Reallaşan layihələrin əsasında milli maraqlar dayanır
3 Fevral
2004-cü ildə BTC layihəsinin son maliyyələşmə
sənədləri imzalanmışdır
2004-cü il fevral ayının 3-də
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin iştirakı ilə "Gülüstan"
sarayında Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin tikintisinin maliyyələşdirilməsi üçün
layihənin son maliyyələşmə
sənədləri paketini
Azərbaycan, Gürcüstan
və Türkiyə hökumətlərinin, BTC kreditorlar
qrupunun nümayəndələri imzalamışlar.
Tikintisi 2,95 milyard
ABŞ dollarına başa
gələcək boru
kəməri üçün
nəzərdə tutulan
maliyyələşmə paketi
78 müxtəlif tərəfin
17 mindən artıq imzası olan 208 maliyyə sənədindən
ibarət idi. Ümumiyyətlə, boru kəmərinin doldurulması
və tikinti müddətində borcların
faizi də daxil olmaqla, layihənin ümumi dəyəri 3,6 milyard dollar həcmində
qiymətləndirilmişdir.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişləri ilə hakimiyyətə qayıtması
və müdrik siyasi xadimin yürütdüyü daxili
və xarici siyasət nəticəsində ölkəni bürümüş dərin
böhran aradan qalxdı, respublikada ictimai-siyasi sabitlik yarandı. Azərbaycan inkişaf və
tərəqqi yoluna qədəm qoydu. Çıxış yolunu
Qərb şirkətləri
ilə milli maraqlara söykənən
əməkdaşlığın qurulmasında görən
ulu öndər bu istiqamətdə mühüm işlərin
həyata keçirilməsinə
nail oldu. Və yalnız 1994-cü ilin may
ayında xarici ölkə şirkətləri
ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq",
"Günəşli" yataqlarının dərin
sularında yerləşən
hissəsinə aid sazişlə bağlı danışıqlara
başlandı və bu istiqamətdə aparılan danışıqlar
uğurla sona çatdırıldı. Beləliklə, Azərbaycan keçmiş
Sovet məkanında Qərb şirkətləri
ilə iri neft müqaviləsi imzalayan ilk dövlət oldu. Heydər Əliyevin müdrikliyi,
uzaqgörənliyi və
siyasi iradəsi nəticəsində Azərbaycana
böyük həcmdə
investisiyalar cəlb olundu.
1994-cü il sentyabr ayının 20- də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın inkişaf etmiş ölkələrinin 11 tanınmış
neft şirkətləri
arasında "Xəzər
dənizinin Azərbaycan
sektorunda "Azəri",
"Çıraq" yataqlarının
və "Günəşli"
yatağının dərinlikdə
yerləşən hissəsinin
birgə işlənilməsi
və neft hasilatının pay bölgüsü
haqqında" müqavilə
imzalandı. Azərbaycanın gələcəyi üçün böyük
əhəmiyyət kəsb
edən "Əsrin müqaviləsi" adlanan
bu müqavilə həm karbohidrogen ehtiyatlarının həcminə,
həm də qoyulan sərmayələrin
məbləğinə görə
dünyada bağlanan ən böyük sazişlərdən oldu.
"Əsrin müqaviləsi" imzalanandan
sonra bu saziş Milli Məclisdə ratifikasiya edilərək hüquqi qüvvəyə mindi və bununla da Xəzər dənizinin delimitasiyasının
sivil, beynəlxalq normalara, sazişlərə
müvafiq şəkildə
həll olunmasının
təməli qoyuldu. Bunun ardınca Rusiya, Qazaxıstan, Azərbaycan arasında Xəzər
dənizinin delimitasiyasına
dair iki və üçtərəfli
sazişlər imzalandı.
1994-cü ildən başlayaraq, Azərbaycan öz neft-qaz yataqlarının işlənilməsində böyük uğurlar əldə etdi, bu sahəyə milyardlarla dollar investisiya qoyuldu və 1997-ci ildə "Çıraq" yatağından ilk neft hasil olundu. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri istismara verildi ki, bu da Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında əhəmiyyətli rol oynadı.
1995-ci
ildə "Əsrin müqaviləsi"
çərçivəsində
yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkəti fəaliyyətə başladı. Müqaviləyə
əsasən 1997-ci ilin ortalarından
artıq neft hasilatına başlanmalı
və hasil olunan neft dünya bazarına
çıxarılmalı idi. Dövlətlərarası sazişin
bağlanmasından sonra 1997-ci ilin axırlarında
Bakı-Novorossiysk boru kəməri istismara verildi və beləliklə
də, ARDNŞ-nin və ABƏŞ-in istehsal etdiyi neft dünya bazarına ixrac olunmağa
başladı. 1997-ci ildə
müqavilədə müəyyən edilmiş
ərazidən ilk neft
çıxarıldı. Xarici investorlarla
müqavilənin imzalanması ilə ilk karbohidrogen ehtiyatlarının
çıxarılması arasında vaxt
cəmi 3 il çəkdi. 1999-cu ilin aprel ayında Bakı-Tbilisi-Supsa boru kəməri istismara verildi. 7 ay sonra isə 1999-cu ilin noyabr ayında
ATƏT-in İstanbul Sammitində
ABŞ, Türkiyə, Azərbaycan,
Gürcüstan, Qazaxıstan
və Türkmənistan prezidentləri tərəfindən
Bakı-Tbilisi-Ceyhan
(BTC) əsas ixrac neft boru kəmərinin
çəkilməsi haqqında
dövlətlərarası müqavilə imzalandı.
