Xalq sənətini yaşadanlar: MİSGƏRLƏR

 

Körüyün püskürtdüyü alovun üzərindəki mis qazan pul kimi qızarıb. Usta qabı bir neçə dəfə çevirdikdən, təmir üçün hazır olduğuna əminlikdən sonra işə başlayır. Aramla, dəqiqliklə vurulan çəkic səsləri qəribə bir ahənglə sanki qaval ritmini xatırladır. Maraqla baxdığımı görüb: - Bu zərbələr dəqiq vurulmalıdır, nə bir zərbə çox, nə də bir zərbə az vurmaq olmaz, dəqiqlik pozulsa misi "küsdürərsən"... Bir az susub, zarafatla əlavə elədi: - Mis üzərində işləmək üçün gərək onun "nazı" ilə oynayasan. 

 

Gəncədə bu sənət sahiblərinə misgərlər deyirlər. Qədim şəhər salınanda onun ilk binalarından biri də misgər emalatxanası olub. Şəhərlə misgərlik yaşıddır. Gəncə şəhəri misgərlik sənətinin inkişaf etdiyi orta əsrlərdə sənətkarlıq mərkəzi kimi tanınıb. Bu da təsadüfi deyil, Gəncəətrafı ərazilərdə təbii sərvətlərin, xüsusilə də dəmir filizinin olması metalişləmə sənətinin inkişafına təkan verib, uzun minilliklər ərzində burada müxtəlif peşələr - tunc əşyaların hazırlanması, misgərlik, dəmirçilik, qalayçılıq, zərgərlik kimi sənət növləri inkişaf edib. Bu xalq sənəti növləri arasında misgərlik xüsusi yer tutub. Ərazidə aparılan qazıntılar zamanı tapılan misdən hazırlanmış məişət və bəzək əşyaları, silah-sursat, təsərrüfatda istifadə olunan alətlər də bunu sübut edir. Vaxtilə burada saysız-hesabsız misgər emalatxanaları fəaliyyət göstərib. Zaman keçib, sənaye inkişaf etdikcə şüşə, keramika və digər materiallardan hazırlanan məişət əşyaları daha çətin əldə edilən mis qablara tələbatı azaldıb, mis qablardan, mis əşyalardan istifadə tədricən arxa plana keçib, misgərlik unudulmağa başlayıb.

 

Vaxtilə misgərlik mərkəzlərindən olan qədim şəhərdə indi cəmi bir misgər emalatxanası fəaliyyət göstərir.

 

Misgərlik Fəhimovlar ailəsinin həm qürur yeri, həm də dolanışıq mənbəyidir. Babadan ataya, atadan da oğula keçən bu sənətə ailəvi bağlılığın tarixi çox qədimdir, yüzillikləri adlayır. Nəsil ənənəsini usta Məhəmməd Fəhimov və sənətin sirlərini öyrənən övladları - RuslanRöyal davam etdirirlər.

 

Fəhimovların misgər emalatxanası Gəncənin qədim məhəllələrindən birində - Karvansaranın bir küncündə yerləşir. Misdən hazırlanan məişət əşyaları düzülmüş emalatxana kiçik sənət sərgisini xatırladır. Mis üzərində zərgər dəqiqliyi ilə işlənmiş, bəzəklərin zərif və incəliyi, dəqiqlik, simmetriya göz oxşayır. Bu gözəlliyi sərt mis üzərində yaratmaq üçün ustalıq və sənətkar zövqü tələb olunur. Bu da təbiidir, misgər istəyir ki, əlindən çıxan məişət əşyaları, mis qablar həm də sənət nümunəsi olsun. Odur ki, Məhəmməd Fəhimovun əlindən çıxan sənət nümunələri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müxtəlif xalq sənəti sərgilərində, bir sıra festivallarda nümayiş etdirilib, mükafatlara layiq görülüb.

 

Fəhimovlar Lahıc misgərlik məktəbinin yetirmələridir. İlk dəfə babaları Nurməhəmməd misgərliyə başlayanda cəmi 15 yaşı olub, sənətin sirlərini Lahıcda, usta yanında şagird kimi öyrənib. Sərgini xatırladan bu kiçik emalatxanada ilk dəfə misgərliyə babaları Nurməhəmməd kişi başlayıb. Sonra Soltan kişi işləyib, indi də Məhəmməd bu sənəti davam etdirir.

 

Söhbət zamanı öyrəndim ki, Məhəmməd lap uşaqlıqdan bu sənətə meyil salıb. Hələ 5-6 yaşlarında körüyün sapından tutub onunla birlikdə qalxıb-enirmiş, babası da ona tamaşa edər, fəxrlə deyərmiş: - Soltan, maşallah qollarında güc var, yaxşı misgər olacaq, bizimgözümüz arxada qalmayacaq.

 

- Atam Soltan kişi 81 il yaşadı. Son günədək misgər çəkici əlindən düşmədi. İndi mən... Atamla birlikdə çəkic döymək qismətim olub. Bir az susub əlavə elədi:

 

- Maddiyyat sarıdan çox çətinliklərimiz olub. Bəlkə başqası olsaydı, atıb gedərdi, çoxdur gəlirli sahəAmma nəsil-kök bu sənətə bağlıdır. Misgərliyi atmaq təkcə sənətə deyil, yüzilliklərə söykənən nəsil, soy-kök ənənəsinə xəyanət olar. Ulu babam Nurməhəmmədin, atam Soltan kişinin ruhu bizi bağışlamaz...

