BÖYÜK MÜƏLLİM, ALİM, ELM TƏŞKİLATÇISI

 

Əlövsət Quliyev - 100

 

Qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya tarixinə, mədəniyyətinə və elminə elə şəxsiyyətlər bəxş etmişdir ki, onların həyat və fəaliyyətləri indi də öyrənilir və tədqiq olunur. Azərbaycan xalqının XX əsr mədəniyyət və elm tarixində öz fəaliyyətləri ilə seçilən və çalışdıqları sahəyə əvəzsiz töhfələr verən şəxsiyyətlər vardır ki, onların qoyduqları zəngin mədəni və elmi irs akademik məktəb kimi qəbul olunur. Belə şəxsiyyətlərdən biri, yorulmaz fəaliyyəti və yaratdığı elmi məktəblə seçilən böyük insan, böyük müəllim, böyük alim və müasir milli tarix elmimizin akademik əsaslarını yaradan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Əlövsət Nəcəfqulu oğlu Quliyevdir. Bu il xalqımız və elmi ictimaiyyət onun anadan olmasının 100 illik yubileyini qeyd edəcəkdir. Alimin anadan olmasının 75 illiyi 1997, 80 illiyi 2002, 90 illiyi 2012-ci illərdə Azərbaycan AMEA RH-nin qəbul etdiyi qərarlar əsasında qeyd olunmuşdur. Bu il isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və AMEA RH-nin qəbul etdiyi qərara əsasən xalqımız və elmi ictimaiyyət onun anadan olmasının 100 illiyini qeyd edir.

Azərbaycan milli tarix elminin fundamental əsaslarının yaradılması, akademik milli tarixşünaslıq məktəbinin formalaşaraq inkişaf etməsi Əlövsət Quliyevin adı və fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi Azərbaycan xalqının və dövlətinin bu böyük insanın qoyduğu elmi irsə, onun xatirəsinə göstərdiyi diqqət və qayğının təzahürüdür.

Xalqımızın çox qədim və zəngin tarixi vardır. Bu qədim və zəngin tarixin ən aktual problemlər üzrə sahə və istiqamətlərini müəyyən etmək, tədqiqini və yazılmasını təşkil edib olduğu kimi xalqa təqdim etmək heç də asan məsələ deyil. Qədim, antik, ilk orta əsrlər, orta və son orta əsrlər, yeni və ən yeni dövr tarixinin bütün siyasi, sosial-iqtisadi, mədəniyyət, hərb, tarixşünaslıq və mənbəşünaslıq istiqamətlərini dövrlər üzrə doğru-düzgün müəyyən etmək böyük bilik, qeyri-adi istedad, bacarıq, özünə və həmkarlarına qarşı yüksək tələbkarlıq və obyektivlik tələb edir. Bütün bu xüsusiyyətlərin hamısı böyük insan və görkəmli alim Əlövsət Quliyevdə cəm olmuş, sanki o, bu müqəddəs missiyanı yerinə yetirmək üçün doğulmuşdu. Məhz onun yorulmaz fəaliyyəti nəticəsində XX əsin 50-60-cı illərində Azərbaycan tarixinin tədqiq edilərək öyrənilməsinin akademik əsasları qoyulmuşdur.

Əlövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il avqust ayının 23-də Salyan rayonunun Qızılağac kəndində Nəcəfqulu Quliyevin ailəsində dünyaya göz açmışdır. Tale ona cəmi 47 il ömür bəxş etsə də, o, bu qısa ömrü şərəflə yaşamış, Azərbaycanın XX əsr 40-60-cı illər ictimai-siyasi və elm tarixində silinməz iz qoymuşdur. Onun gərgin əməyi sayəsində 1954-cü ildə rus dilində ikicildlik "Azərbaycan tarixi" (maket) və 1958-1963-cü illərdə dörd kitabdan ibarət Azərbaycan və rus dillərində üçcildlik "Azərbaycan tarixi" kitabları işıq üzü görmüşdür.

Əlövsət Quliyevin uşaqlıq və yeniyetməlik illəri Salyan rayonunda keçmişdir. 13 yaşında olarkən anası vəfat edən Əlövsətə dayısı Müzəffər Əsədov daha çox diqqət göstərir, qeyri-adi istedad sahibi olduğunu bildiyi üçün ona bütün imkanları yaratmağa çalışır. Əlövsət Quliyev hələ orta məktəbdə oxuyarkən tarix fənninə göstərdiyi marağı, iti zehni və möhkəm yaddaşı ilə hamının diqqətini cəlb edir. Bunu bilən dayısı Müzəffər Əsədov 15 yaşlı Əlövsəti 1937-ci ildə özünün müəllim işlədiyi 4 saylı pedaqoji məktəbə dərs deməyə dəvət edir. Çox qısa zaman ərzində o, müəllim və şagirdlərin hörmətini qazanır. Pedaqoji fəaliyyətində əldə etdiyi təcrübə sonralar Əlövsət Quliyevin elmi-təşkilati fəaliyyətində mühüm rol oynayır. Öz fikrini aydın ifadə etmək bacarığı tələbəlik illərində və universiteti bitirdikdən sonrakı dövrdə də onu hamıdan fərqləndirir. Təsadüfi deyil ki, tarix elmi sahəsində yüksək biliklərə sahib bir alim, həm də çox bacarıqlı elm təşkilatçısı olan Əlövsət Quliyev XX əsrin 50-60-cı illərində AMEA İctimai Elmlər Bölməsinin baş elmi-tədqiqat institutu olan A.A.Bakıxanov adına Tarix İnstitutuna iki dəfə rəhbər seçilmişdir. Əlövsət Quliyev 1937-1939-cu illərdə pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də oxuduğu bu pedaqoji məktəbi uğurla bitirir və tarixçi olmaq qərarını verir. O, 1939-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur.

