım.
Söhbət
Zəngəzurdan düşdüsə... Elmira həmin
müsahibəyə çoxdan yazdığım şeirimdən
epiqraf vermişdi:
Lökün
köhnə məktəbinə tezcə baş vurum
Görüm
mənim skamyamda kim əyləşibdir…
Zəngəzur
bu gün də, sabah da evimdir, eşiyimdir,
mənim nəzərimdə dünyanın mərkəzidir. Gəncliyimdə
yazmışdım: azərbaycanlı üçün Təbrizə
getmək Marsa uçmaqdan çətindir. Şükür,
hələ sovet illərində Təbrizə gedə bildim.
Son otuz ildə isə Zəngəzura getmək mənə
bu yaşımda Marsa uçmaqdan çətin olmuşdu.
Görkəmli
bəstəkar Eldar Mansurov azı 40 il
bundan qabaq yazdığım misralara dəyərli musiqi bəstələyib:
Ozan nəğməsində
dillənir hünər,
Sazı da, sözü də Zəngəzurludur.
Tale bəxşişidir,
vallah, - deyirlər:
Allahın
özü də Zəngəzurludur!
44
günlük Vətən müharibəsi! Mən
44-cü ildə anadan olmuşam. Prezidentimizin müəllifi
olduğu tarixi Böyük Zəfər bu zamanlarda, bəlkə
bundan sonra da ən böyük sevincimdir, ümumiyyətlə,
xalqımızın azı son 250 ildə ən möhtəşəm,
şərəfli hadisəsidir.
İnşallah,
Zəngəzur dəhlizi ilə o yerlərə gedəndə,
babalarımın, nənələrimin, atamın, cavan
qardaşımın, bütün doğmalarımın,
yadlarımın məzarlarını ziyarət edəndə,
uca dağlarına qalxanda, dibsiz dərələrinə enəndə,
yarğanları önündə düşüncələrə
dalanda, buz bulaqlarından içəndə… ürəyim yerinə
qayıdacaq.
–O gün
görüşmək ümidilə, Hidayət müəllim.
Müsahibəyə görə çox sağ
olun...
* Məlum
səbəbdən yazının başlığı
müsahibimizin 1993-cü il sentyabrın 3-də
dövrünün tanınmış mətbu orqanı olan
"Literaturnaya qazeta"da dərc olunan məqaləsinin
başlığı ilə eyniyyət təşkil edir.
Müsahibəni
apardı:
Mehparə
ƏLİYEVA
Respublika.- 2022.- 19 avqust.- S. 5.