Ecazkarfüsunkar: Təbii Sərvətlərimiz

 

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Parkqoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla parkqoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Milli parklar seriyasından Samur-Yalama Milli Parkı haqqında yazını dərc edirik.

 

"Respublika".

 

 Samur-Yalama Milli Parkı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Samur-Yalama Milli Parkı yaradılmışdır. Milli Park Xaçmaz rayonunun şimalında, XudatYalama meşə sahələrinin 11772,45 hektar ərazisini əhatə edir.

Düzən relyefdə yerləşən Samur-Yalama Parkı Xəzər dənizi boyunca Rusiya Dövlət sərhədinə qədər uzanır. Milli Park təbii enliyarpaq meşənin dənizlə vəhdəti, flora və faunasının müxtəlifliyi və bənzərsizliyi ilə diqqəti cəlb edir.

Milli Parkının təşkilində əsas məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə, bioloji müxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkiheyvan növlərinin - şabalıdyarpaq palıd, ilanbalığı, kür qızılbalığı, nərə, uzunburun nərə, dəniz sıfı, çapaq, kütüm, xəşəm, şahmayı, cüyür, böyük qırğı, məzar qartalı, adi qızılquş, boz qırmuymulu qızılquş, fisıldayan qulələk və s. qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsidir.

Samur-Yalama Milli Parkında xüsusi ekoloji, tarixi, bioloji əhəmiyyət daşıyan təbiət kompleksləri və obyektləri yerləşir. Milli Park elmi-tədqiqat idarəsi statusuna malikdir.

Parkın 11709,45 hektar sahəsini meşələr təşkil edir. 20 hektar açıq sahədən və yollardan 24 hektar təbii çaybulaqlardan 19 hektarı isə bataqlıqlardan ibarətdir. Meşə ilə örtülü olmayan sahələr mövcuddur.

 Parkın florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və s. dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Ərazidə çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələr də mövcuddur. Parkın ərazisində Çöl donuzu, yenot, qırqovul, kəklik və s. rast gəlinir. Sahil suları külmə, kilkə, şamayı və s. balıq növləri ilə zəngindir. Burada ovçuluq və balıqçılıq üçün yaxşı şərait var.

 

Milli Parkın ərazisində rast gəlinən qamışlıq pişiyi, vaşaq, Qafqaz maralı, Qafqaz köpkəri, Avropa cüyürü, böyük qırğı, məzar qartalı, adi qızılquş, fısıldayan qulələk, dəniz sıfı, Eldar şamı və s. Azərbaycan Respublikasının "Qırmizi Kitabı"na daxil edilmişdir.

Samur-Yalama Milli Parkında Tel bulağı, Üç boru, Kosmos və Səlimoba turist marşrutları fəaliyyət göstərir. Mövcud turist marşrutları boyunca turistlərin gəzintisi üçün cığırlar, istiqamətverici işarələr, qadağanedici lövhələr, müvəqqəti istirahət və piknik yerləri quraşdırılmışdır. Tel bulağı, Üç boru marşrutu turistlərin daha çox üz tutduğu marşrutlardandır.

 

Kamil İSMAYIL

 

Respublika.- 2022.- 20 avqust.- S.7.