Çox qısa müddətdə Əlövsət Quliyev universitetin ən fəal tələbələrindən birinə çevrilir. Gələcəyin böyük alimi tarix elminin sirlərinə yiyələnmək üçün daim çalışır, rus və başqa dilləri öyrənməyə səy göstərir və buna nail olur. Belə ki, o, 1941-ci ildə tarix fakültəsinin I kurs tələbəsi İqrar Əliyevlə tanış olur və bu tanışlıq möhkəm dostluğa çevrilir. Mərhum akademik İqrar Əliyev öz əziz dostu haqqında həmişə ürəkdolusu danışardı. O, Əlövsət Quliyevlə ilk tanışlığını, onu evlərinə dəvət etməsini, onun rus və başqa dillərə marağının anası Zara xanımın diqqətini cəlb etməsini söyləyirdi. Akademik İqrar Əliyevin anası Zara xanım müsəlman osetin ailəsində Peterburqda anadan olmuşdu və 1917-ci ilədək bu şəhərdə yüksək klassik təhsil almışdı. Əlövsətin elmə, biliyə olan həvəsi İqrarın atası Həbib müəllimin və anası Zara xanımın diqqətindən yayınmamış, oğullarının dostu Əlövsətə rus və başqa dilləri öyrənməkdə kömək etmişdilər. Anasının Əlövsət Quliyevin ilk rus dili müəllimi olduğunu belə xatırlayırdı: "...o, məndən tələb edirdi ki, onunla ancaq rus dilində danışım və anamdan xahiş edirdi ki, danışarkən tələffüz xətalarını düzəltsin". İqrar müəllim söyləyirdi ki, II kursda rus dilini bilməyən Əlövsət Quliyev artıq V kursda rus dilində yazılan mətnləri redaktə edirdi.

Əlövsət Quliyevin yetirməsi, tarix elmləri doktoru, professor, ulu öndər, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin köməkçisi olmuş Dilarə xanım Seyidzadə: Əlövsət müəllim ilk növbədə, özünə qarşı həddən-ziyadə tələbkar idi və tarixi problemlərin tədqiqində rus və başqa dillərin öyrənilməsinə çox böyük diqqət yetirirdi. O, keçmiş ittifaqın ən böyük elmi mərkəzlərində - Moskva, Leninqrad və digər şəhərlərdə rus dilində çıxış edərkən bu dili artıq mükəmməl bilsə də, öz həmkarları ilə həmişə məsləhətləşirdi.

Əlövsət Quliyevin fenomenal biliyi və parlaq istedadı universitet rəhbərliyinin diqqətini cəlb edir, o, 1942-ci ildə hələ tələbə ikən universitetin filologiya fakültəsində tarix müəllimi kimi işə qəbul olunur. Yüksək savadı və biliyi ilə seçilən Əlövsət Quliyev həm də fəal ictimaiyyətçi idi. Ən yaxın dostu mərhum akademik İqrar Əliyev xatırlayırdı ki, Əlövsət Quliyev son dərəcə çox oxuyurdu və oxuduğu kitabların böyük əksəriyyəti tarix elminin müxtəlif problemlərinin tədqiqinə həsr olunmuş əsərlər idi. O, bu əsərləri sadəcə oxumaqla kifayətlənmir, qoyulan problemin nədən ibarət olduğunu, onun mahiyyətini anlamağa, dərk etməyə çalışırdı. O, Azərbaycan, Rusiya və Ön Asiya ölkələri tarixinə dair problemlərə daha çox diqqət yetirir və əksər hallarda geniş diskussiyalara qatılırdı.

Əlövsət Quliyev 1944-cü ildə indiki BDU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirir və ona Dövlət İmtahan Komissiyasının qərarı ilə "Elmi işçi, orta və ali məktəb müəllimi" ixtisası verilir. O, fakültənin Azərbaycan tarixi kafedrasının təqdimatı ilə həmin kafedrada müəllim kimi saxlanılır və ixtisası üzrə universitetin aspiranturasına daxil olur. Əlövsət Quliyev 1942-1950-ci illərdə universitetdə işləməklə bərabər, Respublika Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsində çalışır. Lakin onun həyatının mənasını fəal ictimai və pedaqoji fəaliyyətindən daha çox Azərbaycan tarix elminin əsas problemlərinin tədqiqi təşkil edirdi.

