Qazaxıstan
Adı qazax dilində "azad insan" mənasını verən, Orta Asiyanın müstəqil türk dövlətlərindən biri olan Qazaxıstan türk və müsəlman ölkələrinin ərazicə ən böyüyü, təbii sərvətlərinə görə isə ən zənginidir. Tarix boyu ilk türk dövlət və boylarının mərkəzi olan Qazaxıstan gənc, lakin sürətlə inkişaf edən böyük imkanlarla və parlaq ideyalarla dolu müasir dövlətdir. Yüksək həyat səviyyəsi ilə seçilən qazax xalqı müstəqilliyi və mənəviyyatı hər şeydən üstün tutaraq dostluq və xoş münasibətlər ənənəsini nəsildən-nəslə ötürmüş və qoruyub saxlamışdır. Bu ölkənin vətəndaşları hər zaman çoxmillətli dövlətləri ilə fəxr etmişdir.
Avrasiyanın mərkəzində yerləşən Qazaxıstan Respublikası sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdədir. Qazaxıstanın ümumi sahəsi 2,724,900 kvadratkilometrdir. Şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Qazaxıstan Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazax xalqının lideri Nursultan Nazarbayev ölkənin sərhədlərinin daha da möhkəmlənməsi, sənayesinin inkişafı üçün paytaxtın Almatıdan qədim Akmola şəhərinə köçürülməsinə qərar vermiş və 1997-ci ildə Nur-Sultan şəhəri Qazaxıstanın paytaxtı elan olunmuşdur. Müasir Qazaxıstan dövlətçiliyinin əsasını qoyan N.Nazarbayevin müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində ölkə müstəqillik qazandığı ilk günlərdən tarixi sınaqlardan çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçmiş və beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.
İqtisadiyyatda Qazaxıstanın əsas gəlir mənbəyi neft-qaz sənayesidir, ölkə həmçinin böyük mineral resurslara da sahibdir. Qazaxıstan təbiətinin gözəlliyinə heyran olmamaq mümkün deyil. Burada Tyan-Şan, Tarbaqatay və Altayın buzlarla örtülü dağ silsilələri, geniş səhraları və nəhəng çölləri, nadir bitki və heyvan növləri insanı heyran edir. Zəngin flora və faunaya malik ölkənin sahillərini dünyanın ən böyük dəniz gölü olan Xəzər dənizi yuyur. Ölkə ərazisinin iqlimi kəskin kontinental olduğundan qışı çox soyuq, yayı isə çox isti keçir. Bu yerlərdə səhra və yarımsəhra landşaftları üstünlük təşkil edir.
Qonaqpərvərlik ənənələrinin çox güclü olduğu bu şərq ölkəsi istənilən qonağı hətta çağırılmamış olsa belə hörmətlə qarşılayar, ona yemək hazırlayar və yurdda ən yaxşı yeri təklif edər. Qədim Qazax deyimi "Qonağı Allahın elçisi kimi qarşıla" buna sübutdur. Ənənələrə həddən ziyadə hörmət edən qazaxlar fəxri qonağa "şapan" (xələt) vermək adətini də bu günə qədər qoruyub saxlayıblar.
Qazaxlar üçün ailə həyatın əsasını təşkil edir. Ailə münasibətləri, uşaqların tərbiyəsi, ailə bağları prinsipi - bütün bunlar qazax xalqının xüsusi adət-ənənələrində öz əksini tapmışdır. Qazax mədəniyyətinin ən vacib xarakterik xüsusiyyətlərindən biri də ağsaqqallara olan münasibət və hörmətdir.
Qazaxıstanda son dərəcə əhəmiyyətli olan atçılıq sahəsi də geniş yayılmışdır. Türk cəmiyyətində at qədim zamanlardan mühüm yer tutub. Orta Asiya coğrafiyasında istər arxeoloji qazıntılardan əldə edilən tapıntılar, istərsə də qayaüstü rəsmlərdəki at təsvirləri qədim zamanlardan bəri çöl köçərilərinin həyatında atın yerinin nə qədər önəmli olduğunu göstərir.
