Taxılçılığın
inkişafında aqrar elmin də üzərinə ciddi vəzifələr
düşür
"Ərzaqlıq
buğda ilə özünütəminetmə səviyyəsinin
yüksəldilməsinə dair bir sıra tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 iyul
2022-ci il tarixli Fərmanında
ölkədə bu sahənin
inkişafı üçün aqrar sektorun
qarşısına çox
vacib və konkret vəzifələr qoyulmuşdur.
Bəs
bu gün ölkəmizdə
taxılçılığın inkişafı,
özünütəminetmə səviyyəsinin yüksəldilməsi
üçün hansı imkan və şərait var, həmin
imkan və şəraitdən səmərəli istifadə
olunurmu, müvafiq Fərman qarşıda hansı perspektiv
açır?
Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, "Taxıl və paxlalı bitkilər" sahəvi laboratoriyasının müdiri, Əməkdar kənd təsərrüfatı işçisi Firudin Qurbanovla söhbətimiz bu barədədir.
- Firudin müəllim, iqtisadiyyatın bütün digər sahələri kimi, aqrar sahənin də inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək var, hərtərəfli qayğı göstərilir. Xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı güzəştlər tətbiq edilir. Amma bu gün bütün dünya ölkələrində qlobal səviyyədə ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar həyəcan təbili kimi səslənir. Dünyanın taxıl anbarı hesab edilən ölkələr arasındakı münaqişə vəziyyəti daha da çətinləşdirir. Respublikamız da taxıl istehsal edən ölkələr sırasındadır. Perspektivləri necə qiymətləndirirsiniz, ölkə başçısının Fərmanı mövcud imkan və şəraitdən daha səmərəli istifadə etmək üçün hansı üfüqlər açır?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanında ölkənin buğda ilə təminat səviyyəsinin yüksəldilməsi ilə bağlı Nazirlər Kabinetinin, Dövlət Ehtiyatları və Aqrar Kredit və İnkişaf Agentliklərinin, Respublika Dövlət Statistika Komitəsinin, Aqrar Subsidiya Şurasının, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyətinin, o cümlədən də Maliyyə Nazirliyinin qarşılarında kompleks vəzifələr qoyulmuşdur. Fərman indiki dövrdə çox mühüm, taleyüklü əhəmiyyət kəsb edir. Bu gün ərzaq təhlükəsizliyi bəşəriyyət üçün həyəcan təbili kimi səslənir. Dünyanın taxıl anbarlarından hesab olunan ölkələr arasındakı münaqişə mövcud vəziyyəti daha da kəskinləşdirir. Ona görə də ölkə başçısı dünyada baş verən ərzaq çatışmazlığı fonunda kənd təsərrüfatı bitkilərinin, xüsusilə də taxılçılıqda məhsuldarlığın artırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıya təxirəsalınmaz vəzifələr qoymuşdur. Buğda idxalı azaldılmalı, yerli məhsul hesabına əhalinin ərzağa olan tələbatını ödəmək üçün aqrar sahənin qarşısında duran vəzifələr bütünlüklə həyata keçirilməlidir. Hər hektardan məhsul götürülməsi artırılmalıdır.
- Bəs, nə etməli, nədən başlamalıyıq?
- Ölkə başçısının qarşıya qoyduğu vəzifələrin bütünlüklə həlli kompleks tədbirlər nəzərdə tutur. Toxum kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının bünövrəsi, ən başlıca amilidir. Toxumun keyfiyyəti nə qədər yüksəkdirsə, ondan inkişaf edən bitkilər də o qədər güclü və məhsuldar olur. Ona görə də toxumların təmiz, cücərmə qabiliyyətinin yüksək, dolğun, sağlam olması və yüksək təsərrüfat tələbkarlığı çox mühüm şərtdir.
