KƏRİM KƏRİMOV
Azərbaycan
xalqı öz təbiəti, xarakteri etibarilə həmişə
mülayim və sülhsevər olmuşdur. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qorumuş,
lazım gələndə canını belə bu yolda qurban
verməkdən çəkinməmişdir. Əsr-əsr, qərinə-qərinə
igid ərənlər, kişi
qeyrətli qadınlar meydana
çıxmış, Azərbaycana solmaz
şöhrətlər qazandırmış, onu
qəhrəmanlar diyarı kimi
tanıtmışdır. 44 günlük
müharibə bir daha
göstərdi ki, Azərbaycanda vətən
hamı üçün müqəddəsdir
və bu müqəddəsliyin uğrunda canından keçməyə
hazır olan oğul və
qızlarımız çoxdur. Birinci Qarabağ
savaşı da
yüzlərlə milli qəhrəman
yetirmişdir ki, bunlardan biri də Kərim
Kərimovdur.
Kərimov
Kərim Məhəmməd oğlu
2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli
kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra
Tümenə getmiş və Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə
qəbul olunmuşdur. Siyasi
və hərbi hazırlıq əlaçısı idi. Ürəyi hər zaman
Vətən eşqi ilə döyünürdü. Qarabağda
hadisələr şiddətlənəndə onunla
təhsil alan 15 nəfər azərbaycanlı
kursantı ətrafına toplayıb deyir:
“Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi
mütəxəssislərə böyük
ehtiyacı var. Əgər biz
günahsız insanların Qarabağda
axıdılan qanına biganə qalsaq, onda torpaq bizi
bağışlamaz”. Beləliklə, Tümen
Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinin
son kursunda təhsil alan tələbələr Azərbaycana
qayıdıb, təhsillərini Bakı Ali
Birləşmiş Komandirlər Məktəbində davam etdirirlər. Onlar Biləcəridə
təlim keçdikdən sonra, aprelin 15-də Goranboy rayonuna yola
düşürlər. İlk gündən
“Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı K. Kərimov
istehkamçılar bölməsinə komandir
təyin olundu. O, verilən bütün tapşırıqları itki vermədən, layiqincə yerinə yetirirdi.
1992-ci
il mayın 1-də Tapqaraqoyunlu kəndi ətrafında
minalanmış sahələrin zərərsizləşdirilməsi
əməliyyatı başlanmışdı. Əməliyyat zamanı bir nəfər
əsgərimiz yaralanmışdı.
Döyüşçüyə birinci qrup qan lazım olanda ilk dəfə Kərim
özü qan verir. Mayın 5-də Kərim bir neçə döyüş
yoldaşı ilə birlikdə Talış təpəsinə
qalxır. Onların döyüş
hünəri sayəsində 40 nəfərə yaxın erməni
qulduru məhv edilir.
Bölmə döyüşə-döyüşə yüksəkliyi
ələ keçirir. Səhər saat 5 radələrində Talış kəndindən
baş qaldıran düşmən güclü hərbi texnikanın köməyilə
onları mühasirəyə salır. Şiddətli döyüş başlanır. Kərim öz avtomatını yoldaşına verib, qumbaraatanla hücuma keçir.
Düşmənin bir döyüş
maşını vurulur. İkinci
maşına atəş açılanda artıq Kərim
yaralanmışdı. O, əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə
sıxır. Erməni quldurları Kərimin və onun bir neçə döyüş yoldaşının cəsədlərini
götürüb aradan
çıxırlar.
İyunun
12-də kəndlərin erməni silahlı quldur dəstələrindən
təmizlənməsi əməliyyatı başlanır. Qısa
müddət ərzində 14 kənd geri
alınır. Ayın 16-da səhər saat
12-də Talış kəndinin azad
olunması barədə əmr veriləndə Kərimin
atası və əmisi də döyüşlərə qoşulurlar. Milli Ordumuzun tutduğu iki erməninin köməyi nəticəsində
Kərimin fermanın yanında basdırılmış cəsədi
tapılır. Onun cəsədi Gəncə
aeroportuna gətirilib Naxçıvana yola salınır. 1992-ci il
mayın 5-də Goranboy döyüşlərində
qəhrəmancasına şəhid olmuş
Kərim Kərimov iyunun 17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.
Azərbaycan
Prezidentinin 11 sentyabr 1992-ci il tarixli 193 saylı Fərmanı
ilə Kərimov Kərim Məhəmməd oğlu
ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”
adına layiq görülmüşdür. Qarahəsənli
kəndində onun büstü
qoyulmuşdur. Goranboy
və Şərur rayonlarında adına məktəb və
küçə vardır.
Belə
qəhrəmanlar heç vaxt ölmür, ölümləri
ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim
qəlbimizdə, qan
yaddaşımızdadırlar. Qəhrəmanlar mənsub olduğu xalqın, dövlətin və bəşəriyyətin
rifahı üçün əlindən gələni
edən, bu yolda
canından keçməyə hazır olan
insanlardır.
Bu gün Kərimin
ruhu şaddır. 44 günlük Vətən müharibəsində sanlı
qələbə qazanılmaqla
Azərbaycan ərazi bütövlüyünü bərpa
etdi. Odur ki, Qarabağımızda
üçrəngli Azərbaycan
bayrağı vüqarla
dalğalanır.
M.MİRZƏ
Respublika .- 2022.- 2 iyul.- S.9.