Eldar Xəlilov

 

Xəlilov Eldar Xəlil oğlu 19 avqust 1976-cı ildə Zəngibasarın Zəngilər kəndində dünyaya göz açıb. 1983-cü ildə burada məktəbə getmiş, altıncı sinfə qədər öz doğma kəndlərində təhsil almışdır. 1988-ci ildə yüz minlərlə soydaşlarımız kimi öz doğma yurdlarından zorla qovulduqdan sonra o, ailəsi ilə birlikdə paytaxtın Bakıxanov qəsəbəsində məskunlaşmışdır. Təhsilini 96 və 252 saylı orta məktəbdə davam etdirmiş, sonra Bakıdakı 10 saylı texniki-peşə məktəbini bitirmişdir. Eldar 1994-cü ilin sentyabrın 29-da Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Hərbi hissədə qısamüddətli təlim dərsləri keçir... O, erməni işğalçıları ilə deyil, dövlətçiliyimizə xəyanət edən qüvvələrə qarşı mübarizə aparmalı oldu.

Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən, faciələrdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində idi. Lakin Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla aldı.

Özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi.

Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Ulu öndər Heydər Əliyev Azərbaycan həqiqətlərini, dövlətin mövqeyini dünyaya çatdırmış, bununla da, ölkəmizə diqqət və maraq güclənmişdir. Qısa bir zamanda, ulu öndərin müdrik siyasəti nəticəsində, ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Belə ağır zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu.

Vətənə, elinə-obasına sədaqətli olan adamlar, hər zaman olduğu kimi, 1995-ci ilin mart hadisələri zamanı bu dəfə də ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdilər. Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzaya layiq görülməsini istədilər. Nəticədə, respublikamızın müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin arzuları gözlərində qaldı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu qanlı olaydan uzun illər keçsə də heç kim yaddan çıxmır, unudulmur. Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylar qaragüruhçu qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkə, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət qəsdi idi.

1995-ci ilin mart ayında, ölkə vətəndaş müharibəsi təhlükəsini yaşadığı bir vaxtda, 19 yaşlı Eldar da vətənpərvərlik borcunu yerinə yetirməkdən ötrü silahlı dəstəni zərərsizləşdirmək üçün döyüşə qatılır. O, Azərbaycan əsgərinə xas olan döyüş əzmkarlığı nümayiş etdirirdi. Təəssüf ki, bu qarşıdurma itkisiz ötüşmədi. Qarşı tərəfdən atılan atəş Eldarın gənc ömrünə son qoydu.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Paytaxtın Sabunçu rayon Bakıxanov qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Vaxtilə oxuduğu 252 saylı orta məktəbdə isə Qəhrəmana həsr olunmuş guşə yaradılmışdır. Qəsəbədə büstü qoyulmuşdur.

 

M.CƏFƏROV

 

Respublika.- 2022.- 19 avqust.- S.6.