Ramiz Qənbərov
Birinci
Qarabağ savaşında Azərbaycanın dilbər guşəsindən
olan qədim Şuşa şəhəri uğrunda qanlı
döyüşlər getmiş, neçə-neçə cəngavər
oğullarımız bu döyüşlərdə şəxsi
igidlik göstərmiş, şəhidlik zirvəsinə
yüksəlmişlər. Şuşanın
hər qayasını, hər daşını göz bəbəyi kimi qoruyan, ölümün
gözünə dik baxan
Vətən oğullarından biri də Ramiz Qənbərov olmuşdur.
Ramiz
Bulud oğlu Qənbərov 2 iyul 1962-ci ildə Şuşa
şəhərində dünyaya göz
açmışdır.
Ramiz
1979-cu ildə H.Hacıyev adına 4 saylı Şuşa şəhər
orta məktəbini müvəffəq qiymətlərlə
başa vurmuş, Kolxozlararası Tikinti İdarəsində əmək
fəaliyyətinə başlamışdı. O, 1980-ci ildə doğmalarının xeyir-duası
ilə əsgəri xidmətə yollanmış, ordu sıralarından tərxis olunduqdan
sonra Qarabağın tacı olan Şuşa şəhərinə
qayıtmışdı. Əmək fəaliyyətinə fəhləlikdən
başlayan Ramiz sonradan çalışdığı idarəyə
mühəndis təyin edilmişdi.
1986-cı ildə isə Azərbaycan İnşaat
Mühəndisləri İnstitutuna daxil olmuş, işləyə-işləyə
ali təhsilini davam etdirmişdir.
R.Qənbərov
1988-ci ildə faşist xislətli erməni daşnaklarına
qarşı ilk mübarizə aparanlardan biri olur. Ramizin qəlbində bu
müqəddəs fikir hakim
kəsilmişdi: Millət! Vətən! Torpaq!
Azadlıq! Elə bu məqsədlə
Azərbaycan həqiqətlərinin dünya
xalqlarına çatdırılmasında fəal iştirak edir,
imperiyanın ədalətsiz qərarlarına qarşı öz haqq səsini
qaldırırdı. Bəzən haqsız təzyiqlərə,
təqiblərə məruz qalsa da, yolundan dönmür,
hətta ölümündən də qorxmurdu.
Ramiz
Qənbərov Azərbaycana qarşı erməni təcavüzünün
ilk illərindən torpaqlarımızın müdafiəsinə
qalxanların ön sırasında idi. O, 1992-ci ildə
könüllülərdən ibarət batalyon
yaradır və özü də həmin
batalyona başçılıq edir. Cəsur döyüşçü
öz batalyonu ilə Şuşa şəhərinin, eləcə də
Kərkicahan, Kosalar, Nəbilər,
Qayıblı, Malıbəyli, Quşçular,
Göytala kəndlərinin müdafiəsində
mərdliklə vuruşur, əsl qəhrəmanlıq
nümunəsi göstərir.
Erməni yaraqlıları 20 aprel
1992-ci ildə Kosalar və Kərkicahan kəndləri
yaxınlığındakı məntəqələrimizə
hücum edirlər. Ramiz Qənbərov
batalyonu ilə köməyə gedir. 4 məntəqəsi ələ
keçirilən düşmən xeyli itki versə də, geri
çəkilmək istəmirdi. Ramiz
yaraqlıların mövqeyini öyrənmək
üçün irəli atıldı. Bu qeyri-bərabər döyüşdə igid komandir ağır
yaralandı. Onu həyata qaytarmaq
mümkün olmadı... Doğma
torpağı, Vətəni uğrunda
şəhidlik zirvəsinə yüksələn Ramiz Qənbərovun son mənzili
Şuşa şəhərindəki qəbiristanlıq
oldu.
Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə
Ramiz Bulud oğlu Qənbərov ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" fəxri
adına layiq görülmüşdür.
Qədir ASLAN
Respublika 2022.- 2 iyul.- S.9.