Əjdər Babayev

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan Azərbaycanın Milli Qəhrəmanı Babayev Əjdər Xalıqverdi  oğlu 1950-ci il 26 avqust Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan ailəsi Ağstafanın Xətai kəndinə köçmüşdür. 1958-ci ildə burada məktəbə getmiş və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır. Ordudan tərxis olunduqdan sonra Əjdər Bakı şəhərinin Nərimanov Rayon Polis Şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülür. 1985-ci ildən isə Ağstafa Rayon Polis Şöbəsində xidmətini davam etdirir. 1995-ci il... 13-17 mart hadisələri...Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərir.

Müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir   tərəfdən   erməni-faşist   daşnaklarının   işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Qısa bir zamanda, ulu öndərin müdrik siyasəti nətcəsində ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Belə ağır zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.

Özbaşınalıq edən Xüsusi Təyinatlı Polis Dəstəsinin silahlı qüvvələri  Qazax Rayon İcra Hakimiyyətini, polis idarəsini və digər dövlət strukturlarını ələ keçirir. Bu hadisələr Ağstafa rayonunda da təkrar olunur. Omonçular həmçinin hərbi hissəyə hücum edərək çoxlu silah ələ keçirirlər. 1995-ci il mart ayının 12-dən 13-nə keçən gecə Qazax bölgəsində fəaliyyət göstərən Omon adlanan həmin qurum dövlətimizə zərbə vurmaq istəyən şəxslərin fitnə-fəsadı ilə QazaxAğstafa rayonlarına hücum edirlər. Gecə saat 4 radələrində “N” saylı hərbi hissənin omonçulara rəğbət bəsləyən zabitlərini və hərbi texnika götürüb Ağstafa rayonu istiqamətində hərəkət etməyə başlayırlar.

Həmin gecə tanklarla, iriçaplı pulemyotlarla polis şöbəsinə hücuma keçirlər. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları onlara layiqli cavab verir. Quldur dəstənin iki üzvü isə  öldürülür. Buna baxmayaraq, qüvvələr qeyri-bərabər olduğundan onlar növbətçi hissəni ələ keçirməyə müvəffəq olurlar. Orada da onlara qarşı ciddi müqavimət göstərilir. Şöbənin məsul növbətçisinin köməkçisi, polis serjantı Əjdər Babayev həmin cinayətkarlar tərəfindən qətlə yetirilir.

Bu günAğstafa Rayon Polis Şöbəsinin əməkdaşları Babayev Əjdər Xalıqverdi oğlunu öz sıralarında hiss edirlər. Onun və digər 4 nəfər həlak olmuş polis əməkdaşlarının ailələrini daim diqqət mərkəzində saxlayırlar.

Vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Dörd övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

 

Müşfiq Cəfərov

 

Respublika.- 2022.- 26 avqust.- S. 10.