Sadıq Hüseynov

 

Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün ibrət və nümunəyə çevrilirlər. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq səhifəsinə yazan Sadıq Dayandur oğlu Hüseynov 1961-ci il iyulun 29-da Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 1968-1978-ci illərdə doğulduğu kənddəki 1 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Xankəndi Pedaqoji İnstitutunun fizika-riyaziyyat ixtisasına qəbul olunub. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra məzunu olduğu kənd məktəbində fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

Sadıq 1988-ci ildə, bədnam ermənilərin ölkəmizə qarşı ərazi iddialarına başladığı vaxt işləmək üçün Şuşa Rayon Polis Şöbəsinə müraciət edir. Həmin ildən Şuşa rayonunda sahə müvəkkili vəzifəsində çalışır. 1992-ci ildə ermənilər Şuşaya hücum edəndə Sadıq digər polis əməkdaşları ilə birlikdə döyüşlərə atılır. Zarıslı, Malıbəyli, Turşsubaşqa kəndlərdə onun başçılıq etdiyi hərbi dəstənin igidliyi sayəsində onlarla düşmən məhv edilir, xeyli sayda silah-sursat ələ keçirilir. 1992-ci il martın 29-da gedən döyüşlərin birində ağır yaralanan Sadıq Hüseynov yenə silahını yerə qoymur. Aprelin 13-də erməni işğalçıları Şuşanı raket atəşinə tuturlar. Həyatını hər an Vətəninə, torpağına qurban verməyə hazır olan Sadıq qəhrəmancasına şəhadətə yüksəlir.

Milli Qəhrəmanın vaxtilə xidmət yoldaşı olmuş Nazim İsgəndərov onu belə xatırlayır: "Sadıq Şuşada gedən döyüşlərin hamısında iştirak edib. Salatın kəndi, Qaladərəsinin azad olunmasında xüsusi şücaət göstərib. Daşaltına hücum olan vaxt Şuşanın keçmiş polis rəisi mərhum Eldəniz Quliyevlə birgə bizi mühasirədən çıxarmaqda yaxından köməklik edib. Sadıq şəhid olan günü Xankəndinin Kərkicahan qəsəbəsində güclü döyüş gedirdi. Həmin vaxt mənə bildirdi ki, bizim sursatımız tükənir, Polis Şöbəsindən düşmənin texnikasını vurmaq üçün lazımi silah-sursatı gətirməliyik. Kərkicahanda döyüşdə olan zaman ermənilər Şuşanı "Alazan" raketləri ilə vururdular. Kərkicahanla Şuşanın arası maşın yolu ilə 8-9 kilometrdir. Sadıq Kərkicahan qəsəbəsinə döyüş sursatını çatdırmaq üçün Polis Şöbəsinə girdi. Mən də döyüş yoldaşlarımıza ərzaq almaq üçün şöbənin yaxınlığında olan mağazaya daxil oldum. Bu zaman ermənilər şöbəni ağır artilleriya atəşinə tutdular. Mən həmin an özümü şöbəyə yetirdim. Sadıq ağır yaralanmışdı. Həmin dəqiqələrdə düşmən şöbənin ətrafını vururdu. Mən birtəhər Sadığı götürüb, öz maşınına qoyaraq xəstəxanaya apardım... Sadıq gənc olsa da, güclü döyüşçüqorxmaz bir insan idi...".

Döyüşçü yoldaşı Sakit Bəşirov xatırlayır ki, Şuşanın düşməndən müdafiəsində Sadıqla birgə iştirak edib: "Onunla bağlı çox xatirələrim var. O, həqiqətən də, qorxmaz oğul idi. Sadıq bizim qəlbimizdə həmişə yaşayacaq. Artıq Sadığın ruhu şaddır. Çünki 44 günlük Vətən müharibəsində qüdrətli Ordumuz Şuşamızı, Qarabağımızı düşməndən azad etdi. Sadığın və bütün şəhidlərimizin qanı yerdə qalmadı".

Sadıq 1990-cı il dekabrın 28-də ailə həyatı qurmuş, ölümündən 4 ay sonra qız övladı dünyaya gəlmişdir. Ona atasının xatirəsi yaşasın deyə Sadiqə adı vermişlər.

Sadıq Hüseynov 1992-ci il aprelin 13-də doğulduğu Xocavənd kəndində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 13 aprel 2019-cu il tarixdə milli qəhrəmanın adını daşıyan Ağcabədi rayonu Sadıq Hüseynov adına Xocavənd kənd 1 saylı tam orta məktəbində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Sadıq Hüseynovun büstünün açılışı olmuşdur. Ağcabədi rayonundakı küçələrdən biri hazırda onun adını daşıyır.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığına qovuşan torpaqlarımız yenidən bərpa edilir, dirçəldilir. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Fəxrlə deyə bilərik ki, Sadığın şəhid olduğu torpaqlarda Azərbaycan Ordusunun qanıyla, canıyla ucaltdığı üçrəngli bayraq dalğalanır. Ruhun şad olsun!

 

M.MİRZƏ

Respublika .- 2022.- 29 iyul.- S.5.