Hərbi-siyasi qətiyyətin
növbəti zəfəri
Laçın şəhərində,
Zabux və Sus kəndlərində bayrağımızın
dalğalanması təsdiq etdi ki, Azərbaycan öz istəklərinə tədricən,
mərhələli şəkildə nail olur
"Ay Laçın, can Laçın,
mən sənə qurban, Laçın. Gözəlliyinə qurban olduğumuz
Laçın artıq
azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır". Bu sözləri
2020-ci il dekabrın 10-da Bakının
Azadlıq meydanında
Vətən müharibəsində
Qələbəyə həsr
olunmuş Zəfər
paradında Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirmişdir.
Bu gün müstəqil
respublikamız tarixinin
yaddaqalan günlərindən
birini yaşayır. Doğma şəhərimiz,
dağ vüqarlı Laçınımız artıq
nəzarətimizdədir. Laçın şəhəri, Zabux, Sus kəndləri
sakinlərinin yurd həsrətinə son qoyuldu.
Bundan sonrakı dönəmdə
Azərbaycan dövlətinin
iqtisadi gücü sayəsində Zabux, Sus və digər
kəndlər, dağılmış
iqtisadiyyat bərpa olunacaq. Yaşayış məntəqələri salınacaq. Keçmiş məcburi köçkünlər
öz ata-baba yurdlarına qayıdaraq orada daimi yaşayacaqlar.
Bu gün Laçının
şəhər mərkəzində
qaldırılmış Azərbaycanın
Dövlət Bayrağı
bir daha enməyəcək. Əbədi
olaraq! Bu, Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin uğurlu diplomatiyasının, ölkəmizin
hərbi qüdrətinin
növbəti zəfəridir!
Sözsüz ki, bu, Prezident İlham Əliyevin "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə
bunu göstərib, həm siyasi müstəvidə, diplomatik
müstəvidə, eyni
zamanda, döyüş
meydanında. Nəyi ediriksə,
dəqiqliklə edirik"
bəyanatının növbəti
dəfə həyata vəsiqə qazanmasıdır.
Məlum
olduğu kimi, 2020-ci il dekabrın
1-də Laçın rayonu
bir güllə atılmadan işğaldan
azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın
rəhbərliyi ilə
rəşadətli ordumuzun
44 günlük Vətən
müharibəsi zamanı
döyüş meydanında
qazandığı qələbinin
davamı idi. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək
bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: "Özü
də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur
etdik. Döyüş meydanında əldə
edilmiş parlaq qələbə bu gözəl nəticəyə
gətirib çıxardı
ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid
vermədən qaytarmışıq.
Laçın rayonunun Azərbaycanın
gələcək iqtisadi
inkişaf işlərində
mühüm rolu olacaqdır. İlk növbədə,
biz Laçına laçınlıları
qaytaracağıq. Əziz laçınlıları
bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik
edirəm, gözaydınlığı
verirəm. Laçın işğal olunanda bu rayonda təqribən
50 mindən bir qədər çox əhali yaşayırdı.
İndi Laçın rayonunun əhalisi 80 min nəfərə
çatıb. Əlbəttə ki, laçınlıları
qısa müddət ərzində Laçına
qaytarmaq bizim əsas vəzifələrimizdən
biri olacaqdır".
Artıq
Laçın şəhəri,
həmçinin Zabux və Sus yaşayış
məntəqələri düşmən
tapdağında deyil,
bu yerlərin Azərbaycan əsgəri tərəfindən qorunması
Ordumuzun 44 günlük
Vətən müharibəsində
əldə etdiyi Zəfərin davamıdır.
Müzəffər Ali Baş Komandanın
diplomatik məharəti,
prinsipiallığı, dəmir
iradəsi və Azərbaycan Ordusunun Zəfər yürüşü
sayəsində Laçın
şəhəri də
Ağdam, Kəlbəcər
kimi şəhid vermədən düşmən
tapdağından xilas
edildi. Cəbhədə Azərbaycan əsgərinin
qanı, canı hesabına əldə olunan Böyük Qələbənin daha bir tarixi nəticəsi
ortadadır.
44 günlük müharibədə
Azərbaycan Böyük
Qələbəsini bütün
dünyaya təntənəli
şəkildə nümayiş
etdirdi. Azərbaycanın
yeni tarixinə qızıl hərflərlə
yazılan Vətən
müharibəsində rəşadətli
ordumuzun Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbə
müasir müstəqil
Azərbaycan dövlətinin
hərbi qüdrətinin,
iqtisadi gücünün
nümayişi ilə
yanaşı, xalqımızın
qələbə əzminin
də təsdiqidir.
Laçın şəhərinin və
digər yaşayış
məntəqələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi,
eyni zamanda 2020-ci il noyabrın
10-da Azərbaycan, Rusiya
prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları bəyanatın
vaxtından tez icra olunduğunu isbat edir. Bu,
məhz Prezident İlham Əliyevin düzgün idarəçiliyi,
qəbul etdiyi doğru qərarlar və əldə olunan nəticələrin
bir-birini tamamlaması
sayəsində mümkünləşdi.
Laçın dəhlizinə
alternativ yolun 3 il ərzində
çəkilməsi və
Laçın şəhərinin
təhvil verilməsi nəzərdə tutulmuşdu.
Bundan isə Azərbaycanın qələbəsinə sevinməyən
bəzi qüvvələr
tarixi zəfərimizə
kölgə salmaq üçün yararlanmağa
cəhdlər edir və bu bəndin
icra olunacağına şübhə ilə yanaşırdılar. Amma
zaman əksini göstərdi...
