Müstəqillik illərində
Azərbaycan dilinə Heydər Əliyev qayğısı
1 avqust
Azərbaycan əlifbası və Azərbaycan dili
günüdür
Müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Xalqımızın milli varlığını yaşadan Azərbaycan dilinin dövlət dili kimi inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri vardır. 90-cı illərin əvvəllərində dövlət dili ilə bağlı fərqli mövqelər ortaya qoyulmuşdur.
Məsələnin ciddiliyini nəzərə alan
ulu öndər bununla
bağlı müzakirələr keçirmiş,
dili milli varlıq kimi yüksək qiymətləndirən zəngin
təcrübəsi, milli mədəniyyətimizə
və mənəviyyatımıza dərindən bələd
olması sayəsində ardıcıl olaraq
ana dilimizin dövlət
dili səviyyəsində inkişaf
etməsinə xüsusi diqqət yetirmiş, dahi şəxsiyyət
müstəqillik illərində Azərbaycan dilinin
inkişafı istiqamətində ardıcıl olaraq mühüm işlər
görmüşdür. Onun qətiyyətli
addımları sayəsində dövlət dilimizin
adının Azərbaycan dili kimi tanınması tarixilik
və dövlətçilik baxımından demokratik
tərzdə əsaslandırıldı, həm siyasi, həm də elmi cəhətdən
birmənalı şəkildə təsbit olundu.
Dilin bütün incəliklərini öz
siyasi nitqlərində məharətlə
istifadə edən ulu öndər Azərbaycan
dilinin zənginliyini
çıxışlarında hər zaman
vurğulayırdı: "İndi biz dilimizdə sərbəst
danışırıq və hər bir
mürəkkəb fikri ifadə etməyə
qadirik. Bu böyük nailiyyətdir ki,
bizim bir millət kimi özümüzə məxsus dilimiz var, o
da o qədər zəngindir
ki, dünyanın hər bir
hadisəsini biz öz
dilimizdə ifadə edə bilirik".
Hər
hansı bir dilin dövlət statusu alması, şübhəsiz
ki, dövlətin formalaşmasının uzunmüddətli
tarixi prosesi ilə bağlıdır. Bütün bunlar
dövlətçilik tariximizdə o qədər
də asan başa gəlməmişdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda
böyük imkanlar
açıldı. Bu sahədə bəzi
addımlar atılsa da, gənc
respublikanın ömrünün qısa olması Azərbaycan
dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi. İkinci dəfə
müstəqilliyin bərpası dövründə Azərbaycan
dili ilə bağlı mühüm
addımlar atıldı. 1990-cı il
sentyabrın 11-də Əlifba Komissiyası yaradıldı. Təklif olunan əlifba
Azərbaycan Respublikası Ali Soveti Milli
Şurasının 25 dekabr 1991-ci ildə
keçirilən iclasında müzakirəyə
çıxarıldı və "Latın əlifbası əsaslı
Azərbaycan əlifbasının islah
edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Yeni əlifbanın təsdiqindən sonra da müzakirələr
davam etmişdir. Lakin müxtəlif səbəblərdən 10
il latın qrafikalı yeni
əlifba Kiril əlifbası ilə paralel işlənir. Ulu
öndərin uzaqgörənliklə imzaladığı
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" 2001-ci il 18 iyun
tarixli Fərmanı ilə iki əlifbadan istifadəyə birdəfəlik
son qoyuldu. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında
bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadə müstəqil Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında,
yazı mədəniyyətimizin tarixində mühüm
hadisə oldu.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanları Azərbaycan dilinin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirdi. Həmin hüquqi sənədlərə əsasən, hər il avqust ayının 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş qeyd olunur. Eyni zamanda, bu fərmanlarla latın qrafikalı Azərbaycan əlifbasına 10 illik keçid prosesi uğurla başa çatmışdır. Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlandı, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yarandı. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" ulu öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir".
Ölkəmizin
tarixində ilk dəfə ana dili və onun əlifbasının
şərəfinə ayrıca günün təsis
olunması müstəqil dövlətimizin ana dilinə nə
qədər ciddi yanaşdığını əks etdirən
tarixi amildir. Azərbaycan dilinin
qorunması və saflığının təmin edilməsi
istiqamətində 2002-ci ildə "Azərbaycan
Respublikasının dövlət dili
haqqında" Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və
inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir.
Bu qərarların, fərmanların qəbul
olması Azərbaycan ədəbi dilinin
sürətli tərəqqisinə və çiçəklənməsinə
səbəb olmuşdur. Məhz
bu dövrdən dilimizin
funksional imkanları genişlənmiş,
üslubları zənginləşmiş, dilin
daxili inkişaf meyilləri
əsasında yazı qaydaları cilalanmışdır. İndi Azərbaycan dilinin
özünəməxsus inkişaf
qanunları ilə kamil qrammatik
quruluşu, zəngin söz
fondu, geniş ifadə
imkanları, mükəmməl əlifbası, yüksək
səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə
cəmiyyətin elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat
istifadə edilməsin.
Bu
gün Azərbaycan dili, sözün həqiqi mənasında,
müstəqil bir dövlətin - Azərbaycan
Respublikasının dövlət dilidir. Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan
dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında"
2012-ci il 23 may tarixli, "Azərbaycan Milli
Elmlər Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunun maddi-texniki
bazasının gücləndirilməsi
haqqında" 2012-ci il 29 may
tarixli, "Azərbaycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında"
2013-cü il 9 aprel tarixli qərarı dilçilik
sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin
yaxşılaşdırılması üçün
əlverişli şərait yaratmışdır. Ümummilli lider Heydər
Əliyev və onun siyasi
kursunu bu gün də uğurla davam etdirən cənab Prezident
İlham Əliyev hər zaman
dövlət dili probleminin
tarixi-fəlsəfi, hüquqi və milli-mənəvi
konsepsiyaya əməl olunmaqla
həllini tapmaq işinə böyük önəm vermişdir.
Azərbaycan dilini sevmək, qorumaq, onun işləkliyini təmin etmək, dilimizi təbliğ etmək barədə ümummilli lider Heydər Əliyevin olduqca dəyərli fikirləri vardır: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir". Böyük öndərin qayğı və diqqəti nəticəsində Azərbaycan dilinin dövlət dili kimi mədəniyyət, elm, iqtisadiyyat, hərb, səhiyyə, siyasət, tədris və təlim sahəsində tətbiq olunması zəruri cəhətdən əsaslandırılmış və Azərbaycan dilçiliyi ilə bağlı görüləcək işlər istiqamətləndirilmişdir.
Nadir MƏMMƏDLİ,
AMEA-nın Nəsimi
adına
Dilçilik İnstitutunun Baş
direktoru,
filologiya elmləri doktoru,
professor.
Respublika .-2022.- 29 iyul.- S.4.