Qardaşlığın, birliyin möhkəmlənməsinə xidmət edən tarixi addımlar

 

28 avqust 1995-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Ölkələrin Dövlət Başçılarının III Zirvə görüşü keçirilmişdir

 

Zirvə toplantısında Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Saparmurad Niyazov, Özbəkistan Prezidenti İslam Kərimov, Qırğızıstan Prezidenti Əsgər Akayev iştirak etmişlər. Qeyd edək ki, bu, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin iştirakı ilə hər il bir başqa üzv dövlətdə keçirilən beynəlxalq sammitdir. 1992-ci ildən başlayaraq təşkil edilən bu Zirvə görüşlərində türk dünyasının ortaq problemləri gündəmə gətirilməkdədir. Suveren dövlətlərin qarşılıqlı münasibətlərinə əsaslanan bu sammitlər ortaq tarix, soy və mədəniyyətə malik olan ölkələrin liderlərini bir araya toplamağa xidmət edir.

Bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, bir yerdə çalışmış və daim bir-birinə arxa, dayaq olmuşlar. Müstəqil dövlətlərimiz bütün sahələrdə uğurlu əməkdaşlıq aparır, bir-birinə dəstək olurlar. Bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini gücləndirir, siyasi dəstək verirbir-birinin yanında olurlar. Ümummilli lider Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Ölkələrin Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedərək Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşmüşdür. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilmişdir. Görüşdə həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar aparılan danışıqlardan da geniş bəhs edilmişdir. Azərbaycan dövlətinin başçısı səfər zamanı Bişkekdə qırğız xalqının "Manas" dastanının minillik yubileyi ilə əlaqədar keçirilən şənliklərdə də iştirak etmişdi. Ulu öndər Heydər Əliyev "Manas" dastanının minilliyinə həsr olunmuş təntənəli yığıncaqda çıxışında demişdi ki, Manas min il bundan əvvəl qüdrətli qırğız dövləti yaratmışdı. Bu gün qırğız xalqı yenidən milli müstəqillik əldə etmişdir, onun öz milli dövləti var. "Manas" dastanının minilliyini məhz belə şəraitdə Qırğızıstanda və başqa ölkələrdə geniş və təntənəli surətdə dünya miqyasında qeyd etmək mümkün olmuşdur. Ulu öndər demişdir ki, vacib problemlərimizin həll olunması üçün bir-birimizə kömək göstərməli, yardım əlimizi uzatmalı, parçalanmanın və təklənmənin qarşısını almalı, dara düşmüş qardaşlarımıza birlikdə kömək etməli, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik. Bütün bunlara görə tarixi mənşəyimiz, qarşımızda duran məqsəd və problemlərin oxşarlığı, milli mənafelərimizin birliyi - bütün bunlar bizim strateji əməkdaşlığımızın etibarlı təməlidir və gələcəyimizə nikbin baxmağa imkan verir. Yaşadığımız son illərdə Yer kürəsində böyük tarixi, geosiyasi dəyişikliklər baş vermişdir. Yaranmış yeni şəraitdə bizim qarşılıqlı əlaqələrimizi müstəqil, suveren əsaslar üzərində qurmaq üçün geniş üfüqlər açılır.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. Beynəlxalq əlaqələrdə, xüsusilə Azərbaycan-Türkiyə əməkdaşlığında yeni mərhələ açıldı. Ümummilli lider Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri, Azərbaycanı türk dünyasından təcrid olması vəziyyətindən çıxarması oldu. Hazırda Azərbaycan Respublikası qardaş dövlətlər ailəsinin bərabərhüquqlu üzvüdür. Heydər Əliyev zəkasının, onun gərgin, ardıcıl və inadlı fəaliyyətinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəməri region ölkələri üçün, o cümlədən türk dünyası üçün neçə-neçə nəsillər keçsə də əhəmiyyətini itirməyəcək. Heydər Əliyev Şərq-Qərb dəhlizini açdı. Böyük İpək Yolunun dirçəldilməsi ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaqda məharətlə istifadə etdi. İpək Yolunun dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının inkişafında, onun iqtisadi cəhətdən oyanışında misilsiz rol oynadı.

Ümummilli liderimiz fəaliyyəti dövründə Azərbaycanın türkdilli dövlətlər və xalqlarla münasibətlərinin inkişafına böyük diqqət verirdi. Ulu öndərin siyasəti onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə olduğu kimi, ölkəmizdə beynəlxalq münasibətlərin genişlənməsi, qardaş türk xalqları ilə iqtisadi-mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, Türk xalqları - Anadolu türkləri, qazaxlar, Azərbaycan türkləri, özbəklər, tatarlarb. birləşdirən TÜRKSOY təşkilatı yaradılmış, 2007-ci ildə türkdilli xalqların Bakıda forumu keçirilmişdi. Forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirmişdi ki, Qarabağ, Kiprsair məsələlərin həll edilməsində bütün türk xalqları və dövlətləri bir olmalıdır. 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşü yüksək səviyyədə keçirilmişdi. IX Zirvə görüşündə dövlət başçıları Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sənəd imzalamışlar. Qeyd edək ki, Türkdilli Ölkələrin Dövlət Başçılarının ilk Zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilmişdir.

Ulu öndərin Xəzərlə bağlı uzaqgörən xarici siyasət strategiyası, bu dənizi sülh və əmin-amanlıq dənizinə çevirmək planları artıq reallığa çevrilib. 16 sentyabr 2010-cu ildə İstanbulda, "Çırağan" sarayında Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə toplantısı keçirildi. Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Katibliyi strukturunun yaradılması və Şuranın Baş katibinin təyin olunması ilə Katibliyinin İstanbulda yerləşməsi qərara alındı. Beləliklə, İstanbul toplantısı 2009-cu ildə Naxçıvanda təməli qoyulan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təşkilatının qurulmasını təmin etdi.

Bu gün türkdilli ölkələrin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşmışdır. Bu da olduqca mühümdür. Liderlərimiz ortaq köklərimizə nümunəvi yanaşma sərgiləyirlər. Ötən il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə qurum Türk Dövlətləri Təşkilatı adlandırılıb. Bu isə türk birliyinin daha da möhkəmləndirilməsi barədə dünyaya bir mesaj idi. Digər diqqətçəkən məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunmasıdır. Qarabağın azad edilməsi işində göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən demişdir: "Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır".

 

Mustafa KAMAL

 

Respublika.- 2022.- 28 avqust.- S. 2.