LAÇINDA
DALĞALANAN ƏZƏMƏTLİ BAYRAĞIMIZ
Qürurumuzu yüksəldən
tarixi günlər yaşayırıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım edib. "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!". Bu sözləri ölkə başçısı rəsmi tviter səhifəsində yazıb. 2003-cü ildən ötən müddətin təcrübəsi göstərir ki, Prezident İlham Əliyev hansı vədi veribsə yerinə yetirib və sözlə işinin vəhdətini təsdiq edib. Prezident İlham Əliyev vədini yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu. Cəsarətlə deyə bilərik ki, dünyada Prezident İlham Əliyev kimi verdiyi vədləri həmişə, istənilən şəraitdə yerinə yetirmək xarizmasına malik liderlər azdır.
Bu qürurlu anlarda ürəyimizdə yara bağlayan keçmiş iztirab və məşəqqətli, üzücü hadisələri xatırlayırıq. 1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olmuşdu. Dağlar qoynunda yerləşən, gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmən tərəfindən işğal edilmişdi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Bu işğal nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan silindi. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı, ən başlıcası isə laçınlılar doğma obalarından perik düşərək respublikamızın bölgələrinə səpələndilər. 1992-ci ildən dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında inildəyirdi, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırdılar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı, diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırdılar.
Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasət inamla deməyə əsas verirdi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünlərmizin, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil. İnanırdıq ki, bayrağımız Laçında da dalğalanacaq.
Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə qələbə ilə bitirdi. Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olacaqdır. Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytarılması üçün gərəkli addımlar atılacaq. Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Azərbaycan bölgədə bu gün və gələcək üçün təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçının bir şəhid vermədən qaytarılması tarixi hadisə idi. Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri həmin ərazilərə qayıdışı təmin etmək idi.
Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə labüddür. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq". Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Yayılan məlumatlar və gedən proseslər onu göstərirdi ki, Laçın dəhlizi, dəhliz boyunca yerləşən Zabux və Sus kəndləri, Laçın şəhəri və bir sıra strateji yüksəkliklər yaxın günlərdə Azərbaycanın tam nəzarətinə keçəcək. Azərbaycan tərəfi də qısamüddətli "Qisas" əməliyyatında qətiyyətli şəkildə bir daha göstərdi ki, deyilən müddətdə bu addımlar atılmayacaqsa, ən sərt münasibəti ortaya qoyacaq. Bunu həm Rusiya sülhməramlıları, həm erməni hərbi birləşmələri, həm də Ermənistan rəhbərliyi gördü. O baxımdan da burada proses bizim istədiyimiz şəkildə gedir. "Qisas" əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur. Erməni mediası yazırdı ki, onlara evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verildiyi deyilmişdi. Laçın dəhlizi avqustun 25-də Azərbaycana təhvil veriləcəyi üçün bu ərazilər boşaldılır. Azərbaycan bəyan edib ki, "Laçın dəhlizinə alternativ" yeni yolda işlər yekunlaşan kimi Rusiya sülhməramlı qüvvələrinin həmin yola keçirilməsi nəzərdə tutulur. Zabux və Sus kəndlərində, eləcə də Laçının mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Laçın və dəhlizboyu kəndlərdə Suriyadan, Liviya və Rusiyadan gətirilmiş ermənilər 1994-cü ildən bəri məskunlaşdırılıb və indi onlar oradan çıxarılır. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib.
Azərbaycanın 2020-ci il 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qaldığını, Laçından yan keçən yeni yolun tikintisini və digər addımları da bu öhdəliklər əsasında atdığını və gördüyünü bildirən dövlətimizin başçısı deyib: "Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Bir də ki, onlar başa düşməlidir, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, yaxud il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə". Bu belə də olur. Azərbaycan dövləti işğaldan azad olunan bütün əraziləri, o cümlədən Laçın rayonunu, onun hər bir kənd və qəsəbəsini bərpa edir, yenidən qurur. Hazırda bununla bağlı böyük layihələr həyata keçirilir. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi Prezident İlham Əliyevə məruzə olunub. Məruzəni Korpus komandiri, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov edib: "Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan. Qarabağ Azərbaycandır!". Bu raportu dəfələrlə təkrar-təkrar eşitmək qürurumuzu daha da yüksəldir.
Mustafa KAMAL
Respublika.- 2022.- 27 avqust.- S. 1; 4.