GƏNCƏNİ
YENİLƏŞDİRƏN 18 SƏFƏR
"Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir.
Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə
Azərbaycanın ikinci şəhəridir
və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə
olub. İkincisi, ona görə ki, bir çox layihələr
Gəncə şəhərində icra edilib və bu layihələrin
icrası davam edir.
Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm
də uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə
Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti.
Gəncənin ilk dirçəlişi 70-80-ci illərdə
ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdən
başlamış, o illərdə
Gəncənin güclü
iqtisadi potensialının
təməli qoyulmuşdur. Gəncəlilərin yaddaşında həmin vaxtlar böyük yüksəliş illəri
kimi xatırlanır.
Lakin
SSRİ-nin dağılması
və o vaxtki səriştəsiz rəhbərliyin
laqeydliyindən bu qədim şəhər iflic vəziyyətə düşmüşdür. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı
və dövlət rəhbərinin səfərindən
az bir
müddət sonra, Gəncə yenidən dirçəlməyə başladı.
Ulu Öndər deyirdi: "Gəncə hər bir vətənpərvər
azərbaycanlı üçün
doğma və əzizdir".
Ölkə Prezidenti
cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Gəncənin
sürətli inkişafına
nail olundu. Dövlət başçımızın Gəncəyə hər bir səfəri, şəhərin sosial-iqtisadi
həyatında böyük
rol oynadı. Gəncə simasını dəyişdi,
yeniləşdi və
müasirləşdi. Dövlət başçısı
cənab İlham Əliyev Gəncəyə
növbəti səfəri
zamanı demişdir:
"Mən yenidən
Gəncəyə gəlmişəm.
Bizim görüşlərimiz mütəmadi
xarakter daşıyır.
Mən çox şadam ki, hər dəfə
Gəncəyə gələndə
burada yeniliklər görürəm. Görürəm ki, şəhər abadlaşır, quruculuq işləri gedir və şəhər müasirləşir. Bu məni çox sevindirir. Çünki bizim hamımız
üçün əziz,
doğma şəhərdir.
Azərbaycanın qədim şəhəridir,
ölkəmizin ikinci şəhəridir. Biz hamımız çalışaq
ki, Gəncədə gedən quruculuq, abadlıq işlərinə
öz köməyimizi
göstərək. Hər halda
mən bunu edirəm və çox şadam ki, görülən işlərin çox gözəl nəticələri
də vardır.
İş olan yerdə
həmişə nəticə
də olur".
Gəncənin qədimliyinin, zəngin tarixinin, ənənəvi
memarlıq üslubunun
qorunub saxlanması ən ümdə məsələlərdən olmuşdur. Artıq
ilk tarixi abidələrdən
olan Cavad xan məqbərəsi,
VIII əsrə aid tarixi
memarlıq abidəsi
- xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan "İmamzadə"
kompleksi, XVII əsr Azərbaycan memarlığının
şah əsərlərindən
sayılan Şah Abbas məscidi və ya Gəncə
Cümə məscidi,
Gəncə darvazası
kompozisiyası, Cəmərd
Qəssab türbəsi
və s. bərpa olundu. Gəncənin intensiv inkişafını
təmin edəcək
başlıca amillərdən
olan yeni müəssisələr açılıb.
Beynəlxalq standartlara cavab
verən aeroport inşa olunub, müasir diaqnostika mərkəzləri istifadəyə
verilib, polad istehsal edən nəhəng Gəncə Polad Kompleksi və alüminium istehsal edən DET-AL Alüminium zavodu işə düşüb.
Bütün bunlar ölkə
Prezidentinin qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasətinin
real nəticəsi və
bariz nümunəsidir.
Tam əminliklə deyə
bilərik ki, cəmi bir neçə
il ərzində
intensiv inkişaf edən Gəncə artıq Avropa şəhərləri ilə
müqayisə edilən
bir məkana çevrilib.
Bəli, dövlət başçısı
qədirbilən gəncəlilərə
qürur hissini, sabitliyi, əmin-amanlığı
və sabaha inamı qaytardı. Ölkə Prezidentinin
hər bir səfəri yadda qalmaqla, Gəncənin simasını dəyişdi.
Dünya standartlarına
cavab verən
"Majestic Palace" oteli, möhtəşəm "Gəncə
Mall" Ticarət Mərkəzi,
Azərbaycan Dövlət
Aqrar Universitetinin yeni inşa olunan yataqxana kompleksi, "Grand Qafqaz"
Ticarət Kompleksi, Mirzə Şəfi Vazeh Muzeyi, Əziz
Əliyev adına mədəniyyət və
istirahət parkı, analoqu olmayan Heydər Əliyev Park Kompleksi, əzəmətli
"Zəfər tağı",
"Gəncə çayı"nın
sahilində füsunkar
gözəlliyə malik
istirahət parkı, milli ornamentlərlə zəngin olan, yaraşıqlı Gəncə
Dövlət Filarmoniyası,
Uşaq əyləncə
mərkəzləri və
sairə ölkə Prezidentinin Gəncə sakinlərinə diqqət
və qayğısının
bariz nümunəsidir.
