Elnur Nuriyev
Azərbaycan tarixinin qara səhifələri, milli dövlətçiliyimizin sınağa çəkilən anları, xalqımızın ağrı-acılar, məhrumiyyətlər içərisində yaşadığı günlər çox olub. Ancaq 1993-cü ilin iyun ayının əvvəllərində öz kuliminasiya nöqtəsinə çatmış hakimiyyət böhranı milli tariximizin ən ağır səhifələrindən biri idi. Çünki həmin günlər Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə idi. Azərbaycan parçalanmanın bir addımlığında idi.
Ölkədə bir xaos hökm sürürdü. Həmin vaxt bu özbaşınalıqdan istifadə edən qüvvələr Gəncədə qiyam qaldırdılar. 1994-cü ilin sentyabr ayında onu Gəncə şəhərinə göndərdilər. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır. 1995-ci ilin Gəncə hadisələri zamanı Elnur da qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edirdi. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün neçə-neçə igidlər dövlətimiz naminə, birliyimiz naminə canlarından keçdilər. Bunlardan biri də Elnur Nuriyev oldu...
Elnur 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır. 1982-ci ildə burada birinci sinfə getmiş, 1992-ci ildə orta məktəbi bitirmişdir. 1993-cü ilin oktyabr ayında Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Elnur qısa müddət ərzində təlim-məşq toplanışı keçdikdən sonra, erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün Füzulidə döyüş bölgəsinə göndərilmişdir. O, minaaxtaran batareyanın tərkibində bölmə komandiri kimi Alxanlı, Kürdmahmudlu kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Həmin ərəfədə Tərtər bölgəsində vəziyyət xeyli ağırlaşmışdı. Erməni hərbi qüvvələri əks-hücuma keçərək, rayonun bir neçə kəndini ələ keçirmişdilər.
Cəbhəyanı rayonlarda vəziyyət gərginləşəndə Elnurun xidmət etdiyi hərbi hissəni həmin bölgəyə köməyə göndərirlər. Qapanlı, Seysulan kəndlərinin düşməndən azad edilməsində o, döyüş əzmkarlığı nümayiş etdirərək, şücaət göstərir.
Elnur 1994-cü il 4-5 oktyabr hadisələrində - Gəncə qiyamının yatırılmasında iştirak edir və döyüş tapşırığını yerinə yetirərkən həlak olur. Kürdəmir şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə Nuriyev Elnur Eyvaz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Elnurun doğulub boya-başa çatdığı Zəngilan və vaxtilə qəhrəmanlıqla vuruşduğu ərazilər 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində düşməndən azad edildi. Müqəddəs torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Vətən torpaqlarının azadlığı uğrundakı bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə ölkəmizin qüdrətini, haqq uğrunda mübarizə aparmaq əzmini, milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı. Müzəffər Ordumuz hərb tarixində yeni səhifə olan Vətən müharibəsində Azərbaycanın gücünü dünyaya göstərə bildi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.
M.MİRZƏ
Respublika.- 2022.- 21 avqust.- S.6.