Asif Məhərrəmov
Qəhrəmanlar unudulmur! Belə qəhrəmanlardan biri də
Asif Yusif oğlu Məhərrəmovdur (Fred
Asif). 1952-ci il iyulun 26-da Ağdam şəhərində
anadan olub. 1969-cu ildə
Ağdam şəhər 1 saylı orta məktəbi bitirərək, Ağdam Dəzgahqayırma Zavodunda
fəhlə kimi əmək fəaliyyətinə
başlayır.
1988-ci
ildən ermənilərin torpaqlarımıza hücumları
başlayanda Ağdamın Abdal-Gülablı,
Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar,
Əhmədavar kəndlərində düşmənə
qarşı müdafiə dəstələri, 1990-cı ildə
isə Ağdam özünümüdafiə dəstəsi
yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz,
Naxçıvanik və digər kəndlərin müdafiəsində
cəsur komandir kimi rəşadətlə vuruşur, 1992-ci
ilin martında Füzuli şəhərinin müdafiəsinə
köməyə gedərək, düşmənə
ağır zərbə vurur.
1991-ci ilin 15 noyabrında "Haqq Cəbhəsi"
batalyonunu yaradır. Qardaşları Ədalət, Səxavət,
Bəhlul və Mahir də onun
batalyonunda döyüşürlər.
1991-ci il dekabrın 31-də Xramort kəndinin azad edilməsində
xüsusilə fərqlənir. Ağdamın
Muradbəyli kəndi ərazisindəki hərbi hissəni
müxtəlif siyasi qüvvələr
dağıdıb, ordakı silah-sursatdan
hakimiyyət uğrunda apardıqları
mübarizədə istifadə etmək istəyən zaman Fred Asif
bunun qarşısını alır, öz batalyonunu həmin hərbi
hissənin ərazisində yerləşdirir və bundan sonra oradakı sursat yalnız Azərbaycanın müdafiəsi
üçün istifadə olunur. Müdafiə Nazirinin
əmri ilə Asifə polkovnik-leytenant hərbi
rütbəsi verilir.
1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Xocalı camaatını xilas etmək
üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin
açılmasında öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. 10 mart
1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən
azad edilir.
Aranzəmini alan zaman
Asif maraqlı taktika qurur: artilleriya atəşi vaxtı kəndə girmək. Artilleriya atəşi vaxtı
düşmən sığınacaqda
gizlənmədiyindən, Asif
maşınla kəndə
gedir. Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən
kəndi müşahidə
edir, əməliyyat fikirləşirmiş. Şirin görür
ki, bir UAZ atəş altında kəndə yaxınlaşır.
Atəş dayanan kimi batalyonu da dallarınca
kəndə daxil olur. Batalyonun itkisiz kəndə
daxil olduğunu görən Şirin Mirzəyevin sözlərinə
görə "bu hərəkəti ancaq fanat edə bilərdi".
Həmin il mart ayının
20-də Asif Füzuli
şəhərini öz
batalyonunun köməyi
ilə düşməndən
qoruyur. 24 iyun 1992-ci il Naxçıvanlı
kəndi uğrunda gedən döyüşdə
ağır yaralanır.
Müalicə olunandan sonra
isə yenidən cəbhəyə qayıdır.
1992-ci il iyunun 28-də döyüşdən
qayıdanda ermənilər
Asifin maşınını
qumbaraatanla vurur və onun maşını
aşır. Asifin ağciyəri ciddi
zədələnir.
Qarabağ qazisi Ədalət
Məhərrəmovun sözlərinə
görə, o da Fred Asifin 1991-ci ilin 15 noyabrında yaratdığı
"Haqq Cəbhəsi"
batalyonunda digər üç qardaşı ilə bərabər döyüşüb, hər
birisi yaralanıb.
Yeri gəlmişkən, erməniləri
öz adı ilə vahiməyə salan bu botalyonun
iki üzvü Milli Qəhrəman, 5 nəfəri "Azərbaycan
Bayrağı" ordeninə
layiq görülüb.
Keçmiş döyüşçü bildirir ki, Fred Asifin botalyonu Füzulini hələ
1992-ci ildə işğal
olunmaqdan xilas edib. Belə ki, ermənilərin
qəfil hücum planı barədə məlumat aldıqdan sonra "Qrad" atəşi ilə düşmənin mövqelərini
darmadağın edərək
əməliyyat planını
pozub.
Digər döyüş yoldaşı
Adil Kəngərli
Fred Asiflə onilliklərin
dostu olub. Qarabağ savaşında çiyin-çiyinə
erməniyə qarşı
döyüşüblər. Bir döyüş epizodunu xatırlayır:
"Biz ailəvi dost idik.
