Əlabbas İskəndərov
Hər
bir xalqın tarixində çətin, keşməkeşli və
ağır günlər olur. Azərbaycan xalqı son 200 ildə ermənilər tərəfindən
dəhşətli faciələrə məruz
qalmışdır. XX əsrin 90-cı illərində faşist xislətli erməni daşnakları
xaincəsinə vətənimizin ərazi bütövlüyünü
pozmuş, torpaqlarımızı zəbt etmişdi. Birinci Qarabağ savaşında Ağdamın mərd
və cəsur oğulları silaha
sarılaraq müxtəlif istiqamətlərdə düşmənə
ağır zərbələr endirmiş,
onlara mənfur niyyətlərini
reallaşdırmağa imkan verməmişlər.
Ağdamın belə oğullarından biri
də Əlabbas Qara oğlu
İskəndərov olmuşdur.
Vətənin
dağ vüqarlı, polad iradəli oğlu Əlabbas İskəndərov
2 iyul 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində
dünyaya göz açmışdır.
Orta
məktəbdə çalışqan, nizam-intizamlı
şagirdlərdən biri kimi tanınmışdı. Əlabbas İskəndərov orta
təhsilini müvəffəq qiymətlərlə başa vurduqdan sonra doğmalarının xeyir-duası ilə
ordu sıralarına yollanmış,
nümunəvi xidməti ilə fərqlənmişdir. Əsgəri
xidməti başa vurduqdan
sonra Əlabbas doğma
kəndlərinə qayıtmış, bir
müddət təsərrüfatda
çalışmış, eyni zamanda, kəndin gənclər təşkilatının
fəal üzvlərindən birinə çevrilmişdir.
Əlabbas erməni xəyanətinə, tarixi ərazilərimizə göz dikməsinə heç cür dözə bilmirdi. Qəlbi yağı düşməndən qisas almaq eşqi ilə döyünürdü. Ağdamdakı özünümüdafiə dəstəsinə yazılan Əlabbas dəstənin ən fəal, ən qorxmaz kəşfiyyatçılarından hesab olunurdu. O, ən çətin döyüş tapşırıqlarını məharətlə yerinə yetirir, düşmənin strateji əhəmiyyətli mövqelərinin vaxtında zərərsizləşdirilməsi üçün canını belə əsirgəmirdi.
1992-ci
ilin fevralında bir ay mühasirə şəraitində qalan
Umudlu kəndi hərbi vertolyotların köməkliyi ilə
boşaldılırdı. Axıra
qalmış 40 nəfər döyüşçünün
həyatını xilas etmək üçün vertolyotun
kəndə enməsinə düşmən imkan
vermirdi. Əlabbas bütün
məsuliyyəti öz üzərinə
götürdü. Gecənin
qaranlığında həmin döyüşçüləri
ağlagəlməz bir dərəyə
çatdıraraq sağ-salamat mühasirə
zonasından çıxara bildi.
4 mart
1992-ci il... Əlabbas İskəndərovun
son döyüşü... Düşmən ağır texnika ilə Qazançı kəndinə hücuma keçdi. Mahir kəşfiyyatçı Əlabbas öz dəstəsi ilə kənd qəbiristanlığı
istiqamətindən irəli
atılır. Az sonra düşmənin tutduğu
mövqelər ələ
keçirilir. Lakin Əlabbas
bu döyüşlərdə
qəhrəmancasına şəhid
olur. Öz ölümü ilə
ölümsüzlüyə qovuşan qəhrəmanın
son mənzili Ağdam
Şəhidlər Xiyabanı
oldu.
Azərbaycan Respublikasının Prezidentinin
13 avqust 1992-ci il tarixli Fərmanı ilə Əlabbas Qara oğlu İskəndərov
ölümündən sonra
"Azərbaycanın Milli
Qəhrəmanı" Fəxri
adına layiq görüldü.
Q.TƏYYAROĞLU
Respublika.- 2022.- 2 iyul.- S.9.