Bu gün dünyada itkin düşmüş, əsir və ya girov götürülmüş minlərlə insan var

 

Müharibə... Özü ilə bərabər bəlalar, ölüm-itim, qan-qadalar gətirən münaqişələr. Bir tərəfin öz mövqeyini qarşı tərəfə zorla qəbul etdirilməsi zamanı baş verən bu qanlı toqquşmalar,  maddi və mənəvi əziyyətlər, insanların məhv olması ilə müşayiət olunur. Haqlı və haqsız olmasından asılı olmayaraq insan həyatının hədəf alındığı qarşıdurmalar zamanı həmin ölkənin hər bir vətəndaşı xəstəlik, zülm, günahsız insanlar ölümlə üzbəüz qalır. Bəzən illərlə, onillərlə davam edən müharibələrin dəhşətlərini, ağrı-acısını isə günahsız insanlar yaşayır. Bu gün dünyada itkin düşmüş, müharibələrdə həlak olmuş, əsir və ya girov götürülmüş minlərlə insan var.

Hər bir xalqın tarixində qanlı-qadalı günlər olur. Xalqımız da tarix boyu zamanın sərt sınaqlarından keçmiş, müharibələr, qırğınlar, soyqırımları, faciələr yaşamışdır. Yeri-yurdu olmayan, əzəli torpaqlarımıza köçürülüb yerləşdirildikdən sonra xalqımıza qarşı ərazi iddiaları irəli sürən mənfur qonşularımız 200 il ərzində müəyyən mərhələlərdə qanlı hadisələr törətmiş, dinc əhaliyə qarşı amansız, insan adına sığmayan vəhşiliklər etmişlər. "Böyük Ermənistan" ideyasını həyata keçirmək istəyən mənfur erməni millətçiləri 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiyaetnik təmizləmə siyasəti aparmışlar. Hələ XVIII əsrdən bəri çar Rusiyasının dəstəyi ilə tarixi yurd yerlərimizdə erməni dövləti qurmaq məqsədilə Bakıda və ölkənin digər şəhər və rayonlarında ermənilərin məskunlaşdırılması siyasəti yürüdülmüş, iki yüz il ərzində məqsədyönlü şəkildə həyata keçirilmiş bu siyasətin kökündə ermənilərin Azərbaycan xalqının tarixinə, mədəniyyətinə sahib olmaq amili dayanmışdır.  Mərhələ-mərhələ gerçəkləşdirilən siyasətin davamı olaraq isə Ermənistan 1988-ci ildə Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlara başlamış və bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkünə çevrilmiş, minlərlə insan hərbi əməliyyatlar nəticəsində həlak olmuş, itkin düşmüş, əsir və girov götürülmüşdür.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulmuş, müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmamış, əksinə, onlar girov götürülmüş, əksər hallarda sonra  öldürülmüşdür. Çox zaman əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülmüş və işgəncə izlərinin itirilməsi məqsədilə onların meyitləri belə Azərbaycan tərəfinə qaytarılmamışdır.

Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi olan Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.

Dağıntılara, faciələrə səbəb olan müharibələrin ölüm-itimlə nəticələnməsi bir reallıq kimi qəbul olunur. Lakin bu qanlı hadisələrin, həmçinin diktatura rejimlərinin səbəb olduğu ağrı-acılardan biri də insanların zorla qaçırılması və ya itkin düşməsidir. Sağ qalıb-qalmaması bilinməyən sayı yüz minlərlə, bəlkə də milyonlarla olan insanlar...

 30 Avqust - Beynəlxalq İtkin Düşənlər Günüya Beynəlxalq İtkinlər Günüdür. BMT Baş Assambleyasının Qətnaməsi əsasında 2010-cu ildən qeyd edilən bu günün əsas məqsədi dünyada minlərlə itkin düşmüş, müharibə meydanında həlak olmuş naməlum şəxslərin, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli şəkildə öldürülmüş, yaşamaq, azadlıq kimi təbii hüquqları, ümumilikdə insan hüquqları pozulmuş şəxslərin xatirəsini yad etməkdən, eyni zamanda itkinlərin taleyi haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

Bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirir, dünyanın hər yerində itkin düşmüş insanların acı və faciəli taleyinə ehtiram göstərir və onların illərlə gözü yolda qalan doğmalarına təsəlli üçün dəstək olurlar. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüşya işğal edilmiş ərazilərdə qalmışdır. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 54 nəfəri Ermənistan tərəfində saxlanıldıqları vaxt sağ ikən onlarla müxtəlif vaxtlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri görüş keçirmiş, sonradan onlardan 17-nin meyiti təhvil verilmiş, 33-nün ölümü barədə məlumat verilsə də, onların meyitləri qaytarılmamış, 4-ü barədə isə ümumiyyətlə heç bir məlumat almaq mümkün olmamışdır. Birinci Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib. Şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib. Hazırda Vətən müharibəsində itkin düşmüş 6 Azərbaycan hərbçisinin axtarışı davam etdirilir.

İşğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin, işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərində tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülmüşdür.

Bu gün insan hüquq və azadlıqlarının ən ali səviyyədə qorunduğu, əhalinin sağlamlığına xüsusi həssaslıqla yanaşıldığı ölkəmizdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı yaranmış humanitar böhranın nəticələrinin aradan qaldırılması məqsədilə 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmışdır. Yarandığı vaxtdan etibarən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq edən Dövlət Komissiyasının fəaliyyətində Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən həyata keçirilən soyqırımı siyasətinin dünya ictimaiyyətinə çatdırılması, törədilmiş təcavüz nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, münaqişə bölgələrində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların axtarılması işinin səmərəliliyinin artırılması, bu sahədə dövlət orqanları ilə ictimai və beynəlxalq təşkilatların fəaliyyətinin əlaqələndirilməsi əsas istiqamət olaraq müəyyənləşdirilmişdir. Bununla yanaşı, Komissiya Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatlar toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir, əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi, əsirlikdən və girovluqdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiyası, Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması və s. istiqamətlərdə mühüm tədbirlər həyata keçirir.

BQXK ilə çoxillik əməkdaşlıqla yanaşı, Dövlət Komissiyası qarşıda duran vəzifələrin həllində yeni imkanlar açacağına ümid edərək cari ilin aprel ayında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndələri ilə əməkdaşlığa dair Protokol imzalamışdır. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan həmçinin, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" qətnamənin əsas təşəbbüskarıdır.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2022.- 31 avqust.- S. 4.