Mayası nur, tarixi qədim
torpaqlarımıza həyat qayıdır
Tarixi qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində ən ağır və şiddətli döyüşlər Füzuli istiqamətində gedib. Mənfur düşmən otuz ilə yaxın müddətdə bu yerlərin, demək olar ki, hər metrində müdafiə sədləri, istehkamlar, yeraltı sığınacaqlar, dərin xəndəklər və digər maneələr quraraq ərazini başdan-başa minalamışdı. Bütün bu çətinliklərə baxmayaraq, Silahlı Qüvvələrimizin bölmələrinin döyüş qabiliyyəti, fədakarlığı, düşmənə nifrət və qisas hissi nəticəsində ermənilərin güvəndiyi istehkamlar darmadağın edildi, yüzlərlə erməni əsgəri və zabiti məhvə məhkum oldu, Azərbaycan ordusu öz gücünü bütün dünyaya nümayiş etdirdi. İşğalçı Ermənistan ərazinin necə böyük əhəmiyyət daşıdığını əvvəldən dərk edərək burada çox güclü hərbi qurğular yaradıb, ağır döyüş texnikaları yerləşdirmişdi və eyni zamanda, otuz ilə yaxın müddətdə burada möhkəmlənmişdi. Buna baxmayaraq, ermənilərin və havadarlarının güvəndiyi bu istehkamları, müdafiə xətlərini yarıb keçmək ordumuzun qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün oldu.
Bu istehkamları canı-qanı bahasına dağıdaraq irəliləmiş qəhrəman əsgər və zabitlərimiz düşmənə Azərbaycan xalqının və ordumuzun qüdrətini bir daha göstərdi. Təbii ki, döyüşçülərimizin hayqırtısını, fədakarlığını görən düşmənin gözü qorxdu və onlar vahiməyə düşdülər. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə gedir, qanını və canını bu yolda əsirgəmir. Bu mənəvi-psixoloji üstünlük nəticəsində yadelli işğalçıların böyük əksəriyyəti məhv edildi, yerdə qalanlar isə qaçmağa üstünlük verdi. Qeyd edək ki, Silahlı Qüvvələrimizin ilk uğurlu hərbi əməliyyatları məhz Füzuli rayonundan başlayıb. Müharibənin ilk günündə - 2020-ci il sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri işğalçılardan azad edilib.
Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərində Araz çayına qədər maili düzənlikdə yerləşir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisi 1386 kvadratkilometr, əhalisi isə təxminən 144 min nəfərdir. Füzulinin ərazisindən Quruçay, Köndələnçay, Qozluçay və Çərəkən çayları keçir. Burada zəngin tarixi abidələr mövcuddur, mədəniyyət və memarlıq abidələri - mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. Təəssüf ki, bu nadir abidələrin bir çoxu, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib.
Ən yaxın
tarixə qısa bir nəzər salaq. 1993-cü il avqustun 23-də Füzuli rayonu Ermənistan ordusu, muzdlu dəstələr, terrorçular
və onların havadarları tərəfindən
işğal olunub. İşğal nəticəsində 51 kənd və rayon mərkəzi ermənilər
tərəfindən zəbt
edilib və 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından didərgin düşüb.
İşğaldan təxminən
beş ay sonra cəbhədə erməni silahlı qüvvələrinin hücumu
dayandırıldı. Yeri gəlmişkən,
burada tarixi bir məqama nəzər salaq. Belə ki, 1993-cü il dekabr
ayının əvvəllərində
xalqımızın ümummilli
lideri Heydər Əliyevin Füzuli bölgəsinə səfəri,
döyüşçülərlə və əhali ilə görüşləri
heç də təsadüfi xarakter daşımırdı. Bu səfərdən heç
bir ay keçməmiş,
1994-cü ilin yanvar ayında Milli Ordu hissələrimiz əks-hücuma keçərək
düşmənə ağır
və sarsıdıcı
zərbələr vurdu.
Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsi
işğaldan azad edildi. Vaxtilə ermənilər tərəfindən
dağıdılan və
yandırılan Horadiz
indi Avropanın şəhərlərindən çox
da fərqlənmir, şəhidlərimizin qanı
tökülən bu torpaqlar əsl gülüstanı xatırladır.
Birinci Qarabağ müharibəsində torpaqlarımızın
müdafiə edilməsi
zamanı Füzuli rayonundan 1100 nəfərdən
çox şəhid olub, 181 nəfər itkin düşüb, 1341 nəfər sağlamlığını
itirib, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb. 44 gün
davam edən və tariximizə ən şərəfli səhifə kimi daxil olan Vətən
müharibəsində Füzulidən
74 nəfər şəhid
olub, onlarla insan yaralanıb, müharibə əlilidir.
