Qloballaşan dünyada
milli-mənəvi dəyərlərin qorunub
saxlanması mühüm amildir
Zəngin tarixə, mədəni irsə, dini və tolerantlıq ənənələrinə malik, dünyəvi, demokratik, hüquqi dövlət olan Azərbaycan öz milli-mənəvi dəyərlərinə söykənərək güclü dövlət quruculuğu istiqamətində inamla irəliləyir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, həssas münasibət göstərməsi dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edir.
Xalqımızın milli-mənəvi, tarixi-dini dəyərlərinə sadiqlik nümayiş etdirən ölkə başçımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə hər səfərləri zamanı dini abidələrimizin, məscidlərimizin təməlinin qoyulmasında, yaxud da bərpasından sonra açılış mərasimlərində iştirak edirlər. 30 il ərzində ermənilər tərəfindən dağıdılan ziyarətgah və məscidlərin, İslam mədəniyyəti abidələrinin yenidən tikilməsi, bərpası istiqamətində aparılan işlərə dövlət başçımız xüsusilə nəzarət edir. Belə ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra bu yerlərdə onlarla məscidin təməlini qoymuş, açılış mərasimlərində iştirak etmişdir.
Bu il mart ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində ümumi ərazisi 0,6 hektar olan yeni tikiləcək məscidin təməlini qoymuşlar. Təməlqoyma mərasimində bildirilmişdir ki, iki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.
Ötən il aprel ayının 26-da dövlət başçımız tərəfindən təməli qoyulan Zəngilan məscidi "Paşa Holding" MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunur. Bu il mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidində fasiləsiz olaraq həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olmuşlar. Qeyd edək ki, işğal dövründə bütün ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da yerləşən məscidlər ermənilər tərəfindən təhqir olunmuş, İslam dininə aid mədəniyyət abidələrimiz dağıdılmışdır. Bu gün ölkə başçısı İlham Əliyevin göstərişi ilə burada dini abidələrimiz təmir olunur, bir çoxları yenidən tikilir.
Bədnam qonşularımız işğal etdiyi torpaqlarımızda tarixi və mədəni irsimizi məqsədyönlü şəkildə və xüsusi qəddarlıqla məhv edərək təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşər mədəniyyətinə qarşı mənəvi soyqırımı törədiblər. Onlar İslam dini abidələrini - məscidləri, türbələri və digər mədəni-dini, tarixi obyektləri dağıdaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silməyə çalışmışlar. Belə ki, mənfur düşmən Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 olmaqla, ümumilikdə 67 məscidin 63-nü tamamilə dağıtmış, 4-nü isə yararsız hala salmışdır.
Ölkə
başçımız abadlıq-quruculuq işlərinə xüsusi diqqət göstərir, böyük infrastruktur
layihələrinin icrasına, iş yerlərinin
yaradılmasına, ümumiyyətlə bölgələrin gələcək
inkişafına hesablanmış bütün
sahələrdə inkişaf tempinə nəzarət
edir. Bununla yanaşı, istər işğaldan
azad olunmuş, istərsə
də digər bölgələrdə xalqımızın
milli-mənəvi dəyərlərini yaşadan
müqəddəs tarixi yerlərimizin, dini abidələrimizin bərpa-konservasiyası,
tikilib istifadəyə verilməsi ölkə
başçımızın diqqət göstərdiyi əsas
məsələlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il avqustun 12-də Qobustan rayonunda 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilmiş ölkə əhəmiyyətli memarlıq abidəsi "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar. Qafqazın ən nadir abidələrindən hesab edilən, dövlət tərəfindən mühafizə olunan "Diri Baba" türbəsinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, həmçinin orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir. Əsrlərdən bəri xalqımızın qədim mədəniyyətini, memarlıq sənəti nümunələrini özündə yaşadan bu abidə yerli turistlərlə yanaşı, xarici qonaqlarda da böyük maraq oyadır. Burada görülən işlərlə tanış olan dövlət başçımız İlham Əliyev abidənin tarixi-mədəni əhəmiyyəti ilə yanaşı, turizm potensialını da yüksək qiymətləndirərək demişdir: "Bu gün isə yolüstü "Diri Baba" türbəsində gedən işlərlə tanış oldum. Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, həm konservasiya olunsun, həm də onun ətrafında turizm infrastrukturu yaradılsın. "Diri Baba" türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir".
Onu da qeyd edək ki, dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə aparılan işlər yalnız xalqımıza məxsus milli-mənəvi abidələrimizin deyil, həmçinin xristian dininə mənsub olan müqəddəs yerlərin - kilsələrin də təmirinə, yenidən qurulmasına yönəldilmişdir. Belə ki, ölkəmizdə rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsələri, gürcü kilsələri və bunun fonunda Xudavəng kilsəsi, Nic kilsəsi, hətta erməni kilsəsi də dövlət tərəfindən qorunur, mühafizə olunur. Bütün bunlar isə ölkəmizin dünya birliyində zəngin mədəniyyətə, qədim tarixə, tolerantlıq ənənələrinə malik bir dövlət olmasının göstəricisidir. Azərbaycanda bütün dinlərə məxsus abidələrin qorunduğunu bildirən Prezident İlham Əliyev bu barədə demişdir: "Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir".
Tarixi, maddi-mədəniyyət abidələri ilə bütün dünyada tanınan ölkəmizdə xalqımızın mədəni irsini özündə yaşadan abidələrimiz, müqəddəs dini ibadət və inanc yerlərimiz qorunur, gələcək nəsillərə çatdırılması və dünya miqyasında təbliği daim dövlətin diqqət mərkəzində saxlanılır. Bunu son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə qədim tarixi abidələrin bərpası və qorunması sahəsində aparılan işlər bir daha sübut edir.
Heydər Əliyev ideyalarının carçısı və davamçısı olan, məscidlərin, minarələrin kilsələrin, sinaqoqların və s. mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına, təbliğinə çox böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin böyük bir hissəsi milli-mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dinlərə və sivilizasiyalararası dialoqa verdiyi töhfələr milli-mənəvi dəyərlərə bağlılıq, ehtiram və sadiqlik nümunəsidir. Bütün bunlar isə qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanmasında mühüm amildir.
Mehparə
ƏLİYEVA
Respublika.- 2022.- 20 avqust.- S.1; 3.