Toxumçuluqda həlli vacib problemlər var. Onlar əsasən,
sortlar və onların toxumları üzərində nəzarətin
olmaması, beynəlxalq təcrübəyə əsaslanmayan
seleksiya fəaliyyətinin aparılması, toxum istehsalı və
tədarükündə pərakəndəlik, o cümlədən
toxum bazarı və dövriyyəsindəki mövcud problemlərdir. Toxum
istehsalı ilə məşğul olan təsərrüfatların
maddi-texniki bazasının zəifliyi, toxumların
saxlanmasının təşkilində baş verən
çatışmazlıqlar, özəl toxum
istehsalçılarının işinin qeyri-mütəşəkkilliyi,
superelit və elit toxum istehsalı üçün
planlaşdırmanın zəif aparılması, toxum
istehsalı istiqamətində beynəlxalq layihələrin
yetərincə olmaması da toxumçuluqda olan problemlərdəndir.
Heç şübhəsiz, yeni Fərmanda
qarşıya qoylmuş vəzifələrin uğurla həyata
keçirilməsi toxumçuluğa kömək və dəstək
siyasətinin inkişafında, toxum sahələrində nəzarət
sisteminin gücləndirilməsində, bu sahədə azad
bazar strukturunun yaradılmasında, beynəlxalq standartlar və
sertifikatlaşdırma sisteminin tətbiqində yeni imkanlar
açacaq. Özəl toxumçuluq sisteminin
inkişafına, toxumçuluqla məşğul olan
kadrların bilik və bacarıqlarının
artıtılması kimi tədbirlər sisteminin işlənib
hazırlanmasına da öz töhfəsini verəcək.
Ən vacib məsələlərdən biri fermerlərin
biliklərə hərtərəfli yiyələnməsidir. Təəssüf
hissi ilə qeyd etməliyik ki, bizdə fermerlərin
böyük əksəriyyəti bu sahənin mütəxəssisi
olmadığı üçün həmin məsələlər
diqqətdən kənarda qalır. Əgər
yüksəkkeyfiyyətli toxumlarla səpin aparılarsa və
aqrotexniki tədbirlər düzgün yerinə yetirilərsə,
məhsuldarlığı 20-30 faiz artırmaq
mümkündür. Keyfiyyət göstəriciləri
yüksək olan toxumdan isitifadə ən əsas işlərdəndir.
- Təsərrüfatlarda
tez-tez olur, işlərin gedişini müşahidə
edirsiniz. Fərmandan irəli gələn vəzifələrin
bütünlüklə həyata keçirilməsi
üçün ilk növbədə hansı addımlar
atılmalıdır?
-
Müşahidə və təhlillər göstərir ki,
fermerlərin böyük əksəriyyəti mənbəyi və
mənşəyi bilinməyən material ilə səpin
aparırlar. Rayonlaşmamış,
sertifikatı olmayan, bazardan alınmış toxum ilə
aparılan səpinlərdən isə yüksək məhsuldarlıq
gözləmək mümkün deyil. Xalqda da gözəl
bir deyim var: Nə tökərsən aşına, o da
çıxar qaşığına.
Maarifləndirmə tədbirləri aparılmalı, alim
və mütəxəssislər tərəfindən
vaxtaşırı treninqlər keçirilməlidir.
Fərmanda ərzaqlıq buğda ilə
özünütəminetmə səviyyəsinin yüksəldilməsi
üçün dövlət tərəfindən çox
böyük dəstək tədbirləri nəzərdə
tutulur. Bu da təsadüfi deyil. Dünya
ölkələrində qlobal səviyyədə ərzaq təhlükəsizliyi
ilə bağlı çağırışlar eşidilməkdədir.
Azərbaycanın kənd təsərrüfatında
ərzaqlıq buğda əkinlərini təşviq etməkdə
bu Fərmanın əhəmiyəti çox
böyükdür. Sənədə əsasən
fermerlərə hər hektara görə əkin
subsidiyasından əlavə məhsul subsidiyasının
verilməsi də nəzərdə tutulur. Fermerlər
bundan sonra Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq
buğdaya görə əlavə olaraq məhsul subsidiyası
alacaqlar. Bununla yanaşı, yeni sənəd ərzaqlıq
buğdanın əkilməsi üçün müasir suvarma
sistemlərinin tətbiqini təşviq edir. Fərmandan
sonra hökumət ərzaqlıq buğdanın bu il üçün alış qiymətini
müəyyənləşdirib.
