Fəxrəddin Musayev
Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəxsi igidliyə, şücaətə və vəzifə borclarının yerinə yetirilməsində göstərdikləri misilsiz xidmətlərə görə, Azərbaycanın Milli qəhrəmanı adına layiq görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur. Həyat və döyüş yolları gənclərimiz, eləcə də Vətən əsgərləri üçün nümunə olan Milli Qəhrəmanlarımızın xatirə günlərinin, anım mərasimlərinin və yubileylərinin təşkili artıq ənənə şəklini alıb.
Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. İgid oğullarımız Birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxdılar. İkinci Qarabağ müharibəsində isə qəhrəmanlıqla döyüşərək düşməni darmadağın etməklə qələbəni təmin etdilər. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Şücaətləri, igidlikləri örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə gəzən əsl qəhrəmanların yolunu örnək götürürlər. Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər.
Vətənin bütövlüyü naminə şirin canından keçən oğulların qanları ilə yazdığı şanlı Zəfər tarixi qürur mənbəyimizdir. Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının bütövlüyü uğrunda düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək, şəhadətə qovuşan Azərbaycanın Milli Qəhrəmanı Musayev Fəxrəddin Musa oğlu 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açmışdır. 1964-cü ildə məktəbə getmiş, 1974-cü ildə orta təhsilini başa vurmuşdur. Fəxrəddin Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə ordu sıralarına göndərilmişdir. 1979-cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib, təyyarələrin uçuş istismarı ixtisasına yiyələnmişdir. Bakıya qayıdıb Zabrat-2 Aviasiya İdarəsində öz ixtisası üzrə işə başlamışdır. 1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə edilməsi ixtisasına yiyələnmişdir. İşləyə-işləyə Leninqrad Hidrometeorologiya İnstitutunun meteorologiya fakültəsinə daxil olmuşdur.
Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq hərbi hava qüvvələrində xidmətə başlayır. Qarabağda keçirilən hərbi əməliyyatlarda Fəxrəddin fəal iştirak edir. O, dəfələrlə döyüş bölgələrinə uçuşlar etmiş, erməni yaraqlılarına qarşı mərdliklə döyüşmüşdür. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bir oğlu yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq gorülmüşdür. Qusar rayonundakı mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Neçə-neçə qəhrəmanların qanı, canı bahasına azadlığa qovuşdu Qarabağımız. İndi həmin o oğullar əbədi olaraq Vətən qoynunda uyuyurlar.
M.CƏFƏROV
Respublika.- 2022.- 30 iyul.- S. 6.