QƏRBİN QURUMUŞ
GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN
QƏLBİ...
Onun yaradıcılığından uzaq-uzaq
dönəmlərin ətri - sorağı gəlirdi...
İlkin olaraq doğulduğu,
dünyaya qədəm basdığı Ululardan Ulu Göyçə
mahalı, sonralar möhtəşəm
Bakı mühiti və erkən
yaşlarında ali təhsil pillələri
və gəncliyinin, həyatının gözəl illərini
keçirdiyi Riqa
şəhəri... Doğulduğu torpaq, ətinə - qanına, ruhuna
işləmiş kökünün-kötüyünün
görünməz tellərlə bağlı olduğu
yerlər erməni işğalında idi.
Və özü də hiss
etmədən Vətən həsrətini
yaradıcılığına - çəkdiyi əsərlərə,
öz dünyasına köçürürdü.
Göyçə
mahalında dünyaya gələn rəssamın iki
yaşında atasının Azərbaycan Ədliyyə
orqanlarında işi ilə əlaqədar ailəsi əvvəl
Şuşada, sonralar isə Zaqatala, Lənkəran,
Qubadlıda yaşamalı olur. Nəhayət Bakı mühiti... Arif əvvəlcə
Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, sonra Azərbaycan Politexnik İnstitutunu, 23 yaşında isə Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunun kino rəssamlığı
ixtisasını bədii film və televiziya rəssamlığı üzrə bitirir. Kinematoqrafiya İnstitutunu fərqlənmə ilə başa vuran Arifin diplom işi
C.Oldricin "Diplomat"
əsəri olur. Ali təhsilini
başa vurduqdan sonra öz əsərləri
ilə sərgilərdə iştirak etməyə
başlayır. 1982-ci ildə Azərbaycan Rəssamlar
İttifaqının üzvü qəbul edilir.
Rəssamın
realist və ya sürrealist baxışları,
doğulduğu Göyçə mühitinin motivləri, əski
türk inancları, kökünə bağlılıq ruhu
insanı heyran edir. "Dərbənd qapısı"
(1993) əsərində minilliklərə uzanan
milli ornamentlər, yerindən
oynamış daşlar, mavi
fonda dəvələrin işlənməsi
çox maraqlıdır. Müəllif özü də hiss etmədən
kökdən gələn totemləri, elementləri əks etdirir.
Respublikanın
Əməkdar rəssamı Arif Məhərrəmovun həyat
yolu, zəngin mənəvi dünyası,
yaradıcılıq yolu çoxlarına tanışdır.
Rəssamın
üç əsəri - ikisi portret, digəri yağlı
boya ilə işlənmiş "Hər şey Qələbə
üçün" əsərləri ölkəmizin muzeylərində
saxlanılır.
1984-cü
ildə həyat onu soyuq şimala - Riqaya yönəldir. Bir müddət sonra
1985-ci ildə Latviya Rəssamlar
İttifaqına üzv qəbul olunur. Burada
yaşadığı illərdə Riqa, Bauskas və Tesis şəhərlərindən
bəhs edən qrafik əsərləri böyük silsilə təşkil edir. Rəssam retiş,
sous, sanginə ilə yaratdığı
Şimalın soyuq gözəlliklərini
Şərq atəşi ilə canlandırıb təqdim edir: "İsveç
qapısı", Riqanın daş və
taxta evləri, qədim qalaları,
hasarları, kilsələr, məbədlər və s. qara karandaşlar
rəssam əli ilə möcüzələr yaradır.
Riqada olduğu kimi, Tesis və Bauskasda da qədim şimal arxitekturasına aid
"Bauskasda kilsə", qədim
küçələr, "Bauskasda Riqa küçəsi", "Bauskasda qala
divarları" və s. əsərlərdə
rus-slavyan arxitekturasının xarakteri incəliklə işlənib. Arif Məhərrəmovun əsərlərində
al-əlvan qurumuş güllər fonunda şərq koloriti özünü tez-tez təzahür
etdirir, təbii bu onun genində daşıdığı milli ruhdur.
Qərb dünyasında Şərq koloriti - bütün incəliklər və gözəlliklər də bundadır. Təbiət lövhələri, qurumuş çöl çiçəklərindən ibarət peyzajlar, rəng əlvanlığı və soyuq şimal şəhərlərinin zəngin arxitekturası rəssamın rəsmlərində öz əksini tapır. "Qurumuş güllər" "Pabajda bahar" və Moskva, Leninqrad, Kaluqa, Riqa, Bauskas, Tesis kimi şəhərlərin qədim arxitekturası, qalalar, qala hasarları, məbədgahlar və s. buna bariz nümunədir. Riqada "Petra məbədi", "Bauskasın qala divarları", Riqa "Bulvar Kronvalda", Tesisdə "Riqa küçəsi"... silsilə əsərlərində zaman sanki dayanmış və bu gözəlliklər bir anlığa da olsa tamaşaçısını yaxın və uzaq keçmişə aparır. Bu əsərlərin hər birinin özünəməxsus əhvali-ruhiyyəsi və zərif tonları var. Hətta rəssam bu əsərləri yaradarkən Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda müəllimi Oleq Qrossa öz minnətdarlığını bildirir; "nə yaxşı mən bu əsərlərlə dünyanı görə bildim".
