Vergi sistemində aparılan islahatlar yeni
strateji inkişaf çərçivəsində ölkənin
iqtisadi siyasətini dəstəkləyir
2020-2021-ci illər dünya iqtisadiyyatı, o cümlədən Azərbaycan iqtisadiyyatı üçün mürəkkəb çağırışlarla müşayiət olunan ciddi sınaq dövrü oldu. Dünyada baş vermiş pandemiya, iqtisadi əlaqələrin pozulması, iqtisadi aktivliyi məhdudlaşdırıcı məcburi qərarlar hər bir ölkənin milli iqtisadiyyatına ciddi təsir göstərdi.
Bununla belə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində pandemiyanın ölkə iqtisadiyyatına neqativ təsirləri minimallaşdırıldı. Pandemiyanın davam etməkdə olan yeni dalğalarına baxmayaraq, ilkin və effektli antiböhran tədbirləri, peyvəndlənmə prosesinin kütləviləşməsi və sosial təcrid məhdudiyyətlərinin mərhələli yumşaldılması, eləcə də iqtisadi fəallığın və istehlak tələbinin bərpa edilməsi üçün atılmış zəruri addımlar nəticəsində Azərbaycan iqtisadiyyatında yenidən yüksək iqtisadi artım sürətinə nail olundu.
2021-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, iqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə edilməsi, vergi ödəyicilərinə xidmətlər çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi ölkənin vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edib. Həyata keçirilən təşviq əsaslı vergi siyasəti və risk əsaslı nəzarət çərçivəsi biznesin vergi öhdəliklərinin sabit artımına şərait yaradıb.
Qeyri-neft sektoru iqtisadi artımın əsas
drayveridir
İqtisadi artımın bərpa
olması, qeyri-neft sektorunda müşahidə olunan müsbət
dinamika, biznesin fəaliyyətində şəffaflaşma
prosesinin davam etməsi şəraitində dövlət
büdcəsinə vergi daxilolmalarının dinamikasında da
artım davam edib, ilin yekunlarına görə proqnozlarda nəzərdə
tutulandan daha artıq vəsaitlərin səfərbər olunmasına
imkan verib.
2021-ci ildə dövlət
büdcəsinə vergi daxilolmaları üzrə 8.529,2 mln. manat vəsait
daxil olub. Daxilolmaların həcmi proqnoza nisbətən 17,6 faiz, əvvəlki illə müqayisədə
15,5 faiz çox olub. Cəmi vergi daxilolmalarının cəmi
büdcə gəlirlərində payı 2021-ci ildə 32,3 faiz təşkil edib. Bu göstərici
2020-ci ilin müvafiq göstəricisindən (29,9
faiz) 2,4 faiz çoxdur.
Sosial təcrid tədbirlərinin
yumşaldılması, stimullaşdırıcı makroiqtisadi
siyasətin davam etdirilməsi, özəl investisiyaların
artımının tədricən sürətlənməsi,
istehlak tələbinin bərpa olması, iqtisadiyyatın əksər
sektorlarında müşahidə olunan artım prosesi,
xüsusilə qeyri-neft sektorunda ÜDM-in 7 faizi aşan
artım tempi bu sektorun fiskal göstəricilərində
öz əksini tapıb.
2021-ci ildə qeyri-neft vergi
daxilolmaları 6.362,7 mln. manat təşkil edib. Proqnozdan artıq yığılan vəsait 689 mln.
manat, əvvəlki illə müqayisədə
754,1 mln. manat çox olub. 2021-ci ildə
özəl sektordan daxilolmalar 24 faiz, özəl qeyri-neft
sektordan daxilolmalar isə 20,3 faiz artıb.
Qeyri-neft ÜDM-in artım
templəri ilə müqayisədə qeyri-neft sektorundan vergi
daxilolmalarının daha yüksək artım dinamikası
sektorda əhəmiyyətli şəffaflaşmanın
göstəricisidir, eyni zamanda vergidənyayınma
hallarının azaldılmasında vergi inzibatçılığının
keyfiyyətinin artmasına dəlalət edir. Toplanmış vergilərin
74,6 faizi qeyri-neft-qaz sektorunun payına
düşüb.
Qeyri-neft sektorundan daxilolmaların tədiyyə
növləri üzrə təhlili göstərir ki, 2021-ci
ildə ƏDV üzrə daxilolmalar 17 faiz, aksizlər 25 faiz,
mənfəət vergisi üzrə daxilolmalar 16,3 faiz, mədən
vergisi üzrə 1,8 dəfə artıb.
