Tabil Həsənov
Ermənilər
torpaqlarımıza təcavüzə başlayan gündən
o, qeyrətli kənd gənclərini başına toplayaraq,
özünümüdafiə dəstəsi
yaratmışdı. Tabili Xocalıda və ona yaxın ərazidə
yaxşı tanıyırdılar. Yaşı o qədər də
çox deyildi. 32 yaşın içində idi. Amma bu
yaşın çərçivəsinə sığmayan əməlləri
vardı. Xocalının ən çətin günlərində
darda qalanlara, çətin vəziyyətə düşənlərə
kömək etmişdi. Kosalar kənd camaatı onun barəsində
hər zaman ağızdolusu danışır. Qarabağda
başlanan, elan olunmamış müharibə zamanı ermənilərin
Dağlıq Qarabağda olan kəndlərə
vaxtaşırı olan hücumları, bütün kəndlərdə
olduğu kimi, Kosalarda da ərazi özünümüdafiə
batalyonunun formalaşmasına səbəb olub. Batalyonun ən
fəal üzvlərindən biri olan Tabil Həsənov kəndə
olan erməni hücumlarının qarşısının
alınmasında, həmçinin bəzi kiçik əməliyyatların
aparılmasında xüsusilə fərqlənir.
Tabil
Qasım oğlu Həsənov 1960-cı il iyul ayının
4-də Xocalı rayonunun Kosalar kəndində anadan
olmuşdur. 1977-ci ildə burada orta məktəbi
bitirmişdir. 1980-ci ildə hərbi xidmətə
çağırılmışdır. 1982-ci ildə
Qazaxıstan Respublikasında ordu sıralarından tərxis
olunaraq doğma kəndinə qayıdır. Elə həmin
ildən Kosalar kənd rabitə şöbəsində əmək
fəaliyyətinə başlayır.
1991-ci
il dekabr ayının 15-də ermənilər dörd tərəfdən
Cəmilli kəndinə qəfil hücuma keçirlər. Hər
şeydən əli üzülmüş kənd camaatı
ümidlə kömək gözləyirdi. Elə bu an Tabil
öz dəstəsi ilə əks-hücuma keçir.
Düşmən çaşbaş qalaraq geri çəkilməyə
məcbur olur. Tabilin cəsarəti sayəsində kənd
mühasirədən azad edilir. Bu döyüşdən sonra
el arasında ona "Qırxqız qartalı" deyə
çağırırlar.
Ermənilərin
ikinci hədəf nöqtəsi Meşəli kəndi idi. Cəmillidə
ağır zərbə almış erməni
yaraqlıları bu kənddə qırğın törətməyə
çalışır. Bundan xəbər tutan
"Qırxqız qartalı" Tabil Kosalardan Meşəli kəndinə
doğru irəliləyir. Döyüş bütün gecə
və gündüz davam edir. Kənd düşməndən təmizlənir.
Ermənilər Daşaşan istiqamətindən Kosalara yenidən
hücum edirlər. Bu ağır döyüşdə 53 erməni
yaraqlısı məhv edilir. Tabil özü bu
döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı
ilə ölümündən sonra Həsənov Tabil Qasım
oğluna "Azərbaycanın Milli Qəhrəmanı"
adı verilmişdir. T.Həsənov Xocalı rayonunun Kosalar kəndində
dəfn edilmişdir.
"Ermənilər
martın 29-da Kosalara bir neçə tərəfdən
hücuma keçirlər. Həqiqətən o, çox
ağır əməliyyat olur. Yəni, deyərdim ki,
Dağlıq Qarabağda nə qədər əməliyyat
olubsa, ən ağır əməliyyatlardan biri Kosalara olan
hücumdur. Biz dəstələrə bölünüb
müxtəlif istiqamətlərdə ermənilərin hücumunun
qarşısını almağa
çalışırdıq. Qardaşım, Tabil
Daşaşan istiqamətində idi. Gecə çox dəhşətli
döyüşlər getdi, səhəri bildik ki, bir neçə
şəhidimiz var, onlardan biri də Tabil olub. Biz onun meyidini
götürmək üçün gedəndə o yanda xeyli
erməni cəsədi qalmışdı. Hansı erməni
ölüsünün yanında keçdiksə dedilər ki,
bunu Tabil vurub. Ermənilərin ən güclü hücumu,
Daşaşan və Ağqaya istiqamətində, olmuşdu. O
vaxt biz ov tüfəngi ilə kəndin müdafiəsində
dururduq. Amma ermənilər dağlıq, təpəlik yerdə
1 km-ə qədər səngər qazmışdılar. Tabil
döyüşə-döyüşə ermənilərin
hücumunu yarıb onların durduğu yerə qədər
getmişdi", - deyə Milli Qəhrəmanın
qardaşı bildirib.
Kəndin
işğalından bir neçə gün öncə, ermənilərin
kəndin ətrafına əlavə qüvvələrin cəm
olmasının müşahidə edilməsindən sonra, kənddən
əlil, qoca, qadın və uşaqların
çıxarılmasına qərar verilib. Həmin vaxt Tabil Həsənov
da öz ailəsini kənddən çıxarıb, daha sonra
isə geri Kosalara qayıdıb.
Onların
Bərdənin Şirvanlı kəndinə gətirilməsini
o vaxtı 4 yaşı olan oğlu, Nəsir Həsənov belə
xatırlayır: "Atam qəhrəmancasına şəhid
olanda 4 yaşım var idi. Onun bizimlə vidası, uşaq
olsam da gözlərimin önündə hələ də
canlanır. O vaxt bizi Bərdənin Şirvanlı kəndinə
gətirdi. Bizi bağrına basıb sağollaşdı və
getdi. Bu gün fəxr
edirəm ki, Milli Qəhrəmanın
övladıyam".
2020-ci
il sentyabrın 27-də başlanan Vətən müharibəsində
Xocalı soyqırımına məruz qalanların da
qisası döyüş meydanında alındı. Vətən
savaşında qəhrəman oğullarımız Xocalı
qatillərini, insan cəlladlarını məhv etməklə
günahsız soydaşlarımızın qanını yerdə
qoymadılar. Xocalıda, eləcə də Qarabağ
uğrunda həlak olan bütün şəhidlərimizin ruhu
əbədi rahatlığa qovuşdu.
M.MİRZƏ
Respublika .-2022.- 3 iyul.- S.5.