Yeni
innovativ texnologiyalar tətbiq etməklə keyfiyyətli toxum
istehsalı, sertifikatlı toxumlardan istifadənin genişləndirilməsi,
taxıl sahələrinə düzgün aqrotexniki qulluq,
suvarma suyu ilə təminat, bitkilərin məhsuldarlığı
və keyfiyyətinin yüksəldilməsi üçün
müasir resursqoruyucu texnologiyaların, o cümlədən
müasir suvarma sistemlərinin geniş tətiqi ilə
bağlı qarşıya konkret vəzifələr
qoyulmuşdur. Fermerlərin dövlətin bu
prosesə verdiyi dəstək mexanizmlərindən geniş
yararlanmasının vacibliyi xüsusi qeyd olunmuşdur.
Bu vəzifələrin uğurla həyata keçirilməsinə
dəstək vermək üçün Azərbaycan Dövlət
Aqrar Universiteti də geniş imkanlara malikdir. Universitetdə
yeni toxum sortlarının yaradılması və onun təcrübədən
keçirilməsi sahəsində geniş elmi-tədqiqat
işləri aparılır, yeni, daha məhsuldar toxum
sortları yaradılır.
Hər zonanın torpaq-iqlim şəraitinə uyğun
sortların yetişdirilməsi çox vacibdir. Bu baxımdan
universitetimizdə geniş elmi-tədqiqat işləri
aparılır. Belə ki, taxıl və
paxlalı bitkilər laboratoriyası zəngin materiallara
malikdir. Bizim bu laboratoriyada 400-dən
yuxarı taxıl bitkilərinin genofond nümunələri
toplanmışdır. Taxıl bitkilərinin
bütün yabanı və mədəni növləri,
növ müxtəliflikləri burada cəmlənmişdir.
Biz onların üzərində hibridləşdirmə
işləri aparırıq.
- Firudin
müəllim, toxum və sort amilləri ilə yanaşı,
bəzi məsələlər də vardır ki, taxıl əkini
zamanı onları da mütləq nəzərə
alınmalıdır. Məsələn, torpaq analizi...
-
Haqlısınız, bol məhsul üçün
torpaqları analiz etmək, tanımaq, lazımi qida elementləri
ilə zənginləşdirmək çox vacib məsələlərdir.
Analiz etmədən, hansı qida elementinə
ehtiyac olduğunu bilmədən səpin aparmaq, gübrələri
necə gəldi vermək olmaz. Bu, əksinə,
daha pis nəticə verər, torpağın korlanmasına səbəb
olar. Gübrələrin baha olduğu, tərkibinin,
keyfiyyətinin dəqiq bilinmədiyi halda bu, daha mənfi nəticələrə
aparıb çıxara bilər. Bəzən fermer, az məsrəf olsun deyə, ucuz gübrə
alaraq tətbiq edir və sonda zəhməti hədər gedir,
xərci də batır. Odur ki, bu məsələyə
də diqqət yetirilməlidir. Gübrələrin
düzgün və vaxtında verilməsi yüksək məhsuldarlığı
təmin edən çox mühüm şərtlərdəndir.
Əgər fermer yüksək məhsul istəyirsə,
o, yüksək aqrotexniki tədbirlər həyata keçirməli,
növbəli əkinə əməl etməli, əkindən
biçinə qədər sahəni diqqətdə
saxlamalıdır. Lakin fermerlərimiz bəzi hallarda səpində
gedib, bir də biçin vaxtı sahəyə gəlirlər.
Belə etinasız yanaşma da mənfi nəticələrə
səbəb olur.