Bir dəfə Fred Asif, mən və Asifin sürücüsü
Cəbrayıl UAZ maşını
ilə erməninin tutduğu kəndi azad etdik. Aranzəmin kəndinə hücum zamanı Asifin 39 dərəcə temperaturu
olsa da, döyüşdən qalmadı.
Rəhmətlik mənə
dedi ki, Adil, birdən bizi əsir tutsalar, birinci mənə atarsan. Erməni mövqelərindən bir
BMP-2 dayanıb bizə
atəş açırdı.
Asif batalyona geri çəkilmək əmri verdi
və biz üç nəfər düşmənin
üstünə getdik.
Ora çatanadək BMP bizə
8 mərmi atdı.
Ancaq sağ qaldıq, bu zaman BMP-dən
4 erməni düşüb
qaçdı. Kəndi ermənidən
təmizləyəndən 25 dəqiqə sonra Milli Qəhrəman Şirin Mirzəyev öz batalyonu ilə gəlib və onları bu uğur münasibətilə
təbrik etdi".
Qarabağ qazisi Rey Kərimoğlu isə Fred Asiflə iki dəfə şəxsən görüşdüyünü
deyir: "Ağdərə
istiqamətində gedən
döyüşlərin birində
tankımız xarab olub dərədə qalmışdı. Onu çıxarmaq
üçün isə
BAT deyilən xüsusi
texnika lazım idi. Həmin texnika da ancaq Fred Asifin rəhbərlik etdiyi hərbi hissədə - Muradbəylidəydi. Batalyon komandirimiz
Şirin Mirzəyevin tapşırığı ilə
mən həmin hissəyə getdim.
Fred Asiflə görüşdüm
və o, dərhal tapşırıq verdi, onun göndərdiyi texnika ilə həmin tankı xilas etdik". Növbəti dəfə Fred Asiflə Xocalı hadisələri zamanı görüşüblər:
"1992-ci il fevralın
25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində
dəhliz açdıq.
Fred Asif də öz batalyonu ilə orda idi".
1993-cü il oktyabrın 27-də Asif
Şelli uğrunda gedən döyüşlərdə səhhəti
ağırlaşır, hərbi hissəni təhvil verir və
müalicə məqsədilə Yalta şəhərinə
gedir. 1 iyul 1994-cü
ildə vəfat edir. 1994-cü ildə
Bakıda II Şəhidlər xiyabanında dəfn edilib. Bakının 3-cü mikrorayon dairəsi
yaxınlığındakı küçələrindən
biri onun adını
daşıyır.
Asif həm də futbol həvəskarı
olub. 1991-ci ildə 12 futbol
komandası Ağdama gəlməkdən boyun qaçırır. Qarabağ
FK-nın keçmiş futbolçusu
Yaşar Hüseynovun
sözlərinə görə, futbolçular
batalyonuyla stadionun
bazasında məskunlaşan Asifə müraciət edirlər
ki, döyüşlərə qoşulsunlar. Ancaq Fred Asif razı olmur: "Mən döyüş
üçün 11 min
insan taparam, amma 11 futbolçu tapa bilmərəm ki,
"Qarabağ"ın heyətində oynasın".
Azərbaycan Respublikası
Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Asif Yusif
oğlu Məhərrəmova "Azərbaycanın Milli Qəhrəmanı"
adı verilsə də, bu addan imtina edir. Asifin
cavabı belə olur: "Azərbaycanın
böyük bir ərazisi
işğal olunub. Mən
sinəmə medal vurub,
qəhrəmanam deyə öyünə bilmərəm.
Müharibəni qələbə ilə başa
vuraq, bayrağımızı sancaq, ondan sonra
qəhrəmanlıq məsələsinə baxarıq".
Yalnız 1998-ci ildə, Asifin
ölümündən dörd il sonra ulu
öndər Heydər Əliyev onun qəhrəman
adını yenidən bərpa edir, vəsiqəsini
və ulduzunu anasına təqdim edir.
Bu gün uzun illər bir ovuc torpağına həsrət qalan ağdamlılar indi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bütün Ağdama sahibdirlər. Bu torpaqda uyuyanların da ruhuna bir rahatlıq gəlib. İndi bütün Ağdam şəhidlərinin ruhu sevinir. Ağdam uğrunda canını fəda edən qəhrəman igidlərin də ruhu rahatlıq tapıb. Onların yolunda şəhid olduqları bu torpaq artıq xilas olunmuşdur. Odur ki, şəhidlərin qanı yerdə qalmadı!
M.MİRZƏ
Respublika .- 2022.- 26 iyul.- S.10.