Azərbaycan-Türkiyə
müttəfiqliyi diplomatik və mənəvi
dəstək nümunəsi
Hazırda strateji müttəfiqlik xətti ilə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə daha da yüksək zirvələrə çatdırılması istiqamətində hər iki qardaş ölkənin dövlət başçıları səylərini əsirgəmir. Bu günə qədər Azərbaycana ən böyük siyasi və mənəvi dəstək göstərmiş Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də misilsiz xidmətləri davam edir. Azərbaycan-Türkiyə əlaqələri digər ölkələr üçün də möhtəşəm nümunədir.
Ölkələrimiz arasında strateji əlaqələr hər zaman mövcud olub, illərin sınağından çıxıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında əlaqələrin inkişafı üçün uğurlu addımlar atılıb. Vətən müharibəsi və sonradan Şuşa Bəyannaməsinin imzalanması ilə sarsılmaz birliyə və qardaşlığa bütün dünya şahid olub. Son 30 ildə əlaqələr dərinləşib, daha da genişlənib. Türkiyə bütün beynəlxalq platformalarda Azərbaycanın yanında olub, diplomatik və mənəvi dəstək verib. Türkiyənin, yaxud Azərbaycanın olmadığı bir platformada bir-birin səsinin, sözünün eşidilməsini həyata keçirirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının sammitinin birindəki çıxışı zamanı "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində "...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq" deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır.
Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın timsalında qazanılan sosial, iqtisadi, hərbi-strateji və s. sahələrdəki nailiyyətlərin hər birinin kökündə tarixi bağlılıq reallığı, tarixi qardaşlıq gerçəkliyi dayanır. Daim çiyin-çiyinə Azərbaycan öz yanında Türkiyəni, Türkiyə isə öz yanında Azərbaycanı görüb. Dünyanın siyasi təlatümlərlə üzləşdiyi, toqquşan maraqların artdığı bir vaxtlarında belə bir qardaşlıq xüsusilə mühüm əhəmiyyət daşıyır. 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev yunan səfirinin etimadnaməsini qəbul etdiyi zaman ali diplomatik dəyərləri ilə qardaş Türkiyənin mövqeyinə birmənalı dəstəyini ifadə etdi. Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyevin qətiyyətli bəyanatlarını alqışladı, bunu növbəti sarsılmaz qardaşlıq nümunəsi olaraq dəyərləndirdi.
Bu gün qardaş dövlətin dünya miqyasında güc mərkəzi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi. Buna sevinirik. Ona görə ki, Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik". Azərbaycan və Türkiyənin dövlət başçılarının bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi mühüm əhəmiyyət kəsb edir. Biz bunun Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, xüsusilə sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı, 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və Türkiyənin dövlət başçılarının qətiyyətli və prinsipial mövqeyi, eləcə də Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin vahid media platformasından çıxış edərək dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahidi olduq. Türk əsgərlərinin Azadlıq Meydanında Azərbaycan əsgərləri ilə Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda və Zəfər paradında addımlaması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın möhtəşəm çıxışı Azərbaycan və Türkiyənin birliyinin təntənəsi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir".
Bu il mayın 28-də - Müstəqillik Günündə ölkəmizdə ilk dəfə təşkil olunan Teknofest festivalı və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın respublikamıza növbəti səfəri ilə yaddaşlarda qalacaq. Bu festival Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlığın növbəti təzahürüdür. Bayram günündə dövlət başçılarımızın bir yerdə olmaları və Azərbaycanın Müstəqillik Gününü birlikdə qeyd etmələri Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının bir rəmzidir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 15 İyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı ünvanladığı məktubda qeyd edilirdi ki, Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdır. "Bir millət, iki dövlət" prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.
"Bu gün Azərbaycanla yeni geosiyasi tarazlıq yaratdıq. Biz Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik. Bütün normallaşma prosesinə dəstək veririk". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bu, adi dostluq əlaqələrinin hüdudlarından kənara çıxır. Belə ki, Şuşa Bəyannaməsi sayəsində ölkələr arasında əlaqələr genişlənib və yeni səviyyəyə yüksəlib.
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də terror-təxribat əməli törətməsinə qarşı Azərbaycan Ordusu uğurlu "Qisas" əməliyyatı keçirmişdi. "İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq", - bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib. "Əvvəla, azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir", - dövlət başçısı vurğulayıb. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin Cənubi Qafqazda sülhün və normallaşma prosesinin başlanmasına şərait yaratdığını bildirən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı xüsusi vurğulayıb: "Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç vaxt tək deyil".
Mustafa KAMAL
Respublika.- 2022.- 24 avqust.- S.1; 3.