Bir məsələyə də diqqət yetirmək
lazımdır. Elə ki, biçin yekunlaşır, bəzi
fermerlər sahəni yandırır, bunun xeyri olduğunu
düşünürlər. Buna qətiyyən
yol vermək olmaz. Biz bununla torpağı məhv
edirik. Onun strukturunu pozur, faydalı
mikroorqanizmləri öldürür, məhsuldarlığı
aşağı salırıq.
- Bəs,
biçindən sonrakı mərhələdə hansı
işlər görülməlidir?
- Sahə
gecikmədən şumlanmalı, imkan varsa, onu sulamalı, sahədə
olan müxtəlif toxumların cücərməsinə,
ziyanvericilərin isə məhv edilməsinə
çalışılmalıdır. Növbəti
mərhələdə sahədə şumun, eləcə də
optimal müddətdə şumun aparılması vacibdir.
Səpini tez və ya gec aparmaq olmaz.
Bitkilərin inkişaf fazaları izlənməli, lazım
olan aqrotexniki tədbirlər həyata keçirilməlidir. Bura sahənin
suvarılması, ziyanvericilərə qarşı mübarizənin
aparılması, yemləmə gübrələrin verilməsi
və digərləri daxildir. Bəzən
payız aylarında havanın yağmurlu keçməsi əkinçilərimizi
aldadır. Onlar bunu kifayətedici sanır,
suvarma həyata keçirmirlər. Əksinə,
bitkinin inkişaf fazalarında daha diqqətli olmaq
lazımdır.
Ölkəmizdə müxtəlif suvarma sistemlərindən,
qurğularından istifadə etməklə vegetasiya
suvarmaları həyata keçirilir. Bu, təqdirəlayiqdir.
Bitkilərin qışlama dövründə də onlara
müəyyən aqrotexniki qulluq göstərilməlidir. İlk
növbədə ziyanvericilərə qarşı mübarizə
tədbirləri həyata keçirilməlidir. Bəzən qış aylarında bu tədbirlər
həyata keçirilmir. Bu halda da yüksək
məhsuldarlıq əldə etmək mümkün deyildir.
Bəzən bu tədbirlər həyata
keçirilsə də, yüksək məhsuldarlıq əldə
edilmir. Bunun da başlıca səbəbi
yuxarıda qeyd etdiyimiz kimi, keyfiyyəti aşağı olan,
ucuz dərman və preparatlardan istifadədir.
Bir məsələni də qeyd edim. Son illər
dövlət təkrar əkinlərə xüsusi
üstünlük verir, taxılın biçinindən sonra
sahələrdə ikinci bir bitkinin əkininə ayrıca
subsidiya verir. Bu zaman təkrar əkinin
hansı məqsədlə aparılmasına diqqət yetirmək
lazımdır. Əgər sahə dən
məhsulu üçün əkilirsə, o zaman qısa
vegetasiyalı, yəni tezyetişən sort və hibridlərə
üstünlük vermək lazımdır. Yox, silos məqsədilə əkilirsə daha
hündürboylu, uzunvegetasiyalı sort və hibridlərin əkilməsi
tövsiyə olunur.
Ərzaq təhlükəsizliyinin təminatında
strateji əhəmiyyəti olan taxılçılıq kənd
təsərrüfatı sektorunun aparıcı sahələrindən
biridir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin çox ciddi şəkildə qarşıya
qoyduğu buğda idxalını azaltmaq, yerli məhsul
hesabına əhalinin ərzağa olan tələbatını
ödəmək tapşırığı bu gün aqrar sahənin
qarşısında duran əsas vəzifələrdəndir.
Ölkəmizdə taxılçılığın
inkişafı üçün hər cür imkan və şərait
var. Həmin imkan və şəraitdən səmərəli
istifadə olunmalı, işə can
yandırılmalıdır.
Hazırladı:
Vaqif
TANRIVERDİYEV
Respublika.- 2022.- 25 avqust.- S.10.