Əlövsət Quliyev 1948-ci ildə iyirmi altı yaşında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edir və elə həmin il universitetin tarix fakültəsinin dekanı təyin edilir. Onun dekan kimi fəaliyyətinin əsası tarix elminin bütün istiqamətləri üzrə yüksək səviyyəli tədris işini təşkil etməklə bərabər, həm də fakültədə çalışan professor-müəllim heyətini əsaslı elmi-tədqiqat işlərinə cəlb etməkdən ibarət idi. O, hesab edirdi ki, müəllim təkcə dərs deməklə kifayətlənməməli, həm də öz ixtisası üzrə elmi-tədqiqat işi aparmalıdır. Gənc alimin bu işgüzarlığı və tələbkarlığı respublika rəhbərliyinin diqqətindən yayınmır. Respublika rəhbəri M.C.Bağırov onunla bağlı təqdim olunan müfəssəl məlumatla tanış olduqdan sonra 1948-ci ildə Əlövsət Quliyevi Mərkəzi Komitəyə dəvət edir. Əlövsət Quliyev MK-ya gəlir və M.C.Bağırovla görüşür. M.C.Bağırov onun gənc, istedadlı, işgüzar və tələbkar olmasını bildiyini söyləyir və ona nə üçün ermənilər və gürcülər yalan-doğru tarixlərini yazıblar, amma bizim bu qədər qədim və zəngin tariximiz olmasına baxmayaraq, onu biz hələ yazmamışıq, səbəbi nədir?, - deyə sual verir. O, "bilirəm çox istedadlı və bacarıqlı oğlansan, Azərbaycan tarixi yazılmalıdır. Əsərin redaksiya heyətini və strukturunu özün tərtib et, kimləri istəyirsən dəvət et və qollarınızı çırmayıb işə başlayın. Bu işin məsuliyyətini sənin üzərinə qoyuram, get işə başla", - deyə onu yola salır.

A zərbaycan tarixinin akademik nəşrinin yazılıb çap olunması tapşırığının nə qədər ağır və məsuliyyətli olduğunu anlayan Əlövsət Quliyev 1948-ci ilin sonuna yaxın elmi bilik və güclərinə inandığı mütəxəssisləri dəvət edərək əsərin redaksiya heyətini yaradır. Azərbaycan Elmlər Akademiyasının akademikləri - İ.A.Hüseynov, Ə.S.Sumbatzadə, M.A.Dadaşzadə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Z.İ.İbrahimov, tarix elmləri namizədi Y.A.Tokarjevski və Ə.Quliyevin özü də redaksiya heyətinə daxil idi. Heyətin katibi isə İ.V.Striqunov idi. Onun rəhbərliyi ilə ikicildlik "Azərbaycan tarixi"nin rus dilində maketi hazırlanır. Qeyd etmək lazımdır ki, Əlövsət Quliyevin rəhbərliyi altında maket şəklində hazırlanan bu əsər Sovet totalitar rejiminin tüğyan etdiyi bir dövrdə öz strukturuna və buraya daxil edilən məsələlərin vacibliyinə görə seçilirdi. Belə ki, bu əsər Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq 1952-ci ilin sonuna qədər olan dövrünü əhatə edir. 16 fəsildən ibarət olan I cild ən qədim zamanlardan 1917-ci ilə qədər olan dövrü, 31 fəsildən ibarət olan II cild isə 1952-ci ilin sonuna qədər olan dövrü özündə əks etdirir.

Bu əsərin hər iki cildinə Azərbaycan tarixinin bütün dövrlərinə aid elə məsələlər və faktlar daxil edilib ki, sonradan Azərbaycan tarixinə dair nəşr edilən heç bir əsərdə bu faktlara rast gəlinmir. Məsələn, I cilddə Azərbaycan tarixinin XVIII əsrin I yarısına və II cilddə 1917-ci ilin sonu - 1918-ci ilin I yarısına dair bir sıra mühüm faktlar sonrakı çap olunan nəşrlərdə qeyd olunmayıb. Əlövsət Quliyevin rəhbərliyi ilə hazırlanan bu əsərin bir başqa fərqi də odur ki, əsərdə bütün Azərbaycan tarixinə - həm Şimali, həm də Cənubi Azərbaycan tarixinə aid məsələlər öz əksini tapıb. 1954-cü ildə maket şəklində çap olunan bu əsər DTK tərəfindən qadağan edilmişdir. Yalnız 1989-cu ildə institutun direktoru mərhum İqrar Əliyevin tapşırığı ilə mən institutun arxivində saxlanılan bu ikicildliliyi elmi əməkdaşlara payladım.