2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı Füzuli istiqamətində min hektarlarla torpaq işğalçılardan azad edildi və çox böyük strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancıldı. Xalqımız uzun illərdən sonra az da olsa, qələbə sevincini yaşadı, hər birimizdə torpaqlarımızın yaxın zamanda işğalçılardan tam azad edilməsinə güclü inam yarandı. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi düşmən üzərində ən şanlı qələbə sayılır.
Şanlı Azərbaycan ordusu Füzulini işğalçılardan azad edəndən sonra dövlət tərəfindən burada yenidənqurma və bərpa işlərinə başlanılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən ordumuzun Şuşaya doğru hərəkət etdiyi keçilməz dağ cığırlarının yerində Zəfər yolu çəkilib və istifadəyə verilib. Ötən ilin payızından tikintisinə başlanan Əhmədbəyli-Füzuli-Şuşa yolunda işlər artıq yekunlaşır. Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometrdir. Hər iki yolboyunca tunellər, körpülər inşa edilib, bütün zəruri infrastruktur yaradılıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikinti işləri sürətlə davam etdirilir.
Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. Bu yarımstansiya yeni aeroportun hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək. Qeyd edək ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün eyni zamanda, "Şükürbəyli" yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.
Rayondakı Köndələnçay su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1981-ci ildə inşa edilib. Su anbarı Füzuli rayonunda kənd təsərrüfatının inkişafına və minlərlə hektar torpağın suvarılmasına münbit şərait yaradıb. Ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi əvvəlki su anbarları ilə birlikdə 6200 hektar sahəni suvarmağa imkan verir. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar. İşğaldan azad edilən ərazilərdə su anbarlarının gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verilib. Yeri gəlmişkən, qeyd edək ki, ərazilərin işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Belə ki, işğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur.
İşğaldan azad edilən torpaqlarda ikinci "ağıllı kənd" Füzuli rayonunun Dövlətyarlı kəndində salınacaq. Xatırladaq ki, kəndin təməli ötən il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq və bazar inşa ediləcək. Ən əsası isə kənd sakinlərinin məşğulluğunun təmin edilməsi birinci yerdə dayanır. Kəndin görkəmi düşmənin qəddarlığından xəbər verir. Onu da deyək ki, kənddə hər bir evin təqribən ən azı 12 sot həyətyanı torpağı olacaq.
Qeyd edək ki, ən iri infrastruktur layihələr Füzulidə də həyata keçirilir. Bölgədə və dünyada analoqu olmayan Füzuli Hava Limanı səkkiz aya ən müasir səviyyədə inşa edilərək istifadəyə verilib. Hava limanı ilk təyyarələri qəbul edib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Ermənistanın xarabalığa çevirdiyi bu qədim şəhər yenidən qurulacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq. Füzuli şəhəri hava limanı da daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi, İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı salınacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı yaradılacaq. Ərazidə 5 mindən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Füzulililər doğma yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Ruha dinclik gətirən təbiəti, tarixi abidələri, münbit torpaqları, fədakar insanları ilə tanınan Cəbrayıl rayonu ölkəmizin mədəni, iqtisadi həyatında mühüm yer tutmaqla strateji əhəmiyyət daşıyır. Coğrafi mövqeyinə görə Cəbrayıl kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Bu qədim diyar cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıq olsa da, münbit və bərəkətli əkin sahələri də mövcuddur. Həm də Araz çayının qırağı Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik olub. Cəbrayılın ən yüksək zirvəsi 1580 metr olan Dağ Tumasdır. İşğaldan əvvəl rayonda yaşı 500 ilə yaxın olan 14 çinar ağacı, 14 kəhriz və 99 bulaq olub. Rayon əhalisi bir şəhər, 4 qəsəbə və 92 kənddə yaşayıb. 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu Ermənistanın işğalına məruz qalıb. 60 mindən çox əhali məcburi köçkünə çevrilib, uzun illər yurd həsrəti ilə yaşayıblar. Ermənistanın hərbi təcavüzü nəticəsində rayona 13,928 milyard ABŞ dolları dəyərində ziyan dəyib. Mənəvi ziyanı ölçməksə, sadəcə, mümkün deyil. Qırılan talelər, yarıda qalan ömürlər, nağıl kimi keçən xoş günlər, xatirələr cəbrayıllıların qəlbində uzun illər nisgilə dönərək yaşayıb. Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıb.
