MİNİATÜR
SƏNƏT USTASI
Çini
qabların üzərində miniatür sənətinin tarixi
çox qədimdir. Şərq və Qərb ölkələrində
müxtəlif adlarla yayılsa da, sonralar farfor qablara çini
adı verilmiş və çini üzərində
miniatür sənətin inkişaf dövrü
başlamışdır.
Gəncə şəhəri ölkəmizdə çini və saxsı qablar istehsalının əsas mərkəzlərindən biri kimi inkişaf etmişdir. Şəhərdə Çini Qablar Zavodunun fəaliyyətə başlaması çini istehsalına yüksək vüsət verməklə yanaşı, sənətkarlar nəslinin yetişməsində çox mühüm rol oynayıb.
Həmin dövrdə yetişən, çini üzərində bədii sənət nümunələri yaradan, yaradıcı qabiliyyəti ilə qədim sənətə öz sanballı töhfələrini verən sənətkarlardan biri də Rasim Hüseynovdur.
...Gəncənin qədim məhəlləsində darısqal kiçik bir hücrə - yaradıcılıq emalatxanası. Şərait olmadığı üçün əsərlərini qonşu otaqda sərgiləyib. Rəssamın çini üzərində miniatür sənətinin qədim ənənələrini yaradıcılıqla davam etdirməklə hazırladığı və sıra ilə düzülmüş əsərlər sərgi təəssüratı yaradır.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin "Xəmsə"sinin motivləri əsasında bəzədilmiş vaza, Nizami dövrü Şərq mühitinin rəsmi tərənnümü, eləcə də, ney, cəng, çaqanə, rübab, təbil kimi qədim musiqi alətlərinin çini üzərində yüksək sənətkarlıqla təsviri diqqəti cəlb edir. Müxtəlif həcmli dekorativ vazalar, dekorativ qab və boşqablar, piyalələr səliqə ilə sıralanıb. Müxtəlif rəngli çini qablar, keramika üzərində miniatür rəssamlığının ən nəfis və incə nümunələri göz oxşayır.
Güldanlar, kuzələr, piyalələr, bir-birindən gözəl müxtəlif rəngli çini qablar və keramika üzərində miniatür rəssamlığın ən nəfis və incə nümunələrini yaradan rəssam Rasim Hüseynovun əsərləri dünyanın 60-dan artıq ölkəsinin muzeylərini, eləcə də dövlət rəhbərlərinin və siyasi xadimlərin şəxsi kolleksiyalarını bəzəyir. Forma və məzmunca müxtəlif olan sənət nümunələri bir sıra müsabiqələrdə yüksək yerlərə layiq görülüb.
Rəssam çini, keramika, rəssamlıq və miniatür sənətinin sirlərindən söhbət açır, deyir ki, çini üzərində işin məsuliyyəti çox böyükdür. Gərək üzəri bəzədilmiş çini od üzərində "bişirilərkən" texnologiyaya ciddi əməl edəsən. Hərarət nə az, nə də çox ola bilməz, hər iki halda gördüyün iş hədər gedər.
Rasim Hüseynovun sənətə gəlişinin maraqlı tarixçəsi var. 1971-ci ildə Gəncə Çini Qablar Zavodu fəaliyyətə başlayanda işçi qəbulu müsabiqə yolu ilə keçirilirdi. Bu müsabiqəyə qoşuldu, Rasimin çəkdiyi rəsm münsiflər heyətinin diqqətini cəlb etdi və Bədii Şuranın yekdil qərarı ilə zavodun rəngkarlıq sexində naxışçı-rəssam kimi fəaliyyətə başladı.
Zavodda hazırlanan və kütləvi istehsala buraxılan qablar, çay və xörək dəstləri üzərindəki bəzək işləri mütəxəssislərin diqqətini cəlb etdi və 1975-ci ildə zavodun bədii tərtibat laboratoriyasına işə cəlb edildi. Həmin dövrdə Rasimin onlarla işi zavod rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və kütləvi istehsala buraxıldı.
Çini Qablar Zavodu 1993-cü ildə fəaliyyətini dayandırdıqdan sonra da Rasim sevimli sənətindən ayrılmadı. Öz həyətində kiçik emalatxana qurdu və sənətini davam etdirdi. Sərbəst yaradıcılıq fəaliyyəti onun yaradıcılığına yeni vüsət verdi. Yüksək həvəslə sərbəst yaradıcılıq axtarışları ilə məşğul oldu. Gərgin yaradıcılıq işi səmərəli də nəticələr verdi. Rəssam 2005-ci ildə qədim zamanlarda ölkəmizdə geniş vüsət almış, XVIII əsrdə isə tamamilə unudulmuş boz gilin heç bir rəng qatmadan hazırlanma texnologiyasını işləyib hazırladı. Hazırda hansı yaradıcılıq işləri ilə məşğul olduğunu soruşanda dedi ki, çini qablar və keramika üzərində miniatür rəssamlığı ilə yanaşı, həm də bu sənətdə bir sıra yeni fərqli texnologiyaları sınayır. O, əvvəlki ağ çini qablar üzərində aldığı uğurlu nəticəni qara rəngli çinilər üzərində də tətbiq edir. Həmçinin, kobalt məmulatlar üzərində səthi qızılla işlənmiş relyefli işləmələrin əsasını qoyub.