1952-ci ildə Əlövsət Quliyev AMEA A.A.Bakıxanov adına Tarix və Fəlsəfə İnstitutunun direktoru təyin edilir. O dövrdə akademik Musa Əliyev Azərbaycan Elmlər Akademiyasının prezidenti idi. O, Əlövsət Quliyevi gənc, istedadlı və bacarıqlı bir alim kimi diqqətlə dinləyir və bütün məsələlərdə ona kömək edirdi.

Əlövsət Quliyevin qarşısına qoyduğu başlıca vəzifə - Azərbaycan tarixinə dair əsaslı elmi əsərlərin yazılmasına nail olmaq, bunun üçün milli tarixçi kadrlar yetişdirmək, onların işini canlandırmaqdan ibarət idi. Bu məqsədlə o, ilk növbədə institutda çox ciddi əmək intizamı yaratmışdı. Əlövsət Quliyev demək olar ki, institutun bütün əməkdaşlarını "Azərbaycan tarixi" üçcildliyi üzərində işə cəlb etmişdir. O, mütəxəssis hesab etdiyi hər bir əməkdaşın rəyini öyrənir, fikirlərini dinləyirdi. Əlövsət Quliyev 1958-ci ilin yanvarınadək AMEA A.A.Bakıxanov adına Tarix və Fəlsəfə İnstitutunun direktoru olmuş, 1958-1965-ci illərdə "Azərbaycanın yeni tarixi" şöbəsində baş elmi işçi vəzifəsində çalışmış, 1965-ci ilin aprelindən 1967-ci ilin iyunun 4-dək həmin şöbəyə rəhbərlik etmişdir. 1967-ci ildə Əlövsət Quliyev yenidən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna direktor təyin edilir. XX əsrin 50-60-cı illəri 1961-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edən Əlövsət Quliyevin elmi və təşkilatçılıq fəaliyyətinin əsas mərhələsini təşkil edir. Belə ki, çoxcildlik "Azərbaycan tarixi"nin yazılaraq nəşr olunması və Azərbaycan xalqına çatdırılması Əlövsət Quliyevin həyatının mənasına çevrilmişdi. O, bu əsəri hazırlayarkən Azərbaycan xalqının tarixi ilə bağlı bir sıra vacib problemləri aydınlaşdırmış, müəllifi olduğu fəsillərdə milli tariximizin az öyrənilmiş mühüm məsələlərinə işıq salmışdır. On beş il ərzində Əlövsət Quliyevin rəhbərliyi ilə çox böyük səylər və əmək sərf edilən bu möhtəşəm əsər - 1958-1963-cü illərdə Azərbaycan və rus dillərində dörd kitabdan ibarət üçcildlik "Azərbaycan tarixi" əsəri hazırlanaraq nəşr olundu və elm tarixində çox mühüm hadisəyə çevrildi. Həmçinin, gələcəkdə "Azərbaycan tarixi"nə dair nəşr olunacaq, o cümlədən 1998-2003-cü illərdə nəşr edilmiş yeddicildlik "Azərbaycan tarixi" üçün uğurlu zəmin idi. Ona görə də, ən qədim zamanlardan XX əsrin 60-cı illərinin əvvəlinədək olan dövrü əhatə edən üçcildlik "Azərbaycan tarixi" Sovet rejimi dövründə çap olunmasına və mövcud ideologiyanın müəyyən etdiyi prinsiplər əsasında yazılmasına baxmayaraq, milli tariximizin tədqiq olunması işində ən uğurlu elmi nəticə kimi qiymətləndirilməlidir.

1968 -ci ildə Əlövsət Quliyev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir. Bu zaman o, artıq tarix elmi sahəsində təkcə SSRİ-də deyil, həm də bütün dünyada tanınmış alim idi. Əlövsət Quliyev tarixşünaslıq sahəsində elmi əsərlərin, o cümlədən monoqrafiyaların, dərsliklərin müəllifidir. 80-ə qədər elmi əsərin müəllifi olan tədqiqatçı tariximizin aktual məsələlərini, xüsusən orta əsrlər dövrünü, xalqımız mənşəyini, Azərbaycanın XVI-XVIII əsrlər tarixini tədqiq etmişdir. Alim çoxcildlik "SSRİ tarixi" (I-VI cildlər, 1966-1968), "İnqilabdan əvvəlki Rusiyanın neft sənayesində inhisarçı kapitalı (1883-1914-cü illər)", "Yeni inqilabi yüksəliş illərində Azərbaycanda fəhlə hərəkatı (1910-1914-cü illər)" adlı əsərlərin tərtibçilərindən biri və redaktoru olmuş, "Dünya xalqları seriyası"ndan "Qafqaz xalqları" adlı cildin hazırlanaraq çap edilməsində müəllif və redaktor kimi yaxından iştirak etmişdir.

