AZƏRBAYCAN-QAZAXISTAN:
STRATEJİ TƏRƏFDAŞLIQ VƏ
MÜTTƏFİQLİK
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq böyük uzaqgörənlik və uğurla həyata keçirdiyi xarici siyasətin nəticəsidir ki, ölkəmiz hazırda türk dünyasının "Qızıl körpüsü" rolunu yüksək səviyyədə gerçəkləşdirir, türkdilli ölkələrlə münasibətlərin genişləndirilməsi, türk dünyası birliyinin qurulması istiqamətində inteqrasiya prosesi sürətləndirilir. Qazaxıstan və Azərbaycan oxşar tarixə, mədəniyyətə və milli köklərə malikdir. Bu səmimi münasibətlər ölkələrimiz arasındakı dostluğu, qardaşlığı gücləndirir və əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı fəaliyyəti gücləndirmək baxımından 2005-ci ildə Bakıda imzalanmış "Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında" sazişi ikitərəfli əlaqələrin inkişaf istiqamətlərini müəyyən edən əlamətdar, mühüm sənəd kimi dəyərləndirmək lazımdır.
Təbii ki, Vətən müharibəsindən sonra qazanılan tarixi Zəfərimiz nəticəsində yaranan yeni geosiyasi vəziyyət ölkəmizin xarici siyasətində hədəflərinin daha uğurlu şəkildə gerçəkləşdirilməsinə gətirib çıxarıb. Belə ki, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı bu baxımdan Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Ümumilikdə, türk dünyası birliyi, həmrəyliyi Azərbaycanın əsas çağırışları sırasında yer tutur. "Gücümüz birliyimizdədir", - deyən dövlət başçısı cənab İlham Əliyevin son 19 ilə yaxın dövr ərzində reallaşdırdığı addımların xronologiyasına diqqət yetirdikdə türk dünyasının birliyinə, həmrəyliyinə böyük töfhələr verdiyini əminliklə deyə bilərik.
Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də ölkəmizə etdiyi rəsmi səfəri ölkələrarası əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır və keçirilən görüşlərdə müzakirə olunan məsələlər, həmçinin imzalanan yeni sənədlər, əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsinə yol açır. Bu baxımdan, Qazaxıstan Prezidentinin bu səfəri ikitərəfli əlaqələrin gündəliyinin aktual məsələlərinin müzakirəsi, münasibətlərin inkişafına xidmət edən mühüm sənədlərin imzalanması ilə diqqətdə oldu.
Belə ki, hər iki ölkənin dövlət başçıları "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram"ı və "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə"ni imzaladılar. Bu bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir.
Cənab Prezidentin qeyd etdiyi kimi, ölkələrimiz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqdirlər. Əlbəttə, bu bizim üzərimizə xüsusi məsuliyyət qoyur, eyni zamanda əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və həmçinin gələcək fəaliyyətimiz üçün çox ciddi baza rolunu oynayacaqdır. Bəyannamə ilə yanaşı, tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır ki, bu sənədlər də əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır və başlıca olaraq ikitərəfli əməkdaşlıqda yeni səhifə açılır. Bu sənədlər həm iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, həm də humanitar sahədə əməkdaşlığı özündə əks etdirir. Şübhəsiz, iqtisadi potensial çox genişdir, çünki Azərbaycan və Qazaxıstanın yerləşdiyi coğrafi mövqe bu əməkdaşlığın müasir dövrün çağırışlarına uyğun genişləndirilməsi üçün yeni imkanlar yaradır. Ölkələrimiz arasındakı əlaqələrin gedişatının yeni mərhələyə qədəm qoyması yeni dövrə keçidə imkanlar verir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpa işlərində Qazaxıstanın geniş iştirakı təmin olunacaq. O cümlədən Qazaxıstanın paytaxtı Astananın məzkəzi prospektlərindən biri ümummilli lider Heydər Əliyevin adını daşıyacaq. Bütün bunlar onu göstərir ki, iki ölkə arasındakı münasibətlər özünün ən yüksək dövrünü yaşayır. Bu münasibətlər ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcəkdir. Təbii ki, bu münasibətlərin yüksək səviyyədə olması ölkələrimizin sosial inkişafına da öz təsirini göstərəcəkdir. Strateji tərəfdaşlıqdan müttəfiqliyə atılan addım Azərbaycan-Qazaxıstan münasibətlərinin uğurlu inkişafının, hər iki ölkənin dövlət başçılarının əlaqələrimizin inkişafına göstərdikləri diqqətin göstəricisidir.