Gəncə Dövlət Filarmoniyasının
yeni inşa edilmiş binasının istifadəyə verilməsi
dövlət başçımızın
Azərbaycan musiqi mədəniyyətinə verdiyi
növbəti töhfə
və göstərdiyi
qayğının təzahürü
idi.
Gəncədə sosial-iqtisadi
layihələrin uğurla
reallaşdırılması nəticəsində yeni iş yerlərinin yaradılması öz bəhrəsini vermişdir.
Hazırda "DET-AL" Alüminium zavodunun məhsulları dünyaya ixrac olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin Gəncəyə növbəti
səfəri yaddaqalan
oldu. Bu, ölkə rəhbərinin Azərbaycanın
ikinci böyük şəhəri - Gəncəyə
18-ci səfəri idi.
Bu illər ərzində
şəhər elektrik
enerjisi ilə tam təchiz edilib. 10 yarımstansiya tikilib
və ya təmir edilib. Qazlaşdırma layihəsi tam icra
edilib. Hazırda, içməli su
layihəsi icra edilməsi ilə Gəncənin içməli
su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Gəncəyə Bakıdan dəmir
yolu xətti tam modernləşdirilib və
xəttə sürətli
qatarlar buraxılıb.
Möhtəşəm Gəncə Dövlət
Dram Teatrının yeni
binası istifadəyə
verilib. Gəncədəki Yeni ASAN Mərkəzi
- daha bir mərkəzin açılışı
şəhər sakinləri
və ətraf rayonların əhalisinə
yüksək səviyyədə
xidmət edəcək.
Xüsusilə qeyd etmək
lazımdır ki,
"ASAN Xidmət" mərkəzinin
işçiləri əsasən
şəhid ailəsi
üzvləri və qazilərdir. "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə lokomotiv deposu istismara verilib. Yeni depoda 75 nəfər
işlə təmin olunacaq. Gəncə İdman Sarayında
tikinti işləri gedir. Bu, Azərbaycanda
olan ən böyük idman sarayıdır. Müharibə zamanı raket zərbələri nəticəsində
evləri dağıdılmış
vətəndaşlara dəstək,
evlərin bərpası,
yeni evlərlə təminatı da dövlətin sosial prioritetlərindəndir. Eyni zamanda,
ölkə rəhbəri
cənab İlham Əliyev Gəncəyə
səfəri zamanı
Gəncə Memorial Kompleksinin
də təməlini qoyub.
Hazırda, Gəncə İdman Sarayının tikintisi davam edir. Burada güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün - basketbol, voleybol, həndbol zalları 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel mövcuddur. Ölkə başçısı səfər çərçivəsində bildirmişdir ki, "Əlbəttə ki, şəhərin əhalisi artır. Əhalinin bu artımına və müasir tələblərə uyğunlaşmaq üçün biz, əlbəttə ki, əlavə addımlar atırıq və atacağıq. Eyni zamanda, hazırda Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Çünki orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Əlbəttə ki, Gəncənin də burada xüsusi rolu olacaqdır. Bir sözlə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası nəticəsində Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur. Bu gün də belədir, sabah da belə olacaq".
Qeyd olunan innovativ inkişaf, demokratikləşmə yolunda atılan addımlar Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanımızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Bəli, son 18 ildə uğurla həyata keçirilən siyasi islahatlar, demokratik inkişafla bağlı önəmli qərarların, beynəlxalq standartlara cavab verən qanunların qəbul edilməsi, iqtisadi sahədə liberallaşma siyasətinin məntiqli nəticəsi ölkəmizi beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirmişdir. Bu illərdə Azərbaycanın dinamik inkişafı təmin edilmiş , ölkəmiz bütün sahələr üzrə, demək olar ki, yeni mərhələyə qədəm qoymuşdur. Bu gün, Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrdən birinə çevrilib. Ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə diqqət yetirsək, müstəqil siyasət aparmaq iqtidarında olan dövlətlər bir o qədər də çox deyil. Azərbaycan tam müstəqil siyasət aparan dövlətdir. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub və bu siyasətin mənbəyi xalqın maraqlarıdır. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Eyni zamanda, bu uğurların əsas səbəblərindən biri də "xalq-iqtidar" vəhdətidir. Son 18 il ərzində iqtisadi, siyasi, mədəni sahələrdə qazanılan uğurlar, xarici siyasətdəki nailiyyətlər beynəlxalq aləmdə də etiraf olunur. İqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir. Bu, dünya miqyasında analoqu olmayan inkişafdır. Bu inkişaf böyük valyuta ehtiyatlarımızın formalaşdırılmasına əlverişli şərait yaratmışdır.
Dünyanı bürüyən böhran zamanında makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması dövlətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Zabit XƏLİLOV
Respublika .-
2022.- 3 fevral.- S.6.