Ə.N.Quliyev Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti yanında Toponomiya Komissiyasının ilk sədri olmuşdur. Alimin Azərbaycan xalqının tarixi ilə bağlı bir sıra məqalələri SSRİ ensiklopediyalarına daxil edilmiş, keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında, Hindistanda, Çexoslovakiyada və başqa xarici ölkələrdə dərc olunmuşdur. Ə.N.Quliyev məqaləsi Moskvada çap olunaraq ikicildlik etnoqrafiya toplusuna daxil edilmiş ilk Azərbaycan tarixçisidir. Onun həmmüəllifi olduğu "XIX əsrdə - XX əsrin əvvəllərində Azərbaycan tarix elminin təşəkkülü və inkişafı", "Azərbaycan tarixşünaslığı" əsərləri, ali və orta məktəblər üçün ilk "Azərbaycan tarixi" dərsliyi, müəllifi olduğu "Dünya xalqları" silsiləsindən "Qafqaz xalqları", "Cənubi Azərbaycan milli azadlıq və demokratik hərəkat tarixindən (1941-1946-cı illər)", "Azərbaycan. Tarixi oçerk" əsərləri elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Əlövsət Quliyev çapa hazırlanan "SSRİ tarixi" çoxcildliyinin redaksiya heyətinin üzvü idi və onun cildlərin mətnləri üzrə verdiyi bütün qeydlər mütləq şəkildə nəzərə alınırdı.

Əlövsət Quliyev öz zəhməti və istedadı sayəsində elmi fəaliyyət zirvələrini bir-birinin ardınca fəth etmişdir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun respublikada tarix elminin əsas mərkəzinə çevrilməsi, keçmiş Sovet İttifaqının ən güclü elmi idarələrindən biri kimi tanınması şübhəsiz ki, Əlövsət Quliyevin adı ilə bağlıdır. Zəngin elmi potensiala malik olan Əlövsət Quliyev gənc kadrların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. Onun rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, həm də bir sıra xarici ölkələrdə tarix üzrə fəlsəfə doktoru və tarix elmləri doktoru elmi dərəcələrini almaq üçün dissertasiyalar müdafiə olunmuşdur. O, dissertasiya işini müdafiə etmək üçün iddiaçıya elə aktual mövzular təklif edirdi ki, tədqiq olunan mövzu tarix elmində bir yenilik kimi qəbul olunurdu. Belə mövzulardan biri Əlövsət Quliyev tərəfindən 1961-ci ildə Dilarə xanım Seyidzadəyə təklif edilir. Tarix elmləri doktoru, professor, Əlövsət Quliyevin yetirməsi, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin köməkçisi olmuş Dilarə xanım Seyidzadə söyləyir ki, "mən 1961-ci ildə BDU-nu bitirib atamın məsləhəti ilə Əlövsət müəllimin yanında işə qəbul olundum. Əlövsət müəllimin mənə təklif etdiyi mövzu azərbaycanlı deputatların - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının 1906-1907, 1907-1912 və 1912-1917-ci illərdə çar Rusiyası Dövlət Dumasındakı fəaliyyətlərin tarixinə aid idi. Təbii ki, o zaman mövzu Azərbaycan burjua nümayəndələrinin fəaliyyəti kimi təsdiq olunmuşdu. Belə bir mövzunun verilməsi heç də təsadüfi deyildi. Dissertasiya işimin elmi rəhbəri olan Əlövsət Quliyev bu dahi şəxsiyyətlərin fəaliyyətlərindən xəbərdar idi və bilirdi ki, gün gələcək Azərbaycan xalqı onların əsl kimliyini biləcək. Bu, Əlövsət Quliyevin uzaqgörənliyi idi və mən buna görə ona həmişə minnətdaram". Bu mövzunu işləməklə tarix elmləri doktoru, professor Dilarə xanım Seyidzadə ilk dəfə Azərbaycan milli tarixşünaslığına yenilik gətirmiş oldu və onun 1994-cü ildə rus dilində nəşr olunmuş "Azərbaycanlı deputatlar Rusiya Dövlət Dumasında" və 2004-cü ildə Azərbaycan, türk, rus və ingilis dillərində çap olunan "Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yol" monoqrafiyaları söylədiyimiz fikrin sübutudur.

