V İSLAM
HƏMRƏYLİYİ OYUNLARI BİRLİYƏ VƏ
QARDAŞLIĞA MÜHÜM TÖHFƏLƏR VERDİ
Qədim Konyada keçirilən bu
oyunlar müsəlman ölkələri arasında yüksək
dəyərlərə əsaslanan dostluq münasibətlərini
təcəssüm etdirən və möhkəmləndirən
bayram kimi yadda qaldı
Bu dəfə bu Oyunlar Bakıdan
sonra Konyada keçirilir, qardaş ölkədə
keçirilir... Əlbəttə, biz çox şadıq ki,
bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm
ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi
bayramı kimi yadda qalacaq.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
Sürətlə qloballaşan dünyamızda yeni beynəlxalq
sistemin formalaşması prosesi inkarolunmaz həqiqətə
çevrilib.
Hazırda dünyadakı anarxiya və xaosun
aradan qaldırılmasında "ədalət və bərabərlik"
anlayışları alternativsiz
çağırışdır. Belə
bir vəziyyətdə Türk-İslam ictimaiyyətinin
qarşısında da həmrəylik kimi ağır və məsuliyyətli
missiya dayanır. Bəli, İslama qarşı
ayrı-seçkilik, İslam dəyərlərini, dini
çağırışların bir sıra hallarda məqsədli
şəkildə gözdən salmaq cəhdlərinin
qarşısının alınmasının yeganə yolu var:
İslam həmrəyliyi, qarşılıqlı inam və
ehtiram.
Qardaş Türkiyə V İslam Həmrəyliyi
Oyunlarını yüksək səviyyədə təşkil
etdi. Həzrət Mövlanə şəhəri olan
Konyada keçirilmiş bu oyunlar əsl idman bayramına
çevrildi. Türkiyə həm öz adına,
həm də dinimiz İslam adına layiq şəkildə
evsahibliyi etdi. Avqustun 9-da Türkiyənin bu qədim
şəhərində V İslam Həmrəyliyi
Oyunlarının möhtəşəm açılış
mərasimi keçirildi. Azərbaycan
Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın açılış mərasimində
iştirakları qardaş Türkiyədə böyük rəğbətlə
qarşılanıb. İslamiadada
iştirak edən ölkələrin komandalarının
paradında Azərbaycan idmançılarının stadiona
daxil olması və keçidi böyük coşqu, məhəbbətlə
qarşılandı. Bu,
qardaşlığın təntənəsinin nümayişi
idi.
Beşinci
İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli
olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək
davam etmiş V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən
4 mindən çox atlet idmanın 24 növü üzrə
483 dəst medal uğrunda mübarizə apardı.
Qardaş
ölkənin evsahibliyi ilə keçirilmiş V İslam Həmrəyliyi
Oyunları barış və sülh dini olan İslam
dünyasında həmrəyliyə misilsiz töhfələr
verdi. Hamımız Konyada
beynəlxalq standartlara uyğun idman infrastrukturunun
qurulduğunun şahidi olduq. Azərbaycan təcrübəsindən
çıxış edərək deməliyik ki, İslamiada
üçün yaradılan idman infrastrukturu sonrakı illərdə
bütövlükdə ölkənin həm maddi, həm də
mənəvi qazancına çevrilir. Yarışlarda
iştirak edən bütün idmançıların təəssüratları
yüksək səviyyədə idi. Bir-birindən
maraqlı və həyəcanlı yarışlar
keçirildi. Xatırladaq ki, Azərbaycanı
İslamiadada 281 idmançı təmsil edib. Onlar
ağır atletika, atıcılıq, atletika, basketbol 3x3
(qadınlar və kişilər), cüdo, futbol, güləş,
gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və
kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma,
para-oxatma, para-atletika, para-üzgüçülük,
stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və
kişilər) və üzgüçülük
yarışlarında güclərini sınayıblar. Azərbaycan idmançıları V İslam Həmrəyliyi
Oyunlarını 99 medalla 4-cü sırada başa vurub. Medallardan 29-u qızıl, 36-sı gümüş,
34-ü isə bürüncdür.
