Hidayət Rüstəmov

 

Respublikamızda Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə daim hörmətlə yanaşılır, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda, qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Ölkəmizin ərazi bütövlüyüsuverenliyi uğrunda xalqımızın qeyrətli, mübariz oğulları “Təki vətən sağ olsundeyib canlarını fəda etdilər.

Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının bütövlüyü uğrunda düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək, şəhadətə qovuşan Azərbaycanın Milli Qəhrəmanı  Hidayət Eldar oğlu Rüstəmov 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açmışdır. Burada səkkizillik məktəbi bitirdikdən sonra təhsilini Ağdam şəhərindəki 50 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1988-90-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. H.Rüstəmov hələ məktəbdə oxuyarkən polis sistemində işləmək arzusu ilə yaşayırdı. 1991-ci ildə Ağdam Rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına qəbul edildi. Eldar ilk günlərdən bir polis çavuşu kimi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, döyüş rəşadətləri göstərdi. Ancaq Hidayətin ömür yolu o qədər də uzun olmadı.

23 dekabr 1991-ci il... Erməni yaraqlılarının Xocalının Meşəli kəndinə növbəti hücumu... Düşmən tez bir zamanda kəndi mühasirəyə aldı. Dinc əhalini xilas etmək üçün Ağdam rayon DİŞ-nin əməkdaşları döyüşə girdilər. Cəsur polis çavuşu Hidayət boş evlərin birində özünə mövqe seçir. Qüvvələr qeyri-bərabər idi. Hidayət qorxu bilmədən, yaxınlaşan düşmənə gözlənilməz zərbələr endirirdi. Lakin erməni yaraqlıları onun qurduğu istehkamı yardılar. Quldurlar cəsur döyüşçünün təslim olmadığını görüb, evə od vurdular. O, son damla qanınadək vuruşdu və qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Eldarın ruhu şaddır. İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan əsgəri günahsız xocalılıların qisasını aldı, torpaqlarımızı mənfur düşmənin işğalından azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı.

Xocalı soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Möhtəşəm Qələbəmiz  xocalılıların ürəyinə saplanan tikanları çıxartdı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Hidayət Eldar oğlu Rüstəmovun torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaət, onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qısa ömür yaşasa da, əziz xatirəsi  xalqımızın qəlbində əbədi qalacaqdır.

Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ömür yolu hamımıza örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda savaşmaq və şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

 

M.MİRZƏ

 

Respublika.- 2022.- 19 avqust.- S.6.