Doğum günündə şəhid olan xüsusi təyinatlı
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək öz adlarını Azərbaycanın tarixinə yazdılar. Məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, vətənpərvər ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada düşmənə layiq olduğu cavab verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.
44 günlük müharibənin ilk günündən Şuşaya qədər döyüş yolu keçib qəhrəmanımız Xəyyam Əli oğlu Əzizov. 8 noyabr 1995-ci ildə Neftçala şəhərində, fəhlə ailəsində anadan olub. Uşaqlıq illərini doğulduğu Neftçalada keçirib. 2010-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul edilir. 2013-cü ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi xüsusi təyinatlı kimi bitirir və ona "leytenant" hərbi rütbəsi verilib. Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmətinə qədəm qoyub.
Xəyyam II Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə 2020-ci ilin iyun ayının 24-də Moskvada keçirilən hərbi paradda fəal iştirak edib və medalla təltif olunub. Leytenant Xəyyam xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur. Xidmətinə görə III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilir. 2020-ci ildə leytenant Xəyyam Əzizova baş leytenant hərbi rütbəsi verilir. Həmin il Rusiyanın Moskva şəhərində keçirilən paradda Azərbaycanı layiqincə təmsil edir.
II Qarabağ müharibəsində Xəyyam Xüsusi Təyinatlıların zabiti kimi iştirak edir. Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərə qatılır, böyük şücaətlər göstərir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Xəyyam Əzizov noyabrın 6-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanmış, lakin döyüş bölgəsindən təxliyyə edilməsinə razı olmayaraq sona kimi mübarizəni davam etdirir və noyabrın 8-də doğum günündə Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlir. Neftçala rayonunda dəfn olunur.
Anası Aidə Əzizova bildirir: "Vətən müharibəsi başlandığı gündən oğlum Qarabağda 42 gün şücaətlə vuruşdu. Bu 42 gündə hər həftədə bir dəfə zəng edib hal-əhval tuturdu. Oktyabrın 29-u sonuncu danışığı oldu. Dedi ki, darıxmayın, az qalıb, qələbəmiz olacaq, ondan sonra qayıdacam evə. Müharibənin sonuncu günü şəhid oldu. Onun xatirələri haqqında danışmaq mənim üçün çox çətindir. Şəhidlik böyük zirvədir, qürurdur. Mənim də oğlum qürurla yaşadı, şərəflə həlak oldu".
Şəhid zabitimizin atası Əli Əzizov da oğlu ilə qürur duyduğunu söyləyir. Bildirir ki, oğlu Vətən yolunda, torpaq uğrunda şəhid oldu. "Oğlumla ata kimi qürur duyuram. Doğrudan da, igidliyi, qəhrəmanlığı ilə Vətənə layiqli oğul oldu, əməli ilə hər kəsin başını uca etdi. Prezident İlham Əliyevə minnətdaram ki, oğlumu qəhrəmanlığına görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edib".
Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında 25 yaşlı bir gənc kimi yaşayacaq.
Müşfiq CƏFƏROV
Respublika.- 2022.- 21 avqust.- S. 6.