İnsanlar “Nurnaftalan" sanatoriyasında
şəfa tapır
Azərbaycanın dünya əhəmiyyətli
unikal müalicə ocaqlarının sayı yetərincədir. Çox illər öncə
uzaq ellərdən insanlar ölkəmizin min bir dərdin dərmanı olan loğman təbiətli məkanlarına səfər
etmiş, haqlı olaraq ölkəmizi dünyanın zəngin bir diyar olduğunu
vurğulamışlar. "Naftalan" sanatoriyasının
şöhrəti isə
bütün dünyaya
yayılmışdır. Avropadan, Orta Asiyadan, Rusiya Federasiyasından, Kanadadan,
İsraildən, Pribaltika
ölkələrindən Naftalanın
sorağı ilə Azərbaycana üz tutanların sayı durmadan artır, Naftalan neftinin müalicəvi əhəmiyyəti
dillərdə gəzir.
Son illərdə Naftalanın
görkəmi tam dəyişmiş,
müalicə ocaqları
demək olar ki, dünya standartları səviyyəsində
qurulmuşdur. İnsanların sağlamlığının qorunub saxlanılması üçün 2022-ci ilin
aprel ayında Naftalan şəhərinin
mərkəzində, "Sehrli
Naftalan" sanatoriyası
ilə üzbəüz
müasir tipli, üçmərtəbəli, ikikorpuslu,
"Nurnaftalan" sanatoriyası
istifadəyə verilmişdir.
Burada müalicə, insanlara xidmət yüksək səviyyədə təşkil
olunmuşdur.
Biz sanatoriyanın füsunkar
bir guşəsində
müalicə ocağının
direktoru Nazim Mustafayevlə söhbət
etdik. İlk öncə o, Naftalanın
tarixinə nəzər
saldı. Bildirdi ki,
bir vaxtlar Naftalan nefti karvanlar vasitəsilə Kiyevə, Rusiyaya, Mərkəzi Asiyaya, Əfqanıstan, Hindistan və İran körfəzi ölkələrinə
aparılırdı. Hətta dahi
Azərbaycan şairi Nizami Gəncəvinin poemalarında "Dağ yağı" adlanan Naftalan neftinin dəvə karvanları ilə ölkələrə
aparılması haqda məlumatlar da vardır. Orta əsrlərin səyyahı
Marko Polonun əsərlərində
dəri xəstəliklərinə
kömək edən
"sehrli maz" haqqında da söhbət açılıb.
1887-ci ildə alman mühəndisi Yeger indiki Naftalan
ərazisində torpaq
sahələri alır,
burada xüsusi bina tikdirərək ilk dəfə pullu Naftalan vannası təşkil edir və Naftalan mazının istehsalına
başlayır. 1894-cü
ildə Azərbaycanda
Naftalan-terapiya haqqında
mətbuatda yazılar
dərc edilmişdi.
Rus-yapon müharibəsi dövründə
yapon əsgərlərinin
tibbi yardım çantasında Naftalan məlhəmi olan kiçik qablar olmuşdur. Qabların üzərində qısa və ümidverici bir yazı "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın"
yazılmışdır. Naftalan nefti haqqında 2700 elmi əsər yazılmış, 270 doktorluq
və namizədlik dissertasiyası müdafiə
olunmuşdur.
1929-cu ildən başlayaraq
Naftalan yatağı ərazisində ixtisaslaşdırılmış
Naftalan kurortu fəaliyyətə başlamışdır. Burada SSRİ-nin bütün guşələrindən dayaq
hərəkət aparatı
xəstəliklərindən, nevroloji, dəri, ginekoloji, uroloji xəstəliklərdən əziyyət
çəkən insanlar
müalicə olunurdular.
Adı dillərdə
dastana çevrilən,
min bir dərdə dərman olan Naftalan kurortu Azərbaycanın ikinci böyük şəhəri
olan qədim Gəncə şəhərindən
50 kilometr məsafədə
ekoloji təmiz bir məkanda yerləşir.
"Nurnaftalan" sanatoriyasının
baş həkimi İntizar Bəxşəliyev
isə söhbətimizi
davam etdirərək bildirdi ki, hər
ay sanatoriyaya 350-400 nəfər
insan müalicəyə
gəlir. Naftalan nefti dəridən
hoparaq kapilyar qan axınına təsir göstərir, kiçik damarlarda qan dövranını genişləndirir, qanın
laxtalanmasını azaldır,
fermentativ proseslərin
aktivliyini yüksəldir,
orqanizmin bütün funksiyalarını stimullaşdırır
və mikroblara qarşı güclü təsir qüvvəsinə
malikdir. Prezident cənab
İlham Əliyevin göstərişi ilə
həyata keçirilən
Dövlət proqramları
sayəsində Naftalan
şəhəri turizm
sektorunda ön sıralara yüksəlib.