Rəssamın
yaradıcılığının əsasını Qərblə
Şərqin sintezini verməyə
çalışdığı əsərlər təşkil
edir. Xüsusən də xalça, kilim və butaların, dəvə
karvanlarının əks olunması artıq rəssamı uzun illər Avropanı, Pribaltika
ölkələrini, Rusiyanı dolaşsa
da, sonda kökünün olduğu,
ruhunun qida
aldığı yerlərə aparır.
1986-cı
ildən etibarən rəssam bir-birinin ardınca palitranın
dili ilə natürmort janrında rəngkarlıq aləminin
möhtəşəm sənət nümunələrini
yaradır və bu əsərlərin hər biri Azərbaycan-Göyçə
xalçaları fonunda təzahür edir. "Natürmort xalça ilə",
"Xalça fonunda çöl çiçəkləri"
çiçəklərin vurğunu olan rəssamın yaratdığı
möcüzələrdir.
Bu illərdə rəssamın daha bir xalçalı dünyanın sirlərini açmağa çalışdığı sənət əsəri "Xalçalı dünya" adlanır. Asılan xalça, açılan pəncərə və dünyaya fərqli baxış, səhramı, karvan yolumu və nəhayətində sonsuzluq... Digər bir xalça isə "İşıqlanmış xalçalar" - ulu öndər Heydər Əliyevə hədiyyə olunmuşdur.
Rəssam öz güclü hissiyyatı ilə, intuisiyası ilə Göyçə xalçaçılıq məktəbinə mənsub olan xalçaları əslində sənətin obrazı kimi təqdim edir. Və əsərlərində tez-tez rastlaşdığımız bu amil, obraz yaşamın fəlsəfəsidir. Rəssamın xalça və kilimlərində güclü kolorit, zərif işləmələr, xalçalara vurulan naxışlar, butalar, ornamentlər minilliyimizdən xəbər verən ululuq bu sənət əsərində ən möhtəşəm nöqtədədir.
Xalqının
ağrı-acılarını özündə yaşadan bir
vətəndaş kimi 1990-cı il "Qara Yanvar" hadisələrini
minbir kədər-qüssə ilə işlədiyi
"Qüssə-kədər" əsərini 20 Yanvar şəhidlərinə
həsr etmişdir. Xalqımızın 20 Yanvar hadisələri və bu
hadisələr fonunda ana-bacıların
acı kədəri əsərdə ustalıqla əks olunur. Ana obrazı və arxa fonda qədim Bakı və
İçərişəhər... Ornamentlərlə
işlənmiş geyimlər, yaylıq özü
belə naxışlardan ibarətdir və ananın əlinin
üstündə təsvir edilən Şahin
isə, bu xalqın yaşamaq
iqtidarında olduğunun simvoludır. Çünki təsvir edilən Şahin güc, qüdrət,
yenilməzlik simvoludur.
Arif
Məhərrəmova məxsus Göyçəli
dünyanın, eyni zamanda bütün Azərbaycan-Türk
dünyasının rəngarəng gözəlliyindən,
tarixindən, kolorit aləmindən bəhs edən
"Xalça natürmortla" əsərinə baxdıqca
baxılır. Bu gözəl əsərlərin
böyük əksəriyyəti bir çox ölkələrdə,
Pribaltika ölkələri, İngiltərə,
Finlandiya, İsrail, Amerikada, Kanadada şəxsi
kolleksiyalarda, muzeylərdə
saxlanılır.
1993-cü
ildə Riqadan Bakıya gələn rəssam Vətənin
ağrı-acılarını əsərlərinə
köçürməyə başlayır. "Dərbənd
qapısı" əsəri və işğal
olunmuş Azərbaycan torpaqları və parça-parça olan
yurdlarımız... Qərbi Azərbaycandan, Qarabağdan
gələn insan köçləri, insan fəryadları rəssamın əsərlərində
öz real əksini
tapır.
Olduqca
zəngin yaradıcılığa malik Arif Məhərrəmov
Avropanın bir çox ölkələrində yüzlərlə
fərdi sərgilər açmışdır. 1989, 1998, 2005, 2011-ci illərdə isə Bakıda
saysız-hesabsız şəxsi yaradıcılıq sərgisi
keçirmişdir. 2000-ci ildə Arif Məhərrəmov Azərbaycanın
Əməkdar rəssamı adına layiq görülmüşdür. Təbii ki, bu adın arxasında gərgin
zəhmət, yüksək istedad və koloritli bir sənət
dünyası dayanırdı.
