Ecazkar və füsunkar:
TƏBİİ SƏRVƏTLƏRİMİZ
Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.
Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.
Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.
Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.
Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.
Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından Bəsitçay Dövlət Təbiət Qoruğu haqqında yazını dərc edirik.
"Respublika".
Bəsitçay Dövlət Təbiət
Qoruğu
Bəsitçay Dövlət Təbiət Qoruğu nadir Şərq çinarlarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Bəsitçay respublikada mövcud olan qoruqların ən kiçiyidir. Ərazisi 107 hektardır.
Qoruğun ərazisi əsasən dağlıq olub dəniz səviyyəsindən 600-800 metr hündürlükdə yerləşir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Qoruqda əsasən III dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüval düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli aralanmışdır.
Qoruqda qışı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Yayın isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130 dərəcə, illik yağıntının miqdarı isə 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları mövcuddur. Çayın yatağı boyu və kiçik tettaslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı ərazilərdə çinar ağacları bitir. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.
Azərbaycanda çinarın 7 növündən yalnız biri - Şərq çinarı bitir. Şərq çinarının əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son vaxtlar xeyli azalmasını nəzərə alaraq adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na yazılmışdır.
Zəngilanın çinar meşəsi dünyanın ən böyük meşə zolağıdır. Burada əsasən bir meşə tipi, müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşələri yayılmışdır. Çinarlıq qoruq ərazisinin 93,5 faizini təşkil edir. Çinar ağaclarının orta yaşı 165 il, hündürlüyü 30-35 metr, diametri isə 1 metrdir.
Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və s. ağac, yemişan, itburnu, qaratikan və s. kollar vardır. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çaqqal, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlf gəmiricilər və s. məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir. Burada cücülər faunası zəngindir.
Zəngilan rayonunun işğalı zamanı 1993-cü il oktyabrın 30-da erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Qoruğa aid olan 85 hektardan çox meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilmişdir. Çoxsaylı qiymətli Şərq çinarı meşələri kəsilmiş, köklərinin kəsilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilmişdir. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir təbiət inciləri dağıdılmış, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur.
Torpaqlarımız işğaldan azad edildikdən sonra dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 14 fevral 2021-ci il tarixində Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğunda olmuş, çinar ağacları əkmiş və Bəsitçaya balıq buraxmışlar. Prezident İlham Əliyev demişdir: "Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi"...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 oktyabr 2021-ci il tarixində Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun "yaşıl zona"ya çevrilməsinə şərait yaradacaqdır.
Kamil İSMAYIL
Respublika.- 2022.- 24 avqust.- S.7.