Qələbənin
zirvəsi, ədalətin təntənəsi
Şuşanın erməni işğalından azad edilməsindən iki ilə yaxın vaxt keçir. 28 ildən artıq ürəyimizdən daş kimi asılan, kədərli gözlərimizdə yuva quran, erməni işğalı altında inildəyən Şuşa şəhəri rəşadətli Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı sayəsində əsarətdən qurtulub. Müzəffər Azərbaycan ordusu Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də misilsiz bir qələbəyə, tarixi Zəfərə nail oldu. Ürəyimizin, könlümüzün bir parçası, ana təbiətin incisi, tariximizin ayrılmaz bir hissəsi Şuşa şəhəri işğalçılardan azad edildi. Qəhrəman oğullarımızın dağı, daşı, sıldırım qayaları, ucu-bucağı görünməyən meşələri qət edərək qalaya daxil olması, əlbəyaxa döyüşlərlə erməni faşizmini məğlub etməsi düşmənə və onların havadarlarına sarsıdıcı zərbə oldu... Şuşa qədim qala divarları ilə öz xilaskarlarını düşmən güllələrindən, mərmilərdən qorudu, onlara səngər oldu, igid oğullarımıza qucaq açdı. Şuşa Qələbəmizin zirvəsinə çevrildi. Bu tarixi qələbə xalqımızın şərəfini, qürurunu, mənəviyyatını bütün dünyaya nümayiş etdirdi.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il "Şuşa ili" elan edilib. Sərəncamda qeyd olunur ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin bu il 270 illik yubileyi qeyd olunacaq. Adıçəkilən dövlət sənədi həm də Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın inkişafına böyük təkan verəcək. Şuşa işğaldan azad edildikdən sonra şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb, bu qədim mədəniyyət beşiyində mədəni-kütləvi tədbirlərin keçirilməsi bərpa edilib. Ötən ilin yazında Heydər Əliyev Fondunun dəstəyi ilə məşhur Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı, Vaqif poeziya günləri, VIII muğam müsabiqəsinin final yarışması və digər beynəlxalq tədbirlər düşmənin Şuşaya vurduğu yaralara bir məlhəm olur, Şuşanın tarixi ruhunu özünə qaytarır.
İşğaldan azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır, uzun illər ağır sükuta bürünmüş torpaqlarımız yenidən cana gəlir, burada quruculuq işləri geniş vüsət alır. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Bütün bunlar bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən önəmli məsələdir. Düşmən əsarətindən qurtulan Şuşaya da yeni ruh, yeni nəfəs gəlib, qədim şəhərin əvvəlki ahəngi özünə qayıdır, torpağı, daşı sevinir, başı göylərə dəyən minarələrdən ucalan azan səsi bütün Qarabağa yayılır.
Min illərin sınağından çıxan bir həqiqət var ki, Şuşa həmişə yadellilərin hücumlarına məruz qalıb. Tarixin sərt sınaqlarından keçən Şuşanın işğalı xəyanət nəticəsində baş verdi. 1992-ci il may ayının 8-də sapı özümüzdən olan namərdlərin, şərəfsizlərin, düşmənə nökərçilik edənlərin xəyanəti Şuşanın qəlbinə dağ bassa da, bu qədim şəhər yıxılmadı, sınmadı, düşmən qarşısında əyilmədi. Qalib Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, işğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik.
Məkanı cənnət olan şəhidlərimizin qanı hesabına azadlığına qovuşmuş bu şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin məkanına çevrilir. Bu gün Şuşaya gələn insanlar 28 il ərzində törədilən erməni vandalizminin vəhşi izləri ilə yanaşı, Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin də şahidi olurlar. Qeyd edək ki, Şuşada mühüm infrastruktur layihələri sürətlə və keyfiyyətlə həyata keçirilir. Təsdiq edilmiş plan əsasında heç kimdən, heç bir dövlətdən bir manat almadan həyata keçirilən quruculuq işləri əvvəlcə, həyat əhəmiyyətli sahələrdən başlayıb. İlk növbədə, Şuşaya yol çəkildi, sonra şəhərin enerji təsərrüfatı quruldu, eyni zamanda, şəhərə suyun verilməsi təmin edildi. Uzunluğu 101 kilometr olan "Zəfər yolu" Şuşanı azad edən qəhrəman oğullarımızın cəsarətlə düşmən üzərinə getdiyi cığırların, sıx meşəliklərin, yarğanların yerində salındı. Hazırda Şuşa şəhərinə gedən ikinci yolun, Əhmədbəyli-Füzuli-Şuşa yolunun inşası davam etdirilir.
