DÖVLƏTÇİLİYİMİZİN ETİBARLI MÜHAFİZƏSİ ŞƏRƏFLİ XİDMƏTDİR

 

Azərbaycan üçün ən ağır günlərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndəri qorudu. Beləliklə, Azərbaycanın müstəqilliyini qorudu.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

23 avqust 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Respublikasının Prezidentinə tabe edilməsi haqqında Fərman imzalamışdır.

Qeyd etmək lazımdır ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət idarəçiliyində səriştəsiz və savadsız şəxslərin olması bir müddət pərakəndəliyin, dağınıqlığın yaranmasına gətirib çıxarmışdı. Bu cür mürəkkəb vəziyyətdə xalqımız XX yüzillikdə ikinci dəfə əldə etdiyi istiqlaliyyəti itirmək, dünyanın siyasi səhnəsindən bir ölkə, dövlət olaraq yox olmaq təhlükəsi ilə qarşılaşmışdı. Hakimiyyətdaxili qruplaşmaların öz merkantil maraqları naminə apardıqları mübarizə, dövlət idarəçiliyində hökm sürən anarxiya, xaos Azərbaycanı böyük bəlalarla üz-üzə qoymuşdu.  Yalnız 1993-cü ilin 15 iyununda xalqın təkidli xahişi ilə Azərbaycanın böyük oğlu, dünyaşöhrətli dahi siyasətçi, böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə dövlətimiz və xalqımız böyük bəlalardan qurtuldu, sabitlik, inkişaf və tərəqqi yoluna çıxdı.

Heydər Əliyev kimi dahi şəxsiyyətlər həmişə xalqın və dövlətin həyatında ən mürəkkəb, taleyüklü məsələləri həll etmək üçün bütün məsuliyyəti öz üzərinə götürür, xalqını, dövlətini bəlalardan, təhlükələrdən xilas edir. Ulu öndər Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək, dünyəvi, hüquqi, demokratik dövlət qurmaq kimi mühüm vəzifələri yerinə yetirmək üçün xalqın təkidilə yenidən hakimiyyətə qayıtdı.

Dövlət Mühafizə Xidmətinin çağdaş tarixinin ən şanlı və unudulmaz illəri də məhz ümummilli lider Heydər Əliyevin adı və gərgin fəaliyyəti ilə bağlıdır. Belə ki, 23 avqust 1993-cü il tarixdə ulu öndər imzaladığı Fərman ilə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi və Milli Qvardiya birləşdirilərək, onların bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılmışdır. 1993-cü il 20 sentyabr tarixli digər bir Fərmanla isə Baş Mühafizə İdarəsinin əsasnaməsi və yeni strukturu təsdiq edilmişdir.

Məhz 1993-cü ildən sonra Xidmətin fəaliyyəti mühüm hadisələrlə yadda qalmış, onun strukturu, kadr ehtiyatı və maddi-texniki bazası əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş, fəaliyyət dairəsi genişləndirilmişdir.

Ulu öndərin 6 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlandırıldı və 31 may 2003-cü il tarixli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin yeni Əsasnaməsi təsdiq edildi.

Xidmətin nümunəvi fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilirdi. Ulu öndər Heydər Əliyev o vaxt özünün başqa bir Fərmanı ilə bu quruma böyük etimad göstərərək Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən, milli iqtisadiyyatımızın inkişafında ölçüyəgəlməz rol oynayan ixrac neftqaz boru kəmərlərinin mühafizəsini də Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində İxrac NeftQaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsini yaratmaqla bu quruma həvalə etdi.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayında baş vermiş hadisələrdə Azərbaycanda müəyyən qüvvələr sabitliyi pozmaq, dövlət çevrilişi etmək kimi çirkin və xəyanət əməllərə əl atmışlar. Həmin mənfur niyyətlərin qarşısının alınmasında, gənc dövlətçiliyimizin qorunmasında Xüsusi Mühafizə Xidmətinin bütün şəxsi heyətinin cəsarət nümayiş etdirməsi, öz dövlətinə, xalqına, Prezidentinə, Vətəninə sadiq olması, bu ağır və mürəkkəb günlərdə layiqliqüsursuz xidmətlər göstərməsi xüsusilə qeyd edilməlidir.

Azərbaycanda baş verə biləcək terror aktlarının qarşısının alınmasında da Xüsusi Mühafizə Xidmətinin böyük rolu vardır. Məsələn, 1993-cü ildə ulu öndər Heydər Əliyev işə gedərkən Telestudiya istiqamətində xarici ölkə vətəndaşı tərəfindən snayperlə ona qarşı hazırlanan sui-qəsdin qarşısının alınmasında, 1995-ci ildə Sabunçu körpüsü üstündə Azərbaycan və Ukrayna prezidentlərinin birgə hərəkət etdikləri kortejin partladılması cəhdinin dəf edilməsində Xüsusi Dövlət Mühafizə Xidmətinin önəmli fəaliyyəti olmuşdur. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınmasında da Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları cəsarət nümayiş etdirmişlər. 1997-ci ildə o zaman "Qaqarin" adlanan körpünün altında baxış zamanı Milli qvardiyanın əsgərləri tərəfindən qumbaranın aşkar edilməsi, həmçinin Əl Oyunları Sarayında keçirilən tədbirdən əvvəl texniki yoxlama zamanı Xidmətin mütəxəssisləri tərəfindən vaxtında bu cür halın  dəf edilməsi deməkdir.

