Arif Qədiməliyev
Vətənin
neçə-neçə cəsur, mübariz oğulları
Birinci Qarabağ müharibəsində torpaq, yurd uğrunda gedən
ölüm-dirim savaşında mənfur düşmənə
qarşı mərdliklə vuruşmuş, şəhidlik zirvəsinə
ucalmışlar.
Azərbaycan
torpaqlarına yağılar göz dikəndə, XX əsrin
90-cı illərində yurdumuza qara əllər uzananda, ərazi
bütövlüyümüzü qəhrəmanlıqla
qoruyanlardan biri də Arif Qədiməliyev oldu. Onun adı hərb
tariximizə qızıl hərflərlə yazıldı.
Arif
Maasif oğlu Qədiməliyev 1975-ci il iyulun 13-də
Ağstafa rayonunun Dağ Kəsəmən kəndində
dünyaya göz açmışdır. Orta məktəb illərindən digər gənclər kimi Arif də yurdun hər qarışını göz bəbəyi kimi qorumaq eşqi ilə
yaşayır, qəhrəman Azərbaycan
oğullarının mənalı həyat yolu
ilə maraqlanırdı.
Arif
orta məktəbi bitirdikdən sonra Nəvai adına sovxozda əmək
fəaliyyətinə başlamış, əməyə, zəhmətə
bağlanmış, eyni zamanda müntəzəm olaraq
idmanın müxtəlif növləri ilə də məşğul olmuşdur.
Arif
Qədiməliyev 1993-cü ildə ordu sıralarına
çağırılmış, Sumqayıtda və Qusarda hərbi
təlimlərdə iştirak etmişdi.
Ərazilərimiz
erməni daşnakları tərəfindən işğal
olunanda Arif cəbhə bölgələrinə
yollanmış, 172 saylı hərbi hissənin tərkibində
Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən
döyüşlərdə yaxından iştirak etmişdi. O,
hərbi hissədə bacarıqlı kəşfiyyatçı
kimi tanınmışdı. Arif Vətən torpağının hər
qarışını canından əziz tuturdu.
Arif
rəşadətli döyüş yolunu Ağdərə, Tərtər
bölgələrində aparılan əməliyyatlarda da
inamla davam etdirdi. Döyüşlərin birində ermənilərdən
bir neçə nəfərin əsir
götürülməsində, xeyli hərbi
sursatın ələ keçirilməsində yaxından iştirak etmişdi.
Arif
heç vaxt ölümündən qorxmurdu. Ən
çətin məqamlarda düşməni öz
silahı ilə susdurur, onlardan
lazımi məlumatlar toplayırdı.
1995-ci il 13-17 mart... Həmin gün
müstəqil Azərbaycanın tarixində ən faciəli səhifələrdən
biri idi. Arif dövlət çevrilişi
cəhdinin qarşısının alınmasında, dövlətçiliyimizə
qənim kəsilən qüvvələrin zərərsizləşdirilməsində,
müstəqil Azərbaycan uğrunda öz canını qurban verdi.
Arif
Qədiməliyev Ağstafanın Dağ Kəsəmən kəndindəki
qəbiristanlıqda dəfn edildi.
Azərbaycan
Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı
ilə Arif Maasif oğlu Qədiməliyev ölümündən
sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Qəhrəmanın
Ağstafa şəhərində büstü qoyulmuş,
adına mədəniyyət evi verilmişdir.
Q. Təyyaroğlu
Respublika .-2022.- 9 iyul.- S.10.