Doğma yurdumuz Laçına əbədi qayıtdıq

 

"Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində". Bu sözləri Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabr ayının 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndlərinin işğaldan azad edilməsi münasibətilə xalqa müraciət edərkən demişdir.

Bəli, nəyi necə və nə vaxt etməyi yaxşı bildiyini Azərbaycan Prezidenti Vətən müharibəsində bir daha bütün dünyaya nümayiş etdirdi. Göstərdi ki, hər zaman sülh, əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqı və onun təmkini, iradəsi, əzmi, uzaqgörənliyi ilə məqsədyönlü, düşünülmüş siyasət yürüdən dövlət başçısı nəyə qadirdir. Bütün dünya şahid oldu ki, 30 il düşmən tərəfindən işğal olunmuş əraziləri 44 gün ərzində necə geri qaytarmaq olur. Öz xalqına nağıl danışan, öz ordusu haqqında mif uyduran düşməni istər hərb meydanında, istərsə diplomatik arenada necə susdurmaq olar.

44 gün davam edən II Qarabağ müharibəsində şanlı ordumuzun rəşadəti, şücaəti sayəsində oktyabr ayının 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı rayonu, noyabr ayının 8-də isə Şuşa şəhəri işğaldan azad edildi. Yenilməz Azərbaycan Ordusu Şuşa şəhərinin ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə Ermənistanı diz çökdürdükapitulyasiyaya məcbur etdi.

2020-ci il noyabr ayının 10-da müzəffər Azərbaycan Ordusunun gücünə, yenilməzliyinə, "dəmir yumruğ"un zərbəsinə tab gətirə bilməyən düşmən təslim oldu.

Dünyanın gözü qarşısında kapitulyasiya aktı imzalayaraq döyüşü davam etdirə bilmədiyini açıq şəkildə etiraf etdi. 10 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanat imzaladılar. Bəyanata əsasən ilk olaraq Ermənistan 2020-ci il noyabrın 15-də Kəlbəcər rayonunu, noyabrın 20-də Ağdam rayonunu, dekabrın 1-də isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalı oldu. Və 44 gün ərzində daim irəliyə gedən, bir qarış torpağı üçün canından keçən Azərbaycan Ordusu hərb meydanında döyüşü dayandırdı. Kəlbəcər, Ağdam və Laçın rayonları bir güllə atılmadan öz sahibinə qaytarıldı.

Bəyanatın başqa bir müddəası isə Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin ərazidən çıxarılması ilə paralel olaraq yerləşdirilməsi idi. Lakin diz çöküb yalvararaq imzaladığı bəyanatdan irəli gələn müddəanı yerinə yetirməyi ləngidən Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən öz silahlı birləşmələrinin tamamilə çıxarılması şərtinə əməl etmək istəmədi.

Həmçinin, 10 noyabr bəyanatında ölkə başçımız İlham Əliyevin təkidilə salınan bənddə göstərilir ki, növbəti üç ildə tərəflərin razılığı əsasında Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu inşa ediləcək və bununla da həmin marşrutu mühafizə etmək üçün Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazi dəyişdiriləcək. Azərbaycanın cəmi bir il ərzində tikdiyi 32 kilometr uzunluğunda olan bu yol hazır olduqdan sonra Prezident İlham Əliyev Rusiya hökumətinə rəsmi bildiriş göndərərək avqustun 5-də sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirməsini bildirmişdir. Lakin min bir bəhanə gətirərək, həmişə olduğu kimi, qeyri-konstruktivlik göstərən Ermənistan yolu ancaq 2023-cü ildə hazır edə biləcəklərini desə də, qətiyyətli, prinsipial Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan torpaqlarında qeyri-qanuni yerləşmiş ermənilərin bu ərazilərdən mütləq çıxmalı olduqlarını qarşı tərəfə bildirmişdir: "...əlbəttə ki, Laçın şəhərindən, ZabuxSus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də, orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir".

Hər zaman verdiyi vədinə sadiq qalan, qətiyyətlə "Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz", "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq", - deyən ölkə başçımız bu dəfə də xalqına sevincli günlər bəxş etdi.