Sektorun sahələri üzrə
vergi daxilolmalarında ən yüksək artım templəri
qeyri-neft sənayesində (29,1 faiz), ticarətdə
(23,6 faiz), o cümlədən pərakəndə ticarətdə
(53,7 faiz), xidmət sektorunda (19,7 faiz), ictimai iaşədə
(84,1 faiz) müşahidə olunub.
2021-ci ildə regionlar üzrə
daxilolmaların həcmi 956,7 mln. manat təşkil edərək əvvəlki
illə müqayisədə 93,3 mln. manat və
ya 10,8 faiz çox olub.
Son 4 ildə mühüm fiskal nəticələrdən
biri də artıq ödəmələrin məbləğinin
754,8 milyon manat azaldılması olub.
Başqa sözlə, təkcə ötən il vergi
orqanları 80 milyon manat həcmində artıq ödəməni
azaltmaqla yanaşı, həm də vergi üzrə
proqnozları artıqlaması ilə (117,6
faiz) yerinə yetirib.
"Kölgə
iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin
"ağarması" prosesi sürətlənib
Əldə olunan fiskal nəticələrdə
iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin
qurulması, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, biznes
fəaliyyətinin və gəlirlərin
leqallaşdırılması kontekstində atılan
addımların da böyük rolu olub. "Kölgə
iqtisadiyyatı" iqtisadi təhlükəsizliyimizə ciddi
risk yaradan əsas faktorlardan biridir və dövlətin
büdcəsinə ciddi təhdidlər yaradır.
Bu baxımdan son üç
ildə dövlət-biznes münasibətlərində
başlanmış transformasiya prosesi uğurla davam edir. Rəqabətin
təmin edilməsi, qanunsuz sahibkarlığın
qarşısının alınması, leqal fəaliyyətin
vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi
şəraitində biznes şəffaflaşma
çağırışlarına müsbət reaksiya verir,
leqal fəaliyyət göstərməyə, sağlam rəqabət
şəraitində işləməyə
çalışır.
Təhlillər göstərir
ki, "kölgə iqtisadiyyatı"nda cəmlənmiş
dövriyyələrin "ağarması" prosesi sürətlənib. Bu, bəyan
edilən dövriyyələrin, daxili istehsalın və ticarətin
göstəricilərində, ticarət əməliyyatlarında
sənədləşmənin səviyyəsində, elektron
qaimələrin dövriyyədəki payında,
bağlanmış əmək müqavilələrinin
sayında özünü büruzə verir.
2021-ci ildə əvvəlki illə
müqayisədə qeyri-neft sektoru üzrə dövriyyə
27,4 faiz artaraq 92,1 mlrd. manata
çatıb. Bu zaman ən çox dövriyyə
artımları xidmət (62,7 faiz), ticarət
(28,9 faiz), sənaye (22,7 faiz) sahələri üzrə
müşahidə olunub, o cümlədən pərakəndə
ticarət üzrə artım 27,7 faiz olub.
Bu, həmçinin ƏDV-yə
cəlb olunan dövriyyələrin şəffaflaşması
ilə bağlıdır. Qeyri-neft sektorunda ƏDV üzrə
dövriyyənin həcmi əvvəlki illə müqayisədə
27,8 faiz, elektron qaimə faktura üzrə
dövriyyənin həcmi isə 23,9 faiz artıb. 2021-ci ildə
aktiv vergi ödəyicilərinin sayı 8 faiz, aktiv ƏDV
ödəyicilərinin sayı 19 faiz, aktiv obyektlərin
sayı isə 10 faiz artıb.
Daha bir diqqətçəkən fakt
bundan ibarətdir ki, özəl sektorun bank sistemində cari
hesablarının cəmi qalığı 2021-ci ildə 34,3 faiz, o cümlədən manatla cari
hesablarının qalığı 42,5 faiz artıb. Bu, həm iqtisadi artımla, həm də bank
sektorundan keçən dövriyyələrin artımı, yəni
şəffaflaşması ilə bağlıdır.
İqtisadiyyatda şəffaflaşma
vəziyyətinin və "kölgə iqtisadiyyatı"nın miqyasının azalmasının
mühüm göstəricilərindən biri də ölkədə
nağdlaşma səviyyəsidir. Nağd pul kütləsinin
manatla geniş pul kütləsində xüsusi çəkisi
2021-ci ilin əvvəlindəki 53,1%-dən
ilin sonuna 45,8%-ə enib. Qeyd edək ki, 2017-ci ilin sonuna bu
göstərici 60,1% təşkil edirdi.
"Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına
yönəldilmiş islahatlar sırasında əmək
münasibətlərinin şəffaflaşdırılması
prosesini xüsusi qeyd etmək lazımdır. 2019-cu
ildə gəlir vergisi üzrə qeyri-neft özəl sektora
verilmiş vergi güzəştləri ötən 3 ildə
bu sahədə ciddi irəliləyiş əldə edilməsinə
imkan verib. Qeyri-neft sektorunun özəl bölməsi
üzrə fiziki şəxslərin aylıq əməkhaqqının
8 min manatadək olan hissəsinin gəlir vergisindən 7 il müddətinə azad edilməsi əhəmiyyətli
fiskal nəticələr verməkdədir. Güzəştin
tətbiqi və beləliklə, şəffaflaşma
üçün yaradılan fiskal stimullar nəticəsində
əmək müqavilələrinin sayı, eləcə də
əməkhaqqı fondunun həcmi xeyli artıb. Bu
gün iş yerlərin rəsmiləşdirilməsi, əməkhaqqı
fondunun "ağarması" əsas şəffaflıq
indikatorları olaraq fiskal daxilolmalarda mühüm rol
oynayır. 2019-cu ilin əvvəli ilə
müqayisədə əmək müqavilələrinin
sayı 283 minə yaxın artıb. İslahatların aparıldığı
qeyri-neft özəl sektorda bu göstərici 233 mindən
çoxdur və ötən müddət ərzində 43,2 faiz artıb.
Hazırda qeyri-neft özəl sektoru
üzrə əmək müqavilələrinin sayı cəmi
əmək müqavilələrinin sayında 45,9
faiz təşkil edir. Bu, 2019-cu ilin əvvəli ilə müqayisədə
7,4 faiz çoxdur.
Gəlir vergisi üzrə güzəştin
tətbiqinin fiskal səmərəsi qeyri-büdcə təşkilatlarında
məcburi dövlət sosial sığorta haqları və
işsizlikdən sığorta haqları üzrə
daxilolmaların hər il davamlı şəkildə
artmasında özünü göstərir. Məsələn,
2021-ci ildə bu göstəricilər üzrə artım 15,3 və 17,7 faiz təşkil edib.
Gəlir vergisi üzrə
büdcə itkiləri bağlanmış əmək
müqavilələri və sosial ödənişlərin
artımı ilə kompensasiya olunur. Bu ödəmələr
üzrə əlavə daxilolmalar sosial müdafiə sisteminin
maliyyələşmə mənbələrinin genişlənməsinə
və Dövlət Sosial Müdafiə Fonduna dövlət
büdcəsindən edilən transfertlərin həcminin
azalmasına zəmin yaradır.
Elektron vergi
inzibatçılığından rəqəmsal vergi idarəetməsinə
transformasiya
Dövlət Vergi Xidməti
tərəfindən vergi inzibatçılığında
informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi,
o cümlədən vergi orqanları tərəfindən
göstərilən xidmətlərin
elektronlaşdırılmasının daha da genişləndirilməsi
daim prioritet olub.
İnformasiya texnologiyaları sahəsində
həyata keçirilən əməliyyatların səmərəliliyinin
artırılması, vahid prinsip və standartların işlənib
hazırlanması, DVX-nin strukturları arasında rəqəmsallaşma
və avtomatlaşdırma proseslərinin idarə edilməsi,
bu sahədə təhlükəsizliyin və fasiləsiz
iş fəaliyyətinin ən yüksək səviyyədə
təmin edilməsi işinin təşkili məqsədilə
2021-ci ildə Xidmətin Rəqəmsal Transformasiya
Şurası yaradılıb.
Rəqəmsal Transformasiya
Şurası Dövlət Vergi Xidmətinin yeni
çağırışlara adekvat olaraq, vergi idarəetməsində
rəqəmsal yanaşmanı daha da genişləndirmək
istiqamətində fəaliyyət göstərir. Şuranın
yaradılması zərurəti də məhz vergi idarəetməsində
tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin
daha da genişləndirilməsi, bu məqsədlə
mövcud olan resurslardan maksimum dərəcədə səmərəli
istifadə edilməsi ehtiyacından irəli gəlib.
