Hər yazda şəhidin xatirəsini yaşadan
xarıbülbül
Bura Vətəndir… Milliyyətindən asılı olmayaraq burada yaşayanların Ana Vətəni. Ölkəmizdə müxtəlif millətləri - ləzgiləri, yəhudiləri, talışları, çaxurları və s. təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qarabağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşdülər. Onların bu torpağa qəlbən bağlanması, hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi İkinci Qarabağ müharibəsində də bir daha öz təsdiqini tapdı. Qazanılan möhtəşəm Qələbə çiyin-çiyinə bir amal uğrunda birliyin, yumruq kimi birləşərək mübarizə aparmağın nəticəsi idi.
Vətəni canı bahasına qoruyan qəhrəmanımızdan biri haqqında danışacağıq. Vətən müharibəsi şəhidi, Azərbaycan ordusunun polkovnik-leytenantı Babək Meyvəddin oğlu Ramaldanov. 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusardan və milliyyətcə ləzgi idi. 1989-1997-ci illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2004-cü ildən 2014-cü ilə qədər Naxçıvanda Vətənin keşiyində durur. 2015-2017-ci illərdə Sumqayıt və Pirəküşküldəki hərbi xidmətlərdə zabit şərəfinə sadiq qalaraq çalışır. 2017-2019-cu illərdə isə Rusiya Federasiyasının Frunze adına Ali Ümumqoşun Akademiyasında ikiillik ali hərbi kursu keçir. Böyük dayısı tanınmış hərbçi Şair Ramaldanov da hələ sovet dönəmində burada təhsil almışdı. Babək Rusiya Federasiyasının Frunze adına Hərbi Akademiyasını uğurla bitirib, geri dönəndən sonra, o artıq polkovnik-leytenant rütbəsinə layiq görülür. Azərbaycan ordu tarixində akademiyada ilk qızıl medal alan azərbaycanlı da məhz Babək olmuşdur.
2019-cu ilin sentyabrından onu Tovuz qarnizonunda briqadanın qərargah rəisi, motoatıcı briqada komandirinin müavini təyin edirlər. 6 ay keçməmiş general-mayor Polad Həşimov onu Gəncəyə "N" saylı hərbi hissəyə göndərir. Vətənin torpaqlarının azad olunması üçün səfərbərlik elan edildikdən sonra Gəncə Qarnizonu da şəxsi heyət ilə döyüş hazırlığına başlayır. Taborlar müdafiə zonasına göndəriləndə polkovnik Babək Ramaldanov öz şəxsi heyəti ilə Murov istiqamətində yerləşir.
Polkovnik-leytenant Babək Ramaldanov motoatıcı diviziyanın komandiri kimi, öz işini yaxşı bilirdi. Cəbrayılın Havuslu kəndinin alınmasında tabeliyində olan igidlər xüsusi qəhrəmanlıq göstərdilər. Düşmənin xeyli texnikasını ələ keçirirlər. Babək Ramaldanov öz işində ayıq hərbçi idi. Döyüş vaxtı yanındakı yoldaşlara deyir ki, biz buranı aldıq, mən indi diqqətlə nəzərdən keçirdim, qarşıda düşmənin deyəsən canlı qüvvəsi qalıb. Gedib onların içərisindəki sağları, lazım olanları ələ keçirməliyik. Yanındakı zabitlərdən biri kəşfiyyat məqsədilə əsgər göndərməsini təklif edir. Babək isə razı olmur. Beləcə, yanında 4 nəfərlə irəli atılır. Deyəsən, zənnində yanılmamışdı. Burada düşmənin xeyli canlı qüvvəsi var idi. Azərbaycan əsgərlərini qəfil başlarının üstündə görən ermənilər əvvəlcə atəş açırlar, amma Babəklə gələn qrup onları məhv edir. Ramaldanovgil ermənilərin maşınına minib sürətlə həmin ərazidən uzaqlaşmaq istəyirlər. Düşmənin uzaqdan atdığı tank əleyhinə mərmi maşının yanına düşür. Bir andaca güclü partlayış baş verir. 500 metr kənarda olan hərbçilər bir az bundan əvvəl qəhrəmanlıq göstərən dostlarının mərmi partlayışı nəticəsində göyə sovrulduğunu görürlər...