 

Söhbət zamanı işinə ara vermir, alov üzərindəki mis qab pul kimi qızarıb. Alovlu kürəni, əlindəki çəkici göstərib, - bizim çörək ağacımızdır, - deyir. Misgərlik bizə, nəslimizə hər şey verib. Misgər Fəhimovlar təkcə Gəncədə deyil, hər yerdə hörmətlə xatırlanır. Dövlət tərəfindən mükafatlarımız var.

 

Məhəmməd deyir ki, mənim gözüm arxada qalmayacaq, sənətimi oğlanlarıma öyrətmişəm. Ruslan Röyal da artıq misgər kimi tanınırlar. Oğlum Röyal elə samovar yığır ki, qədim sənət nümunələrindən ayıra bilməzsən. İlk baxışda asan görünə bilər, amma adi bir məişət əşyasının da 20-25 yerdən calağı olur. 32 növ misgər çəkicinin hər birinin öz işləmə yeri var. Qab hazır olandan sonra kiçicik qüsur da o dəqiqə gözə çarpır, gərək elə işləyəsən ki, mükəmməl olsun, qüsur görünməsin.

 

Mən ilk dəfə çəkici zindana vuranda atam qürurla dedi: - Məhəmməd işimizi davam etdirəcək. Elə o vaxtdan da bu sənətdəyəm. Misgərlik ömür-gün yoldaşımdı, balalarımı bu sənətlə böyütmüşəm, ev-eşik qurmuşam, oğul evləndirib, qız köçürmüşəm...

 

Cavad xan filminə baxmısınızmı, orada çəkilmişəm. Film Qızılcada çəkilirdi, düzün ortasında körük, ocaq təşkil olundu, qılıncı döyəcləyib, hazırlayıb verirdim döyüşçülərə… O mənzərəni təsvir etmək qürurvericidir, körük püskürür, ocaq alovlanır, mis pul kimi qızarır, döyəclədikcə sanki "Cəngi"nin mübariz ruhunu hiss edirsən

 

Söhbət zamanı bəzən üz-gözü nurla dolur, sənətin incəliklərindən danışır, misi, misgərliyi ürəkdolusu tərifləyir, bəzən də qayğılı görünür, söhbətinə sanki kölgə düşür. Səbəbini soruşanda dedi ki, sənəti yaşadıb, daha da inkişaf etdirmək üçün maddiyyat sarıdan korluq çəkirik, qədim sənət ənənələrini yaşatmaq, gözəl, zövqoxşayan qablar düzəltmək üçün maddiyyat lazımdır. Emalatxana tipli kiçik bir sənət ocağı təşkil etmək mümkün olsa, yeni sənət nümunələri yaranar. Yaxşı olar ki, dövlət tərəfindən xalq sənəti ilə məşğul olanlara müəyyən güzəştlər, yardımlar nəzərdə tutulsun. Maddi təminatın həlli, vergi güzəştləri inkişaf üçün geniş imkanlar açar. Bu, həm də təbliğat xarakteri daşıyar.

 

Axı, mis qab təkcə əşya deyil, həm də tarixdir, millətin, xalqın tarixidir, həm də qədim xalq sənəti ənənələrini özündə yaşadan nümunədir. Mis sağlamlıq üçün də əvəzsizdir: - Bu mis qazanı görürsən, qalay üçün gətiriblər, çünki müəyyən müddət istifadə edildikdən sonra mis qab paxır tutur. O paxır yeməklərin tərkibindəki zərərli maddələrdən yaranır. Misi od üzərində qızdırmaqla qabın divarlarına hopmuş zərərli qalıqlar təmizlənir, qalaylanır və yenidən təmiz halda istifadə edilir. Mis parça su tökürsən, 20-25 dəqiqədən sonra içirsən tamam ayrı dad verir, bədənə yağ kimi yayılır, həm də sağlamlıqdır. Mis qaba qoyulmuş yemək heç vaxt zəhərlənmə verməz. Rəhmətlik babam 110 il yaşadı, suyu güyümdə, səhəngdə saxlayardı. Həmişə də deyərdi ki, mis qabda yeyilən yemək həm dadlı olur, həm də sağlamlıq mənbəyidir.

 

Təkcə mis qabları təmir edib, qalay vurmuruq, bəzən qədim tarixi dəyərlərə malik, zədələnmiş qədim mis qablar da gətirirlər, üzərində bərpa işləri aparmalı oluruq. O da ustalıq, ehtiyat tələb edir. Qədim əşyalar üzərində işləyərkən həssaslıq və dəqiqlik vacib şərtdir. Gərək qədim sənət nümunəsinə xələl gəlməsin, fərq görünməsin... Moskvadan, Türkiyədən Azərbaycanın müxtəlif yerlərindən qədim tarixi dəyərlərə malik, zədələnmiş mis əşyalar gətirirlər, üzərində kiçicik bərpa işləri aparırıq. Misgərlik həm də ölkənin adını yaşadır, dünyaya yayır.

 

Ustanı misgərlik sənətinə gənclərin laqeydliyinarahat edir. Deyir ki, indiki cavanlar daha çox pul dalınca qaçır, gəlir gətirən sahələrə üz tuturlar. Onları da qınamıram. Gücüm övladlarıma çatır, onları bu sənətə yönəltmişəm. Misgərliklə məşğuldurlar, ata yolunu, nəsil ənənəsini davam etdirirlər.

 

Vaqif TANRIVERDİYEV,

 

Gəncə.

 

Respublika .- 2022.- 18 fevral.- S.6.