Onu da qeyd etmək lazımdır ki, Əlövsət Quliyevin rəhbərliyi ilə Azərbaycan tarixçilərinin, arxeoloqlarının və etnoqraflarının bütöv bir nəsli yetişmişdir. O, Azərbaycan ziyalılığının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmiş son dərəcə təvazökar, prinsipial, elm sahəsində həm özünə, həm də tələbələrinə çox tələbkar bir şəxsiyyət idi. Əlövsət Quliyevi xeyirxah bir insan, əsl dost, böyük alim, elm təşkilatçısı kimi səciyyələndirən xüsusiyyətlər onun ən yaxın dostu akademik İqrar Əliyevin Əlövsət Quliyevin 2002-ci ildə keçirilən 80 illik yubileyində etdiyi çıxışında öz əksini tapmışdır. Akademik İqrar Əliyev: "Otuz ildən çoxdur ki, Əlövsət aramızda yoxdur, amma onun əsərləri yaşayır və biz onu öz sıralarımızda hiss edirik. Allah ona o qədər böyük və müstəsna istedad bəxş etmişdi ki, hər şeyi bizim hamımızdan yaxşı edə bilirdi. Qətiyyətlə bildirirəm ki, bizlərdən heç kəs, nə mən, nə də həmkarlarım onun səviyyəsinə qalxa bilməmişik. Ona görə də, Əlövsət bizim üçün sağdır, öz əsərləri, öz ideyaları ilə aramızda yaşayır. O, Azərbaycan tarixinə dair fundamental tədqiqatlar aparmışdır. Azərbaycan tarixinin hər bir dövrü ilə bağlı ideyaları böyük alimi sözün tam mənasında ölümsüz etmişdir. Bir neçə il ərzində o, üçcildlik "Azərbaycan tarixi"ni yarada bilmişdir. Heç vaxt yadımdan çıxmaz ki, "ərəblərin hücumu" adlandırılan dövr üzərində işi uzun müddət başa çatdıra bilmirdik. Elmdə bir çox versiyalar mövcud idi, lakin Əlövsətin verdiyi tərif o dövrün, sözün əsl mənasında, ilk elmi tərif oldu. Onun yaratdığı ənənələr Azərbaycanda tarix elminin təməlini qoymuşdur. Birinci cilddə ibtidai icma quruluşu haqqında irəli sürdüyü ideyaların sübutlarını tapırıq. Əlövsət sıravi, mövcudluğundan heç kəsin xəbəri olmayan institutumuzu qısa müddətdə tarix elminin əsl mərkəzinə çevirmişdi. Onun sayəsində institutumuzda aparılan işlər bütün Sovet İttifaqına məlum olmuşdu.

Həqiqətən də, Əlövsət Quliyevin müəyyən etdiyi elmi istiqamətlər və yaratdığı elmi məktəb müasir Azərbaycan milli tarix elmi üçün özül sayılır, onun formalaşdırdığı elmi-tədqiqat metodologiyası, tarixi faktların və həqiqətlərin elmi təhlil əsasında olduğu kimi təqdim edilməsi bu gün tarix elmi sahəsində çalışan mütəxəssislər üçün əsl elm məktəbidir. O, bir insan, şəxsiyyət və alim kimi hamı tərəfindən, hətta onu istəməyənlər tərəfindən də qəbul edilirdi. Qaldı ki, öz içimizdə olan nankorlara, imperiya başçılarının əlaltıları olan ermənilərə, onların xalqımıza və xalqımızın tanınmış nümayəndələrinə qarşı törətdikləri cinayətlərin məqsədinə, hesab edirəm ki, bunun izaha ehtiyacı yoxdur. Əlövsət Quliyevin 1968-ci ildə hökumət nümayəndə heyətinin tərkibində Hindistana səfər etmək ərəfəsində 16 dəfə peyvənd olunması və səfərdən sonra xəstələnməsi təbii olaraq şübhə doğurur. Belə ki, səfər öncəsi nümayəndə heyətinin hər bir üzvünə Moskvada on altı peyvənd vurulmuşdu. Ə.N.Quliyev hər peyvənddən sonra özünü çox pis hiss etdiyindən şikayətlənirdi. Bu sayda peyvəndin vurulmasına nə ehtiyac var idi?

Hindistan səfərindən sonra Ə.Quliyev böyük həvəslə işə başladı. Onun təklifi ilə çapa hazırlanan "SSRİ-də tarix elminin tarixi oçerkləri" çoxcildliyinin VII cildi 1968-ci ilin aprelində Tarix İnstitutunda müzakirə olunmalı idi. Əlövsət Quliyevin sədrliyi ilə institutda 1968-ci il martın 22-də bu əsərin əlyazmasının aprel ayında müzakirəsinin keçirilməsi ilə bağlı müşavirə keçirilmiş, hər kəsin görəcəyi iş müəyyən edilmiş və konkret tapşırıqlar verilmişdi. Lakin amansız xəstəlik ona nəzərdə tutduğu işləri görməyə imkan vermədi. Əlövsət Quliyevin çox yaxından tanıdığı həkim, professor Tamara xanım Hüseynova xatırlayır ki, "...ona səfər ərəfəsində edilən peyvəndlər bu amansız xəstəliyin yaranmasında böyük rol oynamış və bu peyvəndlər qan elementlərinə pis təsir göstərmişdi". Əlövsət Quliyev xəstəliyin ilk əlamətlərini Moskvada olarkən hiss etmişdi. O, qızı Afaq xanım və ən yaxın dostu İqrar Əliyev və Nigar xanım Əliyeva ilə birlikdə Moskvanın yaxınlığında yerləşən "Uzkoye" istirahət evində dincəlmək istəyirdi. Onlar şəhərə çatıb mehmanxanaya yerləşən zaman Əlövsət Quliyev boğazının bərk ağrıdığını hiss edir. Qızı Afaq xanımın təkidi ilə həkim çağırılır və müayinədən sonra xəstəxanaya yerləşdirilir. Bir neçə gündən sonra Bakıya qayıdaraq Azərbaycan həkimlərinin nəzarətinə götürülür.

