Vətənə məhəbbətin zirvəsi

 

Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhidliyə yüksəlmiş igid el oğullarımızın ömür yolu hər birimizə böyük örnəkdir. Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. İndi şəhidlərin ruhları bir mahnıda olduğu kimi Vətən göylərində azad gəzirlər.

 

Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Neçə-neçə qəhrəmanlarımız Qarabağ torpaqlarında döyüşərkən torpaqlarımızın ərazi bütövlüyü naminə canlarını fəda etmiş, əsl qəhrəmanlıq nümunəsi göstərmişlər.

 

Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxtdir. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Xalqımız şəhidlərimizin xatirəsini daim uca tuturonlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq mənbəyimizdir. Bu gün hər bir gənc üçün şəhid məzarları and yerinə çevrilib. Vətən müharibəsi şəhidi Məhəmməd İltizam oğlu Əmənovun da döyüş yolu hər bir Azərbaycan gənci üçün örnəkdir.

 

Məhəmməd Əmənov 18 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Kənd tam orta məktəbində təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanır. Vətən qarşısında borcunu başa vurduqdan sonra yenidən orduya qayıdaraq gizir kimi xidmətini davam etdirməyə başlayır. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olur, düşmənə qarşı hücumda iştirak edir.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində döyüşlərə Goranboy istiqamətində tank komandiri kimi qatılır. Suqovuşanın alınmasında, Tərtər bölgəsində və Ağdərə istiqamətində gedən döyüşlərdə şücaət göstərir və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olur. Məhəmməd 20 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Bağbanlar kənd məzarıstanlığında dəfn edilir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Məhəmməd İltizam oğlu Əmənov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları  ilə təltif olunmuşdur.

 

Şəhid ömrü Vətən qədər əbədidir. İllər keçəcək, bizim kimi, gələcək nəsillər də şəhidlərimizi minnətdarlıq hissi ilə yad edəcəklər. Odur ki, heç kim unudulmur, heç kim yaddan çıxmır. Vətən bölünməz --şəhidlər ölməz!

 

M.MİRZƏ

 

Respublika .-  2022.- 9 fevral.- S.10.