Hazırda
qarşımızda duran əsas hədəf mövcud olan və
kifayət qədər uğurla fəaliyyət göstərən
elektron vergi inzibatçılığını rəqəmsal
vergi idarəetməsinə transformasiya etməkdir. Bu sahədə
əsas məqsədlərdən biri vergi idarəetməsini
sürətlə rəqəmsallaşdıraraq onun
iştirakçıları, xüsusilə də vergi ödəyiciləri
üçün vergi inzibatçılığı ilə
qarşılıqlı münasibət zamanı
rahatlıqlarının və yüksək effektivliyin təmin
edilməsidir.
Dövlət Vergi Xidməti
tərəfindən bu günə qədər bir sıra
uğurlu rəqəmsal layihələr həyata
keçirilib.
Bunların sırasında yeni nəsil kassa
aparatlarının və "ƏDV geri al" layihəsinin tətbiqini
misal göstərmək olar. Məqsəd
və hədəf baxımından bir-biri ilə sıx
koordinasiya olunmuş bu iki müxtəlif layihənin tətbiqi
pərakəndə ticarət və ictimai iaşə sektorunda
iqtisadi münasibətlərin əhəmiyyətli şəkildə
şəffaflaşmasına gətirib. Təkcə onu
göstərmək kifayətdir ki, onlayn kassa aparatları
üzrə dövriyyənin həcmi 2021-ci ildə əvvəlki
illə müqayisədə 1,8 dəfə
artaraq 15,6 mlrd. manata çatıb.
Hazırda ölkə üzrə
52 mindən yuxarı nəzarət kassa aparatı
quraşdırılıb. Bu ilin sonuna kimi ölkədə
nağd hesablaşmaların tətbiq olunduğu və NKA tətbiqini
nəzərdə tutan sektorların tam şəkildə yeni nəsil
kassa aparatları ilə təchiz edilməsi nəzərdə
tutulub.
Perspektiv layihələrə gəlincə,
bu il "e-taxes.gov.az" portalının
yeni versiyasının işə salınması nəzərdə
tutulub. Bu layihə demək olar ki
yekunlaşıb və yaxın müddətdə istifadəyə
veriləcək. "e-taxes.gov.az"
portalının yeni forması sahibkarlara daha sadə və asan
əməliyyatlar aparmasına şərait yaradacaq, həmin
portal üzərindən bu günə qədər təqdim
edilən xidmətlərlə yanaşı, sahibkarlara əlavə
xidmətlər də göstəriləcək. Həmçinin mövcud xidmətlərin daha sadə
və asan interfeys üzərindən həyata keçirilməsi
təmin olunacaq.
Daha bir maraqlı layihə
AVİS markası ilə tanınan
Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin
müasir və hətta gələcək tələblərə
uyğun olaraq yenilənməsidir. "AVİS-2"
sistemi adı ilə hazırda daha mütərəqqi rəqəmsal
həllərə əsaslanan bir elektron platforma
hazırlanır. Bu platforma vasitəsilə
daha çevik və daha çox məlumatların emalı,
vergi ödəyicisinin vergi öhdəliklərinin çevik
şəkildə müəyyən olunması mümkün
olacaq.
Mikro və kiçik sahibkarlara
müxtəlif mobil tətbiqlər vasitəsilə
bütün vergi öhdəliklərini yerinə yetirmək, bəyannamələri,
hesabatlarını vermək, vergiləri ödəmək
imkanı yaradacaq daha bir layihə hazırlanma mərhələsindədir. Bu mikro və
kiçik sahibkarlıq üçün çox maraqlı bir
layihə olacaq və sahibkarların vergilərlə
bağlı işlərini sadəşləşdirməklə
yanaşı, həm də minimallaşdıracaqdır.
Dövlət Vergi Xidmətində rəqəmsal
transformasiyanın əsas hədəflərindən biri də
mövcud olan məlumatlar bazasının səmərəli və
sürətli emalı sisteminin qurulması ilə çevik qərarların
qəbul edilməsinə nail olmaqdır. Burada
söhbət yalnız vergi ödənişlərindən
yayınan vergi ödəyicilərinin aşkarlanması
prosesinin daha da sürətli və ədalətli həyata
keçirilməsindən getmir, halbuki bu da önəmli məqsədlərdən
biridir. Bu yanaşmanın həyata
keçirilməsi, həm də vergi ödəyicilərinə
yüksək səviyyədə xidmətin göstərilməsinə
nail olmaqdır.
Azərbaycanın vergi sistemi
dünyanın ən qabaqcıl ölkələrində tətbiq
olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə
təqdim edir.
