Rafiq
Alıcanov
Vətən
torpaqlarının erməni işğalçılarından
müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıqla
vuruşaraq göstərdikləri şəxsi igidliyə,
şücaətə və vəzifə borclarının
yerinə yetirilməsində misilsiz xidmətlərə
görə Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülən Vətən
övladları heç vaxt unudulmur, xatirələri
xalqımız və dövlətimiz tərəfindən daima
əziz tutulur. Həyat və döyüş
yolları gənclərimiz, eləcə də Vətən əsgərləri
üçün nümunə olan Milli qəhrəmanlarımızın
xatirə günlərinin, anım mərasimlərinin və
yubileylərinin təşkili artıq ənənə halı
alıb.
Haqqında
söz açacağımız növbəti Milli Qəhrəmanımız
Rafiq Cəfər oğlu Alıcanov 11 iyul 1965-ci ildə Qazax
rayonunun Kəmərli kəndində anadan olub. Bir neçə ildən sonra
valideynlərinin işi ilə əlaqədar
Ağstafa rayonunun
Köçvəli kəndinə köçüblər. Kənd
orta məktəbini bitirdikdən sonra müvəffəqiyyətlə imtahan verərək Kalininqrad
Ali Hərbi Mühəndislik Məktəbinə
daxil olub. Sovet İttifaqı Silahlı Qüvvələrində
xidmət edərkən kapitan rütbəsinədək
yüksəlir. Ermənistanın torpaq iddiaları ilə Azərbaycana
qarşı təcavüzünün başladığı ilk günlərdən doğma
yurda qayıtmaq üçün
mücadilələr etsə də, yalnız 1992-ci ilin avqustunda Vətənə
qayıda bilir. İlk
günlərdən mühəndis-istehkam
qoşunlarının yaranması və formalaşmasında
xüsusi səylər göstərir. Qazax, Ağstafa, Tovuz, Gədəbəy,
Kəlbəcər, Goranboy, Ağdərə,
Tərtər, Ağdam, Füzuli,
Qubadlı, Cəbrayıl, Zəngilan və Naxçıvan kapitan Rafiq Alıcanovun döyüşdüyü, qorunmasında iştirak etdiyi, iz qoyduğu bölgələrdir.
Bütün cəbhə boyu son
dərəcə təhlükəli tapşırıqlara rəhbərlik
edən istehkamçı peşəkar zabit
yüzlərlə döyüşçünü
ölümün pəncəsindən xilas edir, düşmənə
texnika və canlı qüvvə
sarıdan xeyli itki verir.
1993-cü ilin payızında Füzuli rayonu uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib, yaralı vəziyyətdə əsir düşsə də, düşmənin ağır işgəncələrinə məruz qalsa da, öz şərəfli ölümü ilə Azərbaycan zabitinin yenilməzliyinin simvoluna çevrilib. O, ulu öndər Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Köçvəli
kənd orta məktəbi onun adınadır. Köçvəli
kənd orta məktəbində və Ağstafa şəhərinin mərkəzində
büstü qoyulub. Büstün qoyulduğu ərazidə
yerləşən park onun
adını daşıyır. Eyni zamanda, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində
və Ağstafa rayonunun
mərkəzində adına küçə verilib.
Oğlu
Elvin Alıcanov: “Mən atamın üzünü görməmişəm.
Həmin vaxt üç
aylıq olmuşam. Yalnız onun dəfn mərasimini videolentlərdə seyr etmişəm. Fəxr edirəm ki, mənim atamın cənazəsi Azərbaycan
Respublikasının Dövlət Bayrağına bükülüb və yaylım atəşləri
altında Vətən torpağına
tapşırılıb. Milli Qəhrəman
övladı olmağımla fəxr edirəm”.
Rafiq
Alıcanovun qəhrəmanlığından, keçdiyi həyat
yolundan bəhs edən Güləmail Muradla Salatın Əhmədlinin
"Vətən sağ olsun" şeir kitabı və Fəridə
Ləmanın "Lalələr şəhid qanı"
poeması işıq üzü görüb.
Bu il yanvarın 21-də Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasının “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində çəkilən sənədli filmlər də məhz bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Növbəti film Azərbaycanın Milli Qəhrəmanı Alıcanov Rafiq Cəfər oğlunun həyatına və Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yoluna həsr edilib. “Oğuz elinin qəhrəmanı” adlı filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur. Milli Qəhrəman Rafiq Alıcanovun xatirəsinə həsr olunmuş “Oğuz elinin qəhrəmanı” adlı filmin ilk dəfə Qazaxda təqdimatı olub.
Vaxtilə Rafiqin qəhrəmancasına vuruşduğu və şəhid olduğu torpaqlar bu gün azaddır. Tariximizə şanlı qırx dörd günlük müharibə və ya “Dəmir yumruq” əməliyyatı adı ilə daxil olmuş bu müqəddəs Vətən müharibəsində ordu və xalq Prezidentin ətrafında sıx birləşərək vəhdətləşdi. Vətən torpaqlarının azad olunması uğrunda aparılan bu döyüşlərdə Azərbaycan ordusunun nümayiş etdirdiyi döyüş əzmi və yüksək peşəkarlığı xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Düşmənin işğal etdiyi torpaqları azad edən qəhrəman əsgərlərimiz Şanlı Bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya, Ağdama, Laçına, Kəlbəcərə, Şuşaya və yüzlərlə kənd və digər yaşayış məntəqələrimizə sancdı.
M.MİRZƏ
Respublika 2022.- 9 iyul.- S.10.