Samir Zülfüqarov
Samir
Zülfüqarov 3 iyul 1976-cı ildə Şabran rayonunda
dünyaya göz açmışdır. Səkkizinci sinfə
qədər burada təhsil alan Samir, ailə vəziyyətləri
ağır olduğu üçün təhsilini
yarımçıq qoyaraq işləmiş, ailələrinə
dayaq olmuşdu. 1994-cü ildə Şabran rayonundan hərbi
xidmətə çağırılır. Samir qısa
müddətə "N" saylı hərbi hissədə
silahlardan istifadə qaydalarını öyrənir. Vətəni
canından əziz tutan bu gənc əsgər hərbi xidmətini
şərəflə yerinə yetirir və bundan qürur
duyurdu. Nizam-intizamı, ciddiliyi ona böyük hörmət
qazandırmışdı. 1995-ci il mart hadisəsi xəbərini
eşidən cəsur əsgər mənzuniyyətini
yarımçıq qoyaraq döyüşçü
dostlarının yanına qayıdır. Doğma Azərbaycanımız
müstəqillik əldə etdikdən sonra
xarici və daxili
düşmənlər birləşərək, ölkədə
bir neçə dəfə dövlət
çevrilişinə cəhd etmişdilər. 1995-ci il mart hadisəsi
bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə
qarşı yönəldilmiş bir
qəsd idi. Xalq həyəcan
içində idi. Milli
Ordumuz isə dövlət çevrilişinin
qarşısını qəhrəmanlıqla aldı. Həmin
gün Samir də öz vətəndaşlıq borcunu
şərəflə yerinə yetirirdi.
Bu
ağrılı-acılı yolda xalqımızın bir
çox ləyaqətli övladları ölkəmizin
müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda
öz canlarından keçdilər. Bir tərəfdən erməni-faşist
daşnaklarının işğalçılıq üzərində
qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən
dövlətçiliyimizi parçalamağa cəhdlər
göstərən xarici qüvvələrin məkrli
planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri
ilə onlara qoşulan yerli cinayətkar ünsürlərin
özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə
qarşısında qoyurdu. Bu hadisələrlə əlaqədar
ulu öndər Heydər Əliyev 1995-ci il martın 15-də
Azərbaycan Dövlət Televiziyası və Radiosu ilə
tarixi müraciətində vətənimizə, müstəqilliyimizə
qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı
dairələrin təzyiqi olmadığını
vurğulamışdı.
1995-ci
il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin
məkrli niyyətləri bu gün də insanların
yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına
topladığı qeyri-qanuni silahlı birləşmələr
vasitəsilə müstəqilliyimizə qəsd etməyə
cəhd göstərmişdi. Ölkədə
yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən
dağıdıcı qüvvələr Azərbaycanın
beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə
düşərək, xarici himayədarlarının təhriki
ilə dövlət çevrilişinə cəhd etmişdilər.
1995-ci ilin mart hadisələri zamanı ulu öndər Heydər
Əliyevin nüfuzu və xalqın əvəzolunmaz liderinə
olan inamı dövlət çevrilişinin
qarşısının alınmasında başlıca amillər
oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti,
xalqın öz qüdrətli liderini dəstəkləməsi
nəticəsində dövlət çevrilişi cəhdlərinin
qarşısı uğurla alındı, ölkədə
hakimiyyəti zor və silah gücünə ələ
keçirmək ənənəsinə birdəfəlik son
qoyuldu.
Mart
hadisələri Azərbaycan dövlətçiliyinə
qarşı xəyanətkarlıq idi. Dövlət
çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələr
hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ
keçirməkdə tam israrlı idilər. Onlar
ağsaqqalları, ziyalıları, hətta yaşlı
atalarını da dinləmirdilər. Buna görə də, cəmiyyətdə
dövlət çevrilişinə cəhd göstərənlərə
qarşı şiddətli nifrət yaranmışdı və
xalq xəyanətkar, cinayətkar əməllərə son
qoyulmasını tələb edirdi. Eyni zamanda, proseslərdən
faydalanmaq arzusuna düşən dağıdıcı
müxalifət partiyalarının nümayəndələrinin
xalq arasında apardığı təbliğat işləri
də heç bir nəticə vermirdi. Beləliklə də,
1995-ci il mart ayının 17-də ulu öndər Heydər Əliyev
və xalq birliyi nəticəsində dövlət
çevrilişinin qarşısı alındı.
Milli
Ordu silahlı dəstəni zərərsizləşdirərkən
Samir də əməliyyatda iştirak edir. O,
ömrünün ən gözəl bir zamanında, dövlətçiliyimiz,
suverenliyimiz uğrunda gənc ömrünü qurban verdi. 17
mart 1995-ci il Samir əbədiyyətə qovuşdu. Şabran
rayonunun Ağbaş kəndində dəfn edilib. Rayonun 3
saylı orta məktəbi onun adını daşıyır.
Azərbaycan
Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə
Zülfüqarov Samir Xəlil oğluna ölümündən
sonra "Azərbaycanın Milli Qəhrəmanı"
adı verilmişdir.
Müstəqil
Azərbaycanın ərazi bütövlüyü və
dövlətçiliyimizin müdafiəsində vətənpərvər
oğullarımız yaddaşlarda əbədi yaşayacaqlar.
M.CƏFƏROV
Respublika .- 2022.- 3 iyul.- S.5.