Sərxan Ocaqverdiyev
Birinci
Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz
olmuş, 4 minə yaxın hərbçimiz isə itkin
düşmüşdür. Respublikamızın
bütün bölgələrindən fədakar
və vətənpərvər el
oğulları Ana Vətənimizin və işğal altında olan
torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir
bilmədən özlərini odun-alovun
içinə ataraq qəhrəmanlıq
göstərmişlər.
Goranboyun
canını torpağa fəda edən neçə-neçə
şəhidi, fəxrlə yad
edilən oğulları vardır. Belə qəhrəmanlardan
biri idi Sərxan.
Yaşasaydı bu gün
55 yaşı tamam olacaqdı Sərxanın.
Birinci Qarabağ müharibəsində Vətən
torpaqlarının bütövlüyü
uğrunda düşmənlə üzbəüz
mövqedə şücaətlə döyüşərək,
şəhadətə qovuşan Azərbaycanın
Milli Qəhrəmanı Ocaqverdiyev
Sərxan Surxay oğlu
16 iyul 1967-ci ildə Goranboy
rayonunun Səfikürd kəndində dünyaya göz açıb. 1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində
hərbi xidmətə
yollanır. 1988-ci ildə hərbi xidmət borcunu yerinə yetirib Vətənə
dönərək Gəncə Maşınqayırma Texnikumuna daxil olur. 1991-ci ildə təhsilini uğurla
başa vurub, Gəncə
Maşınqayırma Zavodunda əmək
fəaliyyətinə başlayır.
1988-ci
ildə Ermənistanın ölkəmizə qarşı ərazi
iddiası başlayanda Sərxan
da həyəcanla cəbhə xəbərlərini izləyirdi. Acı xəbərlər
Sərxanın qəlbini göynədirdi. Öz
ata-baba yurdlarından zorla
qovulan soydaşlarımızın acı taleyi onun da
yuxusunu ərşə
çəkmişdi. Orduya
çağırılacağı günü
səbirsizliklə gözləyirdi. Nəhayət, Sərxan 10 yanvar
1992-ci ildə Goranboy
özünümüdafiə batalyonuna üzv yazılır, Şəfəq, Zeyvə,
Tapqaraqoyunlu kəndlərinin müdafiəsi
zamanı qanlı döyüşlərdə iştirak
edir. Sərxan qısa müddətdə
düşmənin xeyli canlı qüvvəsini
məhv edərək əsl Azərbaycan əsgəri kimi yüksək döyüş
nümunəsi göstərir.
5 may
1992-ci il… Ermənilər növbəti dəfə
Talış kəndinə hücuma keçir. Qeyri-bərabər
döyüşlər başlayır. Vətənin qeyrətli
oğlu Sərxan Ocaqverdiyev
bu qanlı döyüşdə qəhrəmancasına
həlak olur.
Azərbaycan Respublikası Prezidentinin
7 iyun 1992-ci il tarixli Fərmanı ilə Ocaqverdiyev
Sərxan Surxay oğluna
ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adı verilmişdir. Səfikürd kəndində dəfn
edilmişdir. Təhsil aldığı
Tatarlı kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.
Talış
kəndi ermənilərə ərazicə ən yaxın kənd
hesab olunurdu. Onlar bu kənddə aramsız hücumlar edirdilər. Lakin Goranboyun
mərd oğulları
sinələrini düşmənin
qarşısında sipərə
çevirirlər. Qeyd
edək ki, bu kənd Qarabağ müharibəsinin əvvəlində
Ermənistan ordusu tərəfindən işğal
olunub, lakin 1992-ci ilin Ağdərə
əməliyyatı zamanı iyunun 16-sı Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandir Nazim Bayramovun tank batalyonu tərəfindən
Tapqaraqoyunlu
istiqamətindən birgə
sürətli hücum
nəticəsində kənd
erməni işğalçılarından
azad edilib. Hücum zamanı Azərbaycan Ordusunun cəmi 1 əsgəri yaralanmışdı.
Lakin
1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi
yenidən nəzarət
altına alıblar.
2 aprel 2016-cı il tarixdə Talış kəndinin ətrafındakı
strateji yüksəkliklər Azərbaycan
Ordusunun erməni işğalçılarına
qarşı keçirdiyi
əməliyyat zamanı
ermənilərdən tam geri
alınıb. 2017-ci il fevralın 24-25-nə
keçən gecə
Ermənistan silahlı
qüvvələri Talış
kəndinin ətrafındakı
strateji yüksəklikləri
ələ keçirmək
məqsədilə təxribat
törədiblər. Lakin Azərbaycan
Silahlı Qüvvələri
keçirdiyi əməliyyat
zamanı onların qarşısını alaraq
pilotsuz uçuş aparatı PUA-nı məhv ediblər.
2020-ci il oktyabrın
3-ü Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini tamamilə işğaldan azad etmişdir.
Azərbaycan torpaqlarının bütövlüyü
uğrunda şəhid
olan hər bir Vətən övladının, xatirəsi
hər zaman bizim üçün əzizdir. Bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan
Silahlı Qüvvələri
dünyanı heyrətə
gətirən taktiki döyüşləri ilə
hərb tarixinə adını
qızıl hərflərlə
yazdı. Prezident İlham Əliyevin
qətiyyəti və
Azərbaycan Ordusunun gücü, qüdrəti
sayəsində Qarabağ
savaşı uğurla
başa çatdı.
Məhz bu uğurlu döyüşlərin nəticəsidir
ki, işğalçı
ölkə məğlubiyyətini
elan etdi. Uğurlu idarəçilik, peşəkar
ordu quruculuğu, xalqının Prezidentinə
etimadı, qətiyyətli
liderinin ətrafında
dəmir yumruq kimi birləşməsi Ermənistanın işğalçı
ordusu üzərində
qələbənin əldə
olunmasını təmin
etdi. Beləcə, 30 illik tarixi olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin ədalətli
həlli dünyada işğalçılığa göz yuman, bu niyyəti dəstəkləyən digər
məkrli qüvvələrə
də mesaj oldu, həm də Azərbaycanın Müzəffər Ordusunun
döyüş gücünü
dünyaya, düşmənlərə
göstərdi.
Müşfiq MİRZƏ
Respublika .- 2022.-
16 iyul.- S.15.