Regionda sülh strateji layihələrin icrasını sürətləndirəcək

 

Bu gün Azərbaycan Qafqazda sülh və əməkdaşlıq erasını təşviq edir. Sülh, sabitlik, əmin-amanlığın bərqərar olmasına mühüm töhfələr verən ölkəmiz təkcə regionda deyil, bütün dünya ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fəal iştirak edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistana 5 təməl prinsipi əsasında sülh təklifi Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasına, bunun fonunda isə regionda strateji layihələrin reallaşmasına təkan verəcək.

Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, bir-birlərinə qarşı ərazi iddiaları etməməsi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəlik götürməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinə uyğun olmayan hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin və digər müvafiq kommunikasiyaların qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması Azərbaycanın təklif etdiyi sülh gündəliyinin əsasını təşkil edir. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə bu il mayın 22-də Belçika Krallığının paytaxtı Brüsseldə üçüncü dəfə keçirilən görüşdə əsas diqqət regiondakı vəziyyətə yönəlmiş və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətlərarası sərhəddə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclasının baş tutacağını və bölgədə sülhün, əmin-amanlığın təmin olunması yollarının müzakirə ediləcəyini diqqətə çatdırmışdır.

Bütün bu reallıqların qəbul olunması ilə bağlı məsələləri özündə ehtiva edən, ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında hazırlanan sülh sənədinin imzalanması Cənubi Qafqazda fəal əməkdaşlığı və inteqrasiyasını sürətləndirməklə yanaşı, həm də Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək. Belə ki, sülh müqaviləsinin əsası olan Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması bütün region ölkələri üçün geniş imkanlar yaradacaq. Bu barədə ölkə başçımız BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı demişdir ki, "sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır".

Bütövlükdə Qafqazın sülhinkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçünböyük əhəmiyyət kəsb edəcək. Elə Ermənistan üçün də. Bu yol bütövlükdə regionun siyasi, iqtisadi mənzərəsini dəyişəcək, regionda inteqrasiyanı təmin edəcək və iqtisadi baxımdan bu yoldan istifadə edən bütün tərəflərə real əlavə dividendlər gətirəcək. Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsində mühüm yeniliklər yaradacaq. Həm regional, həm də beynəlxalq əhəmiyyəti olan Zəngəzur dəhlizinin reallaşması regionda nəqliyyat şəbəkələrini genişləndirməklə bərabər, həm də ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq.

Cənubi Qafqazda əməkdaşlığın, sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasını dəstəkləyən və daim bu təşəbbüslərlə çıxış edən Azərbaycan Zəngəzur dəhlizini açmaqla Avropa İttifaqı, region dövlətləri və bölgədə maraqları olan başqa dövlətlər üçün də etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Çünki Zəngəzur dəhlizi regionda təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin açılması həm də Azərbaycanın strateji təhlükəsizliyi baxımından maraqlarının təmin olunması istiqamətində atılan mühüm addımdır. Zəngəzur dəhlizi Qərbdən Şərqə uzanacaq ticarət yolu olacaq. Bu gün Azərbaycan ölkəmizin qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Belə ki, bu ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasının milli bayramı münasibətilə Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı məktubda deyilir: "Torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan müharibə səhifəsini çevirmək, Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq istəyindədir. Beynəlxalq hüquqa söykənərək tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə Fransanın dəyərli töhfə verə biləcəyinə inanırıq".

Bu il may ayının 24-də isə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə baş tutmuş görüşün davamı olaraq Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin avqust ayının 30-da Moskvada keçiriləcək görüşü bu istiqamətdə atılan növbəti addım olacaq.

Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün regionda yeni nəqliyyat imkanlarının yaradılmasında strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcəkdir.

Bu gün Azərbaycan strateji əhəmiyyətli dövlətlərdən birinə çevrilib. Sülh müqaviləsinin imzalanması ilə açılacaq Zəngəzur dəhlizi strateji layihələrin icrasına təkan verəcək. Ölkə başçısı İlham Əliyevin dediyi kimi: "Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq".

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2022.- 30 avqust.- S. 7.