Milli mətbəxə gəlincə, burada da xalqın tarixi, mədəniyyəti və ənənələri hiss edilir. Ənənəvi qazax mətbəxi ət və süd məhsullarının əsasında yaranıb. Sonradan bu siyahıya tərəvəz, meyvə, balıq, dəniz məhsulları, undan hazırlanan yeməklər və şirniyyatlar əlavə olunub. Qazax ailəsinə qonaq gəldiyi zaman ona mütləq at ətindən hazırlanan yeməklər və içkilər təqdim olunur. Qədim dövrlərdən bəri köçərilər at südündən hazırlanan "kumıs"ın müalicəvi gücünə inanıb, müxtəlif xəstəlikləri müalicə etmək, zəifləmiş immun sistemini gücləndirmək və cavanlaşmaq üçün istifadə ediblər. Qazax mətbəxinin ən məşhur yeməyi olan "Beşbarmaq" da adətən at ətindan hazırlanır.
Hər bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri və rolu əsasən onun xarici siyasətilə müəyyən edilir. Azərbaycan və qazax xalqları da etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Ölkələrimiz arasında mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın uzunmüddətli strategiyasının təməlini Qazaxıstanın sabiq Prezidenti - Elbası Nursultan Nazarbayev və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoymuşlar. İki ölkənin böyük liderlərinin hələ Sovet İttifaqı dönəmində olan şəxsi dostluğu hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da davam etmişdir. Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin təməli 30 avqust 1992-ci ildə qoyulmuşdur.
Müstəqillik əldə olunandan sonra ümummilli lider Heydər Əliyevin Qazaxıstanın lideri Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ildə baş tutmuşdur. Türk Dövlətləri Başçılarının İkinci Zirvə Görüşündə iştirak edən Heydər Əliyev və N.Nazarbayev iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə etmişdilər.
İki ölkə liderinin növbəti görüşü 1995-ci il fevralın 9-da Almatıda keçirilən MDB Ölkələri Dövlət Başçılarının Zirvə toplantısında baş tutub. Qazaxıstanın lideri Nursultan Nazarbayevin Azərbaycana ilk rəsmi səfəri 1996-cı ilin sentyabrında olub. Səfər çərçivəsində iki ölkənin nümayəndə heyətləri siyasi-iqtisadi əməkdaşlığın yeni inkişaf istiqamətlərini müzakirə ediblər.
Ümummilli lider Heydər Əliyevin Qazaxıstana rəsmi səfəri 1997-ci il iyunun 10-11-də baş tutub. Səfər zamanı Heydər Əliyev və Nursultan Nazarbayevin təkbətək görüşü olub və bu görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivi müzakirə edilib. Həmin səfər zamanı iki ölkə arasında bir sıra xüsusi əhəmiyyət kəsb edən sənədlər də imzalanıb.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ildə olmuşdur. Səfər zamanı iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparan dövlət başçıları neft və qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin, xüsusilə Bakı-Tbilisi-Ceyhan, TRASEKA layihəsinin də ölkələrimiz üçün əhəmiyyətini vurğulamışlar. 2004-cü il martın 1-də Astanada imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" də xüsusi əhəmiyyət daşıyır.
Həmçinin "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat-kommunikasiya dəhlizlərinin Xəzər regionundan keçməsi, regional inteqrasiya baxımından bu hövzənin əhəmiyyətini daha da artırmışdır. 2005-ci il mayın 24-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış "Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilə" iki ölkə arasında münasibətləri daha da möhkəmləndirmişdir. Bəhs olunan illərdə iki ölkə prezidentləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsi ikitərəfli əlaqələrə ayrılan xüsusi diqqətin təzahürüdür. Azərbaycan və Qazaxıstan baş nazirləri, parlament rəhbərləri və digər rəsmi nümayəndələr səviyyəsində yüzlərlə qarşılıqlı səfərlər həyata keçirilmiş və ikitərəfli əlaqələrin bütün aspektləri üzrə ortaq maraqlara uyğun razılaşmalar əldə edilmiş, tərəflər arasında azad ticarət, turizm, neft-qaz maşınqayırması, terrorizmlə mübarizə və s. sahələrdə də sazişlər imzalanmışdır.