T.e.d. prof. Dilarə xanım Seyidzadə xatırlayır ki: "mən müəllimim və elmi rəhbərim Əlövsət Quliyevin xəstələndiyini eşidəndə inanmadım və bütün işlərimi kənara qoyub onun yanına getdim. Onu keçmiş SSRİ-nin ən məşhur həkim - hematoloqları müayinə etmişdilər. İlk vaxtlar onu Moskvada həkimlər tonzilit xəstəliyindən müalicə edirdilər və hələ son diaqnoz qoyulmamışdı. Azərbaycan təbabətinin məşhur nümayəndələri M.Topçubaşov, E.Əfəndiyev, H.Abdullayev, A.Axundova və digər tanınmış həkimlər Əlövsət Quliyevin daima yanında idilər. Uzun sürən müayinələrdən sonra Əlövsət Quliyevin qan xərçəngi - kəskin leykoz xəstəliyinə düçar olduğu məlum oldu və yenidən müalicə olunmaq üçün Moskvaya göndərildi. Böyük alimin xəstələnməsi respublika rəhbərliyini çox narahat etmişdi. Əlövsət Quliyev Moskva şəhərinin Kuntsevo xəstəxanası və Hematologiya İnstitutunda müalicə olunur, lakin bu müalicələr heç bir müsbət nəticə vermirdi. O zaman Azərbaycanın bu sahədə tanınmış alimi, tibb elmləri doktoru, professor Asiya xanım Axundova və Azərbaycan SSR səhiyyə naziri Hənifə Abdullayev, SSRİ EA xəstəxanasının həkimi, akademik Dulsin və hematologiya sahəsində tanınmış fransız həkim Matyenin də verdiyi diaqnozlar eyni idi: müalicəsi mümkün olmayan qanın xərçəngi - kəskin leykoz. Bütün bunları bilsəm də, Əlövsət müəllimi və onun yaxınlarını həmin dəhşətli həqiqətdən qorumaq, hər şeyin yaxşı olacağını və onun tezliklə sağalıb ayağa duracağını deməyi özümə borc bilirdim. Əlövsət müəllim o qədər güclü, nikbin və iradəli insan idi ki, bu ağır vəziyyətində də üzündən nur tökülürdü".

Çox böyük fəxrlə deyə bilərik ki, Əlövsət Quliyev həm də gözəl ailə başçısı və ata idi. O, 1943-cü ildə Xanım Rəhimova ilə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı dünyaya gəlmişdir: qızları Kəbutər, Afaq, Ceyran və oğlu Təlatüm. Onların hər birinin ataları haqqında xatirələrini oxuduqca bu insanın öz ailəsinə və övladlarına nə qədər bağlı olduğunun şahidi olursan. Ailəsinə ayırdığı vaxtın çox az olmasına baxmayaraq, Əlövsət Quliyev onların hər biri ilə məşğul olur, dərslərini necə oxumaqları ilə mütəmadi olaraq maraqlanırdı. Təsadüfdən kiminsə gündəliyində aşağı qiymət gördükdə onu danlamır, sadəcə hər aşağı qiymətin altında "rüsvayçılıq" sözünü yazırdı. Bu sözün təsiri çox güclü idi və bu sözdən hər kəs nəticə çıxarmağa çalışırdı.

Əlövsət Quliyev övladlarının qəlbində qayğıkeş ata, kübar bir insan, böyük alim və müəllim kimi yaşayır. Hamı onun sağalıb Bakıya dönməsini gözləyirdi, onun özü də buna inanırdı. Lakin edilən "peyvəndlər" öz qatil işini görmüşdü. O, xəstə olarkən də işləyir, tapşırıqlar verirdi. Dilarə xanım xatırlayır ki, "...yadımdadır, o zaman Rəsul Rzanın rəhbərliyi ilə "Azərbaycan Sovet Ensiklopediyası" hazırlanırdı və bu işlərə başlananda Böyük Sovet Ensiklopediyasının direktoru Stepan Şaumyanın oğlu Levon Şaumyan Azərbaycan Ensiklopediyasını "Azəri sovet ensiklopediyası" adlandırmaq istəyirdi. Bu məsələdən xəbər tutan Əlövsət müəllim L.Şaumyana zəng etdi və ona Azərbaycan tarixçilərinin buna yol verməyəcəklərini söylədi. O, İqrar Əliyevi və məni yanına çağırıb Moskvaya getməyi və buna yol verməməyi tapşırdı. İqrar müəllim və mən Moskvaya gedərək onun tapşırığını yerinə yetirdik. Əlövsət müəllim ağır xəstə vəziyyətində də Azərbaycan xalqına qarşı erməni millətçilərinin hücumlarına etinasız qala bilmirdi. Ona görə də onun qəfil belə xəstələnməsi ilə bağlı yaranan bu şübhələri əsassız hesab etmək heç də doğru deyil. Çünki Əlövsət Quliyev sıradan olan biri deyil, artıq XX əsrin 50-60-cı illərində təkcə keçmiş SSRİ-də deyil, həm də dünya tarix elmində sözü qəbul edilən bir alim və Azərbaycan xalqının düşmənləri qarşısında keçilməz bir sədd idi.