Erməni faşistləri bu cənnət diyarı başdan-başa dağıdaraq cəhənnəmə çeviriblər. 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalı nəticəsində vəhşicəsinə dağıdılıb. Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu müqəddəs torpaqlar otuz ilə yaxın kafirlərin zülmü altında inildəyib, şəhər və kəndlər yerlə-yeksan edilib.
Qədim su mənbəyi hesab olunan kəhriz şəbəkəsindən Cəbrayılda daha geniş şəkildə istifadə olunurdu. Respublikamızda mövcud olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür. Rayonda 4039 hektar meşə zolağı, 58585 hektar əkin sahəsi, 1079 hektar bağ mövcud olub.
Cəbrayılda qədim xalçaçılıq sənəti daha çox inkişaf edib, bu qiymətli ənənə nəsildən-nəslə ötürülüb. Qeyd edək ki, ayrıca Cəbrayıl xalça məktəbi də olub. Xüsusi çeşnilərlə "Qasımuşağı", "Kürd", "Qaraqoyunlu", "Bəhmənli" adlı xovlu xalçalar toxunub, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq hazırlanıb və palaz, kilim, cecim kimi xovsuz xalçaları ilə məşhur olub. Rayonun ərazisi tarixi, dini və mədəni abidələrlə zəngindir. Cəbrayılda çoxlu yazılı abidələr olub ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Cəbrayıl aşıq sənətinin ulu babaları sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və b. bu kimi el sənətkarlarının vətənidir. Bundan başqa, vaxtilə Cəbrayıldan 7 nəfər Sosialist Əməyi Qəhrəmanı, 1 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərini işğaçılardan azad edərək tarixi qələbəmizin əzəmətini bütün dünyaya nümayiş etdirdi. Çoxlu sayda canlı qüvvəsini itirən işğalçılar bu torpaqlardan əbədi qovuldular. 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan azad edildi.
Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən ərazilərə mütəmadi səfər edərək işğal dövründə Ermənistanın bu torpaqlarda törətdiyi vəhşiliyi, vandallığı, cinayətləri və azərbaycanlılara qarşı törətdikləri qəddarlığı təkzibedilməz faktlarla dünyanın, beynəlxalq təşkilatların və erməni havadarlarının diqqətinə çatdırıb və işğalçı, vəhşi, faşist erməni mahiyyətinin iç üzünü ifşa edib. İşğaldan azad edilən torpaqların, şəhərlərin və kəndlərin dirçəldilməsi üçün mühüm dövlət sənədlərini imzalayan Prezident həm də bu ərazilərdə çox böyük infrastruktur layihələrin həyata keçirilməsi üçün strateji fəaliyyət Planını təsdiq edib. Azad edilən bütün rayonlarda, o cümlədən Cəbrayıl rayonunda da çox böyük işlər həyata keçirilir, həyat əhəmiyyətli infrastruktur qurulur.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edib və dövlətimizin başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Çünki Xudafərin bizim üçün milli qürur məsələsidir. Keçən il oktyabrın 4-də dövlət başçısı İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə Cəbrayılda görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub və bildirib ki, biz Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərini görmüşük. Bu gün Cəbrayıl yarımstansiyası istifadəyə verilib. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir.
Həmin vaxt Cəbrayıl şəhərində birinci yaşayış binasının və bir çox sosial obyektlərin də təməli qoyuldu. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Eyni zamanda, Cəbrayılda Zəfər və İşğal muzeyləri də inşa ediləcək. Ən önəmlisi odur ki, Prezident əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması haqqında Sərəncam imzaladı və Sənaye Parkının təməlini qoydu. 200 hektar ərazini əhatə edən bu böyük layihənin icrasına başlanılıb. İlkin investorlar da müəyyən edilib.
Həmçinin Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri və metal konstruksiya istehsalı müəssisələri fəaliyyət göstərəcək. Bundan başqa, parkın ərazisində kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin və digər xidmət sahələrinin yaradılması da nəzərdə tutulub.
Arazqırağı yurd yerlərimizə yeni bir həyat qayıdır. İşğaldan azad edilən rayonlarda, o cümlədən Cəbrayılda minatəmizləmə işləri aparılır, ardınca tikinti işləri başlayır, burada bərpa və yenidənqurma tədbirləri sürətlə və keyfiyyətlə davam etdirilir. Cəbrayıllılar doğma torpaqlarına ən qısa zamanda qayıdacaqlarına əmindir. Yenidən qurmaq və yaratmaq eşqi ilə doğma yerlərə qayıdacaqlar, o qədim xalq mahnısındakı kimi, deyəcəklər ki, Araz axır gül ilə...
Salman ALIOĞLU
Respublika.- 2022.- 23 avqust.- S. 6; 7.