"Azərbaycan Dəmir Yolları" QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2017-2018-ci illər üzrə Əməkdaşlıq Proqramı" imzalanmışdır.
Azərbaycan ilə Qazaxıstan arasında informasiya sahəsində də effektiv əməkdaşlıq əlaqələri qurulmuşdur. 17 iyun 2022-ci ildə Medianın İnkişaf Agentliyi və Qazaxıstan Respublikasının İnformasiya Komitəsi arasında keçirilən görüş zamanı Türk Dövlətləri təşkilatı çərçivəsində ortaq dəyərlərə söykənən bu əlaqələrin inkişaf etdirilməsinin ciddi perspektivləri olduğu vurğulanmışdır. Həmin görüş zamanı Azərbaycan və Qazaxıstan respublikaları arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, iki ölkənin media subyektlərinin qarşılıqlı əlaqələrinin qurulması və inkişafı istiqamətində maraq doğuran məsələlər də müzakirə edilmişdir.
Hər iki respublikada müstəqilliyin bərqərar olması digər sahələrdə olduğu kimi, mədəni əlaqələrin də yeni kontekstdə davam etdirilməsinə, türkçülük ideyası altında inkişafına geniş imkanlar açdı. Nursultan Nazarbayevin şərəfinə Heydər Əliyev tərəfindən Bakıda verilmiş ziyafət zamanı ulu öndər demişdir: "Biz mədəniyyətimizi, tariximizi, keçmişimizi xatırlayarkən eyni dərəcədə qazax, həm də Azərbaycan xalqlarına məxsus "Dədə Qorqud" dastanı haqqında, "Koroğlu" dastanı barədə, xalqlarımızın tarixinin digər səhifələri haqqında iftixarla danışırıq. Tariximizin, kökümüzün, dilimizin, mənəvi və əxlaqi dəyərlərimizin eyniliyi bizi həmişə yaxınlaşdırmış, doğmalaşdırmış, birləşdirmişdir".
Ulu öndər Heydər Əliyevin və Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfələri danılmazdır. Təsadüfi deyil ki, məhz bu töhfələrinə görə 1997-ci ildə ümummilli liderə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu, 1998-ci ildə isə "Astana" dövlət medalı təqdim olunub. 2017-ci ilin aprelində isə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə "Heydər Əliyev" ordeni təqdim edilib.
Qazaxıstan dövləti keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur. Nursultan Nazarbayevin cənab İlham Əliyevə göndərdiyi təbrik məktubunda da vurğulanmışdır ki, Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər bütün bölgə və Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Zamanın sınağından çıxmış bu dostluq müasir Qazaxıstan-Azərbaycan əməkdaşlığının möhkəm əsasını qoymuşdur. Bütün bunlar ikitərəfli əməkdaşlığın ölkə və xalq üçün faydalı və hərtərəfli olacağına əminlik yaradır. Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev hər zaman iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyini, Qazaxıstan və Azərbaycan xalqının gələcək əməkdaşlığının bundan sonra da uğurlu olacağını vurğulayıblar. Beləliklə, Qazaxıstan nümunəsi göstərir ki, müasir dünyada fövqəldövlət olmadan da mütərəqqi ideyaların bayraqdarı olmaq, dünyanın diqqətini cəlb etmək, sülh və ədaləti təmin etmək, ümumbəşəri problemlərin həllinə dəstək vermək mümkündür.
Arzu ASİFQIZI
Respublika.- 2022.- 23 avqust.- S. 6.