Türkiyə ilə
Azərbaycanın diplomatik sahədə
bir-birinə göstərdiyi dəstək sarsılmaz birliyin təzahürüdür
Bu gün ölkəmizdə gedən proseslər, bölgədəki mövqelərimiz, dünyada baş verənlərə təsir imkanlarımızın genişlənməsi dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticəsidir. Prezident İlham Əliyev uzaqgörən, düşünülmüş siyasəti ilə Azərbaycan həqiqətlərini bütün dünyaya tanıtdı, öz zəkası, əzmi, qətiyyəti ilə ölkəmizə həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Müasir Azərbaycanın bugünkü reallıqlarını yaradaraq müstəqil respublikamızın tərəqqisini təmin etdi.
Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin əsasında Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilərək dostluq, qardaşlıq səviyyəsinə çatdırılması hər zaman ən vacib məsələ olmuşdur. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan əlaqələr günbəgün möhkəmlənərək sarsılmaz birliyə çevrilmişdir. Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda Azərbaycanın səylərini dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına böyük yardım göstərmiş, ölkəmizin dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında mühüm rol oynamışdır. Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə dövləti təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəçisi kimi çıxış etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyə dövləti ilə münasibətlərini yüksələn xətt üzrə inkişaf etdirməsi bu münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynamışdır.
Türkiyə ilə Azərbaycanın diplomatik sahədə bir-birinə göstərdiyi dəstək bugünkü sarsılmaz birliyin təməlini qoymuşdur. Hələ illər öncə Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitində Türkiyə nümayəndələrinin təmsil olunmadığından istifadə edərək rəsmi Ankaranı qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, Türkiyəni Ermənistanla sərhədlərini açmamaqda ittiham edən və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu bildirən Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verərək demişdir: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidentinin səsləndirdiyi əsassız iddialar qarşısında Türkiyəni qətiyyətlə müdafiə etməsi Azərbaycan-Türkiyə qardaşlığının təsdiqi idi. Bu cəsarətli çıxışla ölkə başçımız Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bütün dünyaya bəyan etdirmişdir.
Azərbaycan-Türkiyə arasında olan bu qardaşlıq münasibətlərini İkinci Qarabağ müharibəsi daha bariz şəkildə göstərdi. 44 günlük Vətən müharibəsinin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edərək Türkiyənin Azərbaycanın yanında olduğunu bildirdi. İkinci Qarabağ müharibəsinin alovlanmağa başladığı ilk günlərdə - 2020-ci il sentyabrın 21-də Ermənistanın hücumu nəticəsində kiçik çavuş Elşən Məmmədovun şəhid olması ilə bağlı başsağlığı verən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın haqq savaşında Türkiyənin onun yanında olduğunu, onunla həmrəyliyini bildirərək öz tvitter hesabında yazmışdı: "Ermənistanı hücumları dayandıraraq, ağlını başına toplamağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq".
İkinci Qarabağ müharibəsinin başladığı ilk saatlarından son gününə qədər Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti və türk xalqı müharibə bitdikdən, sanlı zəfərimiz qazanıldıqdan sonra da ölkəmizə dəstəyini və ən əsası qardaş məhəbbətini əsirgəmədi, hər zaman olduğu kimi çətin günlərdə Azərbaycana arxa-dayaq oldu. Prezident İlham Əliyev Türk Şurasının Zirvə görüşündə bunu xüsusi vurğulayaraq demişdir: "Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək".
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" qardaşlığımızın rəmzinə çevrildi. İki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran Bəyannamədə göstərilən bütün müddəalar keyfiyətcə daha yüksək səviyyəli əməkdaşlığa, eyni zamanda tərəfdaşlığa təminat verir. Şuşa Bəyannaməsi hər iki dost, qardaş ölkənin bundan sonra da türk həmrəyliyini daha da möhkəmləndirəcəklərini bir daha sübut edir.
Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq möhkəm təməllər üzərində gündən-günə inkişaf edir. Türkiyə Respubklikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın "bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır", hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm verən ölkə başçımız Prezident İlham Əliyevin isə "Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq" kəlamları bu gün ölkələrimiz arasında mövcud olan əbədi və sarsılmaz dostluğun bariz nümunəsidir.
Mehparə ƏLİYEVA
Respublika.- 2022.- 28 avqust.- S. 3.