Hazırda Dövlət Vergi Xidməti vergi
ödəyicilərinə 60-dan çox elektron xidmət
göstərir. Bu, vətəndaşlara
göstərilən ən geniş elektron xidmətlər
toplusundan biridi. Vətəndaşlara vergi
orqanları ilə təmas imkanı verən bütün
proseslər elektronlaşdırılıb. Vergi ödəyicilərinin təxminən 90 faizi
vergi bəyannamələrini elektron şəkildə təqdim
edir.
Bu baxımdan beynəlxalq təcrübədə
geniş tətbiq olunan vergi bəyannamələrinin öncədən
doldurulub vergi ödəyicilərinə təqdim edilməsi alətindən
istifadə edilməsi, mobil telefonların həm POS-terminal, həm
də nəzarət kassa aparatı funksiyasını
daşıması üçün müvafiq yeniliklər nəzərdə
tutulur.
Həmçinin 4-cü sənaye inqilabı qarşımızda bir sıra mühüm çağırışlar yaradır. Bu baxımdan süni intellektin tətbiqi, iri məlumatların təhlili və idarə edilməsi, əşyaların internetinə söykənən daha bir sıra maraqlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Ortamüddətli perspektivdə vergi siyasətinin əsas hədəfləri
Son illər vergi siyasəti təkcə fiskal deyil, eyni zamanda, mühüm iqtisadi tənzimləmə aləti rolunda çıxış edir. Vergi sistemində aparılan islahatlar yeni strateji inkişaf çərçivəsində ölkənin ümumi iqtisadi siyasətini dəstəkləyir.
Ortamüddətli dövrdə vergi islahatlarının mühüm istiqamətləri ilk növbədə, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə söykənəcəkdir. Milli Piorotetlərin 5 əsas istiqamətlərindən biri dayanıqlı, artan rəqabətli iqtisadiyyatın təmin edilməsidir. Həm bu prioritet, həm də sosial-iqtisadi inkişafın digər prioritetləri, o cümlədən rəqabətli insan kapitalı və müasir innovasiyalar, yaxud təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi kimi və s. məsələlər də bu və ya digər formada vergi tənzimlənməsini tələb edir.
Ölkədə rəqabətqabiliyyətli qeyri-neft sektorunun şaxələndirilməsi büdcənin vergitutma bazasının da genişləndirilməsini dəstəkləyə bilər. Bu baxımdan yeni iqtisadi yanaşmada fiskal siyasətdə optimal və rəqabətqabiliyyətli biznes və investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması aktualdır.
Beləliklə, ortamüddətli dövrdə baxış nədən ibarətdir?
İqtisadiyyatın strateji inkişaf sahələrinin stimullaşdırılmasına, idxal məhsullarının yerli istehsal məhsulları ilə əvəzlənməsi üçün sənayeləşmənin formalaşmasına vergi təşviq alətləri vasitəsilə effektiv dəstəyin təmin edilməsi ortamüddətli dövrdə vergi sisteminin əsas prioritet istiqamətləridir.
Həmçinin, kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin aparılması, vergi inzibatçılığının və uçot siyasətinin təkmilləşdirilməsi ilə nəzarət imkanlarının səmərəliliyinin artırılması, əməliyyatların rəqəmsal müstəvidə izlənilməsi prosesləri ortamüddətli dövrdə davam etdiriləcəkdir.
Milli vergi sisteminin institusional
potensialın gücləndirilməsi də davam edəcəkdir. Bu, ilk növbədə,
iqtisadi siyasətin mühüm qolu olan və biznes fəaliyyətinin
tənzimlənməsində effektiv alət hesab edilən vergi
siyasətinin tənzimləyici rolunun artırılmasına, əlverişli,
şəffaf və cəlbedici vergi mühitinin
formalaşdırılmasına, sahibkarlar üçün xidmətlərin
təkmilləşdirilməsinə istiqamətlənəcək.
Beləliklə, iqtisadiyyatda
gedən proseslər çevik və fəal vergi siyasətinin
alternativsizliyini bir daha sübut etməklə yanaşı,
vergi orqanlarının ölkənin iqtisadi inkişaf
strategiyasının həyata keçirilməsində
mühüm həlqə və tənzimləyici struktur
olduğuna dəlalət edir.
Orxan
NƏZƏRLİ,
İqtisadiyyat
Nazirliyi yanında
Dövlət Vergi
Xidmətinin rəisi,
3-cü dərəcəli dövlət vergi xidməti
müşaviri.
Respublika 2022.- 25 fevral.- S.10.