Laçının azadlığa qovuşması
ilə işğaldan
azad olunmuş ərazilərə Azərbaycanın
nəzarəti tamamlandı
və sonuncu rayon mərkəzinə də nəzarət bərpa edildi. Laçın rayonu bütövlükdə
əsl sahiblərinə
qovuşdu. Və Azərbaycan
beynəlxalq hüququn
prinsipləri əsasında
öz ərazisində
suveren hüquqlarını
təmin etdi. Zaman, tarix və şahidi
olduğumuz faktlar sübut edir ki, Ali Baş Komandanımızın xalqa
verdiyi bütün vədlər kimi, laçınlıların öz
ata-baba yurdlarına qaytarılacağı barədə
dedikləri də artıq günün reallığına çevrilmişdir.
Doğma və əzəli yurdumuz Laçının
Azərbaycana bütövlüklə
təhvil verilməsi və ətraf kəndlərin boşaldılması
müzəffər Ali Baş
Komandan İlham Əliyevin yüksək qətiyyəti və prinsipiallığı, rəşadətli
ordumuzun hünəri sayəsində mümkün
olmuşdur. Qalib Azərbaycan bu
gün işğaldan
azad edilmiş ərazilərə Böyük
Qayıdışı vaxtında
və layiqli şəkildə təmin
etmək üçün
inamlı addımlar atır. Aparılan abadlıq-quruculuq işləri, yaradılan infrastruktur, dini-tarixi abidələrimizin təmir
və bərpası, yeni binaların, beynəlxalq hava limanlarının tikintisi,
həqiqətən də
bu ərazilərdə
irimiqyaslı layihələrin
icrasına start verildiyini
təsdiqləmiş olur.
Dövlət başçısının hər dəfə bu ərazilərə səfəri çərçivəsində
görülən işlərlə
tanışlıq, eləcə
də bu ərazilərin dirçəldilməsi
məqsədilə yeni
obyektlərin təməlinin
qoyulması bu ərazilərdə qaynar həyatın tezliklə bərqərar olacağına
əminlik yaradır.
Azərbaycanın dilbər guşələrindən
və zəngin təbii ehtiyatlara malik rayonlarından olan Laçının Ermənistan tərəfindən
işğalı Azərbaycan
iqtisadiyyatına ciddi ziyan vurdu. Bundan başqa,
işğal nəticəsində
rayonda 54 dünya,
200-dən çox yerli
əhəmiyyətli tarixi
abidə vandalizmə məruz qaldı. VI əsrə aid Alban Ağoğlan
məbədi, XIV əsrə
aid Məlik Əjdər
türbəsi, Qaraqışlaq
kəndində məscid,
Zabux kəndində
qədim qəbiristanlıq
bunların sırasındadır.
Laçın Tarix Muzeyi və onun qızıl,
gümüş və
tunc sikkələrdən
ibarət qədim kolleksiyası talan edilib.
Bu gün işğaldan
azad edilmiş ərazilərimizdə yeni
ab-hava var. Mənfur düşmənin əsarətindən
xilas olan bütün yurd yerlərimizə yenidən
həyat verilir. Düşmən üzərindəki tarixi qələbəmizdən sonra
ölkə başçısı
dəfələrlə işğaldan
azad edilmiş ərazilərə səfərlər
edərək bildirmişir
ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə
hər səfəri isə tarixi hadisədir. İndi həmin
ərazilərdə tikinti-abadlıq,
yenidənqurma işləri
geniş vüsət alıb.
İşğaldan azad olunmuş torpaqlarımızda həyata
keçirilən mühüm
layihələrdən biri
də inşa edilən beynəlxalq hava limanlarıdır. Qarabağın hava qapısı hesab olunan Füzuli
beynəlxalq aeroportundan
sonra Laçında aeroportunun tikilməsi ümumilikdə bölgənin
sosial-iqtisadi inkişafına
təkan verərək
turizm potensialının
artırılmasına da
geniş imkanlar açacaq. Laçın hava limanının
inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq
işlərinin miqyasını
göstərir. Olduqca mühüm
strateji əhəmiyyətə
malik olan Laçın aeroportu logistik mərkəzlərin
yaradılmasına da töhfə verəcək.
Sovet dövründə bu ərazidə hava limanının tikilməsi
mümkün olmasa da, bu gün
müstəqil Azərbaycan
bunu öz gücü hesabına həyata keçirir.
Bu, ölkəmizin həm texniki və maliyyə imkanlarının, həm də bu layihəni
reallaşdırmaq üçün
Prezident İlham Əliyevin güclü siyasi iradəsinin sübutudur.
Prezident İlham Əliyevin siyasi qətiyyəti, uzaqgörənliyi, diplomatik
bacarığı ilə
Laçın şəhəri,
Zabux və Sus kəndlərinin sakinləri doğma yurd-yuvalarına qovuşdular. Bu gün təkcə laçınlılar deyil,
bütün Azərbaycan
xalqı sevinc, fərəh içindədir.
Çünki Qarabağımızın əsrarəngiz guşəsi
olan Laçın uzun illərin həsrətindən sonra doğma övladlarını
qarşılayır. Laçınlılar tezliklə burada yenidən qurub-yaradacaq, xoşbəxt, firavan ömür sürəcəklər.
Müşfiq MİRZƏ
Respublika.- 2022.- 30 avqust.- S. 4.