Qalib xalqın məğrur gəncləri

 

Vətən müharibəsində parlaq Qələbəmiz torpağa, Vətənə, dövlətə bağlı olan gənclərimizin şücaəti, qəhrəmanlığı ilə əldə edildi

 

Ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Gənclərin fiziki baxımdan sağlam, mənəviyyatca təmiz, milli vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsi kimi vacibaktual vəzifələr bu gün dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Peşəsindən asılı olmayaraq gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır.

 

Orta məktəbdə aldığım təhsil 1980-90-cı illərə təsadüf edir. O dövrdə bizə Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov, "Mixaylo" kimi tanıdığımız adı dillər əzbəri olan partizan-kəşfiyyatçı Mehdi Hüseynzadə ruhunda böyüməyi, Vətənə hər zaman sadiq olmağımızı aşılayırdılar. Bu gün isə Milli qəhrəmanlarımız Mübariz İbrahimov, Polad Həşimov, Murad Mirzəyev, Şükür Həmidov ruhlu gənclərimiz yetişməkdədir.

 

Vətəni sevmək, onun ərazi bütövlüyünü, maddi və mənəvi sərvətlərini düşmənlərdən qorumaq, iqtisadi və hərbi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək düşmən təxribatlarının qarşısını almaq, hər bir vətəndaşın müqəddəs borcudur. Ulu öndər Heydər Əliyev vətənpərvərlik hisslərini yüksək qiymətləndirərək demişdir: "Hamımızın ümumi vəzifəsi xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".

 

Gənclərin vətənpərvər, azərbaycançılıq ideologiyasına sədaqət ruhunda yetişməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti son 18 il ərzində prioritet istiqamət kimi diqqətdə saxlanılıb. Prezident cənab İlham Əliyev gənclər qarşısında mühüm vəzifələr qoyaraq xüsusi vurğulamışdır ki, gənclər milli və vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməli, yaxşı oxumalı, bilikli, savadlı olmalı, ölkənin tarixini yaxşı bilməlidir.

 

Məhz bunun nəticəsidir ki, Vətən müharibəsində parlaq Qələbəmiz torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimizin şücaəti, qəhrəmanlığı ilə əldə edilib. Bu müharibədə şəhidlik zirvəsinə ucalan igidlərimiz əsasən gənclərdən ibarətdir. Onlar Vətənimizi, xalqımızı, onun qürurunu, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Xalqımıza Zəfər sevincini yaşadan Azərbaycan Silahlı Qüvvələrinin zabit-əsgər heyətinə, müharibədə sağlamlığını itirən cəsur qazilərimizə, şəhidlərimizə və onların yadigarlarına ömür boyu minnətdar və borcluyuq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğı hər birimiz üçün örnək olmalıdır. Xüsusilə, ötən ilin 27 sentyabr - Anım Günündə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilən yürüş onlara verilən yüksək dəyərin nümunəsi idi.

 

44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağabu yolda canından keçməyə hər zaman hazırdır. Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi.

 

İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Ali Baş Komandan İlham Əliyevin "İrəli, Azərbaycan əsgəri!" çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı dalğalandırdılar. Vətən müharibəsi başlayanda minlərlə gəncin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciətlərinin də şahidi olduq. Bu müraciətlər vətənpərvərlik ruhunun da böyüyən gənc nəslin Vətənə hesabatı idi. Gənclərimizin bu gün hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir.

 

Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Müqəddəs savaş göstərdi ki, istər hərbçilərimizdə, istərsə də cəmiyyətimizdə vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Bu, cəmiyyətdə dövlətin uğurla apardığı siyasətin nəticəsidir. Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaət həm də vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şəhidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

 

İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəklənməsində, burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər.

 

M.MİRZƏ

 

Respublika .- 2022.- 3 fevral.- S.10.