Şəhərin davamlı enerji ilə təmin edilməsi üçün qısa vaxtda 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyası istifadəyə verildi, "Şükürbəyli" yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkildi. Şəhəri müasir elektrik şəbəkəsi ilə təmin etmək üçün hazırlanan plana əsasən 35/04 kVt-luq 6 elektrik yarımstansiyası inşa olunacaq. Onlardan bir nömrəli transformator məntəqəsi, həmçinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Tezliklə digər 3 yarımstansiyanın da tikintisinə başlanacaq. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi də təmin edilib. Bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Şuşa şəhərində 800 və 1000 kubmetrlik anbarlar tikilib, Kirs-Şuşa magistral su kəmərinin 6 kilometrlik hissəsi polad borularla yenidən qurulub, iki ədəd anbarın tikintisi isə nəzərdə tutulub. Şuşa şəhərinin dayanıqlı və fasiləsiz su təchizatını təmin etmək məqsədilə alternativ mənbəyin yaradılmasına qərar verilib. Daşaltı kəndi yaxınlığında Zarıslı çayının yatağında bir bəndin, nasos stansiyasının və oradan Şuşa şəhərinədək 2, 6 kilometrlik daşıyıcı xəttin tikintisinə başlanılıb. Bu layihənin icrası Şuşa şəhərinin ilboyu fasiləsiz su ilə təmin edilməsinə imkan verəcək. Şəhərin bərpası işləri çərçivəsində şəhərdaxili su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, çirkab suların təmizlənməsi üçün qurğunun tikintisi də nəzərdə tutulub.
Şuşa qədim tariximizin, mədəniyyətimizin yadigarıdır, təbiətin zümrüd tacıdır, musiqi beşiyidir. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun aparılır. Prezident İlham Əliyev bildirib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəldilməsi hamımızın işidir və əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz.
İlk olaraq Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri əvvəlki yerlərinə - Şuşa şəhər mərkəzi meydanına qaytarılıb. "Xan qızı" bulağı bərpa edilib. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Qala divarlarında bərpa işləri aparılıb. Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb. Hazırda Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində, Şirin su hamamında, məşhur tarzən Sadıqcanın evində bərpa işləri aparılır.
Şuşa həm də turizm məkanına çevriləcək, dağ havası, bal kimi suyu, təbii gözəllikləri, tarixi yerləri, qədim məhəllələri turistlərin axınına səbəb olacaq. Burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir. Artıq Şuşada "Xarıbülbül" otelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, eləcə də "Qarabağ" otelinin yenidənqurmadan sonra açılışı olub. Hazırda şəhərdə yeni beşulduzlu otelin inşası davam etdirilir. Bundan başqa, şəhərdə "Shusha Boutique Hotel" də fəaliyyət göstərəcək. Eyni zamanda, şəhər meriyasının binası əsaslı şəkildə təmir edilir və onun yanında yeni konfrans zalı inşa olunur. Prezident İlham Əliyev tərəfindən Şuşada yaşayış məhəlləsinin, yeni teleqüllənin, yeni məscidin və Daşaltı məscidinin təməli qoyulub. Hazırda 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Keçmiş poçt binası memarlıq elementlərinə uyğun əsaslı şəkildə təmir olunacaq və burada "ASAN xidmət", "DOST" mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək.
Şuşa yaradanın yer üzünə bir ərmağanıdır, Azərbaycan musiqisinin, adət-ənənəsinin, tariximizin, mədəniyyətimizin paytaxtıdır, əsrarəngiz, füsunkar gözəlliyi ilə hər kəsi heyran edir. Hər daşı özü boyda bir tarixdir, salnamədir, təbii muzeydir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Şuşa haqqında dediyi sözlər yaddaşımıza əbədi yazılıb. Ulu öndər deyib: - "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibi olublar və Qarabağda Azərbaycan torpağının qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur".
Ata vəsiyyətini şərəflə yerinə yetirən, qardaş Türkiyədə Qarabağın Fatehi adına layiq görülən, Qazaxıstan dövlətinin "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilən, siyasi və iqtisadi müstəvidə Azərbaycanı söz sahibinə çevirən dövlət başçısı cənab İlham Əliyev Şuşada olarkən demişdir ki, insan buradan getmək istəmir. Bu sözlər şanlı Qələbəmizin şərəfini və dəyərini əks etdirir.
Salman ALIOĞLU
Respublika.- 2022.- 30 avqust.- S. 7.