Qazaxıstan Prezidentinin ölkəmizə səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olması dövrünə təsadüf edir. Bu baxımdan, səfər 30 illik yolun təhlili, əldə olunan uğurların fonunda perspektivlərin müəyyənləşdirilməsində bir hesabat kimi dəyərləndirilə bilər. Prezidentlərin bəyanatlarında bu kimi məqamlar öz əksini tapmışdır ki, bu, eyni zamanda qarşılıqlı etimad münasibətlərinin inkişafına bir növ bələdçilik edir.
Son 19 ilə yaxın dövrdə atılan addımların əsas təqdimatı isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən dövlət başçımıza Qazaxıstanın "Altın kıran" - "Qızıl qartal" ali ordenin təqdim olunmasıdır. Qazaxıstan Prezidenti qeyd etdi ki, Qazaxıstanda Prezident cənab İlham Əliyevi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə -ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Qürurla qeyd edə bilərik ki, dövlət başçımızın Qazaxıstanın Ali Ordeni ilə təltif edilməsi cənab Prezidentin şəxsi nüfuzu ilə yanaşı, eyni zamanda bütün Azərbaycan xalqına olan hörmətin əlamətidir.
Ümumiyyətlə, bu gün Qazaxıstan və Azərbaycan dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlər də daxil olmaqla müxtəlif xarakterli 90-a yaxın sənədi özündə əks etdirən geniş müqavilə-hüquqi bazaya malikdir. İki ölkə regional və beynəlxalq əlaqələr çərçivəsində BMT, ATƏT, İƏT, TÜRKSOY kimi təşkilatlarda uğurla qarşılıqlı fəaliyyət göstərir.
Əsrin üçdəbirinə yaxın müddətdə hər iki dövlət siyasi, iqtisadi, mədəni-humanitar inkişafda böyük yol keçib, mühüm nəticələr əldə edib, ən əsası isə fundamental məsələlərdə ortaq məxrəcə gəlib: məsələn, bu gün Qazaxıstan üçün logistika marşrutlarının şaxələndirilməsində strateji istiqamət adlandırıla bilən enerji resurslarının nəqli üçün dəhlizlərin qurulmasında. Bakı-Tbilisi-Ceyhan yolu ölkəmizə ildə 1,5 milyon barel Qazaxıstan neftinin dünya bazarına çıxarılmasını vəd edir. Odur ki, Çindən Avropaya ixrac yük axınlarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun istiqamətləndirilməsi ilə əlaqədar tranzit və nəqliyyat əməkdaşlığının genişləndirilməsi istiqamətində müəyyən inkişaf çox vacib hesab olunur.
Qeyd etmək lazımdır ki, bu istiqamətdə təkcə Qazaxıstan, Azərbaycan və regionumuzun digər ölkələri deyil, Çin və Avropa İttifaqı da maraqlıdır. Çünki yaranan təşkilati-texniki məsələlərin vaxtında həlli iki dövlətə bu istiqamətdə sürətlə irəliləyişə imkan verir. Bu ilin mart ayında Qazaxıstan nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri baş tutub, aprelin sonunda isə artıq nazirlik rəhbərləri səviyyəsində və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu nümayəndələrinin iştirakı ilə danışıqlar aparılıb.
İyulun sonunda rəsmi Bakının təşəbbüsü ilə Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirlərinin və nəqliyyat sektoru üzrə məsul şəxslərin üçtərəfli görüşü keçirilib. Görüşdə tərəflər Asiya-Avropa marşrutu üzrə ticarət əlaqələrinin inkişafı və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün Azərbaycan-Türkiyə-Qazaxıstan dəhlizinin bölməsində yükdaşımaların həcminin artırılmasının vacibliyini vurğulayıblar. Beləliklə, bu dəhliz çərçivəsində tranzit, nəqliyyat və logistika sahəsində əməkdaşlıq qarşılıqlı faydalı ikitərəfli tərəfdaşlığın əsas hərəkətverici amillərindən biri olaraq qalır.
Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edəcək və bu əməkdaşlıq formatı həm ölkələrimizin, xalqlarımızın, həm də bütün Xəzəryanı ölkələrin və eləcə də türk dünyasının inkişafına mühüm töhfələr verəcəkdir.
Emin QASIMOV
Respublika.- 2022.- 28 avqust.- S. 1; 2.