Şəhər iqtisadiyyatının əsasını sanatoriya-kurort
infrastrukturu təşkil
edir.
Naftalan nefti şirəyəbənzər konstruksiyalı
qara-qonur rəngli özünəməxsus ətirli
qara kütlədir. Tərkibini
50-55 faiz neft karbohidrogenləri, 10-15 faiz
aromatik karbohidrogenlər,
10-12 faiz mikroelementlər
(bor, yod, brom, sink, litium və s.), 14-15 faiz qətran maddələr,
0,5-3 faiz naften turşuları təşkil edir.
Naftalanın tərkibində əsas təsiredici maddə naften karbohidrogenləridir.
Maddələr orqanizmdə olan
bioloji aktiv maddələrin əsasını
təşkil edir.
Naftalan vannaları
selsi üzrə 37-38 dərəcə temperaturda
qəbul edilir. Müalicə kursu həftəyə 5 vanna, 2 həftəyə
9-10 vannadan ibarətdir.
Naftalan vannasının yüksək
temperaturu dəri reseptorlarını qıcıqlandırır,
neftin karbohidrogenləri
dəriyə nüfuz
edir. Dəridən qana nüfuz
edərək Naftalan karbohidrogenləri ilə birləşir və qanda sirkulyasiya edilərək hüceyrə
və toxuma səviyyəsində müalicəyə
təsir göstərir.
Bir neçə
ay əvvəl istifadəyə
verilən "Nurnaftalan"
sanatoriyasında xəstələr
gün ərzində
3 dəfə keyfiyyətli
yeməklə təmin
olunur, qida rejiminə ciddi riayət edilir. Vaxtaşırı konsertlər, gəzintilər
təşkil olunur.
Sanatoriyaya Ukrayna, Orta Asiya, İran və digər ölkələrdən müalicəyə
gəlmiş qonaqlarla
da tanış
olduq. İlk müsahibimiz Tatyana Tumaşenka Ukraynanın Çerniqov vilayətindən
gəlmişdi. O, ürək
sözlərini belə
ifadə etdi:
- Naftalana milliyyətcə azərbaycanlı olan həyat yoldaşım və oğlum Ruslanla gəlmişəm.
Belə bir şəraitin yaradılmasına görə
dərin minnətdarlığımızı
bildiririk. Müalicəmizə,
Naftalana söz ola bilməz.
Anara İentırbayeva (Qazaxıstanın
Nursultan şəhərindən
iş adamı):
- Vətən müharibəsində
Azərbaycanın tarixi
qələbəsi, Qarabağ
torpağının işğaldan
azad edilməsi məndə xoş ovqat yaratdı, bu il müalicə üçün
qardaş Azərbaycanı,
sehrli Naftalanı seçdim. Ümidvaram ki, oynaq ağrılarıma Naftalan
nefti son qoyacaq, ağrılarımla vidalaşacağam.
Gözəl Tursunova (Özbəkistanın
Daşkənd şəhər
sakini):
- Uzun illər idi ki, oynaq
xəstəliyindən əziyyət
çəkirdim. İnternet vasitəsilə
öyrəndim ki, Naftalan kurortuna getmək daha məqsədəuyğundur. Artıq bir neçə gündür ki, Naftalanın yeni istifadəyə verilən
sanatoriyasındayam. Sevinirəm ki,
türk xalqları bir-birinə doğma və qardaşdırlar.
Bunu qısa müddətdə hiss etdim.
Onu da deyim ki,
Azərbaycan milli mahnıları məndə
xoş ovqat yaradır. Növbəti illərdə də
mütləq Naftalan sanatoriyasına gələcəyəm.
Biz "Nurnaftalan" sanatoriyasında
Qobustan rayonundan olan müəllim Aygün Eyvazova, Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi
Almaz Heydərova, polkovnik Qaçay Aslanov, Bakı Slavyan Universitetinin müəllimi, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Sevil Hümmətova və başqaları ilə söhbət edərkən onlar da sanatoriyanın xidmətindən razılıqla
danışdılar.
Sağlamlığınızı qorumaq, xüsusilə oynaq və dayaq hərəkət
sistemində dəri xəstəliklərinə əlvida
demək istəyirsinizsə
"qara qızıl"
çeşməsi Naftalana
üz tutun, ömrünüzə ömür
calayın...
Qədir ASLAN
Respublika.- 2022.- 30 avqust.- S. 10.