Qəhrəman oğulların anaları da qəhrəmandır. Belə analar böyük ürək sahibidirlər ki, oğlunun şəhid xəbərini alan zaman başını dik tutub "Təki Vətən sağ olsun" deyirlər. Babəkin anası Xalidə Ramaldanova da əsl Azərbaycan qadını, anası kimi oğlunun şəhid xəbərini və o günləri belə xatırlayır: "Bizim nəsildə sağlam kişi hərbçi olmalıdır. Yoldaşımla ikimiz Ramaldanov nəslindənik. Qardaşlarım Şair Ramaldanov, İlham Ramaldanov, Elman Ramaldanov - hər biri Azərbaycan Odrusunun şərəfli zabitlərindəndir. "İgid oğul dayısına oxşayar", - deyiblər. İlk dəfə Naxçıvanski hərbi məktəbini Şair Ramaldanov bitirib. Şair "N" saylı hissənin komandiri kimi, uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edib. Buna görə ümummilli liderimiz Heydər Əliyev onu özü şəxsən "Azərbaycan bayrağı" ordeni ilə mükafatlandırıb. Həmçinin, Şəmkir korpusunun komandiri olub. Şairin ardınca Elman, İlham hərbini seçdi. Sonra Vüqar, Telman, Nəriman, Babək, Əmirbəy hərb sənətini seçdilər. Birinci Qarabağ döyüşlərində Şairlə Elman yaralandı. O vaxt şəhidimiz olmadı. Hər gün, hər dəqiqə əllərimi Allaha açıb, bütün döyüşə gedənlər üçün dua edirdim. Deyirdim ki, ay Allah, hamının balası sağ-salamat qayıtsın, mənim balalarım da onların içərisində. 16 oktyabrda yoldaşımla dükandan gəlirdik. Telefonu zəng çaldı. Zəng edən qardaşım Şair idi. Nə dedisə, yoldaşım maşını saxlayıb, düşdü. Sonra rəngi qızarmış halda gəlib oturdu. Dedi, heç nə, Babəki xəbər alırdı, sizi soruşurdu. Evə gəlib yetişdik. Baxdım ki, kişi heç gözümə yaxşı dəymir. Qışqırdım, nalə çəkib ağladım ki, mənə düzünü de görüm nə olub, nə baş verib? Bəlkə yaralanıb, bəlkə əsir düşüb balam? Başladı ağlamağa, dedi ki, Babək daha yoxdur!"
Babəkin şəhadətindən əvvəl evdə zaman donur. Anası deyir ki, bir həftə əvvəl evdəki saat xarab oldu, ta Babəkin nəşi gələnədək: "Bu divardakı saat onun şəhadətindən bir həftə əvvəl dayandı. Nə qədər çalışsaq da, saat işə düşmədi. Tabutu gəldi, nə qədər istədilər işığı yandırsınlar, yanmadı. Dedim onun işığı sönüb, yanmayacaq...".
Babəkin həyat yoldaşı Aygün xanımın dediklərindən: "Bir gün bağımızda gəzərkən gözüm bu balaca möcüzəyə sataşdı, əvvəlcə gözlərimə inanmadım, çiçəkləri olmasaydı tanıya bilməzdim də. Onun axı bağımızda nə işi vardı? Gülü biz, nə də başqası əkməmişdi. Bildiyim qədəri ilə bu gül ancaq Qarabağda - Şuşa torpağında bitir - xarıbülbül. O gül yazda bitdi və soldu, amma hər yaz vaxtı yenə baş çəkəcək bizlərə".
Azərbaycan Ordusunun Quru Qoşunları Korpusunun polkovnik-leytenantı Babək Meyvəddin oğlu Ramaldanov Azərbaycan Ordusundakı 20 illik fəaliyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin 90, 95, 100 illiyi yubiley, II və III dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.
Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. 2020-ci ilin oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. O, II Fəxri xiyabanda general-mayor Polad Həşimovla eyni sırada dəfn edilib. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Ramaldan və Süleyman adında 2 oğlu Vətənə əmanətdir.
M.MİRZƏ
Respublika.- 2022.- 27 avqust.- S. 5.