Qeyd etmək lazımdır ki, idman dünyada ən
geniş yayılan mədəniyyət nümunəsidir. İdman, ilk
növbədə, fiziki və mənəvi sağlamlıq deməkdir.
Tarixin bütün dövrlərində əcdadlarımız
öz övladlarını sağlam, cüssəli, cəsur,
qorxmaz, mətin görmək istəyiblər. Adından da göründüyü kimi, bu Oyunlar
ümmətimizin həmrəyliyinə xidmət edir. Eyni zamanda, bu Oyunların İslam Əməkdaşlıq
Təşkilatına üzv olan ölkələrin
qeyri-müsəlman idmançıları üçün də
açıq olması millət və ümmət olaraq
humanistliyimizi təcəssüm etdirir. İslam
Həmrəyliyi Oyunları ümumilikdə insanları,
xalqları və ölkələri bir-birinə tanıdan,
yaxınlaşdıran, sevdirən beynəlxalq hərəkatdır.
Yəni, İslam Həmrəyliyi Oyunları
idman diplomatiyası kimi yalnız müsəlman
dünyasını deyil, beynəlxalq həmrəylik
üçün də tarixi missiyadır.
İslam Həmrəyliyi Oyunları dörd ildən bir
keçirilən beynəlxalq idman tədbiridir. Burada İslam
Əməkdaşlıq Təşkilatına üzv olan
ölkələrdən idmançılar iştirak edirlər.
İlk dəfə bu Oyunlara Səudiyyə
Ərəbistanı evsahibliyi etmişdir. İranda
keçirilməsi planlaşdırılan İkinci İslam Həmrəyliyi
Oyunları müəyyən siyasi səbəblərdən təxirə
salınıb. Lakin 3-cü dəfə bu
Oyunlar 2013-cü ildə İndoneziyada yüksək səviyyədə
keçirildi və verilmiş fasilə aradan
qaldırıldı. Prosesin inkişaf
dinamikası pozulmadı. Azərbaycan 2017-ci ildə
Bakıda İslam Həmrəyliyi Oyunlarına böyük
müvəffəqiyyətlə ev sahibliyi
edərək müsəlman dünyasının həmrəyliyi
yolunda fundamental nəticələr qazandı. Dünyanın
aparıcı idman şərhçiləri əminliklə
bildirirlər ki, İslam Həmrəyliyi Oyunlarına
qazandırılan Bakı təcrübəsi həm təşkilatçılıq,
həm də peşəkarlıq baxımından bu
Oyunları sürətlə inkişaf etdirəcək.
Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil
edən idmançılarla görüşü zamanı
dövlət başçısı cənab İlham
Əliyev demişdir: "Beş il bundan əvvəl Bakıda
keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim
komandamız çox gözəl nəticə göstərmişdir,
komanda hesabında birinci olmuşdur. Eyni zamanda,
Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə
təkan vermişdir. Çünki müsəlman
ölkələrinin idmançıları bir müddət
bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar
tapacaqsınız. Çünki bu Oyunlar həm
idman yarışıdır, həm də ki, müsəlman
ölkələri arasındakı birliyi, həmrəyliyi,
dostluğu möhkəmləndirən amildir".
Beləliklə, İslam Həmrəyliyi Oyunları beynəlxalq
səviyyəli mədəniyyət nümunəsi kimi
böyük perspektivə malikdir. Bu Oyunlar, ilk növbədə,
İslam ölkələrində idmanın sevilməsinə,
onun faydalı və perspektivli məşğulluq kimi təşəkkül
tapmasına böyük təsir göstərir. Xatırladaq ki, VI İslam Həmrəyliyi
Oyunları 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə
keçiriləcək.
Keçmiş sovetlər birliyinin 70 ilə yaxın zaman
kəsiyində mövcud olmuş əsassız məhdudiyyətlərə
baxmayaraq, Azərbaycan xalqı böyük əzmlə
İslam dəyərlərini qoruyub saxlaya bilmişdir. Təəssüflə
qeyd etmək lazımdır ki, Azərbaycan dövlət
müstəqilliyini bərpa edəndən sonra o vaxtkı rəhbərliyin
savadsızlığı və
bacarıqsızlığı, eləcə də kənar təsirlərin
gücü nəticəsində ölkəmizdəki
milli-İslam dəyərlərinə müdaxilələr
olmuşdur. Lakin ümummilli lider Heydər
Əliyev 1993-cü ildə xalqın təkidli xahişi ilə
siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycan
xalqının birliyi və həmrəyliyi istiqamətində
uğurlu dövlət strategiyası müəyyənləşdirildi.