Rasim Hüseynov bu cür sənət yeniliklərinin heç də asan olmadığını qeyd edərək dedi ki, istər müxtəlif texnologiya ilə hazırlanmış çini və gil qablar, istərsə də onların üzərinə çəkilən boyalar iş prosesində sənətkardan xüsusi diqqət, ciddi məsuliyyət və sənətkarlıq tələb edir. Çünki qabların hazırlanması və rəsmin çəkilməsi üçün vacib olan şərtlər qorunmadıqda onlar sobada partlayır, üzərindəki rəng isə yanıb məhv olur.
Yaradıcılığının
başlıca xüsusiyyətlərindən danışan Rasim Hüseynov dedi ki,
yaradıcılıq axtarışlarının ana xəttini, əsas leytmotivini,
mövzu və məzmunu Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir
Nizami Gəncəvinin
yaradıcılığı, əsasən "Xəmsə"
motivləri, şairin
yaşayıb-yaratdığı dövrdə Şərq mühitinin təsviri, eləcə də həmin
dövrün musiqi alətlərinin
təsviri təşkil edir. Onun Nizami Gəncəviyə
və "Xəmsə"nin qəhrəmanlarına həsr etdiyi vazalar öz orijinallığı və səthi bəzəyən
təsvirlərin şux rənglərlə
işlənmiş parlaq görünüşü
diqqəti daha çox
cəlb edir. Həmin əsərlərdə
bədii milli ənənələr müasir yaradıcılıq üslubu
ilə zənginləşdirilmiş, forma
və məzmun vəhdətdə, yüksək
yaradıcılıq qabiliyyəti ilə mükəmməl sənət
səviyyəsinə yüksəlmişdir.
Rəssamın
"Muğam kompozisiyası" 1987-ci ildə Moskvada Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisində gümüş medala layiq
görülmüşdür.
Yaradıcılığı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən Rasim Hüseynovun 15 ədəd yaradıcılıq işi 1988-1990-cı illərdə Bakı Dövlət Milli Musiqi Alətləri Muzeyi və Gəncə Miniatür Mərkəzinin daimi eksponatları sırasına daxil edilmişdir. Bir fakt da qeyd edilməlidir ki, rəssamın 60-dan artıq əsəri xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Əl işləri müxtəlif muzey və sərgiləri bəzən Rasim Hüseynovun yaradıcılığı haqqında görkəmli sənətkarlar qiymətli fikirlər söyləyib, dövri mətbuatda silsilə məqalələr dərc edilib. 2005-ci ildə İran prezidenti Hatəminin ölkəmizə səfəri zamanı Gəncədə olarkən ona rəssamın hazırladığı "Leyli və Məcnun" vazası hədiyyə edilib.
Rəssam 2012-ci ildə "Prezident mükafatı"na layiq görülüb. Artıq bir neçə illərdir ki, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği ilə bağlı bir sıra Avropa ölkələrində təşkil olunan sərgilərə qatılır. Rasim Hüseynov 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Fransa Respublikasında təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri sərgisində ölkəmizi təmsil edib.
2016-2018-ci illərdə Bakıda keçirilən Formula-1 yarışlarında ölkəmizin mədəni irsini sənət əsərləri və yaradıcılığı ilə təmsil etdiyinə görə təşəkkürnamə ilə təltif olunub. Formula-1 yarışlarına sənətkar kimi dəvətindən danışarkən deyir ki, bilavasitə tamaşaçılar arasında işləmək üçün hər cür şərait yaradılmışdı. 120 boşqab üzərində "Xarıbülbül" mövzusunda miniatür rəsmlər işlədim və hazır əsərləri qonaqlara hədiyyə etdik. Boşqablar üzərində həkk olunmuş sənət nümunələri qonaqların dərin marağına səbəb oldu. O günlərdə çox gərgin işlədik, amma əsərlər haqqında, ölkəmizdə sənətkarlığın inkişafı haqqında xarici qonaqlardan eşitdiyimiz səmimi sözlər işin gərginliyini, yorğunluğu unutdurdu, ölkəmizə görə fərəh hissi yaşadıq... Əsərlərini dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirən rəssamın yaradıcılığı haqqında xarici qəzet və jurnallarda çoxsaylı məqalələr dərc olunub.
Rəssam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradılan Ailə Biznesinə Asan Dəstək (ABAD) qurumunun üzvüdür. Deyir ki, bu qurumun çətiri altında bir sənətkar həmrəyliyi yaradılıb. Sənətimi ailə biznesinə çevirmək üçün oğluma da bu sənəti sevdirmişəm, yolumu davam etdirir. ABAD qurum çox xeyirxah niyyətə xidmət edir. Məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta biznes sahibkarlığının inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatının formalaşdırılmasına dəstək verməkdir. Bu qurumla əməkdaşlıq həm yaradıcılıq, həm də maddi imkanlarının təmininə əlverişli şərait yaradır.
Emalatxanada olarkən Rasim Nizami Gəncəvinin "Xəmsə" kompozisiyası üzərində son tamamlama işləri aparırdı. Nizami Gəncəvinin portreti "Xəmsə" mövzusunda beş guşə ilə əhatələnib. Hər bir guşədə də Nizami poemalarının motivləri əsasında çəkilmiş miniatür rəsmlər təsvir olunub.
Heç şübhəsiz, çini üzərində miniatür sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rasim Hüseynovun yeni əsəri də öz səviyyəsi ilə diqqəti cəlb edəcək və ölkəmizin miniatür sənət salnaməsini daha bir əsərlə zənginləşdirəcək...
Vaqif TANRIVERDİYEV
Respublika.-
2022.- 30 avqust.- S. 10.