Hər daşı, hər qayası tariximizin qədimliyindən soraq verir

 

Ermənistan silahlı qüvvələri və onların havadarları tərəfindən 1993-cü il avqustun 23-də Füzuli şəhəri daxil olmaqla 58 kənd işğal olunub. Həmin ərazilər 27 ildən çox işğal altında qalıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 2020-ci il oktyabr ayında Füzuli rayonu işğaldan azad edilib.

Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərində Araz çayına qədər maili düzənlikdə yerləşən Füzulinin çox qədim tarixi var. Tariximizin müəyyən mərhələlərini öz qoynunda yaşadan qədim yaşayış məskəni 1827-ci ildə şəhər statusu alıb və ilk adı da Qarabulaq olub. 1930-cu ildə burada rayon təşkil olunubQaryagin adlandırılıb. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illik yubileyi münasibətilə rayona onun adı verilib. Rayonun ərazisi 1390 kvadratkilometr, əhalisi isə təxminən 144 min nəfər, bir şəhər və 78 kənddən ibarətdir. Qeyd edək ki, Füzuli, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisindən Quruçay, Köndələnçay, Qozluçay və Çərəkən çayları keçir. Burada zəngin tarixi abidələr mövcuddur. Rayon mərkəzindən 15 kilometr aralıda yerləşən Azıx mağarasında Azıxantrop adamının alt çənəsinin sümükləri tapılıb. Füzuli həm də mədəniyyət və memarlıq abidələri - mağarakurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə də zəngindir. Təəssüf ki, bu nadir abidələrin bir çoxu, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib. Bu vəhşiliyə baxmayaraq, həmin abidələrin qalıqları durur.

Füzuli Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları ilə şöbəsinin müdiri Bayram Niftəliyev doğulub boya-başa çatdığı rayonun tarixi haqqında ətraflı məlumat verərək deyir:

- Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş Azıx mağarası Azərbaycan arxeologiya elminin böyük nailiyyətidir və bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlayıb. Bundan başqa, Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri də olub. Təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr erməni vandalizminə məruz qalmış, məhv edilərək yandırılmışdır.

Məlum olduğu kimi, Füzuli rayonu Qarabağın ən qədim tarixi abidələrinin qeydə alındığı məkanlardan biridir. Dünyanın ən unikal tapıntılarından biri olan Azıx mağarası da burada yerləşir. Rayon ərazisində mövcud olan abidələr sırasında türbələr də xüsusi yer tutur. Belə türbələrdən biri rayonun Aşağı Aybasanlı kəndindəki qədim məzarlıqda ucaldılan Qara Şeyx İbrahim türbəsidir.

El arasında "İbə İbrahim" kimi məşhurlaşan Şeyx İbrahim türbəsinin kitabəsi abidənin tarixi haqqında məlumat əldə etməyə imkan verir. Belə ki, onun qapısının sol yuxarı küncündə qoyulmuş sal daş üzərinə ağac altında dayanmış qadın və yanında at şəkli işlənib. Qapının sağ tərəfindəki sal daş üzərində isə yarıpozulmuş vəziyyətdə, əski əlifba ilə iki sətirdən ibarət kitabə var. Kitabədə "Allahın Rəsulu Məhəmmədə salam. 1042. Əvəzəli bin Əlimərdan" sözləri yazılıb. Mülahizələrə görə, Əvəzəli türbəni tikən ustanın adıdır. Hicri tarixi ilə 1042 rəqəmi isə türbənin tikildiyi tarixi nişan verir. Həmin tarixi miladi təqvimə çevirdikdə isə bu, 1632-33-cü illərə uyğun gəlir. Ehtimal olunur ki, türbəni bərpa edən usta onun əvvəlki tikilmə tarixini göstərən kitabəli daşın yazılarına toxunmadan yenidən onu divara qoyub. Giriş qapısının bütün tərəflərində kitabə yazılmış daşın başqa divar daşlarından kəskin surətdə fərqlənməsi bunu bir daha təsdiq edir. Bununla da, tarixi dəlillərə əsasən, Şeyx İbrahim türbəsinin əsrimizin əvvəllərində bərpa olunmadığını, onun əvvəlki bünövrəsi üzərində yenidən səkkizbucaqlı şəkildə tikildiyini söyləmək mümkündür.

Arxeoloqların qənaətinə görə, bu bölgənin orta əsrlərə aid (Babı kəndindəki Şeyx Babı türbəsi, Aşağı Veysəlli kəndindəki Mir Əli və Əhmədallar türbəsi və s.) türbələri isə əksinə, ikimərtəbəli olmuş, məzarlar isə onun yeraltı hissəsindədir. Şeyx İbrahim türbəsinə daxil olarkən məzarın aşağı tərəfində üstündə ərəb əlifbası ilə yazılar olan bir sal daş parçası diqqəti cəlb edir. Bundan başqa, Qarğabazar karvansarası da öz qədimliyi ilə seçilən tarixi abidədir. Karvansara 1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunub. Karvansara tikilisinin eni 23,7, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Karvansaranın memarı məlum deyil. Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Girişin sağsol tərəflərində gözətçi otaqları qarşısında iki böyük sal daş vardır. Görünür, gözətçilər həmin daşların üstündə dayanıb karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar. Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir. Qarğabazar kəndinin işğalından sonra faşist ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişdilər. 20 oktyabr 2020-ci ildə Qarğabazar kəndi işğaldan azad edilib.

Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz sal daşlara bir çox tarixi abidələrdə rast gəlinir. Bu, onu göstərir ki, iri sal daşları yadelli işğalçıların dağıda bilməməsi üçün həmin abidələrə bir nişanə kimi yerləşdiriblər. Əcdadlarımız düşmənə qarşı çox tədbirli davranıblar. Əsrlərlə yaşı olan daş parçaları bunu deməyə əsas verir.

 

Salman ALIOĞLU

 

Respublika.- 2022.- 21 avqust.- S. 5.