Azərbaycanın
mövcud Konstitusiyasına əsasən, din dövlətdən
ayrı olmaqla yanaşı, bütün etnik qruplara və dinlərə
qarşı dövlət qayğısı mövcuddur. Müəyyən edilmiş dövlət
strategiyası bir tərəfdən kənar təsirlərin
qarşısını alır, digər tərəfdən isə
ölkəmizdə yaşayan bütün etnik qrupların və
dinlərin dəyərlərinin qorunmasını təmin
edir. Məhz bu düzgün siyasətin nəticəsidir
ki, 2017-ci il mayın 12-dən 22-dək
Bakıda keçirilən IV İslam Həmrəyliyi
Oyunları Azərbaycan, eləcə də bütün
İslam dünyası üçün mötəbər idman
təntənəsi kimi nüfuz qazandı. "Bakı-2017"
IV İslam Həmrəyliyi Oyunları Xəzərdən
başlayan su səyahəti ilə start götürdü.
Su aydınlıq, xeyir və bərəkət,
həyat mənbəyidir. Elə həmin il,
yəni, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi
İli" elan edilməsi təbii ki, təsadüfi deyildi. Prezident cənab İlham Əliyevin bu barədə Sərəncamında
da qeyd olunduğu kimi, Azərbaycan uzun əsrlərdən bəri
İslam sivilizasiyasının əsas mərkəzlərindən
biri olub.
Qeyd etmək lazımdır ki, Azərbaycanın İslam
aləmində qazandığı nüfuz sayəsində
2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan
şəhərləri "İslam mədəniyyətinin
paytaxtı" elan olunmuşlar. Hər iki şəhər
böyük əzmkarlıq nümayiş etdirərək
göstərilən etimadı doğrultmuşdur.
Avqustun 9-da təkcə dünya idman ictimaiyyətinin
deyil, eləcə də beynəlxalq siyasi elitasının nəzər
və diqqəti yenidən Anadolu torpaqlarına yönəldi. Qeyd etmək lazımdır
ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə
yenidən qardaş ölkədə işgüzar səfərdə
olması, ilk növbədə, dünya mətbuatında Azərbaycan-Türkiyə
müttəfiqliyi ilə bağlı fikirləri yenidən
canlandırdı.
Bir daha xatırladaq ki, budəfəki Oyunların məhz
Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi
olan Konya vilayəti həm də İslam
sivilizasiyasının mühüm məkanlarındandır.
Böyük təsəvvüf şairlərindən
olan Cəlaləddin Ruminin türbəsi zahidlər
üçün ziyarətgahdır. Türk
və İslam dünyalarının ən böyük sufilərindən
olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində
yerləşən muzeyi nadir mədəniyyət mərkəzlərindən
sayılır. Ümumiyyətlə, Konya
müxtəlif mədəniyyətlərin bir araya gəldiyi
harmonik ruha sahibdir. Bu şəhərin səmazərlərinin
ifaları insanı düşündürür, ruhunu sakitləşdirir.
Bu gün
həmçinin beş il əvvəl -
2017-ci il İslam Həmrəyliyi Oyunlarına evsahibliyi
etmiş Azərbaycanın yüksək təşkilatçılığı
ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik
mesajları ünvanlandığını da qeyd etməliyik. Azərbaycan hər zaman olduğu kimi, növbəti
dəfə İslam dünyasına nümunəvi standartlar təqdim
etdi. Konya da Bakı kimi böyük beynəlxalq
təşkilatlara evsahibliyi etmək təcrübəsinə
malikdir. Bu tədbirə evsahibliyi etməklə
qardaş Türkiyə həm də özünün zəngin,
qədim tarixini, mədəniyyətini bütün İslam aləminə
və dünyaya təqdim etdi.
Emin QASIMOV
Respublika.- 2022.- 30 avqust.- S. 5.