Xidmətin bu fəaliyyəti ona görə uğurlu olmuşdur ki, ümummilli lider Heydər Əliyev daim Xüsusi Dövlət Mühafizə Xidmətinin işləri ilə yaxından maraqlanmış, onlara etibar etmiş, böyük etimad göstərmiş və dəfələrlə öz çıxışlarında qurumun əməkdaşlarına, şəxsi heyətinə inandığını, arxalandığını bildirmişdir. "Mən sizə inanıram, etibar edirəm, güvənirəm və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram", - ulu öndərin bu sözləri dediklərimizin əyani təsdiqidir. Bununla yanaşı, Heydər Əliyev həm də öz dəyərli tövsiyələrini, məsləhətlərini verməklə, müvafiq tələblərini söyləməklə Xidmət əməkdaşlarına yüksək peşəkarlıqla öz fəaliyyətini qurmaqda köməklik edirdi. Ulu öndər demişdir: "Sizin vəzifələriniz mürəkkəbdir. Onları layiqincə yerinə yetirmək üçün birinci növbədə peşəkarlığınızı və biliyinizi gündən-günə artırmalısınız, dünya təcrübəsini, başqa ölkələrin mühafizə orqanlarının, qvardiyalarının işini öyrənməlisiniz. Öz fəaliyyətinizi müasir dünyanın müvafiq orqanlarının peşəkarlıq səviyyəsinə qaldırmalısınız". Bu müdrik sözləri rəhbər tutaraq, Xidmətin hərbi qulluqçuları peşə hazırlıqlarının artırılması məqsədilə bu günöz bilik və bacarıqlarını daim yüksəldirlər.

1998-ci ilin oktyabr ayında İsrailin Qüds şəhərində keçirilən mühafizə xidmətləri rəhbərlərinin 4-cü beynəlxalq konfransında Xüsusi Dövlət Mühafizə Xidməti Beynəlxalq Şəxsi Mühafizə Xidmətlərin Assosiasiyasına üzv qəbul edilmiş və həmin vaxtdan etibarən Assosiasiyanın bütün konfranslarının işində öz nümayəndəliyi vasitəsilə təmsil olunur və fəal surətdə iştirak edir.

Xidmət yüksək səviyyədə döyüş qabiliyyəti olan, hər an dövlət başçısının verdiyi tapşırıqları yerinə yetirməyə qadir böyük bir peşəkar qurumdur. Qürurla qeyd etmək lazımdır ki, burada sağlam əqidəli hərbi qulluqçular yer alır. Gənc əsgərlərin Milli Qvardiyaya hərbi xidmətə çağırışını düzgün təşkil edib həyata keçirmək həmişə Xüsusi Dövlət Mühafizə Xidmətinin ən vacib vəzifələrindən biri olub. Yeniyetmələrin seçilməsi onlar çağırış yaşına çatmazdan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin köməyi ilə aparılır. Xidmətin hərbi və tibb mütəxəssisləri xüsusi hazırlanmış test proqramları əsasında ən layiqli gəncləri Milli Qvardiyaya həqiqi hərbi xidmət keçmək üçün seçirlər.

Ulu öndərin müdriklayiqli davamçısı, Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı nəticəsində son illər Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təşkili və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş qabiliyyətinin və hazırlığının yüksəldilməsi istiqamətində aparılan işlər şəxsi heyəti Azərbaycan dövlətçiliyinə, onun Prezidentinə layiq olan səviyyəyə gətirib çıxarmışdır.

30 oktyabr 2007-ci ildə dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə ən müasir standartlara cavab verən Xüsusi Dövlət Mühafizə Xidmətinin Tədris Mərkəzinin açılışı olmuşdur. 16 mart 2010-cu il tarixdə Prezident cənab İlham Əliyevin iştirakı ilə Xidmətin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin idarəetmə mərkəzinin inzibati binası istifadəyə verilmişdir. Şəxsi heyətin tibb təminatını daha da yaxşılaşdırmaq, eləcə də şəxsi heyətin stasionar və sağlamlaşdırıcı müalicəsinin təşkili məqsədilə Tibb İdarəsinin nəzdində Müalicə-Diaqnostika Mərkəzi 4 iyun 2011-ci ildə istifadəyə verilmişdir. Bundan əlavə, əməkdaşların səmərəli istirahətinin təmin edilməsi üçün Xaçmaz royununun Nabran qəsəbəsində "Ulduz" istirahət mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Xidmətin hərbi şəhərciyində şəxsi heyətin məşq və təlimləri, idmançıların yarışlarının təşkili üçün bütün beynəlxalq standartlara cavab verən İdman Olimpiya Kompleksi istifadəyə verilmişdir.

Cənab Prezidentin 09 fevral 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Feldyeger Rabitəsi İdarəsi yaradılmışdır. İdarənin hərbi qulluqçuları Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusi əhəmiyyətli, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik və digər göndərişlərin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılmasını təmin edir.

2020-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalamışdır. Fərmana əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin bazasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılmışdır.

Öz mürəkkəb, riskli, eyni zamanda şərəfli və məsuliyyətli vəzifələrinə ciddi yanaşan, xalqımızın, Vətənimizin mənafeyi, dövlətçiliyi naminə gecə-gündüz yorulmadan çalışan, Prezident cənab İlham Əliyevin təhlükəsizliyinin təmin olunmasında yüksək peşəkarlıq və etalon hesab edilə biləcək xidmət nümayiş etdirən, var qüvvə ilə çalışan, lazım gələrsə bu yolda həyatlarını belə əsirgəməyəcək qəhrəman igidlərimizlə qürur duyuruq.

 

Emin QASIMOV

 

Respublika.- 2022.- 23 avqust.- S. 5.