Avqustun 26-da azərbaycanlılar Laçın şəhərinə qayıtdılar. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. ZabuxSus kəndləri nəzarətə götürüldü. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsinin qələbə dolu günlərini anbaan xalqı ilə bölüşən, qələbə müjdəsi verən ölkə başçımız İlham Əliyev bu il avqustun 26-da rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşımında bu qayıdış münasibətilə bütün laçınlıları və Azərbaycan xalqını təbrik etdi: "Bu gün, avqustun 26-da biz - Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. ZabuxSus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!". Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin azərbaycanlıların Laçına qayıdışı ilə bağlı tvitini paylaşaraq "Qarabağ Azərbaycandır!!!" yazıb.

Avqustun 26-da üçrəngli bayrağımız ucaldılan Laçın şəhəri və onun kəndləri hələ 1988-ci ildən başlayaraq xarici ölkələrdəki havadarlarının dəstəyi sayəsində Ermənistandan, Livandan, Suriyadan Gorus rayonuna gətirilmiş qüvvələr tərəfindən aramsız atəşə tutulur, daim erməni yaraqlılarının nəzarətində saxlanılır, əhalisi qətlə yetirilirdi. Ermənilərin təcavüzünə qarşı mərd laçınlılar 4 il gecə-gündüz mübarizə aparsalar da, Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda gedən mübarizə düşmənə alçaq siyasətini həyata keçirməyə meydan açırdı.

1992-ci il may ayının 8-də Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini ələ keçirən erməni silahlı qüvvələri tərəfindən mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu ərazisindən və Gorus rayonu istiqamətindən Laçın rayon mərkəzi intensiv olaraq ağır artilleriya silahlarından atəşə tutuldu. May ayının 18-də isə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən yağmalandı. Qarabağın, bütünlükdə isə Azərbaycanın mühüm hərbi-strateji əhəmiyyətə malik olan vüqarlı Laçın da Şuşa şəhərindən 10 gün sonra işğal olundu.

Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində 1835 kvadratkilometr ərazi işğal olundu. 60 min laçınlı doğma yurdundan didərgin düşdü. Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan edilib Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz məhv edildi. Ermənilər Qarabağın hər tərəfində əl-qol açdı. Qarabağı Ermənistandan ayıran Laçın dəhlizi düşmənin nəzarətinə keçdi. Bu dəhliz vasitəsilə Qarabağa silah, döyüş sursatı və hərbi qüvvələr daşındı. Erməni təcavüzünün miqyası gündən-günə daha da genişləndi, ətraf rayonların taleyi təhlükə altında qaldı... Laçın 28 il düşmən əsarətində qaldı.

Lakin 27 sentyabr 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində şanlı ordumuzun rəşadəti, şücaəti sayəsində ərazilərimiz işğaldan azad edildi. Laçın rayonu heç bir döyüş əməliyyatı aparılmadan düşməndən geri alındı. Ermənistan tərəfi Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dövlətləri onların bu mövqeyini dəstəkləsə də, buna nail ola bilmədilər. Laçın rayonu Azərbaycana qaytarıldı. Laçın dəhlizi isə Şuşa şəhərinə daxil olmayan 5 kilometr enində Rusiya sülhməramlı kontingentinin nəzarəti altına keçdi.

30 il ərzində Azərbaycanın əzəli torpaqlarında yaşayan, maddi-mənəvi sərvətlərini talan edən ermənilər İkinci Qarabağ müharibəsindən sonra da uydurduqları boş, mənasız xəyallarına uyub vəziyyətin dəyişəcəyinə ümid edərək tarixi torpaqlarımızdan öz xoşları ilə çıxmaq istəməsələr də, bu arzuları da gözlərində qaldı. Ölkə başçımız bir daha bəyan etdi ki, bundan sonra heç bir vaxt - nə bu gün, nə sabah Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağla bağlı heç bir məsələ ermənilərin xeyrinə dəyişməyəcək. Əgər nəsə dəyişəcəksə, bu, Azərbaycanın xeyrinə olacaq. Avqustun 26-da Laçın şəhərində dalğalanan üçrəngli Azərbaycan bayrağı bunun möhtəşəm görüntüsüdür.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2022.- 28 avqust.- S. 1; 2.