Ermənilər XX əsrin 50-60-cı illərində də öz çirkin qəsbkarlıq əməllərindən əl çəkmirdilər. Həmin dövrdə Əlövsət Quliyev Azərbaycan KP MK-nın katibi Nazim Hacıyevin sədrliyi ilə ermənilərin Azərbaycan xalqına qarşı irəli sürdükləri ərazi iddiaları ilə bağlı yaradılmış komissiyanın sədr müavini idi. Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov MK-nın katibi Nazim Hacıyevə bu təxribatın qarşısını almaq və respublikanın ərazi bütövlüyünü qorumaq üçün əsaslı cavab hazırlamaq tapşırığını verir. Mərhum Nazim Hacıyevin oğlu Aydın Hacıyev 2000-ci ildə nəşr etdirdiyi ("Vse ponətğ, no ne vse prostitğ". Baku, Qanun, 2000.) əsərində yazır: Atam məsələ ilə bağlı tarixçilərin, hüquqşünasların, kartoqrafların və MK-nın məsul işçilərinin də daxil olduğu xüsusi bir qrup təşkil etmişdi. Bu işdə ona çox fəal yardımı o zaman AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Əlövsət Quliyev göstərmişdi. Xüsusi qrupun hazırladığı bu sənəd arxiv sənədləri və xəritələrlə birlikdə Sov. İKP MK-ya göndərilmişdi. Sov. İKP MK-nın II katibi M.A.Suslov ideologiya üzrə MK katibindən Moskvaya təcili gəlməyi tələb edir. N.Hacıyev Sov. İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ DTK-da məsul şəxslərlə görüşür və A.Mikoyanın Azərbaycana qarşı təşkil etdiyi təxribatın qarşısını almağa nail olur. Lakin bu onun həyatı bahasına başa gəlir. N.Hacıyev müzakirədən sonra SSRİ Səhiyyə Nazirliyi 4-cü Baş İdarəsinin xəstəxanasına düşür və ona "bədxassəli şiş" diaqnozu qoyulur. O, Kreml xəstəxanasının "işığı" sayılan Abramyan tərəfindən əməliyyat olunur. Moskvaya gələn Nazim Hacıyevin yaxın dostu akademik M.Topçubaşov əməliyyatın gedişatı ilə tanış olduqdan sonra əməliyyatın doğru aparılmadığını müəyyən edir və Nazim Hacıyev 38 yaşında vəfat edir.

1968-ci ilin yayından 1969-cu ilin noyabrınadək Ə.N.Quliyev aparılan müalicələrə və göstərilən bütün səylərə baxmayaraq 1969-cu il noyabrın 6-da 47 yaşında kəskin leykoz xəstəliyindən vəfat etdi və noyabrın 10-da Fəxri xiyabanda dəfn olundu. Əlövsət Quliyevin vəfatı Azərbaycan xalqı üçün, milli tarix elmimiz üçün böyük ağır itki idi. Əlövsət Quliyev Azərbaycan tarix elminin inkişafında göstərdiyi xidmətlərə görə dövlət tərəfindən yüksək qiymətləndirilmiş və bir sıra mükafatlarla təltif olunmuşdur. O, 1967-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni, "1941-1945-ci illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı, 2 dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı və Çexoslovakiya-Sovet Dostluğu İttifaqı Mərkəzi Komitəsinin II dərəcəli "Şərəf nişanı" medalı ilə təltif olunmuşdur.

Qeyd edək ki, vəfatından sonra respublika Nazirlər Kabinetinin qərarına əsasən Əlövsət Nəcəfqulu oğlu Quliyevin yaşadığı Bülbül prospektindəki 39 nömrəli binaya xatirə lövhəsi vurulmuşdur. Bakı şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır. Eyni zamanda, alimin dünyaya göz açdığı Salyan rayonunda mədəniyyət evinə onun adı verilmişdir. Qədirbilən Azərbaycan xalqı onun tarixini öyrənməyi öz qısa ömrünün mənasına və məqsədinə çevirmiş, xalqın özünü dərk etməsi, şərəfli keçmişinə nəzər salması üçün nəhəng səylər göstərmiş böyük insan, böyük alim, böyük müəllim, Azərbaycan milli tarix elminin akademik əsaslarını yaradan Əlövsət Nəcəfqulu oğlu Quliyevin xatirəsini əziz tutur və onu heç vaxt unutmur. Onun adı milli tariximizə qızıl hərflərlə əbədi olaraq yazılmışdır.

 

C.Ə.BƏHRAMOV,

 

AMEA A.A.Bakıxanov adına

 

Tarix İnstitutunun icraçı direktoru,

 

tarix üzrə fəlsəfə doktoru, dosent.

 

Respublika.- 2022.- 23 avqust.- S. 7; 11.