Rəssamın
əsərləri sənətkarlıqdan- mədəniyyətdən
xəbər verir, Göyçəyə məxsus yaşı
bəlkə də bir neçə yüzillərlə olan
xalça nümunələrində rənglər o qədər
zərif, canlı, işlənib ki, sanki, əllərini
uzadıb xalçanı sığallıya bilərsən... "İşıqlanmış
xalça" "Qurumuş çiçəklər",
"Zamanın axarı", "Göl fonunda çiçəklər",
"Qüssə-kədər" təqribən 90-cı illərə
təsadüf edən bu sənət işlərində,
natürmortlarda, təbiət peyzajlarında Vətən
sevgisi və bu sevginin içində qüssə, kədər
və Şərqlə Qərb haçalanması
özünü aydın şəkildə büruzə verir.
Onun əsərlərində
zəngin koloritlə milli ruhlu təbiət, insan surətləri
böyük məhəbbətlə təsvir olunur. Və bizlərə rəssamın iç
dünyasının Vətən həsrətli
fırtınasından xəbər verir,
erməni məkri, Qərbi Azərbaycan, Qarabağ
başda olmaqla
qaçqına-köçkünə çevrilən
insanların yurd həsrəti,
başlarına gələn müsibətlər, sarsıntılar olduqca sərrast
ifadə olunur. 90-cı illərdə
"Göyçəni tərk edərkən" - əsərində
Şərq motivləri əsasında uçan
xalçalarda öz gələcəyini
- uşaqlarını, mədəniyyətini - Müqəddəs
kitabını götürüb qaçan ana Göyçə
gölünün
üzərindən keçdiyi an təsvir olunur.
Aşağıda, dumanlar içərisində
ah-vayla, doğma
yurdlarını qoyub qaçan
insanlar əks olunub. Sanki erməni vəhşiliyindən təkcə
insanlar deyil,
Göyçə gölü də dumana bürünüb
onların arxasınca ağlayır...
2001-ci
ildə Dünya Azərbaycanlılarının birinci Qrultayında
Latviya nümayəndə heyəti Arif Məhərrəmova məxsus
milli ruhda işlənmiş, palitranın gücü ilə
minbir rənglərdən bəhrələnərək sonsuz
eşqlə, sənət yanğısı ilə
yaratdığı əsərini ümummilli lider Heydər
Əliyevə hədiyyə verir. Yağlı boya ilə iki yüz ildən çox
yaşı olan xalçada
sırf Azərbaycana məxsus çıraq üslubunda
işlənən tarixi qab
əks olunmuşdur. Arxa fondan
isə dədə Ələsgər yurdu,
Göyçə mahalının incisi
Göyçə gölü boylanır,
həzin, tutqun bir simada, ancaq işıq
selində görürük bütün bunları...
"İşıqlanmış xalçalar"
o qədər ustalıqla işlənmişdir
ki, naxışlar o qədər
canlıdır ki, əsər
insanın ruhunu oxşayır.
Arif
Məhərrəmovun milli ornamentlərlə süslənmiş,
Qərbin qurumuş gülləri, şərq üslubundan xəbər
verən xalçaları, gəbə-kilimləri və rənglər
dünyası rəssamın könül dünyası kimi zəngindir.
Natürmort-güllər, milli ornamentli xalça-palazlar
və bir də Vətən sevgisi əks olunub onun yaradıcılıq dünyasında.
1975-1981-ci
illərdə Ümumittifaq Dövlət Kinemotoqrafiya
İnstitutunun kino və televiziyada bədii filmlər üzrə
mütəxəssis kimi yetişən rəssam 1981-ci ildə
Bakıda "Azərbaycanfilm" kinostudiyasında
rejissor-quruluşçu rəssam kimi fəaliyyətə
başlamışdır. "Münəccimin şagirdi", "Yatmaq
vaxtıdır", Novruz bayramına həsr
edilmiş "Gəldi Kosa",
"Qaravəlli", "Basat və Təpəgöz",
"Balaca Şahzadə" animasiya filmlərinə səhnə quruluşu vermişdir. Rəssamın
Türkiyədə, İsveçdə animasiya
film festivallarında filmləri nümayiş etdirilmişdir.
"Azərbaycanfilm"in
istehsalı olan iyirmi bir filmdə Arif həm rejissor, rəssam,
həm də ssenarist kimi iştirak etmişdir. Riqada isə "Molla Nəsrəddin
lətifələri" adlı animasiya filminin quruluşçu rəssamı
olmuşdur.
Arif
Məhərrəmovun yüksək mədəniyyəti, zəngin
mənəvi dünyası və ümmansız
yaradıcılığı tək Azərbaycana deyil, bəşəriliyə
xidmət edir... O, düşündürücü,
fəlsəfi rəssamdır. İnsanlığın -
yaşamın bəşəriliyinə, həyatın fəlsəfəsinə
çıraq tutmağa
çalışır.
Şərqlə-Qərbin
sintezi rəssamın əsərlərində ana xətt kimi
keçsə də, milli dəyərlər daha çox təzahür
edir.
O,
yaradıcılığı, bütün qəlbi və səmimiyyəti
ilə bəşəri dəyərlərə xidmət edir.
Məlahət
İSMAYILQIZI.
Respublika .- 2022.- 1 iyul.- S.10.