2002-ci il sentyabrın 18-də Bakıda,
Səngəçal terminalında
Azərbaycan, Türkiyə
və Gürcüstan
prezidentlərinin iştirakı
ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
təməli qoyuldu. Bununla da, Azərbaycanda Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsinə
başlanıldı.
2004-cü ildə
Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi
ilə əlaqədar
sənədlərin imzalanması
mərasimində çıxış
edən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
inşası uğurla
aparılır. Demək olar
ki, biz hazırda işlərin səmərəliliyini
görürük. İşlərin, təxminən 50 faizi artıq görülmüşdür.
Əminik ki, yaxın
zamanlarda Bakı-Tbilisi-Ceyhan neft kəməri
istismara veriləcəkdir.
Bu gün isə
bu layihənin maliyyələşməsi istiqamətində
mühüm bir addım atılır.
Beynəlxalq maliyyə qurumları
bu layihəyə öz dəstəyini vermiş olurlar. Dünyanın aparıcı maliyyə
qurumları tərəfindən
verilən bu dəstək həm Bakı-Tbilisi-Ceyhan layihəsi üçün,
həm də gələcəkdə digər
layihələr üçün
də böyük əhəmiyyət kəsb
edir. Bu gün
bizim birgə fəaliyyətimizin, elə
bil ki, son mərhələsidir, son nöqtəsidir.
Bu uğurlar yalnız
bizim hamımızın
vahid komanda kimi fəaliyyət göstərəcəyimiz təqdirdə
mümkün idi.
Bu da baş verdi. Azərbaycan
Dövlət Neft Şirkəti ilə BP şirkətinin rəhbərliyi
və liderliyi nəticəsində bu vahid komanda qarşıda
duran bütün məsələlərə nail oldu. Azərbaycan bütün dünyaya
nümayiş etdirdi ki, burada əməkdaşlıq
öz bariz nəticələrini verir".
Bakı-Tbilisi-Ceyhan
layihəsində iştirak
etmək məqsədilə
"AzBTC Co." törəmə
şirkətini yaradan
Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti BTC layihəsinin
iştirakçıları olan neft şirkətlərinin
konsorsiumu tərəfindən
yaradılmış "BTC Company" şirkətində 25%-lik
paya malikdir. "AzBTC Co." şirkəti
daxil olmaqla, layihənin dəyərinin
30%-lik hissəsi layihənin iştirakçılarının
öz vəsaitləri
hesabına, qalan 70%-lik hissəsi isə beynəlxalq maliyyə institutlarından,
ixrac kredit agentliklərindən və
kommersiya banklarından
cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirilmişdir.
Bu payın maliyyələşdirilməsi
Azərbaycan Respublikası
Dövlət Neft Fondu tərəfindən həyata keçirilmişdir.
BTC layihəsində Azərbaycan
Respublikasının iştirakının
təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə
yetirilməsi, o cümlədən
ölkənin iştirak
payının maliyyələşdirilməsi
ilə bağlı məsələlər "Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin iştirak
payının maliyyələşdirilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
30 iyul 2002-ci il tarixli Fərmanı ilə tənzimlənmişdir.
Bakıda "Gülüstan"
sarayında BTC layihəsinin maliyyələşdirilməsi
ilə bağlı sənədlərin imzalanması
mərasimində iştirak
edən Avropa Yenidənqurma və İnkişaf Bankının
vitse-prezidenti Norin Doyl çıxış edərkən demişdir:
"Biz inanırıq ki,
bu günə qədər ən yaxşı boru kəməri layihəsi kimi qiymətləndirilən
BTC bölgənin iqtisadi
potensialını üzə
çıxaracaq. Biz bu potensialın gerçəkliyə çevrilməsini
təmin etmək üçün BTC layihəsi,
layihə sponsorları
və hökumətlərlə
birlikdə işləmək
əzmindəyik".
Yeddi il sonra - 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində açılış mərasimi keçirilən, XXI əsrin ən böyük enerji layihəsi olan, Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftinin dünya bazarına çıxışını təmin etmək üçün "Əsrin müqaviləsi" çərçivəsində inşa edilən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin 443 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın, 1076 kilometri isə Türkiyənin ərazisindən keçir. Ümumi uzunluğu 1767 kilometr olan kəmərin istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti isə gündə 1 milyon barreldir.
Ölkənin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqlini həyata keçirən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ümummilli lider Heydər Əliyevin neft strategiyasının mühüm tərkib hissəsidir. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin reallaşması bütün region üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftinin dünya bazarlarına nəqlini təhlükəsiz və ən yüksək beynəlxalq standartlara uyğun şəkildə gerçəkləşdirən BTC ölkə iqtisadiyyatının daha sürətlə inkişafına və ölkəmizin karbohidrogenlərin işlənməsi üçün çox önəmli nəqliyyat limanına çevrilməsinə geniş imkanlar yaradır.
"Əsrin müqaviləsi"nin, ilk bəhrəsi olan Bakı-Tbilisi- Ceyhanın doğurduğu əks-səda bu gün dünyanın hər tərəfindən eşidilir. Düşünülmüş, uzaqgörən siyasətin parlaq nəticəsi olan BTC Azərbaycana olan marağı artırmaqla yanaşı, həm də respublikamızın Cənubi Qafqazda lider dövlət kimi tanınmasında mühüm rol oynayır. Müstəqil siyasət yürüdən Azərbaycan gündən-günə inkişaf edir, iqtisadi cəhətdən güclənir. Ölkəmizin iqtisadiyyatına böyük uğurlar gətirən bütün layihələrin reallaşması isə milli maraqlara əsaslanır.
Mehparə ƏLİYEVA
Respublika 2022.-
3 fevral.- S.1;5.